Günümüzün AYNA-sı: İnsanlar niyə əziyyət çəkməlidir?
Qərar qəbul edib bir tərəfi sevindirib, digər tərəfi məyus ediblər...
25 Sentyabr 2024
Pressklub.az-ın əməkdaşı ilə söhbət edən Mehdiabad sakini Şəhla Məmmədova deyib ki, 585 nömrəli avtobus ləğv ediləndən bəri günə ikiqat, hətta üçqat yol xərci çıxır. Üstəlik əlavə vaxt itkisi yaşayır: “İki övladım var. İkisi də 182 nömrəli məktəbdə təhsil alır. Əvvəl evimizin önündən 585 nömrəli avtobus keçirdi, düz məktəbin önünə gedirdi. Rahat olduğu üçün uşaqlar özləri gedirdi məktəbə. İndi isə 585-i ləğv edib, 123-ü yaradıblar. O da evimin önünə gəlir, amma məktəbə getmir. Yol uzandığı üçün uşaqları özüm məktəbə aparmalı oluram. Üstəlik iki avtobus dəyişməli oluruq. Məktəbdən qayıdanda da həmin problemlə üzləşirik. 123-ə minib, Gənclər şəhərciyində düşüb, orada da dəqiqələrlə 165-in gəlməsini gözləyib, sonra onunla məktəbə gedirik. Baxın, beləcə, günümüz yollarda keçir. Cibimizdəki pul da ancaq yolpuluna gedir. Günə 6 manat yolpulu çıxır. 7 dərsdən çıxıb saatlarla yollarda qalırlar. Bu da bəs deyilmiş kimi 2-3 avtobus dəyişirlər. Yazıq deyil bu körpələr? Böyüklü-kiçikli hamımızı salıblar bəlaya. Məktəb 1 həftədir açılıb, bu qədər yorulmuşuq. 9 ay necə dözəcəyik? Bir köhnə avtobusumuz var idi, onu da aldılar əlimizdən. Qərarı verəndə ancaq Bakı-Sumqayıt sakinlərini düşünüblər. Bəs biz neyləyək?”