“Mühasirədəyik, heç kim qaçmaq haqda düşünmür...” – YARIMÇIQ GÜNDƏLİK
Boş vərəqlər, cənnətə dönmüş torpaq, müqəddəsləşən şagird dəftəri
15 Yanvar 2026
“28.07.92 Vəziyyət bir balaca sabit olsa da, gərgindir…”
Bu cümlə gündəliyin SON cümləsidir. Sonra boş qalmış ağ vərəqlər…
O vərəqlərə baxıram, xəyalımda Hikmətin ora yazılmalı olan həyatı canlanır - müharibə qələbə ilə bitib, Hikmət sağ-salamat qayıdıb. Elçi göndərib nişan taxmağa macal tapmadığı “bircəsi” ilə evlənib, uşaqları var. Hərdən bu şagird dəftərini vərəqləyib, şəhid silahdaşlarını yada salır, ya da yox, onlar da sağdılar, oxuyub birlikdə xatırlayıb, birlikdə sevinir, bəzən kədərlənirlər…
“Kaş, yarımçıq qalmayaydı gündəlik…” əvvəlcə səhifələrində bu cümlənin tez-tez keçdiyi dəftərdən söz açacam.
Əlimdə bir şagird dəftəri var, üstündə ingilis dilində “mənim sevimli dərslərim” yazılıb. Üz qabığının içərisində isə çox səliqəli, səlis cümlələrlə “Günəş elə səhər doğan günəşdir, günortadan sonra çıxan günəş bədənin ancaq bir hıssəsini isidər”. Atında da imza. İlk vərəqində qırmızı qələmlə “Bir kərə yüksələn bayraq bir daha enməz” həkk olunub və qələmlə bayrağımızın şəkli çəkilib. Sonrakı vərəqdə bir qıza müraciət var: “Ağlama, Filankəs!”
Nəhayət, 3-cü vərəqdə öz adı yazılıb – Hikmət Əsəd oğlu Allahverdili, Cəbrayıl rayonu, Qaracallı kəndi. Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və görünür ki, öz maşınının nömrəsi.
Bu dəftəri mənə onun doğması verib, “Şəhid həkimlər” kitabım çapdan çıxandan sonra yazmışdı ki, Ramilə xanım, Hikmət haqqında niyə yazmamısınız, o da hərbi həkim idi, 90-larda Qarabağ döyüşlərində şəhid olub? Təbii ki, onun bu yanğı dolu etirazını hiss etdim, bizim kitabda isə yalnız 44 günlük Vətən müharibəsində şəhid olan 10 nəfər xüsusi təyinatlı hərbi həkimdən bəhs edilmişdi. Söz verdim ki, mənə lazım olan materialları çatdırsa, o həkim haqqında hökmən yazaram. Budur, əlimdə həmin şəhid həkim Hikmət Allahverdiyevin cəbhə gündəliyidir. Əlimə alıram, elə bilirəm, əlim yanır, yerə qoysam, yeri yandırar. Düşünəndə ki, odun-alovun içində bu gündəliyi yazan adam indi həyatda yoxdur və bu dəftəri nə vaxtsa onun əlləri yazıb, vərəqlərində onun təması qalır, adi şagird dəftəri müqəddəsləşir.
Gündəlik 1992-ci ilin 8 iyulundan başlayır, sevdiyi qıza müraciətlə və həmin ayın 28-də yenə ona müraciətlə son cümləsini yazıb. Adama elə gəlir ki, elə bu qədər yaşayıb və əbədiyyətə qovuşub, amma elə deyil.
Hikmət Allahverdili Cəbrayıl rayonunun Qaracalı kəndində Əsəd müəllimlə Mənzər xanımın ailəsində dünyaya gələn altı övladdan biridir.
Orta məktəbi bitirdikdən sonra ordu sıralarına gedir, qayıdandan sonra da Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunur.
Üçüncü kursdan əla oxuduğu üçün öz arzusu ilə onu Saratov Tibb Akademiyasının hərbi tibb fakültəsində təhsilini davam etdirməyə göndərirlər. Qırmızı diplomla ali təhsili başa vuran gənc həkim zabit təyinatla Zaqafqaziya hərbi dairəsində qulluğa başlayır. Sonra həmin hərbi hissə ləğv olunur və Hikmət iki ay işsiz gəzir. Həmin vaxtlar ölkə müharibə şəraitində yaşayırdı, Hikmət tez-tez hərbi hospitala və müxtəlif xəstəxanalara könüllü olaraq yaralılara yardım etməyə gedirdi. Gecələr Sumqayıt hospitalında çalışırdı. Arada da kurs yoldaşı Şəmsəddinlə təhsil aldığı ali tibb ocağına gedib səhra hospitalları üçün hərbi terapevtlərin hazırlanmasının vacibliyini sübut etməyə çalışırdılar.
