Qəhrəmanın qətli, “oyuncaqlar”a görə cinayət, ər-arvadın dəhşətli sonu...
“Orden ovçuları” veteranları və qəhrəmanları necə qarət edirdilər?
30 Sentyabr 2026
“Kalininin evində tapılan bir dəftərdə çoxlu orden və medalı olan veteranların adı yazılmışdı. Orada vitse-admiral Xolostyakovun da adı var idi. Və bu yazı qara çərçivəyə alınaraq üstündən xətt çəkilmişdi. Mən ona dərhal dedim: “Gena! Bu oyuncaqlar üçün qoca adamları öldürmüsən”. O bir az çaşdı və dərhal: “Biz istəmirdik! Biz onları öldürmək istəmirdik!”” (Moskva Cinayət-Axtarış idarəsinin (MUR) keçmiş baş inspektoru Aleksey Sidorovun xatirələrindən).
***
Gennadi Kalinin 1957-ci ildə anadan olub: bütün uşaqlığını və gəncliyini İvanovoda keçirib. Məktəb skamyasından yaradıcı qabiliyyətlər göstərirdi — yuxarı siniflərdə divar qəzetinin redaktoru idi və babat şeirlər yazırdı. Kalinin məktəbi bitirib hərbi məktəbə daxil oldu, lakin tezliklə kurs yoldaşlarının şəxsi əşyalarını oğurlayarkən yaxalandı.
O zaman cinayət işi açılmadı, amma Gennadini qalmaqalla məktəbdən qovdular. Kalinin orduda, sanki islah yoluna qayıtdı və özünü yaxşı əsgər kimi göstərdi. Tərxis olunduqdan sonra müəllim olmaq qərarına gəldi və pedaqoji instituta daxil oldu. Lakin arzusunda olduğu dəbdəbəli həyat üçün pulu çatmırdı.
Tələbə farsovka (defisit əşya, eləcə də valyuta alış-verişi – red.) və antik əşyaların ticarəti ilə məşğul olmağa qərar verdi. Kalininin yerli qocalardan qəpik-quruşa aldığı məişət əşyalarını tanışı Ostap Tarasenkoya satırdı. Lakin bu qeyri-qanuni biznes Gennadi üçün pis bitdi: növbəti sövdələşmədə yaxalanan üçüncü kurs tələbəsi institutdan xaric edildi.

Gənc bundan sonra birdəfəlik cinayət yoluna çıxdı: Ostap ona orden və medalları baha qiymətə aldığını dedi. Gennadi əvvəlcə veteranların qohumlarını axtarırdı — onlar ölmüş döyüşçülərin ordenlərini ucuz qiymətə satmağa razı idilər.
Amma belələri az idi və Kalinin orden və medalları oğurlamağa qərar verdi. Cinayətkarın ilk qurbanı 1980-ci ildə Odessa vilayətinin Limanskoye kəndindən olan müharibə veteranı oldu.
Qocanın yanına jurnalistika fakültəsinin tələbəsi kimi gələn fırıldaqçı onu müsahibəyə razı saldı. Müsahibə zamanı veteran öz döyüş ordenlərini — “Vətən müharibəsi” ordenlərini göstərdi. Kalinin onları artıq səs-küy olmadan oğurladı: veteranı mətbəxə bir stəkan su gətirməyə göndərdi, ordenləri yığıb getdi.
İtkini aşkar edən pensiyaçı milisə məlumat verdi. Amma hüquq-mühafizə orqanları cinayətkarı axtarmağa başlayanda o, artıq İvanovoya qayıtmış və ordenləri Tarasenkoya 1000 rubla satmışdı. Növbəti iki il ərzində Gennadi eyni sxemlə daha on bir veteranı soydu, onlardan onlarla medal və orden oğurladı. 1982-ci ilin yayında Kalinin heç bir ifşa qorxusu duymadan yenidən Limanskoye kəndinə gəldi və orada 17 yaşlı yerli sakin İnna Qavrilova ilə tanış oldu.

Gənclər arasında romantik münasibət başladı — Gennadi nə ilə məşğul olduğunu gizlətmədi, qız da heç bir narahatlıq keçirmədi.
Gənclər tezliklə həm evləndilər, həm də ortaq oldular. Kalinin bundan çox məmnun idi: növbəti işə gedərkən İnna konspirasiya üçün böyük eynək taxırdı ki, ona ziyalı görünüşü versin. Bunun sayəsində o, veteranların etimadını asanlıqla qazanırdı.
“Ordenləri stuldakı pencəkdən çıxarırdılar”
Döyüşçülərdən oğurlanan ordenləri Ostap Tarasenkoya aparırdılar — qeyd edək ki, onun üçün daha 18 oğru işləyirdi. O, qəniməti satırdı: məsələn, qızıl olan ordenləri tanış diş həkimlərinə diş tacı üçün verirdi. Eyni zamanda Tarasenko özünə yaxşı faiz saxlayırdı və oğurlanmış ordenlərdən təxminən yüz min rubl qazanmışdı.
Bu arada Kalininlər Ostapa yalnız oğurluq mallarının satışı üçün müraciət edirdilər — qalan işləri özləri görür, məlumatçılardan istifadə etmirdilər. Onlar hansısa şəhərə gələndə veteranların portretləri asılmış Şərəf lövhəsinə yaxınlaşırdılar. Uyğun soyadları tapır və cəmi 20 qəpiyə məlumat bürosundan ünvanı öyrənirdilər.
Dələduzlar özlərini veteranlara müxtəlif cür təqdim edirdilər — jurnalist, diyarşünaslıq hərəkatının iştirakçısı (“qırmızı ləpirçilər”) və ya tələbə kimi. Hər dəfə müsahibə xahiş edirdilər — özlərinə olan diqqətdən məmnun qalan veteranlar adətən imtina etmir və bütün ordenlərini məmnuniyyətlə göstərirdilər.
İnna Kalinina müsahibənin ən qızğın vaxtında birdən bir stəkan su istəyirdi. Veteran mətbəxə gedir, ər-arvad isə bu vaxt stulda asılmış pencəkdən ordenləri çıxarırdılar və tələsik sağollaşıb gedirdilər.
Kalininlərin cinayətlərinin coğrafiyası genişlənirdi — onların hərəkətlərindən Kişinyov, Odessa, Tula, Kursk, Vladimir, Ryazan, Yaroslavl, Bender, Pokrov və digər şəhərlərin sakinləri zərər gördü. Qarət olunmuş döyüşçülərdən bəziləri ordenlərinin itkisini qəbul edir və milisə müraciət etmirdilər.
Bu arada ordenlərin satışından əldə edilən pulla — 1983-cü ilə qədər Kalininlər 40 min rubl qazanmışdılar — onlar “Moskviç” avtomobili aldılar və mənzili müasir texnika ilə təchiz etdilər.
“Ürəyi gedənə qədər işgəncə verirdilər”
Kalinin 1983-cü ilin yayında Sovet İttifaqı Qəhrəmanı, vitse-admiral Georgi Xolostyakovu xatırladı. Onun haqqında 1983-cü ilin aprelində oxumuşdu— qarət etdiyi veteranlardan birinin verdiyi “Xalqın əbədi yaddaşında” kitabından. Məhz Xolostyakov cinayətkarların növbəti qurbanı seçildi.
13 iyul 1983-cü ildə Kalinin paytaxta gəldi: Moskva şəhər məlumat bürosundan vitse-admiralın ünvanını öyrənib, Tverskoy bulvarındakı mənzilinə gəldi.
Cinayətkar 80 yaşlı dənizçiyə və onun həyat yoldaşı Natalyaya özünü MDU-nun jurnalistika fakültəsinin tələbəsi kimi təqdim etdi və veteranlar haqqında oçerklər kitabı hazırladığını bildirdi. Xolostyakov qonağı səmimi qəbul etdi və müsahibəyə razı oldu.
Vitse-admiralın danışacaq çox şeyi var idi — həyatı yüksəliş və enişlərlə dolu idi. Xolostyakov 2 avqust 1902-ci ildə Belarusun Baranoviçi şəhərində dəmiryol maşinistinin ailəsində anadan olub. Donanmaya 1921-ci ildə gəlib, ondan əvvəl isə qırmızı qvardiyaçı kimi Vətəndaş müharibəsi cəbhələrində olub və polyaklara əsir düşüb.
Xolostyakova və digər əsirlərə huşunu itirənə qədər işgəncə verilirdi. Müxtəlif üsullarla qaçmağa çalışırdılar. Dördüncü cəhdi uğurlu olub — Georgi yaralı həmkarını düşərgədən çiynində çıxarıb. 1921-ci ildə evə qayıdandan sonra donanmaya yollanıb. İlk illər Baltik dənizi Hərbi-Dəniz Qüvvələrinin 2-ci Baltik donanma ekipajının rotasında siyasi rəhbərin müavini olub, 1925-ci ilin noyabrında isə sualtı qayıqlara keçib.
1935-ci ildə Georgi Lenin ordeni ilə təltif edildi, lakin cəmi üç ildən sonra — 7 may 1938-ci ildə yalan donos əsasında həbs edildi və partiyadan xaric olundu.
Qəhrəmanın kiteli
NKVD zindanlarında amansız işgəncələrə dözə bilməyən II dərəcəli kapitan Xolostyakov etiraf etdi ki, Yaponiya, İngiltərə və Polşa xeyrinə casusluq edib, həmçinin öz divizionunun sualtı qayıqlarını qəsdən sıradan çıxarıb. 1939-cu ilin avqustunda o, 15 il düşərgə cəzasına məhkum edildi və Primorsk diyarının Olqa körfəzinə göndərildi.
Növbəti il ərzində Xolostyakov haqsız hökmə dair təxminən on şikayət göndərdi və yekunda etirafların dəhşətli işgəncələr nəticəsində alındığını sübut etdi. 1940-cı ilin yayında ona bütün ordenləri geri qaytarıldı, rütbəsi bərpa edildi və yarım ildən sonra Qara dəniz donanmasının qərargahında sualtı qayıqlar şöbəsinin rəisi oldu.
İkinci Dünya müharibəsi zamanı, 1941-ci ilin sentyabrından 1944-cü ilin martına qədər Xolostyakov Novorossiysk hərbi-dəniz bazasının qərargah rəisi vəzifəsində Novorossiyskin qəhrəmancasına müdafiəsində iştirak edib. 1942-ci ildə isə kontr-admiral rütbəsində Cənubi Ozereyka, Staniçka və Eltiqenə desantlar təşkil etdi.
1944-cü ildə Georgi Dunay hərbi flotiliyasının komandanlığını öz üzərinə götürüb — bu flotiliyanın dənizçiləri sonralar Avstriya, Slovakiya, Macarıstan və Yuqoslaviyanı azad etdilər. 24 may 1945-ci ildə Georgi Xolostyakova vitse-admiral rütbəsi (ordudakı general-leytenant - Pressklub) verildi. Müharibədən sonra o, 1943-cü ildə həlak olmuş Sovet İttifaqı Qəhrəmanı Sezar Kunikovun dul arvadı Natalya Sidorova ilə evləndi.
7 may 1965-ci ildə Xolostyakova Sovet İttifaqı Qəhrəmanı adı verildi, kitelinə də ən ali mükafatlar — Lenin ordeni və “Qızıl Ulduz” medalı taxıldı. O, 1969-cu ildə istefaya çıxdı.

Bu arada Kalininin ilk gəlişində Xolostyakovun öz bioqrafiyasını ətraflı danışmağa vaxtı olmadı, ona görə də qonağa başqa gün gəlməsini dedi. Getməzdən əvvəl Kalinin vitse-admiraldan ordenli kiteli göstərməsini xahiş etdi — o da məmnuniyyətlə kiteli və 1952-ci ildə aldığı şəxsi silahı göstərdi. Gördükləri Gennadini həyəcanlandırdı: kiteli qısa gözdən keçirərkən o, təxminən 40 orden və medal gördü.
