Ölümcül əyləncə, yoxsa şirin xəstəlik? - ARAŞDIRMA
Virtual oyun sindromu; azyaşlıları bu bataqlıqdan necə çıxarmalı?
02 Dekabr 2024
“Qorxu oyunlarını çox sevirəm. Oyuna gün içində 2-3 saat vaxt ayırıram. Ancaq həftəsonları dərsim olmayanda 4-5 saat oynayıram. Bəzi oyunların son mərhələsi elə qurulub ki, onu keçə bilməsək, o vaxtacan sərf edilən 3-4 saat boşa gedir, oyun sıfırlanır. Həmin mərhələdə oyunçu çox stressli və əsəbi olur. Oradakı dostlar realdan fərqlənir. Onlara “kiber dostlar” deyilir. Bu dostlar daha çox başqa ölkələrdən olur. Oynayarkən insan nə qədər dərin fokuslansa, o qədər rahat qazanır. Oyunun ən cəlbedici tərəfi real həyatdan fərqli, rəngarəng olmasıdır. Realda edə bilmədiyimiz şeyləri oyunda edə bilirik. Məsələn, real həyatda kosmosu gəzə bilmirik, uça bilmirik. Amma oyunda bunlar mümkündür”.
Bakı sakini, 16 yaşlı Teymur Muradlı Pressklub.az-ın əməkdaşı ilə söhbətində virtual oyunların ovsunlayıcı tərəflərindən danışıb. Deyir ki, oynayarkən insan vaxtın necə keçdiyini anlamır.
Texnoloji inkişafın faydaları ilə yanaşı, xeyli zərərli tərəfləri də var. Uşaqlarda və yeniyetmələrdə telefon, oyun aludəliyi yaranıb. Günün böyük qismini oyuna ayıraraq real həyatdan qopur və virtual həyatın qurbanına çevrilirlər. Nəticədə zaman keçdikcə ciddi sağlıq problemləri ilə üzləşirlər – həm fiziki, həm psixoloji. Valideyn məsuliyyətsizliyi və nəzarətsizliyi ucbatından uşaqların həyatı təhlükədədir.
Format baxımından internetli və internetsiz oyunlar var. İnternetsiz oyunlar çox zaman oyun zallarında, internetli olanlar isə mobil telefon və ya kompüterdə oynanılır. Uşaqlar üçün daha riskli olanlar internetli oyunlar hesab edilir. Çünki oyun zallarında uşaqlar kütləvi formada toplaşır, oyuna fokuslansalar da, bir-biriləri ilə ünsiyyət də qura bilirlər. Yəni, real həyatdan, ünsiyyətdən tam qopmurlar, təklənmirlər. Amma bu o demək deyil ki, oyun zalları təhlükəsizdir.
Oyun zallarındakı oyunların uşaqlarda yaratdığı problemlərdən Pressklub.az-a danışan “Jannet Games” oyun zalının sahibi Ağa Dadaşzadə deyir ki, uşaqlar döyüş və qorxu oyunlarına maraq göstərdiyinə görə, ciddi psixoloji problemlərlə üzləşirlər.
“Yüksək məbləğə yüklənən bəzi döyüş oyunları var. Onlarda mərhələni keçmək çox çətindir. Oyun yaradıcıları qəsdən belə edib ki, çox oynanılsın və asılılıq yaratsın. Asan mərhələli oyunların istifadəçisi az olur. Bu döyüş növlü oyunlarda 6-7 mərhələ keçmək üçün günlərlə vaxt sərf edilir. Uşaqlarda bunu oynadıqdan sonra aqressiya yaranır. Oyunda müxtəlif fəndlər olur. Onlar bu fəndləri istifadə etdikcə psixoloji təsirə məruz qalırlar. Sonra da realdakı insanların üzərində bu fəndi tətbiq etmək istəyirlər. Oyunu 3D formatında elə dizayn ediblər ki, realdan seçilmir. Ona görə də daha çox diqqət çəkir və pərəstişkarı çox olur”.
Müsahibimiz deyir ki, uşaqlara güləşdən sonra psixoloji təsir edən digər oyun növü virtual futbol oyunlarıdır. Reallığa yaxın olan bu futbol oyunlarında bəzən ədalətsizlik olur. Zərbələr sayılmır, hakim haqsızlıq edir. Bu da insanda əsəb pozğunluğu yaradır. Oyun yaradıcısı belə edərək uşaqların əsəbini korlayıb, qazanmaq əzmi yaratmaqla, onları oyuna daha çox bağlayır.
Sahibkarın sözlərinə görə, uşaqlar oyuna aludə olduqdan sonra onları oyundan ayırmaq çox çətindir: “Bəzən oyunların mərhələsi rahat, lakin uzun olur. Məsələn, mərhələni keçmək rahat olsa da mərhələ artdıqca dəqiqəsi də artır. Nəticədə oyunçu vaxtın necə keçdiyindən xəbərsiz olur”.
Dadaşzadə hesab edir ki, uşaqların sağlamlığı üçün valideynlər onları nəzarətdə saxlamalıdır. 40 dəqiqə və ya 1 saatdan artıq oynamağa icazə verilməməlidir.
Müsahibimiz oyun zallarından başqa, onlayn oyunlara da münasibət bildirib. O, deyir ki, onlayn oyunlar daha təhlükəlidir. Çünki bu oyunlar uşaqlarda təhqirlər, ədəbsiz sözlər, bir-birinin parolunu oğurlamaq kimi mənfi keyfiyyətlər formalaşdırır: “Çalışmaq lazımdır ki, valideynlər uşaqlarını onlayn oyunlardan çəkindirsin. Ümumiyyətlə, bütün oyunlardan az istifadə edilməlidir. Həmçinin uşaq oyunlarla məşğul olarkən dərslərindən yayınır. Bunun fəsadları 2-3 ilə dəhşətli formada özünü göstərir”.
Azyaşlıların qorxu və şiddət konseptli oyunlara maraq göstərməsi o demək deyil ki, əyləncəli oyunlar yoxdur. Əyləncəli, məntiqli və s. formatda daha az zərərli oyunlar da var. Amma təəssüf ki, uşaqlar bu oyunlardan uzaqdır. Ona görə də valideynlər uşaqlarının nə oynadığına, neçə saat oynadığına nəzarət etməlidir. Uşağının qorxu və şiddət oyunu oynamasına maneə olmalı, tamamilə oyundan uzaqlaşdıra bilməsə belə, heç olmasa əyləncəli və düşündürücü oyunlara istiqamətləndirməlidir.
İnformasiya və Kommunikasiya Texnologiyaları mütəxəssisi (İKT) Fərhad Mirəliyev mövzu ilə bağlı Pressklub.az saytına açıqlama verib. O, deyir ki, oyun asılılığı tütün və ya alkoqol aludəçiliyi qədər zərərlidir.
“Oyun aludəsinin beynində mükafat sistemi formalaşır, qalibiyyətdən sonra da xoşbəxtlik hormonu deyilən dopamin ifraz olunur. Sonradan aludədə bu hərəkətləri təkrarlamağa stimul yaranır, çünki insan ondan həzz alır”.
Mütəxəssis deyir ki, insanın uzun müddət eyni vəziyyətdə qalması ilə bədənin müəyyən hissələri həddindən artıq yüklənir. Yəni, hərəkətsizlik olur. Bu da müxtəlif sağlıq problemlərinə səbəb ola bilər.
Müsahibimizin sözlərinə görə, virtual oyunlarda oyunçu ölə və canlana, uça, öldürə bilər. Yəni, realda mümkün olmayan bir çox şey virtual aləmdə mümkündür. Ona görə də azyaşlılar bu oyunlara aludə olur.
F.Mirəliyev uşaqları bu təhlükədən qorumağın yollarından da bəhs edib. O, hesab edir ki, yeniyetmələrdə oyun aludəliyinin qarşısını almaq üçün uşaqla qarşılıqlı ünsiyyət qurulmalıdır. Çox vaxt ünsiyyət çatışmazlığı olduqda, yeniyetmə özünü tam ifadə edə bilmir. Ona görə də oyunlar onun həyatında üstünlük təşkil etməyə başlayır: “Valideynlər uşaqlarında oyun asılılığından şübhələnsə, uşaqları ilə daha çox vaxt keçirməlidirlər. Məsələn, birlikdə velosiped sürmək, boulinq oynamaq, konsertə getmək, idman və ya yaradıcılıq dərnəyinə yazılmaq kimi fəaliyyətlər seçilə bilərlər. Əsas məqsəd uşağa real dünyadan müxtəlif yollarla həzz almağı öyrətməkdir”.
Məlumdur ki, insan uzun müddət ekrana baxdıqda gözlərini daha az qırpır və nəticədə buynuz qişası qurumağa başlayır. Nəticədə görmə problemi yaranır. Həmçinin oyuna uzun müddət sərf edənlərdə yuxu pozğunluğu, narahatlıq, əsəbilik və əhval dəyişikliyi kimi psixi pozğunluqlar müşahidə edilir.
Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kompüter oyunlarından asılılığı rəsmən xəstəlik kimi tanıyıb. ÜST-nin psixoaktiv maddələr və asılılıq yaradan davranışlar üzrə eksperti Vladimir Poznyakın sözlərinə görə, indi oyun asılılığı psixi pozğunluğun bir növü kimi tanınır. O, qeyd edib ki, bayram günlərində insanların çoxu kompüter arxasında, o cümlədən video oyunlar oynamaqla daha çox vaxt keçirir. Yəni, valideynlər bayram günlərində uşaqlarına xüsusi diqqət göstərməli, onları aktiv əyləncəyə cəlb etməlidir.
İndiki uşaqlar cəmiyyətdən uzaqdır. Öz dünyaları var. Hətta tərpətməsən, otağından kənara da çıxmaz. Oyun və təklik onların həyat qayələrinə çevrilib. Texnologiyanın inkişaf etmədiyi, rəqəmsal eradan əvvəlki vaxtlarda uşaqlar həyətə düşər, maraqlı oyunlar oynayıb, söhbət edib, əylənərdilər. Hələ bayram günlərində sevincdən səhər yuxudan qalxan kimi həyəcanla həyətə atılardılar. İndi isə nəinki adi günlərdə, heç bayram günlərində də həyətdə uşaq tapılmır. 3-4 nəfər olar, ya olmaz. Onlar da tez sıxılıb, evə - virtual aləmə qaçırlar.
Virtual oyunlar uşaqlarda ünsiyyət problemi, asosiallıq, ətrafındakılara qarşı aqressiv davranışlar kimi problemlər də yaradır. Yəni, uşaq cəmiyyətdə özünə yer tapa bilmir. Hər kəsdən uzaqlaşır, sosial həyatı olmur.
Bununla bağlı Pressklub.az saytına açıqlama verən sosioloq Nail Cəlil deyir ki, virtual oyunlara aludə olan uşaqlar özünü cəmiyyətdən təcrid edir.
“Uşaqların texnologiyalara müəyyən qədər bələd olması, oyun vərdişlərini mənimsəməsi beynin inkişafı baxımından yaxşıdır. Amma hər oyun beyni inkişaf etdirmir. Etdirənlər isə bu yaxşılıqla yanaşı, ciddi problemlər də yaradır. Çünki oyunlar virtual olsa belə, onların meydana gətirdiyi təhlükələr var. Bu oyunlar asılılıq, aqressiya yaradır, qeyri-adekvat davranışa, bir sıra hallarda özünəqəsdə təhrik edir, psixoemosional, sosial və psixofizioloji inkişafla bağlı müxtəlif problemlər doğurur”.
Sosioloq deyir ki, uşaqları bu təhlükədən qorumaq üçün cəmiyyət, valideynlər, dövlətin müvafiq qurumları məsuliyyət daşıyır və bu istiqamətdə hərəkətə keçməli, önləyici addımlar atmalıdırlar: “Oynamaq, əylənmək uşaq təbiətinə xas olan xüsusiyyətdir. Onların davranışını müəyyən yaşa qədər böyüklər tənzimləyir. Bu baxımdan, həll, nəzarət mexanizmini də onlar fikirləşməlidir”.
Müsahibimizin sözlərinə görə, hər bir uşağa vaxt bölgüsünü, cavabdehlik hissini, özünə və başqalarına qarşı etik, məsuliyyətli, sağlam davranışı aşılamaq lazımdır.
Oyunların uşaqlarda yaratdığı gərginlik, stress, narahatlıq, depressiya, yuxu rejiminin pozulması fəsadların yalnız bir hissəsidir. Ən böyük problem odur ki, virtual oyunlara aludə olan uşaqlarda digər insanları anlama prosesi çox zəifləyir, sosial ünsiyyət, canlı oyunlar kəskin məhdudlaşır, gerçək sosiallaşma, şəxsiyyət kimi formalaşma prosesi, sosial məsuliyyət hissi arxa plana keçir. Hətta elə oyunlar var ki, uşağın ölümü ilə nəticələnir.
Uşaq və yeniyetmə psixoloqu Gülnar Orucova virtual oyunların uşaqlarda yaratdığı psixoloji problemlərdən danışıb. O, Pressklub.az-a açıqlamasında bildirib ki, uzun müddət oyun oynayan uşaqlar zehni inkişafa görə digərlərindən 30 faiz geri qalır.
“Son zamanlarda bütün uşaqlar, hətta 1 yaşı olmamış körpələr də telefonla oynayır. Oyunlar uşaqların həyatını məhv edən, sağlamlığına ziyan vuran məşğuliyyətdir. Oyunlar dayaq-hərəkət aparatının pozulması, gərginlik, aqressivlik, narahatlıq, ünsiyyət problemi, əqli problemlər, emosional pozuntular, yuxu pozğunluğu, pis vərdişlər, sosial bacarığın zəifləməsi, diqqət pozğunluğu yaradır. Hətta bəzi oyunlar intiharlara səbəb ola bilər. Bundan əlavə, fasiləsiz oynamaq gözün zəifləməsi, skalioz (onurğa sütununun əyriliyi-red), kifoz(onurğanın döş nahiyəsinin önə doğru əyilməsi, donqarlaşması-red), lordoz(onurğa sütununda bel və omba hissədə önə olan əyrilik-red) kimi xəstəliklərin yaranması, eləcə də uşaqlarda yemək davranışının pozulması ilə nəticələnir. Yəni, telefona baxaraq həddən çox qida qəbul edəndə obez (bədən çəkisinin piy qatların hesabına artması-red) yarana bilər. Bəzən isə uşaq saatlarla oyun oynayır və ac qalır”.
Müsahibimizin sözlərinə görə, “pubg” kimi oyunlar uşaqlarda aqressiya, stressə davamsızlıq yaradır. Həmin vizual, fantastik aləmi realda yaratmaq istəyirlər.
Psixoloq deyir ki, valideynlər nəzarətdən əlavə, vaxtaşırı, 6 aydan bir uşağını psixoloqa aparmalıdır: “Təəssüf ki, bizim valideynlər bunu etmir. Bütün dünyada hər ailənin psixoloqu var. Amma Azərbaycanda bu yoxdur. Çünki bizdə psixoloqa gedənə ruhi xəstə kimi baxırlar. Ona görə uşaqlarda bu problemlər çoxalır”.
Məlum oldu ki, son zamanlarda azyaşlıların kütləvi şəkildə oyunlara aludə olmasının müxtəlif səbəbləri var. Uşaq realda yaşaya bilmədiyi şeyləri virtual oyunlarla gerçəkləşdirir. Əvvəllər televiziyada sehrli kinolar yayımlanırdı. Uşaqlar bu kinoların təsiri ilə sehrli güclərinin olduğunu düşünüb, uçmağı, zamanda səyahəti, görünməz olmağı və s. arzulayırdılar. Sonra anidən bütün sehrli kinolara qadağa qoyuldu ki, uşaqların psixologiyasına təsir edir. O kinolar heç olmasa, uşağı əyləndirir, sehrli olmağın xəyalını qurdurur, xəyal gücünü genişləndirirdi. İndi isə həmin kinoları virtual oyunlar əvəzləyib. Özü də o kinolardan qat-qat zərərli formada. Bu oyunlarda uşaqlar xəyal qurmur, xəyal olacaq fantastik şeyləri reallaşdırırlar. Sonra da real həyatdan sıxılıb, darıxdırıcı olduğunu düşünürlər. Ona görə də bu oyunlar uşaqlarda asılılıq yaradır.
Əlbəttə, uşaqların oynayıb, əylənməyə haqqı var. Amma atalarımız əbəs yerə deməyib ki, hər şeyin çoxu zərərdir. Uşaqlar onlar üçün nəyin doğru, nəyin yanlış olduğunu ayıra biləcək yaşda deyillər. Buna nəzarət edib, doğrunu da, yanlışı da uşağına öyrətmək valideynin borcudur. Bəzi valideynlər uşağını çox sevsə də, yanlış sevir. Belə bir məsəl var: pişik balasını çox istədiyindən yeyər. Baxın, təəssüf ki, indiki valideynlərin çoxu bu pişik kimidir. Yəni, elə uşaqlar var ki, telefon və ya kompüter əlindən alınan kimi başlayır ağlayıb, çığırmağa. Valideyn də uşağının ağlamasına qıymayıb, aldığını yenidən geri qaytarır. Uşaq da istədiyini əldə edən kimi gözünün yaşını silib, xoşbəxtliklə işinə davam edir. Bu valideynlər düşünmür ki, uşağını həmin anlıq sevindirsə də əslində ona böyük zərər vurur. Yalnız zaman keçdikcə, fəsadlar üzə çıxdıqdan sonra gec də olsa, başa düşürlər.
Günay Elşən