Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Əfsanə bitdi: “Doqquz canlı döyüşçü” öldürüldü
İsrailin 34 il axtardığı Məhəmməd Deyf kimdir?

İsrail Müdafiə Ordusu iyulun 13-də endirdiyi zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Deyfin öldürüldüyünü bildirib. BBC rus xidməti hələ iyulun 16-da, sözügedən zərbənin nəticəsi məlum olmayanda Deyfdən bəhs edən məqalə hazırlamışdı. Həmin məqaləni təqdim edirik. 

HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Deyf İsrail hərbçilərinin əsas hədəflərindəndir. İsrail bir neçə ildir ki, radikal qruplaşmanın liderlərindən birini öldürməyə çalışır. Deyfin indi harada olması və sağ olub-olmaması dəqiq məlum deyil. 

Son günlər İsrail hərbçiləri qaçqın düşərgəsinə və BMT idarəçiliyi altında olan, mülki şəxslərin sığındığı bir neçə məktəbə zərbələr endiriblər. 

Onlar deyirlər ki, iki nəfər bombardmanın qurbanı olub - HƏMAS-ın hərbi qanadının başçısı Məhəmməd Deyf və onun yaxın silahdaşı Rafa Salama. Hərbçilər Salamanın öldüyünü bildirirlər. 

HƏMAS-ın rəsmi nümayəndəsi bazar günü (iyulun 14-də) söyləyib ki, Deyf “qaydasındadır və əməliyyatları bilavasitə müşahidə edir”. İki İsrail məmuru isə Blinkenə Deyfin aqibətindən əmin olmadıqlarını deyiblər. 

İsrail xüsusi xidmət orqanları HƏMAS rəhbərliyində müstəsna dərəcədə mühüm fiqur saydıqları Deyfi aradan götürməyə ilk dəfə cəhd etmirlər.  

Məhəmməd Deyf kimdir?

Deyf həbsdən qaçandan və ən azı yeddi qəsddən yayınandan sonra Qəzzada az qala mifik statusa malikdir. 

Deyilənlərə görə, o, Qəzzadakı Xan Yunis qaçqın düşərgəsində 1965-ci ildə, sektor Misir işğalında olarkən doğulub. 

Deyfin əsl adı Məhəmməd Dian əl-Masridir (eləcə də Əbu Xalid və ya əl-Deyf kimi tanınır). O, HƏMAS-ın hərbi qanadı olan “İzəddin əl-Qəssam briqadaları”na başçılıq edir. 

Fələstinlilər onu HƏMAS-ın “beyni” adlandırırlar, israillilər isə onu “ölüm carçısı” və ya “Doqquz canlı döyüşçü” kimi tanıyırlar. 

Deyf Qəzzanın İslam universitetində oxuyaraq, bakalavr diplomu əldə edib. Tələbəlik illərində aktyorluq sənətinə (və ümumən teatra) sevgisi ilə məşhur idi və hətta orada səhnə truppası yaratmışdı. 

1987-ci ildə HƏMAS-ın yaradıldığı elan ediləndə Deyf onun sıralarına ilk qoşulanlardan olub. İsrail hakimiyyəti onu 1989-cu ildə həbs etdi və bir ildən çox barmaqlıqlar arxasında qaldı. 

Həbs zamanı Deyf İsrail əsgərlərinin girov götürülməsi üçün HƏMAS-dan ayrıca qrupun, həmin “Əl-Qəssam briqadaları”nın yaradılması barədə Zəkəriyə əl-Şorbaqi və Salah Şehade ilə razılığa gəlir. 

Həbsxanadan çıxan Deyf dağınıq “İzəddin əl-Qəssam briqadaları”nı vahid hərbi təşkilatda birləşdirdi və onun liderlərindən biri oldu (bir neçə briqadanın liderləri ilə birlikdə). 

HƏMAS-ın marka silahı - “Qəssam” raketlərinin yaradılmasını və HƏMAS yaraqlılarının blokpostlardan yayınaraq İsrail ərazisinə daxil olması üçün yeraltı tunellərin qazılmasını Deyfə aid edirlər. Onun vaxtının çoxunu məhz bu tunellərdə keçirərək israillilərdən gizləndiyi və əməliyyatlara rəhbərlik etdiyi deyilir.  

Ona qarşı ən böyük ittiham isə - 1996-cı ilin əvvəllərində terror aktları üçün bombalar hazırlayan (o zaman avtobus partlayışları nəticəsində 50-yə yaxın israilli öldü) Yəhya Ayyaşın qətlinə cavab olaraq bir sıra “qisas əməliyyatları” hazırlaması və onlara bilavasitə rəhbərlik etməsi, 1990-cı illərin ortalarında üç İsrail əsgərinin ələ keçirilməsi və öldürülməsidir. 

2000-ci ildə İsrail hakimiyyəti onu tutmağa və yenə həbsxanaya göndərməyə nail oldu, amma Deyf İkinci intifadanın əvvəlində qaça bildi və o vaxtdan onun haqqında, demək olar, heç nə dəqiq məlum deyil: o, ardınca iz buraxmamağa çalışır.

Deyfin israillilərə məlum olan cəmi üç fotosu var: onlardan biri çoxdan, hələ cavan olarkən çəkilib, ikincisində üzünü maska örtüb, üçüncüsündə isə ümumiyyətlə, kölgəsi görünür. 

“O, HƏMAS-ın xüsusilə amansız nümayəndəsi sayılır”, - Yaxın Şərqdə təhlükəsizlik üzrə analitik, ABŞ Dövlət departamentində terrorizmlə mübarizə üzrə keçmiş müşavir Metyu Levitt deyir. 

Onun sözlərinə görə, Deyf HƏMAS-ın daha davakar komandirlərinə, məsələn, Ayyaşa yaxın idi və onun himayəsində sayılırdı. Terror aktları ittihamı onun təşkilatda mənsəbini yüksəltdi. O, Salah Şehadanın 2002-ci ildə qətlindən sonra HƏMAS-ın hərbi qanadının başına keçdi. 

Deyfin həyatına çoxsaylı qəsdlərdən ən təhlükəlisi 2002-ci ildə baş verdi. O, möcüzə nəticəsində sağ qaldı, amma bir gözünü itirdi. 

İsrail hakimiyyətinin məlumatına görə, başqa qəsdlər zamanı o, ayağını və əlini itirib, üstəlik, çətinliklə danışır. 

2014-cü ildə İsrailin Qəzza sektorunda əməliyyatı zamanı hərbçilər onun arvadını və iki uşağını öldürdülər, amma Deyf yenə qurtuldu. 

O, “Əbu Xalid” ləqəbini “Kloun” pyesində eyniadlı personajı oynamaqla qazanıb. Həqiqi Əbu Xalid erkən orta əsrlərdə yaşayıb. 

“Deyf” sözünün özü ərəbcə “qonaq”, “mehman” deməkdir. O, İsrail xüsusi xidmət orqanlarının əlinə keçməmək üçün heç yerdə uzun müddət qalmadığından, hər gecəni yeni yerdə keçirdiyindən bu adı seçib. 

İsraillilərdən bu yayınmaq bacarığını təhlükəsizlik üzrə ekspertlər qismən onunla izah edirlər ki, o, müasir kommunikasiya texnologiyalarından istifadə etmir. “Telefonunuz, kompüteriniz yoxdursa, müasir xüsusi xidmətlərə öz yerinizi təyin etməkdə çətinlik yarada bilərsiniz”, - Levitt deyir.  

İsrail kəşfiyyatının keçmiş rəhbəri isə deyir ki, Deyfə indiyəcən sağ qalmaqda kömək edən amillər bunlardır: HƏMAS tunellərinin dərinliyi, köhnəlmiş kəşfiyyat məlumatları, əlaqəli xəsarət riski və döyüş sursatlarının nasazlığı.

Hətta Qəzzanın küçələrində də onu az adam tanıyar və anklav sakinlərinin çoxu onun fəaliyyətini bəyənmir. 

Sorğu nəticələrinə istinad edən Levitt iddia edir ki, fələstinlilər, görünür, ən davakar HƏMAS liderlərinə çox da heyran deyillər. 

Bununla belə, bu, atəşkəs elan olunanda bəzi fələstinlilərə küçələrə çıxmağa və Deyfin adını səsləndirməyə mane olmadı. 

Levitt hesab edir ki, Deyfin bir neçə qətl cəhdindən salamat çıxması onu əhatə edən mifləri daha da gücləndirir. 

“İsrailin onun ölümündə maraqlı olmasının əsas səbəbi odur ki, yaşlı nəslə aiddir, yüksək nüfuzu var. HƏMAS-ı yaradan liderlərdən indi çoxu həyatda deyil. Bu baxımdan, o, unikaldır”. 

HƏMAS-ın ötən ilin oktyabrın 7-də 1200 israillinin və əcnəbinin qətli, daha 251 nəfərin girov kimi Qəzzaya aparılması ilə nəticələnən hücumun təşkilatçılarından birinin də Deyf olduğu güman edilir.  

Həmin hücum İsrailin Qəzza sektorunda iri hərbi əməliyyatına səbəb oldu. HƏMAS-ın nəzarətində olan Səhiyyə nazirliyinin məlumatlarına görə, əməliyyat nəticəsində 38 700-dən çox fələstinli ölüb. 

İsrail hərbçiləri avqustun 1-də bildiriblər ki, İsrail aviasiyasının iyulun 13-də Qəzza sektoruna endirdiyi zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Deyf öldürülüb. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/cd1egz880gxo