Pis gitarist, nadinc avtobus sürücüsü, məyusluqla bitən inqilab...
Maduronu bu günə gətirib çıxaran səbəblər nə idi?
09 Yanvar 2026
Nikolas Maduro Moros 1962-ci ildə Karakasda, həmkarlar ittifaqı lideri Nikolas Maduro Qarsiyanın ailəsində anadan olub. Liseydə oxuduğu illərdə beysbolu çox yaxşı oynayırdı (hətta ona ABŞ-a köçüb peşəkar oyunçu olmaq təklif edildi, lakin o, bundan imtina etdi) və “Eniqma” adlı rok-qrup yaratmışdı; qrupda bas-gitarist idi. Doğrudur, sinif yoldaşlarından birinin xatirələrinə görə, “çox bərbad çalırdı, musiqi duyumu yox idi”.
Bununla belə, Maduronun gənc yaşlarından əsas ehtirası siyasət idi. 12 yaşında “Ruptura” adlı solçu təşkilata qoşuldu, 15 yaşında isə şagirdlər arasında siyasi təbliğata görə liseydən qovuldu. Bu, onun sonrakı təhsilinə ciddi mane oldu: orta təhsil alsa da, universitetə daxil ola bilmədi. Yalnız 1980-ci illərin ortalarında Havanada, Niko Lopes adına Ali Partiya Məktəbində təhsilini tamamlaya bildi.
1970-ci illərin sonlarından etibarən Nikolas sol-radikal “Sosialist Liqası” partiyasının üzvü idi. Siyasi fəallıq ona gəlir gətirmədiyindən, paralel olaraq Karakasda avtobus sürücüsü işləyirdi. Lakin burada da Maduro liderlik keyfiyyətlərini nümayiş etdirdi: 1990-cı illərdə Karakas nəqliyyat şirkətinin direktorlar şurasının üzvü oldu və onun əməkdaşları üçün yeni həmkarlar ittifaqı yaratdı.
Eyni zamanda o, ictimai fəal olaraq qalır və Uqo Çavesin yaratdığı İnqilabi Bolivarian Hərəkatı–200-ə (MBR-200) simpatiya bəsləyirdi. Bu hərəkat 1992-ci ildə iki dəfə dövlət çevrilişinə cəhd etmişdi. Cəhdlər uğursuz oldu, Çaves isə həbsə düşdü. Maduro ikinci çevrilişi dəstəklədi və Çavesin azadlığa buraxılması kampaniyasında fəal iştirak etdi. Onunla ilk dəfə 1993-cü ilin dekabrında, Çavesə dəstək bildirmək üçün gəldiyi San-Fransisko-de-Yare həbsxanasında şəxsən tanış oldu.
Bu görüş Maduro üçün taleyüklü oldu — 1994-cü ilin martında elan edilən amnistiyadan sonra Çaves ona MBR-200-ə rəhbərlik etməyi təklif etdi; həmin vaxt bu qurum hərbi təşkilatdan ictimai-siyasi hərəkat kimi yenidən formalaşdırılmışdı. O vaxtdan etibarən Maduro sadiq çavistə çevrildi: hətta bu gün də “Instagram” səhifəsində özünü “Bolivarın əsgəri” və “Çavesin oğlu” adlandırır.
1997-ci ildə Maduro Beşinci Respublika Hərəkatına (MVR) qoşuldu. Hərəkat Çavesin prezident seçkilərində namizədliyini dəstəkləyirdi. Bir il sonra Çaves qalib gələndə Maduronun siyasi karyerası sürətlə yüksəlişə keçdi. Milli Assambleyanın deputatı olub, MVR fraksiyasına rəhbərlik etdi, 2005-ci ildə isə spiker seçildi. Bir il sonra hökumətdə çalışmağa başladı və 2006–2012-ci illərdə xarici işlər naziri oldu. Daha sonra vitse-prezident təyin edildi — bu, Çaves dövründə tutula biləcək ən yüksək vəzifə idi.
Buna baxmayaraq, 2012-ci ildə xərçəngdən ölmək üzrə olan Çavesin varisi məhz Maduro olacağı heç də aydın deyildi. Bir çoxları daha real namizəd kimi Çavesin uzunmüddətli silahdaşı Diosdado Kabelyonu görürdülər; o, 5 mart 2013-cü ildə ölkə başçısının ölüm anında Milli Assambleyanın sədri idi. Konstitusiyaya görə, müvəqqəti prezident postu məhz ona keçməli idi.

Lakin Çaves ölümündən bir neçə ay əvvəl Maduronu şəxsən öz varisi təyin etdi və hesab etdi ki, bolivarian inqilabını hərbçi yox, mülki şəxs davam etdirməlidir. Məsələ ondadır ki, general Kabelyo ölkənin idarə olunmasında güc metodlarını məqbul sayan sərt xətt tərəfdarı idi. Bu isə bir çox məmurları və yerli elitaları qorxudurdu. Maduro isə mülayim praqmatik kimi qəbul edilirdi, orduda və güc strukturlarında möhkəm dayaqlara malik deyildi.
Əhəmiyyətli amillərdən biri də Çavesin əsas müttəfiqi olan Kubanın mövqeyi idi. Kuba hakimiyyəti və xüsusən də xüsusi xidmət orqanları sərt xətt tərəfdarı Kabelyoya yox, daha mülayim Maduroya üstünlük verirdilər.
Ölkənin başına keçdikdən sonra Maduro çavizmin əsas xüsusiyyətlərini qoruyub saxladı: antielit və antiimperialist ritorika, bolivarian layihə, ölkənin idarə edilməsində orduya arxalanma, iqtisadiyyat — xüsusən də neft rentası — üzərində dövlət nəzarəti, çoxsaylı aztəminatlı təbəqələrin sədaqətini təmin edən sosial proqramlar. Lakin sələfindən fərqli olaraq, Maduro siyasi xarizmaya malik deyildi və bu, çavizm kimi personalist bir rejim üçün son dərəcə ciddi çatışmazlıq idi.
Hər prezident seçkisi Maduro üçün ağır sınağa çevrilirdi. 2013-cü ildə o, müxalif namizəd — sağ-mərkəzçi və liberal Enrike Kapriles üzərində minimal fərqlə qalib gəldi: səslərin 50,62 faizi 49,12 faizə qarşı. 2018-ci il seçkiləri isə müxalifətin boykotu şəraitində keçirildi — əsas namizədlər ya həbsdə idi, ya da ölkəni tərk etməyə məcbur qalmışdılar. Seçkilərin özündə ciddi pozuntular qeydə alındı: seçicilərin kütləvi şəkildə satın alınması halları barədə məlumatlar yayıldı, xaricdə səsvermə isə Konstitusiyada nəzərdə tutulmadığı halda beş gün uzadıldı.
2024-cü ildə hakimiyyət Maduronun qələbəsini əsas müxalif namizəd Mariya Korina Maçadonun seçkilərə buraxmamaqla təmin etdi. Buna səbəb kimi onun seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarını pozması və Venesuelaya qarşı xarici sanksiyaları dəstəkləməsi göstərildi. Hakimiyyət həmçinin saxtakarlıqları gizlətmək üçün seçki məntəqələri üzrə detallı məlumatları dərc etmədi.
Parlament seçkiləri də bundan yaxşı vəziyyətdə deyildi. 2015-ci ildə müxalifət Milli Assambleyada yerlərin əksəriyyətini qazandı — hakim Vahid Sosialist Partiyasının 55 mandatına qarşı 107 mandat. Maduro buna da cavab tapdı: o, Ali Məhkəməyə yeni üzvlər təyin etdi. Bu hakimlər əvvəlcə müxalifətin konstitusion çoxluq yaratması üçün zəruri olan üç deputata mandat verilməsini blokladılar, daha sonra isə parlamentin rejimi qane etməyən qərarlarını etibarsız elan etdilər.
Siyasi problemlərə iqtisadi çətinliklər də əlavə olunurdu. 2015-ci ildən etibarən ölkənin əsas ixrac məhsulu olan neftin qiyməti enməyə başladı və bununla da büdcə gəlirləri azaldı. 2017-ci ildə ABŞ-ın ilk sanksiyaları qüvvəyə mindi ki, bu da yüksək dövlət xərcləri ilə birlikdə inflyasiyanı sürətləndirdi: əgər 2013-cü ildə Beynəlxalq Valyuta Fondunun məlumatına görə inflyasiya 40% idisə, 2018-ci ildə astronomik həddə — 65 370 faizə çatdı.
