Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Ölüm düşərgəsi: Katın qətliamının dəhşət dolu hekayəti – III YAZI
Üstü açılan həqiqət, kütləvi məzarlıqlar, böyük yalanın ifşası

Sovet siyasi rəhbərliyinin 1940-cı il martın 5-də qəbul etdiyi qərara görə, Polşanın işğalından sonra həbs düşərgələrində və həbsxanalarda saxlanılan 25700 polyakın - hərbi əsirlərin, məmurların, “əks-inqilabçıların” və başqalarının işinə NKVD üçlüyü tərəfindən xüsusi qaydada baxılmalı və hökm çıxarılmalı idi. “Katın qətliamı” adını alacaq cinayətə belə start verildi: işləri araşdırılanlardan 21857 nəfəri edam edildi.

 Polşanın “Katyn Pro Memoria” saytında yerləşdirilmiş məqalənin tərcüməsini təqdim edirik.

Əvvəli: Burada

Yalan. Və həqiqət uğrunda mübarizə 

Birləşmiş Ştatlar və Böyük Britaniya hökumətləri Polşa zabitlərinə qarşı Katında törədilən cinayətdən xəbərdar idilər, amma bu işin geniş rezonans doğurmasında maraqlı deyildilər. Hitlerə qarşı müharibədə Stalinlə hərbi-siyasi ittifaq onlar üçün əsir düşən müttəfiq ordu zabitlərinin taleyindən daha önəmli idi. 

Smolensk vilayəti sovet qoşunları tərəfindən azad ediləndən sonra Katın meşəsində NKQB-NKVD-nin komissiyası işə başladı. Komissiya, cinayətdə almanların məsuliyyət daşıması barədə yalançı sovet versiyasına uyğun olaraq, maddi sübutları saxtalaşdırdı və şahidlər “hazırladı”. Həmin şahidlər Nikolay Burdenkonun rəhbərlik etdiyi, Katın cinayətinin təfərrüatlarını müəyyənləşdirən və araşdıran xüsusi sovet komissiyası və əcnəbi jurnalistlər qarşısında 1944-cü ilin yanvarında ifadə verdilər. 

Daha əvvəl yaradılmış anım yerində iki simvolik məzar inşa edilmişdi. Həmin məzarların qarşısında 1944-ci il yanvarın 30-da general Ziqmunt Berlinqin (SSRİ ilə əməkdaşlığa razılıq verən Starobelsk düşərgəsi əsiri) komandanlığı altındakı 1-ci polyak korpusu döyüşçülərinin iştirakı ilə matəm mərasimi keçirildi: guya faşistlər tərəfindən öldürülmüş polşalı zabitlərin xatirəsi üçün. Hərbi kapellan Vilhelm Kubş də dəfn ayini yerini yetirdi. 

Katın meşəsinin ərazisi hündür taxta hasarla əhatələnmişdi, cinayət yerində isə rus və polyak dillərində “Burada alman-faşist işğalçıları tərəfindən 1941-ci ilin payızında vəhşicəsinə öldürülmüş əsir Polşa zabitləri dəfn olunub” yazılmış xırda obelisk qurulmuşdu. 1970-ci illərdə obeliskdəki yazı dəyişdirildi və “1941-ci ildə hitlerçilər tərəfindən güllələnən faşizm qurbanlarına - Polşa zabitlərinə” yazıldı. 

Sovet İttifaqı başlıca alman hərbi cinayətkarlar üzərində Nürnberq məhkəməsinin ittiham aktına polyak zabitlərin Katında güllələnməsi ittihamının da əlavə olunmasında israr edirdi. Amma şahidlərin qeyri-inandırıcı ifadələri, sovet ittihamındakı çoxsaylı səhvlər və qeyri-dəqiqliklər üzündən Katın cinayətində almanların günahlandırılması Nürnberq beynəlxalq hərbi tribunalının hökmündə yer almadı. 

Cinayət mövzusuna soyuq müharibə dövründə yenidən qayıdıldı. 1951-ci ildə ABŞ Konqresinin nümayəndələr palatası Katın işinin araşdırılması üçün Rey Con Meddenin rəhbərliyi altında komissiya (Medden komissiyası) yaratdı. 1952-ci ildə yayılan yekun sənəddə komissiya SSRİ-ni günahkar bildi.

1970-ci illərdə SSRİ-də almanların 1943-cü ildə Belarusiyanın Xatın kəndində yerli əhaliyə qarşı törətdikləri cinayətlər haqda məqalələr peyda oldu. Çoxlu sayda oxşar faciəvi hadisələr arasında məhz Xatının seçilməsini ad oxşarlığı ilə izah etmək lazımdır. Yandırılmış kəndin yerində xatirə kompleksi yaradıldı, SSRİ-yə gələn xarici nümayəndələr və dövlət başçıları, ABŞ prezidenti Riçard Nikson da daxil, buraya əklil qoyurdular. Belə manipulyasiya Katın xatirəsini yaddaşlardan silməli və cinayəti faşistlərə bağlamalı idi. 

Katın cinayəti qurbanlarının xatirəsi siyasi mühacirət və sürgündəki Polşa hakimiyyəti tərəfindən yaşadılırdı. ABŞ-dakı polyak diasporunun səyi nəticəsində Detroytda müqəddəs Adalbert kilsəsində Katın cinayətinə dünyada ilk abidə qoyuldu. Sonralar belə abidələr və xatirə lövhələri Londonda, Parisdə, Torontoda, Romada, Melburnda və Yohannesburqda qoyuldu. 

Öldürülən hərbi əsirlərin taleyi və həqiqətin bərpasının zərurəti barədə Qərbdə əsərlər yazılırdı. Kozelskdəki hərbi əsirlərin həyatı haqda mühüm məlumat mənbəyi almanların Katın meşəsində ekshumasiya zamanı tapdıqları gündəliklər və yazılar idi. Bütün yazılar 1940-cı ilin aprel və may hüdudunda kəsilirdi, bu da cinayəti sovet tərəfinin törətməsinin sübutlarından biridir. Kozelsk düşərgəsinin sağ qalan əsirlərinin, məsələn, Katın cinayəti haqda həqiqətin bərpası üçün çox işlər görmüş Stanislav Svyaneviçin və katolik prelat Zdzislav Peşkovskinin xatirələri heç də daha az qiymətli deyillər. 

Cinayətin almanlar tərəfindən törədilməsi yalanı uzun illər sovet hakimiyyətinin və onların nəzarətindəki Polşa Xalq Respublikası (PXR) hökumətinin rəsmi doktrinası oldu. Katın qurbanlarının ailələrinə verilən arayışlarda saxta tarixlər göstərilirdi, məsələn, İkinci dünya müharibəsinin bitdiyi gün. Hakimiyyət həqiqət uğrunda mübarizə aparanları hüquqi təqib edirdi. Onların arasında bir neçə il həbsə məhkum edilən keşiş Tadeuş Rusek və Kozelsk məhbusu Leon Muselyak vardı. 

Amma “rəsmi”dən əlavə, “qeyri-rəsmi” xatirə də vardı. Katın cinayəti qurbanlarının xatirə lövhələri katolik kilsələrində quraşdırılır, öldürülənlərin adları ailəvi başdaşlarında yazılırdı. 

Katın qurbanları xatirəsini PXR-dakı demokratik müxalifətin nümayəndələri də qoruyurdular. Təhlükəsizlik orqanlarının təqibinə və repressiyalarına baxmayaraq, kitablar, təqvimlər, vərəqələr, broşürlər, plakatlar, markalar, açıqcalar qeyri-leqal çap olunur və yayılırdı. 1978-ci ildə bir qrup müstəqil tədqiqatçı Krakovda gizli Katın institutunu yaratdı. Onlar qeyri-leqal “Katın bülleteni” və mövzuya dair əsərlər nəşr edirdilər. 

1980-ci il martın 21-də Krakovun bazar meydanında faciəvi hadisə baş verdi: keçmiş “Armia Krajowa” əsgəri, təqaüdçü Valenti Badılyak kommunist hakimiyyətinin Katın qətliamı haqda informasiyanı gizlətməsinə etiraz olaraq özünü yandırdı. 

Keşiş Stefan Nedzelyakın, Katın işi üzrə görkəmli mütəxəssis Yeji Loyek və başqalarının təşəbbüsü ilə 1981-ci il iyulun 31-də Varşavadakı Povonzki hərbi məzarlığında “Katın xaçı” quraşdırıldı və üzərində gerçək tarix yazıldı: 1940. Dəfələrlə götürülən və yenidən quraşdırılan xaç həqiqət uğrunda mübarizənin simvoluna çevrildi. Stefan Nedzelyak 1989-cu il yanvarın 20-ə keçən gecə öldürüldü. Onun qatilləri hələ də tapılmayıb. 

1989-cu ilin oktyabrında Katın işinin görkəmli tədqiqatçılarının bir qrupu Polşada Katın cinayətinin istintaqı üzrə tarixi komitə yaratdılar. Komitə Polşa Katın fondu ilə birlikdə dövrü “Katın dəftərləri” nəşrini buraxır. Nəşrdə sözügedən cinayətdən bəhs edən elmi məqalələr və orijinal materiallar yer alır. 

Həqiqətin açılması

Siyasi dəyişikliklər və Sovet İttifaqının dağılması Katın cinayəti haqqında həqiqətin açılmasına yardım etdi. 1990-cı il aprelin 13-də Moskvada baş tutan görüşdə SSRİ prezidenti Mixail Qorbaçov cinayət haqqında seçilmiş sənədləri Polşa prezidenti Voytsex Yaruzelskiyə təqdim etdi. 

Həmin gün TASS agentliyi “Katın meşəsindəki cinayətə görə Beriya, Merkulov və əlaltılarının bilavasitə məsuliyyət daşıdığını” bildirdi və “stalinizmin ən ağır cinayətlərindən biri olan Katın faciəsinə görə sovet tərəfinin dərin təəssüf”ünü ifadə etdi. SSRİ Baş hərbi prokurorluğunun başladığı istintaq nəticəsində Starobelsk düşərgəsi əsirlərinin Xarkovda və Ostaşkov düşərgəsi əsirlərinin Mednoyedə basdırıldıqları yerlər aşkar edildi.  1991-ci ildə istintaq hərəkətləri çərçivəsində polyak ekspertlərin də iştirakı ilə aparılan ekshumasiya işləri zamanı 1940-cı ildə NKVD-nin öldürdüyü polşalı zabitlərin və polislərin qalıqları tapıldı. 

Polşa tərəfi Katına aid bütün sənədlərdən məxfiliyin götürülməsini və onların ictimailəşməsini istəməkdə davam edirdi. 1992-ci il oktyabrın 14-də prezident Boris Yeltsinin xüsusi nümayəndəsi, RF-nın Dövlət arxiv xidmətinin rəisi professor Rudolf Pixoya Varşavada prezident Lex Valensaya Xüsusi qovluğun 1 saylı qapalı paketinin kserosurətlərini təqdim etdi. Həmin sənədlərdə Katın cinayətinə formal təkan verən Beriya müraciəti, Siyasi Büronun 5 mart 1940-cı il qərarı və bu cinayətkar qərarın yerinə yetirilməsinə aid bir sıra seçilmiş sənədlər vardı. 

1993-cü ildə Polşaya səfər edən Boris Yeltsin Povonzki hərbi məzarlığında “Katın xaçı” abidəsinə gül qoydu. 1994-cü il mayın 5-də Ukrayna Təhlükəsizlik xidmətinin rəis müavini Andrey Xomiç Katın cinayəti çərçivəsində Ukrayna ərazisində öldürülənlərin siyahısını Polşa tərəfinə təqdim etdi. 

Polyak hərbi məzarlıqlarının yaradılması haqda qərar əsasında Varşavanın Moskva və Kiyevlə imzaladığı razılaşma polşalılara Katın və Mednoyedə (1994-1995), eləcə də Xarkovda (1994-1996) miqyaslı ekshumasiya işləri aparmağa imkan verdi. Katındakı qrupa arxeoloq prof. Maryan Qlosek, Mednoyedə antropoloq prof. Bronislav Mlodzeyovski, Xarkovda arxeoloq prof. Ancey Kolya rəhbərlik edirdi. 

Katın meşəsində bütün ölüm çalaları açıldı (almanlar hamısını açmağa macal tapmamışdılar  - Press klub). Görülən işlər sayəsində dəqiqliklə müəyyən olundu ki, Katın memorialının ərazisində 1940-cı ilin yazında NKVD tərəfindən öldürülən polyak zabitlərin cəsədləri yatır. Məzarlardan çıxarılan və polyak hərbi əsirlərə aid əşyaların bir hissəsini Varşavadakı Katın muzeyində görmək olar. 

Katın cinayəti haqqında həqiqət ictimailəşəndən, demək olar, dərhal sonra Polşa qurbanların anım konsepsiyasını hazırlamağa başladı. Ölənlərin qohumlarının iradəsini rəhbər tutan Varşava cinayət yerində hərbi məzarlıqların yaranması və qurbanların lazımi qaydada yenidən dəfni üçün bütün səyləri göstərdi. 

Katın, Mednoye və Xarkovda fərdi məzarlıqlar düzəltmək imkanı olmayan Polşa hakimiyyəti kütləvi məzarlardan ibarət hərbi məzarlıqların inşasına qərar verdi. Yalnız Katındakı iki generalın - Meçislav Smoravinskinin və Bronislav Boqatereviçin məzarları istisnadır. 

2000-ci ildə, cinayətdən 60 il sonra Katın faciəsi ilə birləşmiş üç yerdə - Katında, Xarkovda və Mednoyedə üç hərbi məzarlıq açıldı və təqdis olundu. 

Dördüncü polyak hərbi məzarlığı 2012-ci il sentyabrın 21-də Kiyev vilayəti sərhədləri içindəki Bıkovnya qəsəbəsi yaxınlığında açıldı. Aparılan arxeoloji və ekshumasiya işləri nəticəsində müəyyən olundu ki, həbsxanalarda öldürülən və “Ukrayna siyahısı”na daxil olan Katın qurbanlarının bir hissəsi məhz burada dəfn olunub. 

Polşa hakimiyyətinin cəhdlərinə baxmayaraq, “Belarus siyahısı”nda olan, “Katın qərarı”na əsasən, böyük ehtimalla, Minskdə güllələnən və Kuropatıda basdırılan qurbanların xatirəsinə ehtiram göstərmək hələ də mümkün olmayıb... 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada