Hökumət müavinətləri artırmağa niyə tələsmir?
Yaşa və əlilliyə görə verilən 150-220 manat ehtiyac meyarından azdır, amma...
25 Dekabr 2024
Azərbaycanda minimum əməkhaqqı, əmək pensiyasının minimum məbləği artırılıb. Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
Prezidentin imzaladığı sərəncama əsasən, ölkədə minimum aylıq əməkhaqqı gələn il yanvarın 1-dən 400 manat olacaq. Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.
Beləliklə, maaşlar gələn ilin ilk ayından, minimum pensiyalar isə 1 ay sonra – fevralın 1-dən artırılıb. Digər artımlarla bağlı isə Nazirlər Kabinetinin təkliflər hazırlamaq üçün 3 ay vaxtı var. Bundan sonra artımların nə vaxt, hansı miqdarda olacağı prezident sərəncamı ilə müəyyən ediləcək. Gözləmək olar ki, ən yaxşı halda, ilin birinci rübündən sonra sosial müavinətlərin və təqaüdlər artırılsın. Maraqlı məqamlardan biri odur ki, minimum pensiyaların artırılması ilə bağlı hökumətə 1 ay vaxt verildiyi halda, digər təqaüd və müavinətlərlə bağlı 3 aylıq müddət müəyyən edilib. Bunun hansı zərurətdən irəli gəldiyi məlum deyil. Ehtimal etmək olar ki, ölkənin maliyyə vəziyyəti hökuməti “vaxt udmağa” vadar edir.
Qeyd edək ki, Azərbaycanda 2025-ci il üçün ehtiyac meyarı və yaşayış minimumu 285 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün isə 246 manat müəyyən edilib. Cari ildə yaşayış minimumu 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün isə 235 manat idi. Beləliklə, bu göstəricilərdə 10-12 manat artım gözə dəyir.
Bu rəqəmləri hökumətin 3 aydan sonra artırmağa hazırlaşdığı müavinətlərin məbləği ilə müqayisə etmək üçün xatırlatmaya ehtiyac var. Ehtiyac meyarı və yaşayış minimumu bir vətəndaşın 1 ay ərzində ən zəruri ərzaq, dərman, geyim, nəqliyyat xərci, gündəlik tələbat malları ilə təmin olunmasının aşağı həddini müəyyən edir. Hökumət hesab edir ki, gələn il 285 manat bir nəfərin xərcləri üçün kifayət edə bilər. Müstəqil ekspertlər isə mövcud ərzaq, dava-dərman, və s. zəruri məhsulların qiymətini əsas gətirib, bu rəqəmin ən azı iki dəfə artırılmalı olduğunu bildirirlər.
Bəs hökumətin artırmağa “tələsmədiyi” müavinəti alanlar ayda dövlətdən heç olmasa 285 manat ala bilirlərmi?
Qeyd edək ki, ölkədə yaşa görə müavinətin həmi 220 manat müəyyən edilib. Bu vəsait 65 yaşı tamam olan, amma pensiya hüququ olmayan vətəndaşlara verilir. Hazırda Azərbaycanda 160 min nəfərə yaxın vətəndaş bu müavinəti alır və onların sayı ilbəil artır. Çünki hökumətin müəyyən etdiyi pensiya kapitalını (41 min manata yaxın) toplamaq hər adama nəsib olmur, bu, əlbəttə, ölkədə işsizliyin, davamlı əmək fəaliyyəti ilə məşğulluq imkanlarının azlığının və kölgə iqtisadiyyatının yaratdığı nəticədir.
220 manat müavinət hökumətin müəyyən etdiyi ehtiyac meyarından 65 manat azıdır. Aydın olur ki, bu məbləği alan vətəndaşın qalan ehtiyaclarını necə qarşılaması dövlət qurumlarını maraqlandırmır. Nəzərə alsaq ki, yaşlı əhalinin əhəmiyyətli hissəsi 220 manatın bir hissəsini dava-dərmana, kommunal xidmətlərə ödəyir, qalan kiçik vəsait quru çörəyə zorla yetir. Kəndlərdə, xüsusi ilə qış aylarında qaz və elektrikin aylıq xərci bir ailə üçün 200 manata yaxındır. Belə olan halda, yaşlı insanlar ailə üzvlərinin hesabına yaşamağa məcburdur, onları dolandıracaq kimsə yoxdursa, ahıl, xəstə insan ağır məhrumiyyətlərə düçar olur.
Onu da xatırladaq ki, ümumi səbəblərdən 2-ci və 3-ü dərəcəli əlillərə də simvolik müavinət ödənilir – 220 və 150 manat. Fiziki imkanları məhdud olan bu vətəndaşların durumu daha ağırdır, amma nədənsə, hökumət onların sosial vəziyyətini nəzərə alıb zəruri artımlara getməyə tələsmir. Birini dərəcəli əlillər (orqanizm funksiyaları 81-100 faiz pozulanlar) isə 270 manat müavinət, 200 manat prezident təqaüdü alır. Daha 100 manat isə ona qulluq edənlərə ödənilir.
Müqayisə üçün yazaq ki, əlillərə və 65 yaşı tamam olanlara verilən 220 manat orta aylıq maaşdan (993 manat) təxminən 4.2 dəfə, minimum əməkhaqqından 180 manat, minimum pensiyadan 100 manat, ehtiyac meyarından 65 manat azdır.
İqtisadçı, deputat Vüqar Bayramov durumu Pressklub.az-a şərh edərkən xatırladıb ki, Prezidentin sərəncamında sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlanması qeyd olunub. “Bu o deməkdir ki, bir sıra müavinət və təqaüdlərdə artımlar olacaq. Biz yaşa görə müavinətlərin artırılmasını təklif edirik. Hesab edirəm ki, minimum pensiya artırıldığına görə, yaşa görə müavinətlərin artırılması imkanları da var. Bu, həmin kateqoriyadan olan vətəndaşlarımızın sosial təminatı baxımdan məqsədəuyğun olardı. Təbii ki, Nazirlər Kabineti tərəfindən təkliflər təqdim edildikdən sonra hansı müavinətlərin, o cümlədən, yaşa görə müavinətlərin nə qədər artırılacağı bəlli olacaq. Bizim təklifimiz odur ki, 220 manat müavinətin artırılması barədə təkliflər hazırlansın və artırılması barədə qərar verilsin”, - deputat qeyd edib.
Beləliklə, deputat da Nazirlər Kabinetinin 3 ay ərzində hazırlayacağı təklifləri gözləməyi tövsiyə edir. İlin əvvəlindən hesablanacaq artımlara, o cümlədən ehtiyac meyarındakı dəyişikliyə diqqət etdikdə, gələn il digər müavinətlərdə ciddi artımların olmayacağı qənaəti yaranır. Bu, daha çox büdcənin gəlirlərinə bağlı olacaq. Ehtimal etmək olar ki, ən yaxşı halda, hökumət yaşa görə müavinəti 220 manatdan 250 manata qaldırmağı, əlil müavinətlərini isə 20-50 manat civarında artırılmasını təklif edə bilər. Təbii ki, neftin qiymətində kəskin enmələr olmazsa...
Turqut