Eyni zamanda neft hasilatı da 2013-cü illə müqayisədə 2020-ci ildə dörd dəfədən çox azalmışdı. ÜDM də həmin dövrdə dörd dəfə azaldı — 139 milyard dollardan 35 milyard dollara düşdü. Venesuela hakimiyyəti nisbi sabitliyə yalnız 2021-ci ildən sonra nail ola bildi: nəzarətsiz pul emissiyasının dayandırılması, iqtisadiyyatın qismən dollarlaşması, dövlət xərclərinin azaldılması və yeni bazarlara çıxış hesabına — nefti Çinə satmağa başladılar.
Bu iqtisadi siyasətin sosial nəticələri fəlakətli oldu. Uzunmüddətli hiperinflyasiya venesuelalıların kəskin yoxsullaşmasına gətirib çıxardı — Venesuela Maliyyə Müşahidə Mərkəzinin qiymətləndirməsinə görə, 2024-cü ildə venesuelalı ev təsərrüfatlarının 86 faizi yoxsulluq həddindən aşağıda yaşayırdı.
Qiymətlər üzərində dövlət nəzarəti ölkədə mal defisitinə səbəb oldu, tibb müəssisələri isə avadanlıq və dərman çatışmazlığı ilə üzləşdi. Venesuela küçələrini cinayətkarlıq dalğası bürüdü: 2016-cı ildə qətllərin sayı hər 100 min nəfərə 91,8 hadisə olmaqla rekord həddə çatdı. Nəticə etibarilə, 2011–2021-ci illər arasında Venesuelada orta ömür uzunluğu bir il yarım azaldı.
Təbii ki, bütün bunlar əhali arasında narazılıq doğurdu. Maduro bir neçə etiraz dalğası yaşadı. 2013-cü il seçkilərindən sonra ölkənin ən böyük şəhərlərində səslərin yenidən sayılması tələbi ilə mitinqlər keçirildi; hakimiyyət onları güc yolu ilə dağıtdı və nəticədə yeddi nəfər həlak oldu.
Bir il sonra, iqtisadi vəziyyətin pisləşməsi səbəbilə minlərlə insan küçələrə çıxdı — 2014-cü ilin fevralından mayına qədər həftədə bir neçə dəfə kütləvi nümayişlər keçirilirdi və polis zorakılığı nəticəsində ölənlərin sayı artıq 42 nəfərə çatdı.
2017-ci ildə yeni etiraz dalğası müxalifət deputatlarının bir qisminin toxunulmazlıqdan məhrum edilməsi və Ali Məhkəmənin faktiki olaraq parlamentin səlahiyyətlərini ələ keçirməsi ilə bağlı yarandı. Ən kütləvi mitinq 19 aprel tarixində keçirildi və təxminən 6 milyon insanı topladı. Ümumilikdə isə il ərzində ölkədə təxminən 10 min etiraz aksiyası baş tutdu.
Bununla belə, 2019-cu ildə — Maduronun ikinci prezident seçkilərindən sonra — bu rekord da qırıldı: venesuelalılar 16 739 etiraz aksiyası keçirdilər, nümayişləri dağıdan təhlükəsizlik qüvvələrinin əli ilə ölənlərin sayı isə 67 nəfərə yüksəldi.
Minlərlə etirazçı, onlarla ölən, populyarlığın kəskin azalması (reytinqi 2013-cü ildə 50 faizdən 2017-ci ildə 17 faizə düşdü) — bütün bunlar Maduronun mövqeyinin olduqca kövrək olduğunu göstərirdi. Bununla belə, bu da onun devrilməsi üçün kifayət etmədi.
Bəs onda Maduro hakimiyyətdə bu qədər uzun müddət necə qala bildi? Və o, çavizmi necə dəyişdirdi?
Əvvəlcə bir məqama diqqət yetirmək lazımdır: Çaves hakimiyyətə gəlməzdən əvvəl də ölkə böhran içində idi. Formal olaraq demokratik institutlar mövcud idi, lakin faktiki hakimiyyət iki partiyanın və korrupsiyalaşmış elitanın əlində cəmlənmişdi.
1970-ci illərin neft bolluğu Venesuela üçün acı nəticələr doğurdu: dövlət sadəcə xammal gəlirlərini “yeyirdi”. 1990-cı illərdə neft qiymətləri düşəndə bunun əvəzini çox ağır şəkildə ödəmək lazım gəldi. Yoxsulluq kəskin artdı, prezident Karlos Andres Peresin BVF reseptləri əsasında həyata keçirdiyi neoliberal islahatlar isə subsidiyalardan məhrum edilən aztəminatlı təbəqələrə ağır zərbə vurdu.
1992-ci ilin iki hərbi çevriliş cəhdi təsadüfən baş verməmişdi və məhz ölkənin yenilənməsi şüarları altında Uqo Çaves yeddi il sonra hakimiyyətə gəldi. 2003-cü ildən etibarən prezident “missiyalar” adlanan sosial proqramlar tətbiq etdi: bu proqramlar venesuelalılara pulsuz tibbi xidmət və orta təhsil, eləcə də aztəminatlılar üçün ərzaq subsidiyaları verirdi. Bundan əlavə, 2000-ci illərdə neftin yüksək qiymətləri sayəsində ev təsərrüfatlarının gəlirləri davamlı şəkildə artdı.
Nəticə etibarilə ölkədə sosial bərabərsizlik xeyli azaldı, ifrat yoxsulluq şəraitində yaşayan venesuelalıların çəkisi isə üç dəfədən çox — 1997-ci ildəki 23,4 faizdən 2012-ci ildə 7,2 faizə — aşağı düşdü. Bu uğurlardan ruhlanan hakimiyyət 2010-cu illərin əvvəlində hətta yaxın onillikdə “sıfır yoxsulluq” hədəfinə çatmaq kimi iddialı məqsəd də qoymuşdu.
Maduronun dövründə çavizm ciddi şəkildə dəyişdi. Xarizması olmayan və neft rentasından məhrum qalan lider əvvəlki üsullarla rejimin dayanıqlığını təmin edə bilmirdi. Bunun nəticəsi ölkənin sürətlə avtoritarizmə yuvarlanması oldu. Amerikalı politoloqlar Brüs Bueno de Meskita və Alister Smit “Diktatorun stolüstü kitabı. Niyə pis davranış demək olar ki, həmişə yaxşı siyasətdir” adlı kitabda göstərirlər ki, personalist avtoritar rejimlərdə hakimiyyəti qorumaq üçün seçkilərdə uğur və ya vətəndaşların rifahı ikinci dərəcəli əhəmiyyət daşıyır. Əsas məsələ liderin ilk növbədə söykəndiyi qrupların — nomenklaturanın və güc strukturlarının — loyallığını təmin etmək və narazıları repressiyalarla susdurmaqdır. Maduro da məhz bununla məşğul oldu.
Milli valyuta bolivar sürətlə dəyərdən düşsə də, Maduro elitaya dollara daimi çıxış imkanı yaratdı. Yüksək vəzifəli məmurlar Karakasın elit Las-Mersedes rayonundakı restoranlarda istirahət edir, Latın Amerikasının ən bahalı mənzillərindən bəzilərini oradan alırdılar, bu vaxt isə əhalinin böyük hissəsi sürətlə yoxsullaşırdı.
Bununla belə, Maduro kasıbları da tam unutmadı: 2016-cı ilin avqustunda uğursuz iqtisadi siyasət və idxal problemləri nəticəsində mağazalarda rəflər boşaldıqda, o, aztəminatlılar üçün əsas ərzaq məhsullarından ibarət CLAP ərzaq paketlərini tətbiq etdi. Bu addım əhali arasında narazılığı qismən azaltmağa imkan verdi. Eyni zamanda prezident ali hərbi rütbəlilərə limanlar, hava limanları və yanacaq infrastrukturu üzərində nəzarəti verdi, onları kütləvi şəkildə hökumətdə və regionlarda yüksək vəzifələrə təyin etməyə başladı.
Narazıların isə nazı ilə Maduro rejimi qətiyyən oynamırdı: təkcə 2024-cü il seçkilərindən sonra prezidentin “terrorçular” və “cinayətkarlar” adlandırdığı iki mindən çox insan həbsxanaya salındı. 2025-ci ilə olan məlumata görə isə ölkədə 800-dən çox siyasi məhbus var. Üstəlik, 2016–2018-ci illər arasında Venesuela təhlükəsizlik qüvvələrinin əli ilə 16 mindən çox insan həlak olmuşdu və təkcə 2018-ci ildə ölkədə baş verən hər üçüncü zorakı ölümə məhz güc strukturları cavabdeh idi.
Bununla yanaşı, narazılar üçün alternativ də mövcud idi. Rejim Venesueladan köçməyə mane olmurdu və Maduronun hakimiyyəti dövründə bundan təxminən 8 milyon nəfər istifadə etdi — bu da 2024-cü ildə 28,4 milyon olan əhali fonunda olduqca böyük rəqəmdir. 2025-ci ilin martında keçirilən sorğuya görə, ölkədə qalanların 44,6 faizi gedənlərdən nümunə götürmək niyyətində idi.
Rejim tərəfindən ələ alınmış elitaların loyallığı, repressiyalar və narazıların ölkəni tərk etməsi — Maduronun hakimiyyətdə qalma “resepti” bununla bitmirdi. Daha bir mühüm amil müxalifətin zəifliyi və parçalanması idi.
Venesuela müxalifəti vahid cəbhə kimi çıxış etməyi bacarmadı. Məsələn, 2015-ci ildə onlar Maduronu kompromisə cəlb etməyin, yoxsa xarici dəstəyə arxalanaraq onunla siyasi mübarizə aparmağın daha doğru olduğu barədə razılığa gələ bilmədilər. Bundan başqa, müxalifətə kimin rəhbərlik etməli olduğu da açıq sual olaraq qalırdı: mülayim qanada Enrike Kapriles başçılıq edirdi, daha radikal mövqelərdən isə Mariya Maçado və Xuan Quaydo çıxış edirdilər.
Nəticədə müxalifət parlament seçkilərində qazandığı çoxluqdan istifadə edə bilmədi. 2018-ci ildə müxalifətin yalnız bir hissəsi prezident seçkilərini boykot etdi ki, bu da Maduroya səsvermənin legitimliyi görüntüsünü yaratmağa imkan verdi. 2018-ci il seçkilərinin qalibi kimi ABŞ da daxil olmaqla əllidən çox ölkə tərəfindən tanınan Xuan Quaydo bu siyasi kapitaldan yararlana bilmədi. 2022-ci ilin sonunda müxalifət onun rəhbərlik etdiyi “sürgündəki müvəqqəti hökumətin” buraxılmasına səs verdi.
Bütün bunlar Maduroya təxminən 13 il hakimiyyətdə qalmaq imkanı verdi. Lakin Donald Trampla — beynəlxalq hüquqa, yumşaq desək, uyğun olmayan üsullara hazır olan bir rəqiblə — mübarizədə Maduro tab gətirə bilmədi. İndi artıq Venesuelanın keçmiş liderini Amerika məhkəməsi və həbsxana gözləyir.
“Çavesin oğlu” olmadan çavist rejiminin gələcəyi isə daha qeyri-müəyyəndir. Ölkədə real hakimiyyət hələ də Venesuela nomenklaturasının əlində qalır, dövlət başçısı postuna isə vitse-prezident Delsi Rodriqes gəlib. Qatı çavist olan Rodriqes Maduronun sadiq silahdaşıdır, sərt mövqelərə malikdir və müxalifətə qarşı repressiyalarda, vətəndaş azadlıqlarının boğulmasında iştirakına görə ABŞ sanksiyaları altındadır. Onun ABŞ-ın təzyiqi altında Venesuela rejimini islah edəcəyi, yoxsa Vaşinqtonla açıq qarşıdurma yolunu seçəcəyi hələlik bəlli deyil.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada