Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Dövrümüzün yeni epidemiyası - “Bank dələduzları”
Dələduzların torundan necə qorunmalı?

Azərbaycanda bank hesablarından vəsait oğurlanması artıq “epidemiya” forması almağa başlayıb. Hər gün onlarla şəxs bank hesabına müdaxilə edildiyi, hesabından xeyli, bəzən on minlərlə manat vəsait oğurlandığı barədə Daxili İşlər Nazirliyinə müraciət edir. “Bank dələduzluğu” o həddə çatıb ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev hər gün bununla bağlı ayrıca olaraq məlumat yayır, insanları ehtiyatlı və diqqətli olmağa çağırır. 

Maraqlıdır ki, Azərbaycan “bank dələduzlarının” geniş qol-qanad açdığı əsas ölkələrdən biridir. Bu da səbəbsiz deyil. İnsanlar hələ də bank hesablarını necə qorumalı olduqlarından tam məlumatlı deyillər. Onlar bank fırıldaqçılığı deyiləndə, ilk növbədə haker hücumunu nəzərdə tutaraq, bundan sığortalı olduqlarını düşünürlər. (Qeyd edək Pressklub.az ötən yazılarından birində kiberdələduzluqla bağlı araşdırma edib.) 

Müasir bank dələduzları isə fərqli və çeşidli üsullarla fəaliyyət göstərirlər. Onlar bank hesabını telefon zəngi və ya digər üsullarla məhz istifadəçinin özündən alırlar. İnsanlar bu fırıldaqdan xəbərdar olsa da, bir göz qırpımında aldanırlar. Dələduzun şirin dili və zəhmətsiz əlavə gəlir əldə etməyin şirinliyi onları yoldan çıxarır. 

Yuxarıda da qeyd etdiyimiz kimi, bank kartlarından pul oğurlanmasının çeşidli üsulu var. Bunlardan biri “fişinq” əməliyyatıdır. Bu əməliyyat zamanı müəyyən üsullarla istifadəçinin adı, şifrəsi, kart və digər həssas məlumatları dələduzlar tərəfindən ələ keçirilir. “Fişinq” hücum zamanı dələduz saxta veb-sayt yaradır. Sonra isə müxtəlif şirnikləndirmə üsullarından istifadə edərək hər hansı bir şəxsi sayta cəlb etməyə çalışır. Burada həmin şəxsin gizli istifadəçi məlumatları, adı, şifrəsi, şəxsi hesab məlumatları əldə edilir. Sonda da bu məlumatlar fırıldaqçılıq fəaliyyətinin həyata keçirilməsində istifadə edilir.

Digər metod isə “vişinq” əməliyyatıdır. “Vişinq” “fişinq”dən fərqlənir. Bu əməliyyatdan istifadə edən dələduzlar telefonla zəng edir, özlərini bank, hüquq-mühafizə orqanları, yaxud da digər qurumun əməkdaşı kimi təqdim edirlər. Dələduz müxtəlif üsullarla şəxsin məxfi məlumatlarını əldə edir və bu zaman məxfi məlumatları soruşma səbəbini müxtəlif bəhanələrlə izah edir. 

Bəs bu təhlükədən qorunmaq üçün insanlar ən çox nəyə diqqət etməlidir?

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən DİN-in mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, insanlar şəxsi məlumatlarını heç kimlə bölüşməməlidir.

“Tanımadığınız şəxslərə kart məlumatlarınızı verməyin. Şübhəli linklərə keçid etməyin. Şifrələrinizi heç kimlə paylaşmayın. Bank kartının son istifadə tarixi, CVV kodu və 3D təhlükəsizlik kodunuzu heç kimlə bölüşməyin. Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin. Həmçinin iki faktorlu doğrulamaları aktivləşdirin”. 

Maraqlıdır, bu cür dələduzluq hallarının artmasına səbəb nədir? Və problemdən qorunmaq üçün nə edilməlidir?

Bank məsələləri üzrə mütəxəssis Asif İbrahimov Pressklub.az-a açıqlamasında bildirib ki, bu təhlükədən qorunmaq üçün önləyici tədbirlər görülməlidir.

Ekspert bildirib ki, bu tip problemlərlə daha çox yeni texnologiyadan başı çıxmayanlar, eləcə də yaşlı təqaüdçülər üzləşirlər. Hətta bəzi təqaüdçülər kartın şifrəsini unutmamaq üçün məlumatları vərəqə yazıb kartın yanına qoyurlar. Bu da oğrulara daha çox fürsət yaradır. Ona görə də bu hallara daha çox Kapital Bankda və Azərbaycan Beynəlxalq Bankında rast gəlinir.

Həmsöhbətimiz deyib ki, problemin kökündə bankın öz kibertəhlükəsizlik sistemini qura bilməməsi durur: “Müasir texnologiya inkişaf etdikcə təhlükəsizlik sistemlərini gücləndirmək zəruriləşir. Ancaq bəzi banklar bu məsələyə laqeyd yanaşır. Bundan əlavə, insanların məlumatsızlığı da problemin başlıca səbəblərindəndir”. 

Müsahibimiz hesab edir ki, bank öz məhsullarının satışını həyata keçirərkən bu istiqamətdə xüsusi maarifləndirmə işləri aparmalı, videoçarxlar hazırlamalıdır: “Kartlar təqdim olunanda informasiyalar verməlidir. Xüsusi maarifləndirmə işləri həyata keçirilməlidir. Həmçinin banklarda kiberhücumlardan mühafizə sistemləri təkmilləşdirilməli, daim nəzarətdə saxlanılmalı, informasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartlar tətbiq olunmalıdır. Dələduzların qurbanına çevrilən şəxslər dərhal banka müraciət edə və ya bankın mobil tətbiqi vasitəsilə kartı bloklaya bilər”. 

Görəsən, bu cür dələduzluq edən şəxsləri qanuna görə hansı cəzalar gözləyir?

Hüquqşünas Şamil Paşayev Pressklub.az-a açıqlamasında deyib ki, məbləğ 500 manatdan 5 min manata qədərdirsə, 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 5 min manatdan 50 min manatadək olduqda 2 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər. 50 min manatdan 500 min manatadək külli miqdar, 500 min manatdan yuxarı məbləğ isə xüsusilə külli miqdar hesab edilir. Bu da 14 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Hüquqşünas deyib ki, hüquq mühafizə orqanları istintaq dövründə zərərçəkmişin oğurlanan vəsaitinin geri qaytarılmasını təmin etməyə çalışmalıdır: “Dələduz həmin pulu zərərçəkənə ödəməsə, zərərçəkən istintaqın gedişində mülki iddia qaldıra bilər. Yaxud, istintaq bitdikdən sonra müstəqil qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər”. 

Xarici ölkələrdən gələn zənglər, mesajlar, oyun-uduş kuponlarının alqı-satqısı, bəzi virtual oyunlar, keşbek tələləri də bank kartlarından oğurluq hallarına imkan yaradır. Bu cür saxtakarlıqlara qarşı gözümüzü dörd açmalı, diqqətli olmalıyıq. Həmçinin belə hallarla rastlaşanda dərhal polisə xəbər verməliyik. Bəzən insanlar “məndən keçdi” düşüncəsi ilə məsələyə önəm vermir. Amma hər kəs məsələyə məsuliyyətli yanaşıb, günahkarların cəzalandırılmasına yardım etsə, bu cür hadisələr də artmaq yerinə, azalmağa başlayar.

Müasir dövrün bəlasına çevrilən modern oğurluqlardan qorunmaq üçün insanlar bu məsələlərdə maksimum ayıq olmalı, maariflənməli və heç bir halda şəxsi məlumatlarını kənar şəxslərlə bölüşməməli, bu cür tələlərə düşməməlidir. Aidiyyəti qurumlar isə təhlükəsizlik və maarifləndirmə tədbirlərini artırmalıdır. 

Günay Elşən