Logo
news content
User
Kateqoriyalar

Araşdırma

COP29 təhlükəsi: meymunçiçəyi Azərbaycana gələ bilərmi?
Meymunçiçəyi nədir, necə yayılır? COP29 zamanı Azərbaycan hansı tədbirləri görməlidir?

Ardı-arası kəsilməyən virus xəstəlikləri sırasında bu dəfə növbə meymunçiçəyindədir. Hələ COVİD-19 yenicə səngiyən vaxtlarda meymunçiçəyi virusunun yayıldığı barədə xəbərlər dünyada çaxnaşma yaratmışdı. 92 ölkədə meymunçiçəyinə 35 min yoluxma faktı qeydə alınmışdı. Yenicə pandemiyadan qurtulan dünyanı yeni bir pandemiya təhdid edirdi… 

Son aylarda bu virusun dünyada yenidən yayıldığı barədə statistika açıqlanır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi mətbuata açıqlamasında bildirib ki, əsas narahatlıq xəstəliyin sürətlə yayılması ilə bağlıdır: "Hələ ki qapanmalara ehtiyac yoxdur. Amma meymunçiçəyinin bütün dünyaya yayılmasını və pandemiyaya çevrilməsini istəmirik”.

Qeyd edək ki, ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus bəyan edib ki, bu il 16 mindən çox şəxs meymunçiçəyi (mpox) virusuna yoluxub, nəticədə 575 nəfər ölüb. Qlobal mpox epidemiyasının başladığı 2022-ci ildən bəri dünyada 100 mindən çox insan meymunçiçəyi xəstəliyinə yoluxub və bu rəqəm artmaqda davam edir: “Virus bütün dünyada aşağı səviyyədə yayılır, lakin Afrika regionu xəstəliyin görünməmiş böyüməsi və coğrafi genişlənməsi ilə üzləşib. Virusun ötürülməsi hazırda Konqo Demokratik Respublikasında (DRC) daha çoxdur. Belə ki, 2024-cü ildə yoluxma hallarının 90%-i bu ölkədə qeydə alınıb”.

Yoluxmaların artmasına baxmayaraq, Avropa İttifaqının (Aİ) Sağlamlıq Təhlükəsizliyi Komitəsi meymunçiçəyinə görə bölgədə fövqəladə vəziyyət elan etmək üçün heç bir səbəb görmür.

Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Stefan de Kersmaker Brüsseldə keçirdiyi brifinqdə deyib ki, məsələyə yanaşmaları elmi dəlillərə əsaslanır: “Avropa Komissiyası və Aİ-yə üzv dövlətlər vəziyyəti müzakirə etmək və sonrakı addımları necə əlaqələndirmək barədə düşünmək üçün bir araya gəliblər. Səhiyyə Təhlükəsizliyi Komitəsi razılaşıb ki, meymunçiçəyi hazırda Avropada fövqəladə hal hesab edilmir”.

Qapanmaların olmayacağı sevindirici xəbərdir. Üstəlik dünyada tüğyan edən, qonşu ölkələrə qədər gəlib çıxan meymunçiçəyinə Azərbaycanda yoluxma faktı qeydə alınmayıb. Bu lap da sevindiricidir. Hətta virusun özündən qabaq peyvəndi Azərbaycana gəlib çıxıb. Amma məsələnin qaranlıq və maraqlı tərəfi var: İnfeksiyaların baş qaldırdığı fəsildə, Azərbaycanda COP29 kimi kütləvi beynəlxalq tədbir keçiriləcək. Azərbaycan üçün kifayət qədər əhəmiyyətli olan COP29-un keçiriləcəyi zamanda müxtəlif ölkələrdən təxminən 85 min insan paytaxta axın edəcək. Azərbaycanda həmin günlərdə yoluxma halları arta bilərmi? Ümumiyyətlə, meymunçiçəyi nədir, necə yaranıb? Simptomları nələrdir? Necə yayılır? Hansı insanlar risk qrupundadır? Müalicəsi necə aparılır? Nəhayət, insanlar bu xəstəlikdən qorunmaq üçün nə etməlidir?

 Uzman-infeksionist Mədinə Abdullayeva Pressklub.az-a açıqlamasında deyib ki, meymunçiçəyi, latınca adı “Monkeypox” – çiçək virusu “poxviridae” ailəsindəndir. Virusun “meymun çiçəyi” adlandırılmasının səbəbi ilk dəfə Danimarkada meymunlarda aşkarlanmasıdır. Bu virus insanda ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında aşkarlanıb. Bu infeksiyanın mənbəyi əsasən, mərkəzi və qərbi Afrika ölkələrinin ucqar hissələrində, tropik yağış meşələrinin yaxınlığında yerləşir. İndi xəstəliyin dünyada həyəcan yaratması öncədən görülməmiş ölkələrdə bu xəstəliyin aşkarlanması və Afrikada da xəstəliyin artmasına görədir. 

Doktor bildirib ki, virus təmas yolu ilə yoluxur. Dəri təması, ağız təması, xəstə insanın istifadə etdiyi əşyaya toxunmaq virusa yoluxdura bilər: “Həmçinin uzun müddət qarşılıqlı, yaxın məsafədən söhbət edərkən tüpürcək damcıları selikli qişalara düşür və yoluxmaya səbəb olur. Virus  heyvanlardan insana yoluxa bilər. Heyvanla təmas, onu ovlamaq, dərisini soymaq, bişirmək, yemək xəstəliyə yoluxma riskini artırır”.

Müsahibimiz bildirib ki, dəridəki səpkilər papül (səpkiyə bənzər şişlik-red.), nodül (1 sm-dən yüksək dərinin alt hissəsində yaranan şişkinlik-red.), vezikül (maye və ya qanla dolu qabarcıq-red.), püstül (irin və ya ağ maye ilə dolu qabarıq sızanaq-red.) mərhələlərini keçir. Sonda quruyub, qabıqlayaraq, düşür. Düşənə qədər həmin xəstələr yoluxucu olur. Səpkilərlə yanaşı, xəstəliyin simptomları qızdırma, halsızlıq, ciddi əzələ ağrısı, kürək ağrısı, böyümüş və ağrılı limfa düyünləridir. Ümumilikdə isə xəstəlik yüngül keçir: “Səpkilər başlayandan 2-4 həftə ərzində xəstəlik öz-özünə sağala bilər. Ancaq bir qrup xəstələrdə, xüsusilə də immuniteti zəif xəstələrdə, hamilələrdə ciddi dərəcədə ağırlaşma ola bilər. Xəstəliyin ölüm faizi ilə əlaqədar konkret məlumat yoxdur. Fərqli araşdırmalarda fərqli faizlər verilir. Xəstəlik ensefalit (beyin iltihabı-red.), miokardit (ürəyin əzələ qişasının ağır iltihabi xəstəliyi-red.) kimi ağırlaşmalar yarada bilər”.

İnfeksionistin sözlərinə görə, xəstəliyin müalicəsi üçün spesifik bir dərman yoxdur. Amma çiçək üçün istifadə olunan peyvəndin 85 faizdən çox qoruyucu olduğu göstərilib. Eyni zamanda, çiçək üçün istifadə olunan bir çox antivirallar (virus əleyhinə dərman-red.) məsələn, “Tecovirimat” dərmanı bir çox ölkələrdə müalicə üçün təsdiqlənib. Amma bununla bağlı tədqiqatlar davam edir. 

Doktor sonda COP29 məsələsinə də toxunub: “Təbii ki, COP29 zamanı xəstəliyin yayılma riski var. Fərqli ölkələrdən yüzlərlə insan gələcəyinə görə, mütləq ciddi yoxlanış olmalıdır ki, xəstəliyin yayılması üçün şərait yaranmasın. Xüsusilə hər hansı simptomu olan xəstələr mütləq maska taxıb, özlərini izolyasiya etməlidir. Və ya simptomu olan biri ilə təmas edən xəstələrin, heç bir şikayəti olmasa belə, 21 gün ərzində maska taxıb, izdihamlı yerlərdən uzaq qalmalıdır”. 

Bu o deməkdir ki, COP29 zamanı normal vaxtdan iki, üç qat artıq ehtiyatlı olmalıyıq. Aidiyyəti qurumlar isə ciddi yoxlanış tədbirləri həyata keçirməlidir. Onsuz da Azərbaycana kifayət qədər turist axını var. İndi isə bu riskin üzərinə daha böyük risk daşıyan COP29 gəlir. Ona görə də maksimum dərəcədə tədbirli olmaqda fayda var...

Günay Elşən