Onlara nə canınızı etibar edin, nə cibinizi...
Təhlükəli və bahalı aptek-həkim əməkdaşlığından necə qorunmaq olar?
06 May 2024
“Bir müddət öncə səhhətimdəki problemlərlə bağlı həkimə müraciət etdim. O da müayinədən sonra dastan boyda resept yazdı. Əvvəlcə təəccübləndim, çünki o qədər dərman içəcək dərəcədə ağır problemim yox idi. Resepti əlimə tutuşdurduqda təkidlə dərmanların hamısını bir aptekdən almağımı dedi. Mən də gedib, aldım. 120 manat xərcim çıxdı. Amma içimdə şübhə var idi...”
Bu sözləri Pressklub.az-a fırıldaqçı həkimin tələsinə düşdüyünü iddia edən Bakı sakini Firuzə Məmmədli deyib.
O, şübhələndiyi üçün problemini və müalicəsini araşdırmağa başlayıb. Məlum olub ki, dərmanların yarıdan çoxu əhəmiyyətsiz və qiyməti şişirdilmiş bioloji aktiv maddələr, vitaminlərdir. Yəni, 120 yox, 30-40 manatlıq dərman onun müalicəsi üçün yetərliymiş: “Ertəsi gün həkimdən izah istəyəndə, dili topuq vurmağa başladı, üzr istədi. Ona dedim ki, aptekə getsəm, dərmanı qaytarmayacaqlar. Amma siz onlara desəniz, qaytararlar. Həyəcanlı şəkildə dedi ki, “qaytarmağınıza ehtiyac yoxdur, neçiyə almısınızsa, pulunu mən verərəm, dərmanı sizdən alaram”. Sonra da dərmanları stolun siyirməsinə qoydu. Hər halda, məndən sonrakı qurbanına satacaq”.
Müsahibimiz deyir ki, bu cür fırıldaqçı həkimlər əsl həkimlərin də işinə kölgə salır və onlara olan inamı qırır. İnsan həyatı, sağlamlığı ilə oynamağın yolverilməz olduğunu bildirən F. Məmmədli onların barəsində ölçü götürülməsini istəyir.
Azərbaycanda bəzi həkimlərin dərman firmaları və ya apteklərlə işbirliyinin olması çoxdan məlumdur və səhiyyəmizin problemlərindəndir. Apteklərin nümayəndələri vaxtaşırı xəstəxanaları gəzir, həkimlərə xəstələrə məhz onların dərmanlarını vermələri müqabilində müəyyən təkliflər edirlər. Bəzi həkimlər də daha çox qazanmaq üçün bu təklifi qəbul edirlər. Problemin bir tərəfi də odur ki, dərman şirkətləri ilə anlaşan həkimlər həm müalicə müddətini uzadır, həm də öz xəstələrini ucuz və keyfiyyətsiz dərmanları çox baha qiymətə almağa təşviq edirlər. Yəni, həkimlər öz xəstələrinə şüurlu şəkildə həm maddi, həm də sağlamlıq cəhətdən ziyan vururlar.
Bəs həmin həkimlərin bu əməlinin qarşısını necə almaq olar?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Pressklub.az-a açıqlamasında bu cür faktların olduğunu təsdiq edib.
Doktor deyib ki, dərmanlar satışa çıxarılmazdan öncə müxtəlif sınaqlardan keçir. İxtisaslaşmış kimyaçılar həmin dərmanların insan orqanizminə təsiri ilə bağlı təcrübələr aparır, ayrı-ayrı orqanizmlərə təsirlərini öyrənirlər. Satışa çıxarılandan sonra isə kommersiya məsələsi ön plana keçir. Amma dərman preparatı klinikada istifadə edildikdən sonra hər hansı təsiri ortaya çıxa və istifadəsinə qadağa qoyula bilər. Ona görə də həkimlərlə dərman firmaları arasındakı əməkdaşlığın kökündə sırf kommersiya məsələsi durur.
Müsahibimiz hesab edir ki, problemin həlli üçün elektron reseptlər effektli olacaq. Onun tətbiqi ilə bu problemə son qoyulacaq: “Bu əslində klinik protokolların ölkədə tətbiqi ilə bağlıdır. Digər tərəfdən də qərar çıxdı ki, dərman preparatlarının kimyəvi tərkibi qeyd olunmalıdır. Bu qərardan sonra həkimlərin bu cür sui-istifadə halları xeyli azalıb. Ona görə də bu cür neqativ hallardan çıxış yolu həm elektron reseptlərin tətbiqi, həm də bu işə ictimai və peşəkar nəzarətin həyata keçirilməsidir”.
Yeri gəlmişkən, Səhiyyə Nazirliyi tərəfindən “Elektron Resept” sistemi (reseptim.az) istifadəyə verilib. Elektron resept kağız reseptin rəqəmsal versiyasıdır. “Elektron resept” sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını icra edir. Eyni zamanda, “Elektron resept” sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edir.
Bəs bu qanunsuzluğu törədənlərin qanun qarşısındakı cəzası nədir?
Mövzu ilə bağlı Pressklub.az-a danışan hüquqşünas Mehman Muradlı deyib ki, bu əməl dəymiş zərərdən asılı olaraq həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər.
Hüquqşünas deyib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddəsinin tələbinə görə, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.
Müsahibimiz bildirib ki, bu məsələdə faktiki olaraq istehlakçını aldatmaqdan söhbət gedir. Və 300 manatdan yuxarı dəymiş zərər cinayət məsuliyyəti yaradır: “Burada qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət törədildiyi üçün 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Təəssüf ki, ölkəmizdə savadlı, peşəkar və vicdanlı həkimlərlə yanaşı, saxtakar, fırıldaqçı, gəlir naminə insanların cibinə girən və sağlamlığı ilə oynayan həkimlər də az deyil. Bu cür həkimlər baş bəlasına və potensial təhlükəyə çevrilib. Vətəndaşlar isə çox vaxt həkimlərin bu kələkbazlığından xəbərsiz olur. Ən yaxşı halda isə “məndən ötdü...” prinsipi ilə susmağa üstünlük verir. Elə buna görə də, həmin həkimlər rahatlıqla öz fəaliyyətlərinə davam edirlər. Problem isə böyüyür, genişlənir və cəmiyyəti əhatə edən bəlaya çevrilir.
Günay Elşən