“Tamah çox böyük idi”
Təkbaşına oğurluğa getməyə qorxan Kalinin işə arvadını da cəlb etmək qərarına gəldi. Ordenləri əldə etmək istəyi o qədər güclü idi ki, Kalininlər artıq ertəsi gün yenidən Tverskoy bulvarına qayıtdılar. Gennadi arvadını kurs yoldaşı Marina kimi təqdim etdi. Amma hamı oturanda dəhlizdə zəng çalındı: sahiblərin dostu — yazıçı Nikolay Lanin gəldi.
Planlarının puça çıxdığını anlayan Kalininlər tələsik sağollaşdılar və başqa gün gələcəklərini vəd edib getdilər. Getməzdən əvvəl Xolostyakov “tələbələrə” avtoqraflı “Əbədi atəş” xatirələr kitabını hədiyyə etdi. Növbəti oğurluq günü kimi cinayətkarlar 18 iyul bazar ertəsini seçdilər. Səhər tezdən öz “Moskviç”ləri ilə paytaxta gəldilər, “Proletarskaya” metrosunun yaxınlığında maşını saxlayıb vitse-admiralın evinə ictimai nəqliyyatla getdilər. Gennadi özü ilə idman çantası götürmüş, içinə də montirovka qoymuşdu: Xolostyakovları öldürmək niyyətində deyildi, amma lazım gəlsə hər şeyə hazır idi.
“Biz başa düşürdük ki, admiralın ordenlərini zorla almalı olsaq, necə böyük səs-küy qalxacaq. Amma tamah çox böyük idi”, - Gennadi Kalininin dindirmə protokolundan.
Səhər saat səkkizə yaxın gəlmələri sahiblərdə təəccüb doğurdu, amma özlərinə haqq qazandırdılar — guya sonra kurs yoldaşları ilə kolxoza işləməyə gedəcəkdilər. Cinayətkarların əfsanəsinə inanan Xolostyakov Kalininləri mənzilə buraxdı və əlavə suallara cavab verməyə razı oldu.
Söhbətə onun həyat yoldaşı da qoşuldu, bir otaqda yatan nəvəsi Nataşa isə qapı zənginə oyandı, amma dəhlizə çıxmadı və tezliklə yenidən yuxuya getdi. Söhbət başlayandan bir neçə dəqiqə sonra İnna bir stəkan su istədi, Xolostyakovun həyat yoldaşı Natalya mətbəxə getdi.
“Yalnız yeddinci zərbədən sonra yıxıldı”
Montirovkalı idman çantasını götürən Gennadi yaşlı qadının arxasınca otaqdan sivişdi: ona elə gəldi ki, Natalya onların məqsədini anlayıb və kömək çağırmaq istəyir.
O, qoca qadının giriş qapısına doğru getmək istədiyini gördü. Çantanı cəld açıb montirovkanı çıxardı və qadının başına endirdi. Səs-küyə vitse-admiral özü otaqdan dəhlizə çıxdı və burada onu ölüm yaxaladı. Gözünü qəzəb və qan tutmuş Kalinin eyni montirovka ilə onun başına bir neçə zərbə endirdi. Yaşına baxmayaraq, Xolostyakov Kalininə müqavimət göstərməyə çalışırdı: o, yalnız yeddinci zərbədən sonra yıxıldı — sonra isə quldur onu bitirdi.
Kalininlər qaçdılar, ordenli kiteli, orden kitabçalarını və vımpeli, bir neçə qədəh, üç büllur vaza və konfet qabını oğurladılar. Mənzildən çıxarkən qapını elə güclə çırpdılar ki, səs-küydən Nataşa oyanıb otaqdan çıxdı. Döşəmədə qan içində uzanmış babasını və nənəsini görüb şoka düşən qız milisə zəng etdi.
Rezonans doğuran qətlin istintaqını şəxsən nəzarətə götürən SSRİ rəhbəri Yuri Andropov hüquq-mühafizə orqanlarından cinayətkarları ən qısa zamanda tapmağı tələb edirdi. Təcrübəli müstəntiq — MUR-un rəis müavini, podpolkovnik Anatoli Yeqorov qatillərin axtarışına başladı. Digərləri ilə yanaşı şübhə altına nəvə Nataşa da düşdü. İki nəfəri öldürürlər, o isə yatır? Heç nə eşitmir, heç nə bilmir?
“O mənə nifrət edir”
Tezliklə aydın oldu ki, qocaların öldürülməsində qız iştirak etməyib. Həlak olmuş vitse-admiralın kağızları arasında əməkdaşlar onun həyatındakı bir çox hadisələri yazdığı gündəliyi tapdılar. Xolostyakov NKVD zindanlarına kimin günahı ilə düşdüyünü də yazmışdı — keçmiş həmkarı, saxta donos yazmış adam.
“Biz otuz ildən sonra təsadüfən sualtı dənizçilərin qurultayında görüşdük. Və başa düşdüm — o hələ də mənə nifrət edir”, - Georgi Xolostyakovun gündəliyindən.
Həmin adamın vitse-admiralın ölümündə əli olduğunu güman edən müstəntiqlər kişinin ailəsini tapdılar. Amma məlum oldu ki, o, bir neçə il əvvəl ölüb. Bir versiyanı digərinin ardınca rədd edən istintaqçılar, nəhayət, ən ehtimal olunan versiyada dayandılar — ordenləri oğurlamaq üçün qətl. Buna mənzildən yalnız ordenli kitelin və büllurun yoxa çıxması işarə edirdi.
Onda müstəntiqlər SSRİ-də dövlət ordenlərinin oğurlanması ilə bağlı bütün cinayət işlərini qaldırdılar. Onlar bütün kolleksiyaçıları, xüsusən oğurlanmış ordenləri almaqdan çəkinməyənləri aktiv şəkildə dindirirdilər. Eyni zamanda cinayətkarları yemlə tutmaq qərarına gəlindi: qəzetlərdən birində orden almaq haqqında elan yerləşdirdilər: orden, mükafat, medal alıram.
“Satıcı” ilə ilk görüş böyük qalmaqalla bitdi: guya orden alıcısı olan əməkdaşın yanına elandan hiddətlənmiş bir jurnalist qız gəldi. Qadın milisin yaxasından tutub yoldan keçənləri köməyə çağırmağa başladı — yalnız milis vəsiqəsini görəndən sonra sakitləşdi.
Uğursuz başlanğıca baxmayaraq, əməliyyat zamanı hüquq-mühafizə orqanları bir neçə möhtəkir və alıcını saxlaya bildilər: onların arasında Uşakov ordenini satmağa cəhd edən Nikolay Zaytsev də var idi.
Zaytsev istintaqçılara bildirdi ki, ordeni Ostap Tarasenkodan alıb. Tarasenkonu saxlayıb dindirməyə başladılar, amma Ostap inadla susur və Uşakov ordenini haradan aldığını etiraf etmirdi.
Onda Tarasenkonun yanından tapılan qeyd dəftərindəki bütün ünvanları gəzib zəng edən istintaqçılar Ostapın qeyri-qanuni fəaliyyəti haqqında ifadələr topladılar və ona təzyiq göstərməyə başladılar.
Müstəntiq Dokin karıxmış Ostapın qarşısına sənədlərlə dolu qovluq — onu ifşa edən ifadələri qoydu və dedi: “Görürsünüz, burada 50 izahat var”. İçəri girən mühafizəçiyə isə “Götürün, o mənə daha lazım deyil!” söylədi. Burada Ostap davam gətirməyib ağladı.
Həbsdən qorxan Tarasenko danışmağa başladı. Ondan müstəntiqlər ər-arvad Kalininlərin cinayətləri haqqında məlumat aldılar. Xolostyakovların yanına gələn “jurnalistika fakültəsinin tələbələri” haqqında yazıçı Lanin də hüquq-mühafizə orqanlarına danışmışdı: MDU rəhbərliyi ilə əlaqə saxlayan müstəntiqlər orada heç bir oçerklər kitabı çıxarmaq niyyətində olmadıqlarını öyrəndilər. Onda şübhəlilərin fotoportretləri tərtib edildi.
Xolostyakovun nəvəsi Nataşa da xatırladı ki, bir axşam yeməyi zamanı baba gələcək jurnalistlərdən danışırmış. MUR əməkdaşları Kalininləri 1983-cü ilin oktyabrında tapdılar — vitse-admiralın qətlindən sonra onlar İvanovoya qayıtmışdılar. Qeyd edək ki, hüquq-mühafizə orqanları sona qədər əmin deyildilər ki, Gennadinin ortağı onun arvadı İnnadır.
İş ondadır ki, fotoportretdə şübhəli eynək taxmışdı — adi həyatda isə Kalinina eynək taxmırdı. Onda müstəntiqlər hiyləyə əl atdılar. Bir qızdan xahiş etdilər ki, bir eynəyi özü alırmış kimi Kalininaya göstərsin, o da taxıb baxsın. Və İnnanı bu eynəkdə görəndə fotoportret 90 faiz üst-üstə düşdü.
Kalininləri və Ostap Tarasenkonun yanında işləyən digər oğruları əməliyyatçılar eyni gündə saxladılar və beş ünvanda axtarış apardılar, onlarla orden və medal tapdılar. Gennadi və İnnanı İvanovonun kənarındakı evdə tutdular. Məlum oldu ki, cütlük Xolostyakovlara divan tutduqdan sonra da cinayət yolunu davam etdirib.
22 sentyabr 1983-cü ildə Gennadi təkbaşına İvanov vilayətinin Yelnat şəhərində yaşayan, mərhum əri keşiş olan dul qadının evinə gəldi. Şübhələnən qadın səs-küy saldı və öldürüldü. Evi axtaran qatil oradan bütün ikonaları götürdü. Amma alıcının yanına gələndə Kalinini məyusluq gözləyirdi: bütün qəniməti cəmi 90 rubla sata bildi.
Orden ovçusunun son cinayətini 29 sentyabr 1983-cü ildə törətmişdi — dostu Kulaqinlə birlikdə Yaroslavl sakininin bir neçə qədim ikonasını oğurladı. Saxlanılarkən Kalininin gödəkçəsinin astarında satmağa macal tapmadığı bir neçə orden və medal — o cümlədən Xolostyakova məxsus Qırmızı Ulduz ordeni tapıldı.
Tezliklə məlum oldu ki, Xolostyakovdan oğurlanan Qəhrəman Ulduzunu və Lenin ordenlərindən birini Kalinin əridib və öz inisialları olan möhür-üzük düzəltdirib.
Əməliyyatçılar axtarış apararkən İnna diqqətin ərinə yönəlməsindən istifadə edib gizlicə qaçmağa macal tapdı. Lakin o, çox gizlənə bilmədi — üç gündən sonra rəfiqəsinin mənzilində tapıldı.
Kalininləri Moskvaya gətirdilər və Butırka istintaq təcridxanasına yerləşdirdilər. Kalinin SSRİ-nin 19 şəhərində 39 oğurluq etdiyini etiraf etdi, dindirmələrdə və məhkəmədə olduqca təkəbbürlü və qıcıqlandırıcı davrandı. Xolostyakovları necə öldürməsi və döşəmədə yatan vitse-admirala inildəməyi kəsənə qədər vurması haqda emosiyasız danışdı.
***
Səs-küylü cinayət işinin uğurla açılmasına görə MUR-un rəis müavini Anatoli Yeqorov ilk ordenini — Qırmızı Ulduz ordenini aldı. İnna Kalinina 15 il, ərinin ortağı Kulaqin beş il azadlıqdan məhrum edildi. Ostap Tarasenko da həbsxanaya düşdü. Gennadi Kalinin isə ən yüksək cəzaya — ölüm hökmünə məhkum edildi.
Deyilənə görə, məhkumun cinayətlərini bilən cəllad ona elə nifrət bəsləyib ki, bir güllə əvəzinə başına üç güllə atıb.
Sovet İttifaqı Qəhrəmanı Georgi Xolostyakov həyat yoldaşı ilə birlikdə son sığınacağını Kuntsevo qəbiristanlığında tapdı. Yaşadığı binanın divarına vitse-admiralın xatirə lövhəsi vuruldu. Xolostyakovun adı Novorossiysk və İzmaildə küçələrə, həmçinin bir quru yük gəmisinə verildi.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada