İkinci inqilab, şah gedişi, 444 günlük cəhənnəm
İranda ABŞ səfirliyi necə və niyə ələ keçirilmişdi?
07 Noyabr 2025
1979-cu ildə İslam inqilabı və ayətullah Xomeyninin hakimiyyətə gəlməsindən qısa müddət sonra bir neçə yüz radikal əhval-ruhiyyəli İran tələbəsi Tehranda ABŞ səfirliyinin binasına soxulub, oradakı onlarla əməkdaşı girov götürdülər. Bu aksiya ölkəni indiyə qədər davam edən diplomatik böhran vəziyyətinə saldı.
16 yanvar 1979 — şahın qaçışı

1979-cu il yanvarın 16-da İran şahı Məhəmməd Rza Pəhləvi həyat yoldaşı ilə ölkəni tərk edərək əvvəl Misirə, sonra isə müalicə üçün Nyu-Yorka getdi; bu, müxalifətin təşkil etdiyi kütləvi etirazlar və ümumi tətillər fonunda baş verdi. O, 1941-ci ildən idarə etdiyi ölkəyə bir daha geri dönmədi.
1 fevral — İslam inqilabının qələbəsi
Şah və rejiminin çoxdankı siyasi düşməni olan ayətullah Xomeyni 14 illik Paris mühacirətindən sonra 1 fevralda İrana qayıtdı (Xomeyni Parisdə 1978-ci ilin oktyabrından yaşayırdı, ondan əvvəlki illəri isə İraqın Nəcəf şəhərində məskunlaşmışdı - Press klub). Onun tərəfdarları həm Qərbdən, həm də Şərqdən asılılığa qarşı idi. O, parlamentin milli birlik hökuməti yaratmaq təklifini rədd etdi.
14 fevral — ABŞ səfirliyinə ilk hücum
Radikal solçu “İran xalqının fədai partizanlar təşkilatı”nın (qısaca: “Xalq fədailəri”) bir qrup silahlı üzvləri Tehrandakı Təxte-Cəmşid bulvarındakı ABŞ səfirliyinə hücum edib, binanı müvəqqəti olaraq ələ keçirdilər. Mehdi Bazərganın müvəqqəti hökumətinin səyləri sayəsində binanı tərk etməyə məcbur oldular.
Müvəqqəti hökumətin xarici işlər naziri İbrahım Yəzdi bu hadisədən sonra ABŞ səfirliyinin təhlükəsizliyinə zəmanət verdi.
1 iyun — şah Meksikaya gedir
Qısa müddət Misirdə qaldıqdan sonra şah Məhəmməd Rza Pəhləvi Baham adalarına və Mərakeşə yollandı, daha sonra isə müalicə üçün Britaniya hökumətinin ona siyasi sığınacaq verməməsi üzündən Meksikaya getdi (şah bəd xassəli limfoma xəstəliyindən əziyyət çəkirdi - Press klub).
22 oktyabr — şah Amerikaya gəlir

Qürbətdə şahın sağlamlığı sürətlə pisləşirdi. Bir sıra rəsmilərin etirazına baxmayaraq, ABŞ hakimiyyəti şahın Meksikadan Nyu Yorka gəlib onkoloji mərkəzdə müalicə olunmasına etiraz etmədi.
Diplomat Brous Lingen və Dövlət Departamentinin İran şöbəsinin əməkdaşı Henri Persett hakimiyyətə şahın ABŞ-a səfərini təxirə salmağı tövsiyə etdilər. Onlar hesab edirdilər ki, keçmiş monarxın qəbul edilməsi İran-Amerika münasibətlərinin normallaşmasını çətinləşdirəcək və iranlı radikallara insanları müvəqqəti hökumətə qarşı səfərbər etmək fürsəti verəcək. Lingen xüsusi olaraq bildirirdi ki, ABŞ səfirliyi hədəfə çevrilə və onun işçiləri girov götürülə bilər.
1 noyabr — şahın ekstradisiyası tələb olunur

Tehrandakı ABŞ səfirliyinin qarşısında çoxminlik kütlə toplaşdı — insanlar şahın ABŞ-a qəbul edilməsindən hiddətlənmiş və onun təhvil verilməsini tələb edirdilər. Solçular hesab edirdilər ki, müvəqqəti hökumət və onun xarici işlər naziri ABŞ-ın keçmiş hökmdarı qəbul etməməsi üçün kifayət qədər təsir göstərməyiblər. Müvəqqəti hökumət ABŞ-a kömək etməkdə ittiham olunurdu.
Noyabrın ilk günləri — tələbələrin gizli toplantısı
Şah Məhəmməd Rza Pəhləvinin ABŞ-a gəlməsindən qısa müddət sonra Tehran yaxınlığındakı dağlarda beş siyasi fəal tələbə gizli toplaşdı. Onlar kəskin tədbirlər görülməsinin zəruriliyi qənaətinə gəldilər. Bu tələbələr səfirliyə hücum edənlərin ön sıralarında olacaqdılar.
“Dağdakı toplantıda olan hər kəs qərara gəldi ki, nəsə etmək lazımdır. Təmsil etdiyimiz ölkənin nüfuzu risk altında idi. Bütün dünyada eşidilməyimizi istəyirdik və şah məsələsi üzərindən Amerikanın beynəlxalq yalanlarla dünyaya nələr etdiyini göstərmək istəyirdik”, —həmin toplantı iştirakçılarından biri sonralar belə demişdi.
4 noyabr — Xomeyniyə heç nə demirlər
Səfirliyin ələ keçirilməsi əməliyyatı bir neçə müşavirədə müzakirə olunub, həmin iclaslarda Xomeyniyə yaxın din xadimi Məhəmməd Musəvi Xoeniha da iştirak etmişdi. Xoeniha bildirmişdi ki, əməliyyat “tələbə etirazı kimi münasib ola bilər”.
Ayətulla Xomeyniyə planlar barədə məlumat verilmədi ki, səfirliyin ələ keçirilməsi xalq iradəsinin təzahürü kimi görünsün.
4 noyabr — Bzejinski ilə müvəqqəti hökumətin görüşü
Müvəqqəti hökumətin baş naziri Mehdi Bazərgan, xarici işlər naziri İbrahım Yəzdi və müdafiə naziri Mustafa Çamran Əlcəzair inqilabının ildönümünü qeyd etmək üçün bu ölkəyə gedirlər. Orada onlar ABŞ prezidenti Cimmi Karterin təhlükəsizlik müşaviri Zbigniev Bzejinski ilə görüşmək istəyirlər. Görüş 1,5 saat davam edir.
Görüş xəbəri İran inqilabçılarını, əsasən tələbələri qəzəbləndirir və onlar etirazlara başlayırlar. Bazərgan tələbələri aksiyaları dayandırıb dağılışmağa səsləyir.
Tələbələr nəticəyə gəlirlər ki, “hökumətin siyasəti inqilabi əhval-ruhiyyəyə uyğun gəlmir”, deməli, müvəqqəti hökumət tələbələrin səfirliyə hücum planından hələ xəbərsizdir.
Tələbə təşkilatında Elmi-Texnoloji Universitetinin nümayəndəsi Mahmud Əhmədinejat ABŞ səfirliyinin ələ keçirilməsinə qarşı çıxır: “Əvvəlcə sovet səfirliyini ələ keçirməliyik. Hökuməti məlumatlandıraq və hərəkətə keçək”, — deyə bildirir.
4 noyabra keçən gecə — hücuma hazırlıq
Səfirliyə hücumun təşkilinə cavabdeh olan koordinatorlar müxtəlif universitetlərdəki tələbələrə zəng vuraraq, onlardan səhər saat 6-da səfirliyin qarşısında toplaşmağı xahiş edirlər.
Sonralar həmin hadisələrin bəzi iştirakçıları xatırlayırdılar ki, o gecə səfirliyi avtobuslardan müşahidə etmişdilər, binanın qarşısında isə uzun müddət vəziyyəti öyrənən bir qrup fəal dayanmışdı.
4 noyabr — səfirliyə hücum
1979-cu il noyabrın 4-də səhər saat 9-da tələbə nümayişi zamanı bir neçə min tələbədən ibarət qrup ABŞ səfirliyinin Tələqani küçəsindəki (əvvəlki Təxte-Cəmşid küçəsi) binasına yaxınlaşır. Kütlədən bir neçə yüz nəfər hücuma keçir.
Səfirliyin mühafizəçiləri gözyaşardıcı qazdan istifadə edirlər, lakin izdiham qapıları sındıraraq həyətə daxil olur. Bir çoxlarının əlində ayətullah Xomeyninin şəkilləri var idi.
Hadisə yerinə polis gəlir, lakin binanın ələ keçirilməsinin qarşısını ala bilmir. Kompleks iki saat ərzində ələ keçirilir.

Tələbələr Nyu Yorkda müalicədə olan şah Pəhləvinin təhvil verilməsini tələb edirlər. ABŞ diplomatları, silahsızlaşdırılmış dəniz piyadaları və zabitlər – ümumilikdə 90 nəfər – girov götürülür. Daha sonra amerikalı olmayanlar, qaradərililər və qadınlar azad edilir. 52 nəfər isə 444 gün girov qalır.
4 noyabr — ABŞ “inqilabçılara” rədd cavabı verir
ABŞ hakimiyyəti səfirliyi ələ keçirənlərin şahın təhvil verilməsi tələbini rədd edir. Ağ Evin nümayəndəsi Cudi Pauell ABŞ-ın humanist prinsiplərinə istinad edir, bununla yanaşı Ştatların “qarşılıqlı hörmət əsasında dost və səmərəli münasibətlər qurmaq istədiyini” bildirir.
İkinci inqilab
Ayətullah Xomeyni səfirliyin ələ keçirilməsini dəstəkləyir: “Bu gün İranda yenidən inqilab baş verdi. O, birincidən də böyükdür. Bu, Böyük Amerika Şeytanına qarşı inqilabdır!”
Ayətullahın oğlu Əhməd Xomeyni atasının adından səfirlikdə mətbuat konfransı keçirir: “Bütün İran xalqı tələbələrin hərəkətini dəstəkləyir”, — deyir.
O, əlavə edir ki, bu hadisə müvəqqəti hökumətin zəifliyi demək deyil, axı xalq tələbələrin tərəfindədir və hökumət də xalqın iradəsini təmsil etməlidir.

Mətbuat konfransından bir neçə saat sonra Mehdi Bazərgan müvəqqəti hökumətin istefasını elan edir. O, istefasının səfirliyin ələ keçirilməsi ilə əlaqəsi olmadığını desə də, buna hamı inanmır.
Növbəti seçkilərə qədər hakimiyyətdə İslam İnqilabı Keşikçiləri Korpusu qalır.
19–20 noyabr — qadınların və qaradərililərin azad edilməsi

Səfirliyin işğalının 16–17-ci günlərində ayətullah Xomeyninin tələbi ilə qadın və qaradərili beş girov azad edilir.
9 dekabr — şah ABŞ-ı tərk edir
Həmin vaxta qədər Texasdakı Laklend hərbi bazasının hospitalına köçürülmüş şah Məhəmməd Rza Pəhləvi ABŞ-ı tərk edərək Panamaya gedir.
Lakin bir müddət sonra oradan da ayrılmağa məcbur olur. Şah yenidən Misirə qayıdır və 1980-ci il iyulun 27-də limfoma xəstəliyinin ağırlaşmasından vəfat edir.
24 aprel — “Qartal caynağı” əməliyyatı

ABŞ girovları xilas etmək üçün “Qartal caynağı” adlı məxfi əməliyyat həyata keçirir. Əməliyyat uğursuz olur: qum fırtınasına düşən bir helikopter yanacaq daşıyan təyyarəyə çırpılır, səkkiz amerikalı hərbçi həlak olur.
20 yanvar — azadlıq
19 yanvar 1981-ci ildə ABŞ və İran Əlcəzair sazişini imzalayırlar. Girov böhranı, nəhayət, başa çatır. Ertəsi gün, yeni prezident Ronald Reyqanın andiçmə mərasimindən qısa müddət sonra girovlar azad edilir.

ABŞ İranın dondurulmuş bank hesablarını açmağa və bir il əvvəl tətbiq etdiyi ticarət sanksiyalarını ləğv etməyə razılaşır.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada