Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Dərisi, əti yandırılmalı və 2 metr dərinlikdə basdırılmalıdır...
Qarayara xəstəliyi hansı fəsadları yaradır?

Bir xəstəlikdən qurtulmamış, o biri xəstəliyin sorağını alırıq. Cəmi bir neçə ay əvvəl Azərbaycanda insanların kütləvi şəkildə qızılcaya yoluxması barədə xəbərlər gəlirdi. Hətta əksəriyyəti uşaqlar olmaqla, ölüm xəbərləri də alırdıq. Son vaxtlar xəstəliyə yoluxma ciddi şəkildə səngiyib. Ölüm xəbərləri də gəlmir. Amma “Bitdi” dediyimiz anda, yeni xəstəliyə yoluxma xəbərləri gəlir... İndi də qarayara.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində qarayara diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar. Xəstələrdən hər üçündə qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir.

Maraqlıdır, bu xəstəlik necə yaranır? Simptomları nələrdir? Xəstəliyin müalicəsi necə olur, neçə gün çəkir? Əsasən hansı yaş qruplarını əhatə edir? Və xəstəlikdən qorunmaq üçün nələrə diqqət etməliyik?  Ümumiyyətlə, xəstəliyin yayılması, ölüm riski nə qədər yüksəkdir və fəsadları nədir?

Pressklub.az-ın suallarını cavablayan həkim-infeksionist Gülnar Axundzadə bildirib ki, qarayara xəstəliyinin törədiciləri bakteriyalardır. Xəstəlik heyvanlara yoluxur, heyvanlardan da insanlara keçir. Yəni, zoonoz - heyvandan insana keçən xəstəliklər qrupuna aiddir. Bu xəstəliyə bütün yaş qruplarından insanlar yoluxa bilər. Sadəcə xəstəliyə daha çox təsərrüfat işləri ilə məşğul olanlar yoluxur. Qarayaraya rayonlarda daha çox rast gəlinir.

Müsahibimiz bildirib ki, xəstəliyin bir neçə formasına görə simptomları da dəyişə bilər: “Dəri formasındakı xəstəliyin ilk simptomu dəridə qırmızı rəngdə papula (dəri səviyyəsindən yuxarı qalxan, 1 sm-dən kiçik, epidermis və ya dermanın səthi qatını zədələyən, boşluğu olmayan sıx konsistensiyalı düyüncükdür - red.) yaranmasıdır. Daha sonra papula suluqlu səpkiyə çevrilir. Suluq deşildikdən sonra həmin nahiyədə qarayara əmələ gəlir. Bu qarayara xorasının spesifik xüsusiyyəti odur ki, ortası qara, kənarları ağ haşiyəli, ağ haşiyənin ətraf toxuması isə qırmızı rəngdə olur. Qarayara spesifik gedişata malik xəstəlikdir. Asanlıqla fərqləndirmək olur. Yaranın mərkəzinə iynə ilə toxunduqda ağrı olmur. Başqa simptomlarına temperatur, halsızlıq, ümumi zəiflik, regional limfa düyünlərində böyümə aiddir. Məsələn, qoldadırsa, həmin nahiyədə qoltuqaltı limfa düyünlərinin böyüməsi və yaxud digər nahiyələrdədirsə, həmin nahiyələrdə limfa düyünlərinin böyüməsini görə bilərik. Biz qarayaranı daha çox yuxarı və aşağı ətraflarda görürük. Qarayaraya üzdə də rast gəlinə bilər. Üzdə olanı daha təhlükəli hesab olunur”.

Doktor bildirib ki, qarayaranın tənəffüs, qastrit kimi başqa formaları da olur. Yəni, mədə-bağırsaq forması. Tənəffüs forması ağ ciyərlərin qarayarası deməkdir. Hava yolu ilə yoluxur. Bu xəstəliyə az rast gəlinir. Tənəffüs və bağırsaq formalarına az rast gəlinsə də onların ölüm riski dəri formasında olandan daha çoxdur.

Müsahibimizin sözlərinə görə, xəstəliyin müalicəsində antibiotik istifadə olunur. Xəstəliyin dəri forması müalicəyə, antibiotikə çox yaxşı cavab verir. Xəstəliyin şiddətindən asılı olaraq antibiotik 7, 14, 21 günədək uzadılır. Yəni, minimum 1 həftə bu müalicə davam etməlidir.

Həmsöhbətimiz bildirib ki, xəstəlik heyvanlardan keçdiyi üçün öncəliklə heyvanların sağlamlığına diqqət etmək lazımdır: “Bunun üçün də qarayara peyvəndi var. Mütəmadi olaraq baytarlıq nəzarətində heyvanlara inyeksiya olunmalıdır. İnsandan insana yoluxması az görülsə də qarayaraya yoluxmuş insanlara xəstəxanada izolyasiya olunmaları tövsiyə olunur. Ailədə bir nəfər yoluxubsa, digər şəxslər də müşahidə altına alınmalıdır”.

Son olaraq doktor bildirib ki,  xəstəliyə yoluxan heyvanlar qısa müddətdə ölsələr də həmin heyvanların dərisindən, ətindən qəti şəkildə istifadə etmək olmaz: “Xüsusi təhlükəli infeksiyalar qrupuna aid olduğuna, hətta ölüm riskinə görə qarayaraya yoluxmuş heyvanların dərisi, əti, bütün heyvan məhsulları zərərsizləşdirilməli, yandırılmalı və ya 2 metr dərinlikdə basdırılmalıdır. Yəni, müxtəlif üsullarla zərərsizləşdirilməlidir. Ən ciddi şəkildə baytarlıq nəzarəti olmalıdır ki, bu xəstəlik yaranmasın”.

Qorxan gözə çöp düşər, deyiblər. Biz nə qədər qorxsaq da, çəkinsək də, xəstəlik bir şəkildə bizi tapır. Amma qorxub heç nə etməməkdənsə, soyuqqanlılıqla xəstəlikdən qorunmaq üçün gərəkli olan hər şeyi etməliyik. Təhlükənin olduğunu hiss ediriksə, onun gəlməsinə mane olmaq üçün çalışmalıyıq. Məsələn, heyvanlara vaxtlı-vaxtında peyvənd vurulmalı, baytar yoxlanışından keçirməli, xəstəliyə yoluxmuş heyvanlarla təmasdan çəkinməli, önləyici tədbirləri gözardı etməməliyik.

Məsuliyyətli olaq, sağlamlığımızın qeydinə qalaq.

Günay Elşən