Nəhayət, Müdafiə Nazirliyi onu döyüş xəttinə xidmətə göndərməyə qərar verir. Əvvəlcə Sitalçaya, oradan da cəbhəyə. Hərçənd, bunu Hikmət Allahverdili özü də istəyirdi, amma müharibənin şifahi humanist qanunları da var, ali təhsilli nadir mütəxəssisi birbaşa döyüşə göndərmək yox, onun daha yararlı olduğu sahədə çalışmasını təmin etmək lazım idi. O vaxt cəmi 5 milli hərbi həkimimiz vardı.
“10.07. 92- Ağdərə
Güclü yağış yağır, leysan. İslanmışam yaman, yaralılar çoxdur. Sənə Sitalçaya gedirəm demişdim, amma ordan bizi əvvəlcə Goranboya, sonra da Ağdərəyə gətirdilər. Düşünəndə ki, mənim də azacıq da olsa Qarabağın azad edilməsində əməyim var, çox xoşbəxt oluram, amma zaman keçir, mən hələ də sənsiz səninləyəm”.
Sonra saatları qeyd edir, həmin gün hansı saatda hansı atəş altında nə işlər görür, nə düşünür, hərbi hissənin qəhrəmanlığın, komandirin şücaətindən bəhs edir, amma hər kəlməsinin sonunda hökmən o qızın həsrəti, ondan nigaranlıq var…
“819.7 metr hündürlükdən yazıram, indi elə istərdim ki, sənin yanında olum və xüsusi kefin necədir? -soruşum… Sən həmişə mənimləsən, …!”
“Saat 17.20-dir, yağış dayanmadan yağır, duman da bir tərəfdən bizi çaşdırıb, Qarabağ uğrunda ölmək şərəfdir, əgər ölsəm, bil ki, bu şərəflə ölmüşəm, amma mənim gözləyənim var, yaşamalıyam, buna haqqım da var. Bu dəftər nə vaxtsa, kiminsə əlinə keçsə, məni qınamasın, mən də bunları yazmaqla ağrı-acılardan qurtulmağa çalışıram. Ola bilər ki, bu gündəlik yarımçıq qalsın, eybi yox, təki Vətən, anam yaşasın… Sevdiyim mənsiz də olsa, yaşasın! – deyirəm, amma gözlərim yaşla dolur, axı, biz heç doyunca bir yerdə olmadıq… Kaş, yarımçıq qalmayaydı gündəlik…”
Heç istəmirəm başqa nə isə yazım, əlimdəki solmuş sətirlər deyir ki, bizi yaz, bizi köçür yazına, qoy müəllifin fikirləri, düşüncələri, yaşantısı uğrunda fəda olduğu millətə çatsın, oxusunlar, ürəklərdə yüzlərlə şəhidlərimizə, Hikmətə abidə ucalsın.
“11.07.92
Nahardan sonra erməni kəndini aldıq. Dincəlməliyik, amma yata bilmirəm, gözlərim gecənin qaranlıq ənginliklərində səni düşünürəm, çöhrən qaranlıqda gözlərim önündə canlanır. Kaş, qanadım olaydı, indi uçub sizin eyvana qonub, səni görüb qayıda biləydim. Yaşımın bu vaxtında 17 yaşda oğlanın arzularını yaşayıram, gülmə mənə. Xəyal qurmağı, yaşamağı sevirəm, içində sən olan nə varsa, sevirəm.
Dəryada qərq olan tənha gəminin
Tənha fəryadını ümmanlar bilər…”
Hikmət Saratovda oxuyanda Bakıda 20 Yanvar faciəsi baş vermişdi, tələbə yoldaşı olmuş hərbi həkim Şəmsəddin Rzayev danışır ki, mən, Hikmət, bir də Babayev soyadlı yoldaşımız getdik fakültənin dekanı polkovnik Nosovun yanına: “Dedik ki, işğalçı orduya nifrət edirik və onun zabiti olmaz istəmirik. Dedi, sizı anlayıram, amma indi sizin ölkəyə hərbi həkimlər lazımdır, gedin düşünün və qərar verin. Fakültənin qarşısında mitinq etdik, Hikmət bəyanatla çıxış etdi, amma oxuyub bitirməyə qərar verdik.”
“12.07.92
Səhər tezdən ön hissəyə gedib əsgərlərin mövqeyində oldum. Bir həkim kimi onların həm də psixoloji hazırlıqlarına cavabdehəm. Tovuzlu balası, baş leytenant Nizami Əhmədovla söhbət etdik bir az, yaxşı oğlandır. Harda olsam, mənimləsən, səni məndən ancaq ölüm ayıra bilər, bircəm”.
“13.07.92
Qarşı dağda erməni yaraqlıları var, döyüşürük. Əsgərlərin yanındayam, döyüşürəm, yaralı olanda dərhal yardıma qaçıram. Heç vaxt ağlıma gəlməzdi ki, həkim andını pozub adama güllə atacam. “Adam” deyəndə ermənini deyirəm, onlarda insan siması yoxdur, ona görə də onlara güllə atanda andım yadıma düşməməlidir. Mən həm də iki dəfə anda içmişəm, bir dəfə həkim kimi, bir dəfə isə hərbçi kimi, vətəni qorumaq üçün”.
“14.07.92
Bu gün yadda qalsın! Saqi, süz badələri, 23 il əvvəl bu gün Qarabağın cənub ətəyindəki Cəbrayıl torpağının bir guşəsində bir ailənin ilki, sevinci bir qız uşağı dünyaya gəldi… Sonra o qızla təsadüfi görüş sayəsində bir qəlbə çevrildik. Ad günün mübarək, …, o gün olsun qələbədən sonra sənin ad gününü bir dam altında qeyd edək!
19. 10-da “Yoldaşlardan üç nəfər minaya düşdü, qanımız çox qaradır”.
“15.07. 92
Bizim qırıcılar ermənilərin təxmini mövqelərini bombaladılar.
Saat 17.50 Top atəşi altındayıq.
Saat 18.20 Bir nəfərin çeçələ barmağı yaralanıb, itkimiz yoxdur. Qərargahda bütün rabitəni öz üzərimə götürməli oldum, başqa yol yoxdur, bacarmalıyam. Ölümlə üz-üzəyik”
Sonrakı günlər “atışma davam edir”, “vəziyyət dəyişmir” yazır. Oxuduqca elə bil, müharibə kinosuna baxırsan, amma kino deyil, həyatdır, yaşantıdır və bu həyat, yaşantı hər an o insanların həyatına, yaşamına son qoya bilər.
“27.07.92
Rabitəni Malikə ötürdüm, ixtisası topçudur, amma rabitəni yaxşı bilir, Əla oğlandır. Döyüş davam edir!
Saat 12.40, əhsən! Bütün uşaqlar Vətən, ana uğrunda olan bu döyüşdə son damla qanına qədər deyirlər ha, bax elə döyüşdülər. Hamı son döyüşə hazır vəziyyətdə girdi meydana, ölümü də ləyaqətlə qarşıladılar((
Saat 16.00 xəbər gəldi ki, guya ermənilər Ağdərəyə daxil olublar. Onlar döyüşür, mən yaralılara yardım edə-edə bütün səsimlə onlara səslənirəm – hətta bu xəbər düz olsa belə, biz dayanmadan vuruşuruq, çünki bəlkə də son dəfə Vətən üçün döyüşə girmişik, Şuşa, Xocalı, Ağdaban qisasını almağımız üçün son şansımızdır bəlkə, dayanmırıq, irəli! Belə oğulları olan Vətən, torpaq basılmaz, həqiqətən bu gün onlarla bir daha fəxr etdim!
Saat 17.10 Mühasirədəyik, bu uşaqlara pis təsir edir, amma heç kim qaçmaq haqda düşünmür, həyat davam edir. Sən həmişə mənimləsən!
18.00 Vəziyyət gərgindir…
“28.07.92
Vəziyyət bir balaca sabit olsa da, gərgindir…”
Bu cümlə gündəliyin SON cümləsidir. Sonra… boş qalmış ağ vərəqlər…
“Kaş, yarımçıq qalmayaydı gündəlik…”
Hikmət Allahverdili 1992-ci ilin iyulun 28-də Ağdərənin Kasapet (Çıraqlı) yüksəkliyi uğrunda şəhidliyə ucalıb.
Onu doğma kəndində dəfn edirlər, Qaracallıda. Bir il sonra kənd işğal olunur, düşmən Hikmətin də məzarını bütün işğal altında qalan məzarlar kimi darmadağın etmişdi. Onun əbədiyyətə qovuşduğu yaşında olan igid oğullar o torpaqları 44 gün ərzində tamam azad etdikdən sonra Hikmətin də məzarı bərpa olundu – 28 iyul 2025-ci ildə.
Yanvarın 17-də şəhid hərbi həkim, Hikmət Allahverdili 61 yaşı tamam olur. Nur içində uyu, Vətən oğlu, uğrunda özünü fəda etdiyin torpaqlar sənin kimi oğulların sayəsində azadlığa qovuşub, o torpaq cənnətindir, Ruhun şad olsun!
Ramilə Qurbanlı