
“Fiquram pozulacaq” deyənlər...
Ana südünü süni qidalarla əvəzləmək zərərlidirmi?
24 Sentyabr 2024
“Uşağım ana südünü qəbul eləmir. Nə etsəm də, xeyri yoxdur. Doğulanda mən uşağı görmədən həkimlər ona süni qida vermişdilər. Xəbərim olmadan belə şey etdiklərinə görə acıqlanmışdım. Sonra uşaq ana südünü istəmədi. Dedilər ki, evə çıxandan sonra yoxlayım, yenə istəməsə, süni qida verim. Qidanın adını da demişdilər. Uşağım indiyə qədər 4-5 dəfə ana südü içib, ya yox. Onda da doymayıb deyə, üstündən süni qida vermişəm. Ana südünü heç cür qəbul etmədi, zamanla südüm kəsildi. Mən də uşağa süni qida verməyə məcbur oldum...”
Bakı sakini Firuzə Əhmədli Pressklub.az-ın əməkdaşı ilə söhbətində deyib ki, uşağı dünyaya gələndən bəri süni qida ilə qidalanır. Bunun səbəbini isə həkimlərin məsuliyyətsizliyində görür.
Son illər süni uşaq qidalarına olan tələbat xeyli artıb. Bu qidalar barədə zaman-zaman müxtəlif fikirlər səsləndirilir, onların uşaqlar üçün zərərli olduğu deyilir. Hətta bəzi uşaq qidalarının tərkibində soya var. Bunun isə GMO (Genetik Modifikasiya olunmuş Orqanizm - red.) bir komponent olduğu deyilir ki, bu da körpə uşağın orqanizmi üçün təhlükəli hesab olunur. Bundan əlavə, bir sıra psixoloqlar uşaq qidalarının marketlərdə əl çatan yerdə saxlanılmasını məsləhət görmür. Çünki bu, qidaları görən və süd verən analara psixoloji təsir göstərir və onların südü azalır. Belə olan təqdirdə isə yalnız ana südü ilə doymayan uşaqlara bu qidalardan almaq məcburiyyəti yaranır. Ona görə də, qidanı satmağa çalışan şirkətlər marketlərin əksəriyyətində uşaq qidalarını əlçatan və diqqət cəlb edən yerlərdə düzürlər. Onların qiyməti isə 3-4 manatdan başlayıb, 120, 150 manatadək dəyişir. Qiymətlər isə gün-gündən qalxır.
Görəsən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən uşaq qidalarının keyfiyyətinə necə nəzarət edilir? İstehlakçılar həmin qidaların keyfiyyətindən necə əmin ola bilər? Və bu cür süni qidaların seçimi zamanı nələrə diqqət edilməlidir?
AQTA-nin mətbuat xidmətindən Pressklub.az-a bildirilib ki, agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir: “Ölkəyə idxal olunan digər qida məhsulları kimi süni uşaq qidaları üzərində də risk əsaslı nəzarət tədbirləri görülür. Məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir və agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Müayinə nəticəsi uyğun olduğu halda, məhsullar idxal sağlamlıq aktı ilə təmin edilir”.
AQTA-dan sorğuya cavab olaraq bildirilib ki, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunur. Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə, qanuna müvafiq tədbirlər görülür.
Agentlikdən qeyd edilib ki, vətəndaşlarda istehlak etdikləri məhsullarla bağlı şübhə yarandıqda, eləcə də qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək: “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 7.3.4-cü maddəsinə əsasən, süni uşaq qidaların qablaşdırmasının üzərində “yalnız həkim məsləhəti ilə” istifadə edilə bilməsi haqqında təminat əks etdirilməlidir”.
Araşdırmalara görə, Azərbaycanda körpələrin ana südü ilə qidalanması üzrə göstərici heç 44 faizə çatmır. Biz bu göstəricilərlə Avropa ölkələrindən belə, xeyli geri qalırıq. Təəssüf ki, xəstəxanalarda bu sahədə maarifləndirmə zəifdir. Hətta yeni ana olan xanımlara körpələri üçün süni qidalardan istifadə etmələri tövsiyə olunur. Araşdırmalardan məlum olub ki, bu qidalar bəzən təbii süddən yox, quru süddən hazırlanır. Eyni zamanda, onların tərkibinə kimyəvi maddələr, qatqılar əlavə olunur ki, məhsul uzun müddət qalsın. Belə süni qidalar yeni doğulmuş körpə üçün təbii qidanı heç vaxt tam əvəz edə bilməz.
Bəs, süni uşaq qidaları körpələr üçün doğrudanmı deyilən qədər zərərlidir? Elədirsə, körpələrin səhhətində hansı problemləri yaradır? Uşaq qidalarına olan tələbatın ildən-ilə artmasının səbəbi nədir? Uşağın neçə ayından süni qidaya keçmək olar? Zərurət olduqda uşaq qidası seçərkən nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı Pressklub.az saytına danışan pediatr Elşən Tağıyev deyib ki, uşaq ilk 6 ayında yalnız ana südü ilə qidalanmalıdır.
“Körpə üçün ən yaxşı qida ana südüdür. Bizim məqsədimiz odur ki, uşaq ilk 6 ayında yalnız ana südü ilə qidalansın. Lakin bu və ya digər səbəbdən uşaq ana südü ilə qidalana bilmirsə, yaxud ana südü çatmırsa, eləcə də nadirən rast gəlinən tibbi göstərişlərə əsasən ana südü vermək olmazsa, bu zaman süni qida verilə bilər. Digər bütün hallarda körpəyə ana südü verilməlidir. Bundan əlavə, uşağa ana südü çatmayanda bəzi valideynlər onu keçi və ya inək südü ilə əvəzləyirlər. Amma bu uşaq üçün zərərlidir”.
Doktor bildirib ki, ümumən süni qidalarda qlobal bir problem yoxdur. Qidalar iki qrupa bölünür. Ekonom (yəni ucuz, orta qiymət) və premium klass (yəni bahalı) qidalar. Bahalı qidalar keçi südü əsasında hazırlanan qidalardır: “O demək deyil ki, bahalı qida daha yaxşıdır. Sadəcə keçi südü ilə hazırlanan qidalar inək südünə nisbətən daha az istehsal olunur ona görə də daha baha olur. Amma ümumilikdə keçi südü və inək südü ilə hazırlanan qidalar arasında fərq yoxdur. Bu sadəcə marketinq strategiyasıdır”.
Müsahibimiz deyib ki, tibbi göstəriş varsa, ilk aylarından uşağı süni qidaya keçirmək olar. Amma ana südü varsa, 6 aya qədər körpə ana südü ilə qidalanmalıdır: “Süni qidalara olan tələbatın artmasının səbəbi bəzi doğum evlərində uşaq doğulandan sonra dərhal anaya verilməməsi və süni qida ilə qidalandırılmasıdır. Amma qaydalara görə, doğulandan sonra 2 saat ərzində uşaq ana ilə qalmalı, təmasda olmalıdır. Bu müddətdə uşaq ana südü ilə qidalanır, ananın südü də artır. Uşaq süni qida ilə qidalanmağa başlayandan sonra ana südündən imtina edir. Beləliklə, ananın südü kəsilir. Ona görə də, uşaq doğulan kimi anaya verilməli, ana südü ilə qidalanmalıdır. Ana südünü əvəz edəcək heç bir qida yoxdur. Ana südü ilə böyüyən uşaqlar daha sağlam olur, immunitetləri yüksəlir. Bağırsaqlar daha düzgün formalaşır, allergik xəstəliklər riski daha az olur”.
Keçmişdə analar körpələrinə 2, 3 və hətta 5 yaşına kimi ana südü veriblər. İndi isə analar ilk gündəncə “fiquram pozulacaq” deyərək, körpəni ana südündən məhrum edirlər. Amma onlar uşağına hansı zərbə vurduqlarını bilmirlər. Çünki körpəliyində ana südü ilə qidalanmayan uşaqların böyüdükcə səhhətində müəyyən problemlər yaranmağa başlayır. Bunların başında immunitet zəifliyi gəlir. Ona görə də, hər bir körpə an azı 6 ayına kimi ana südü ilə qidalanmalıdır.
Günay Elşən