Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Partiya qurultayları: “Azadlıq və sevinc” “qorxu və nifrət”ə qarşı
ABŞ-də prezident seçkilərinin taleyi kimdən asılıdır?

ABŞ-da prezident seçkiləri kampaniyası adətən seçkilərdən bir il əvvəl başlayır, amma bu dəfə hər şey plansız gedir. Əsl kampaniya de-fakto iyulda başladı, start nöqtəsi də partiya qurultayları oldu. Burada hər iki partiya gələcək təbliğatının çalarını müəyyənləşdirdilər. Həmin çalar diametral zidd alındı. Qurultaylar guya partiya proqramının təsdiqi və vahid namizədin seçilməsi üçündür, əslində isə iri telekanalların “prime-time” yayımladıqları dördgünlük siyasi təbliğat şousudur. 

Respublikaçılar qurultayı iyulun ortalarında keçirdilər və bu, falstart oldu. Qurultay restler Halk Hoqanın çıxışı ilə yadda qaldı. 

O, çıxış zamanı əynindəki maykanı cırdı ki, bu da “yuxulu” Co Baydenin qocalığının və taqətsizliyinin əksinə enerji və qüvvəni simvolizə etməli idi. Amma qurultaydan az sonra demokratlar namizədlərini dəyişdilər və qocalıq, taqətsizlik əleyhinə arqument indi 78 yaşlı Trampın özünün əksinə işləyir.  

Respublikaçılar bütün son seçkilərdə olduğu kimi, neqativə köklənərək, opponentlərinin fəaliyyətini tənqid edirlər. ABŞ-ı üçüncü dünya ölkəsi adlandıran Tramp baş verənlərin apokaliptik mənzərəsini təsvir edir. Həmin mənzərədə miqrantlar amerikalıları iş yerindən məhrum edir, ABŞ sakinləri qətl və qarət riski olmadan mağazaya gedə bilmirlər, dünya da Üçüncü dünya müharibəsinin astanasındadır. Bu zaman respublikaçılar sosioloji sorğular üzrə davranırlar: miqrasiya, inflyasiya və cinayətkarlıq amerikalıları narahat edən əsas məsələlərdəndir. Amma bu üç neqativ göstərici indi azalır və COVİD-ə qədərki səviyyəyə qayıdır, bu da demokratların əlinə oynayır. 

Demokratlar isə qurultaylarında ölkələrini və onun keçmişini qeyri-bərabərliyə, seksizmə və irqçiliyə görə tənqid edən qeyri-vətənpərvər partiya yarlığını qoparmağa çalışdılar. Onlar durmadan Amerikaya eşq elan edirdilər, çıxışları isə “USA” hayqırtısı ilə kəsilirdi və zal ABŞ bayrağı dənizinə çevrilirdi. Qurultayın əsas şüarı “azadlıq” və “sevinc” idi - bu sözləri, demək olar, hər çıxışda eşitmək olardı. Beləcə, demokratlar, Trampın Amerikanı yenə əzəmətli etmək kimi keçmişə yönələn çağırışına qarşı gələcəyin daha pozitiv obrazını təsvir edirlər. 

Harrisin siyasi proqramı da maksimum birləşdiricidir: burada iti künclər yoxdur (respublikaçıların əsas ağrılı yeri olan abort hüququnu çıxmaqla). Harris tərəddüd keçirən seçiciləri maraqlandıran problemləri qabardır: qiymət artımı ilə mübarizə, miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi, orta sinif üçün vergilərin azaldılması. 

Respublikaçıların qurultayında “azadlıq” və “demokratiya” sözləri, demək olar, eşidilmirdi və demokratlar adətən opponentlərinin istifadə etdikləri azadlıq anlayışını özlərinə aid etməyə çalışdılar. Vitse-prezidentliyə namizəd Tim Uolts bu yanaşmanı daha yaxşı ifadə etdi:

“Respublikaçılar “azadlıq” sözündən istifadə edəndə hökumətin sizin həkimin kabinetinə soxulmaq, korporasiyaların sizin havanızı və suyunuzu çirkləndirmək, bankların müştərilər sayəsində varlanmaq hüququnu nəzərdə tuturlar. Amma biz, demokratlar, azadlıq haqda danışanda öz həyatınızı və sevdiklərinizin həyatını daha yaxşı etmək azadlığınızı nəzərdə tuturuq. Öz sağlamlığınızla bağlı müstəqil qərar qəbul etmək və bəli, övladınızın dəhlizdə güllələnəcəyindən narahat olmadan məktəbə getmək azadlığını”. 

Bayden yarışdan çəkiləndən sonra demokratlar var qüvvələri ilə daxili həmrəylik nümayiş etdirməyə çalışırlar. Keçmiş prezidentlər Bill Klinton və Barak Obamanın, eləcə də 2016-cı il seçkilərində prezidentliyə namizəd Hillari Klintonun çıxışları demokratların həmrəyliyini göstərdi. Bu isə respublikaçıların qurultayı ilə kəskin kontrast təşkil edirdi. Orada nə keçmiş prezident kiçik Corc Buş, nə 2012-ci il seçkilərində respublikaçıların namizədi Mitt Romni, nə də keçmiş vitse-prezident Mayk Pens vardı: onlardan heç biri Trampı dəstəkləməyib. 

Demokratlar Respublikaçılar partiyasının köhnə meynstrimi ilə trampçılar arasındakı ixtilafdan yararlanmağı qərara aldılar və bir neçə respublikaçını qurultaya dəvət etdilər: Corciyanın vitse-qubernatoru Ceffri Dunkanı, keçmiş konqresmen Adam Kinzingeri, Arizonadakı Mesa şəhərinin meri Con Caylsı, Tramp zamanı Ağ evin mətbuat katibi olmuş Stefani Qrişemi. Onların hamısı respublikaçı namizədi tənqid edərək, Kamala Harrisə səs verməyə çağırdılar. Amma sorğulara əsasən, Trampın mövqelərinə əsas zərbəni bu respublikaçılar yox, özünün vitse-prezidentliyə namizəd seçdiyi şəxs endirib. 

Vitse-prezidentlər: Tim Uolts və Cey Di Vens

Hər iki qurultayda vitse-prezidentliyə namizədlər çıxış etdilər: demokratlarda Tim Uolts və respublikaçılarda Cey Di Vens. Hər ikisi Orta Qərb ştatlarını təmsil edir: Uolts Nebraskada doğulub və sonra Minnesotaya köçüb, Vens isə Ohayodandır. Uolts 24 il Milli qvardiyada xidmət edib, amma döyüşməyib. Vens isə bir neçə ilini dəniz piyadaları sırasında keçirib, ABŞ-ın İraqa müdaxiləsində də iştirak edib. Uolts əvvəllər konqresmen olub, Vens isə indi senatordur. 

Uolts öz siyasi baxışlarının hərəkətliliyi ilə tanınır. O, Konqresdə mötədil sayılırdı və hətta adətən respublikaçılara rəğbət bəsləyən silah lobbisinin dəstəyini qazanmışdı. Amma 2018-ci ildə Minnesotanın qubernatoru olandan sonra partiyanın proqressiv cinahına keçib, məsələn, öz ştatında abortu leqallaşdırıb. O, Kamala Harrisin yaşıdı olsa da, onunla yaxşı tarazlıq yaradır. Ciddi işgüzar kostyum geyinən Kaliforniya prokuroru ilə müqayisədə Uolts mehriban ailə başçısı təəssüratı yaradır: onu tez-tez kamuflyaj rəngli beysbol papağı ilə, maykada və cinsdə görmək olar. 

Tramp Vensi seçəndə yarışda hələ Bayden iştirak edirdi və qələbə respublikaçıların ovcunda görünürdü. Harris bütün oyunu pozdu. İndi respublikaçılar gileylənirlər ki, Vens mümkün namizədlər arasında ən pis seçim oldu. O, ən mühafizəkar respublikaçı senatorlardan sayılır və o üzdən Trampı tarazlamır. Əksinə, o, trampçıların baxışlarını fəal dəstəkləyən yeni nəsil populistlərin nümayəndəsidir (elə Tramp da gizlətmir ki, Vensi ilk növbədə loyallığına görə seçib) və hesab edir ki, ABŞ izolyasionizm istiqamətində irəliləməlidir. Vens Ukraynaya yardımın görkəmli tənqidçisidir, miqrasiyanın kəskin məhdudlaşdırılmasının və dövlətin iqtisadiyyata qəti qarışmaması prinsipindən imtinanın tərəfdarıdır. O, imkan düşən kimi Trampa loyallığını nümayiş etdirir və bunun özü onun prinsipiallığında şübhə oyadır: axı əvvəllər Trampı əbləh adlandırır və Hitlerlə müqayisə edirdi.

İzafi radikalizm, əqidəsində qeyri-ardıcıllıq və xarizma yoxluğu Vensi vitse-prezidentliyə ən qeyri-populyar namizədlərdən biri edib. Onun antireytinqi reytinqini üstələyir. Bu yaxınlarda keçirilən sorğulardan birində rəyi soruşulanların 39 faizi Vensə mənfi, 34 faizi müsbət yanaşıb. Uoltsun göstəriciləri isə belə olub: 39% müsbət, 29% mənfi. Hərçənd, Vens oktyabrın 1-də Uoltsla qarşılaşacağı debatda özünü doğrulda bilər. 

Kennedi özünün beyin qurdu və antireytinqi ilə

ABŞ prezident seçkilərində namizədlərin bərabər şansı halında üçüncü namizəd böyük rol oynaya bilər: o, bir partiyanın elektoratını özünə çəkir və rəqib partiyanın namizədinə səs verməyə çağırır. Bu dəfə beləsi öz namizədliyini özü irəli sürən kiçik Robert Kennedi oldu. Qətlə yetirilən prezident Con Kennedinin qardaşı oğlu olan Robert Kennedi özünün prezident kampaniyasını avqustun 23-də yekunlaşdırdı və Donald Trampı dəstəklədi. Gəncliyində Robertin ağır heroin asılılığı olub, amma tərgidə bilib və hətta ətraf mühitin müdafiəsi sahəsində tanınmış fəala çevrilib. Ancaq son illərdə konspiroloqa və antivakserə (peyvənd əleyhdarı - Pressklub) çevrilib. Kiçik Kennedi də Ukraynaya ABŞ yardımının əleyhinə çıxır. 

Demokratlar partiyasının praymerizində Co Baydenə əlcək atmağı bacarmayan Kennedi seçkilərə müstəqil namizəd kimi getdi və bu səbəbdən partiyadaşlarının çoxunun ostrakizminə məruz qaldı. Seçki kampaniyası dövründə üzləşdiyi qalmaqallar da reytinqini, yumşaq desək, yüksəltmədi. Məlum oldu ki, beynində parazit qurd varmış; maşınla vurulmuş ayını yemək üçün götürüb, sonra da əyləncə xətrinə Mərkəzi parka buraxıb; KİV yazırdı ki, guya bir dəfə it əti yeyib. Bu əhvalatlar ətraf mühit müdafiəçisi obrazı ilə uyuşmur və 2023-cü ildə 15-20% olan reytinqi 2024-cü ilin avqustunda 2-5 faizə düşdü. 

Məyus respublikaçılar və demokratlar olan Kennedi tərəfdarlarının çoxu həm Baydenə, həm Trampa mənfi yanaşırdı. Harris bu səslərin çoxunu geri qaytardı. İndi Tramp Kennediyə özünün gələcək administrasiyasında vəzifə vəd etsə də, bu, ona ən yaxşı halda 1-2% səs qazandıra bilər, pis halda isə hətta ziyanına olar. 

Kennedi daha əvvəl Kamala Harrisə dəstəyini təklif etmişdi - administrasiyasında vəzifə alacağı şərtilə. Amma demokratların qərargahında hesab etdilər ki, qeyri-populyar antivakser namizədlə assosiasiya Harrisin kampaniyasına neqativ təsir edər, əvəzində Kennedi Tramp və Venslə bir kampaniyada təbliğat üçün yaxşı hədəf olacaq. 

Hər şeyi debatlar həll edir

Sentyabrın əvvəllərində olan vəziyyətə görə, Harris Trampı bütün ölkə və mütərəddid ştatların bir çoxu (Viskonsin, Miçiqan, Pensilvaniya) üzrə 2-4% qabaqlayır, digər mütərəddid ştatlarda (Nevada, Arizona, Corciya və Şimali Karolina) şanslar təxminən bərabərdir. 

Müxtəlif elektoral modellər də onun xeyrinədir. “The Economist” jurnalının və Kolumbia universiteti tədqiqatçılarının hesablamalarına görə, məhz Harris Seçimçilər kollegiyasında çoxluğa malik olacaq. “FiveThirtyEight” nəşrinin modeli də onun qələbəsini proqnozlaşdırır: seçkilərin nəticələrinin 1000 simulyasiyasından 589-da Harris, 407-də Tramp qalib gəlir. Elektoral analitik Neyt Silverin modeli Harrisin qələbə şansını 51,5% qiymətləndirir. “The Hill” nəşrinin modelinə görə isə Harrisin qələbə şansı 56 faizdir. 

Bununla belə, Trampı hesabdan silmək olmaz. 2016 və 2020 seçkilərindəki sorğular respublikaçıları xeyli aşağı dəyərləndirmişdi, xüsusən də ayrı-ayrı ştatlar səviyyəsində. Polsterlər öz metodikalarını yaxşılaşdırdıqlarını desələr də, onlara müəyyən skepsislə yanaşmaq lazımdır. Harrisin liderliyi Demokratlar partiyası qurultayının pozitiv, amma müvəqqəti effekti, vitse-prezidentliyə namizədin yaxşı seçimi, eləcə də özünəməxsus “bal ayı” ilə əlaqədar ola bilər. Amerikalılar Harrisin özünü və əsas məsələlər üzrə mövqeyini yaxşı tanıyandan sonra bu üstünlük itirilə bilər. 

Namizədlər arasında sentyabrın 10-da keçiriləcək debatın həqiqət anı olması mümkündür. Enerjili Tramp “donan” Baydenlə debatda uduşlu görünürdü, amma (nisbətən) gənc qadın prokurorla debatda 78 yaşlı Donald Tramp özünün bir qalaq cinayət işləri və seksual qalmaqalları ilə çox kövrək görünəcək. Mövqeyi müəyyənləşməyən amerikalıların faizi çox aşağıdır, buna görə də reytinqlərdə kəskin dəyişiklik gözləmək olmaz. Amma reytinqin 2-3% dəyişməsi də yarışın taleyini həll edə bilər. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://theins.ru/politika/274228