“Cəllad”ın oğurlanması: gecəyarısı asıldı, bir neçə saat sonra isə...
Ölüm düşərgələrinin “memarı” ədalətdən necə gizlənmişdi?
19 May 2026
1960-cı ilin yazında İsrail xüsusi xidmət orqanları Argentinada nasist cəllad Adolf Ayxmanı izləyib tapdılar və gizli şəkildə İsrailə apardılar. O, tezliklə insanlığa qarşı dəhşətli cinayətlərə görə ölüm cəzasına məhkum edildi.
Əsas nasist cinayətkarlardan biri olan bu adamın adı Nürnberq prosesinin iclaslarında dəfələrlə səslənmişdi. Təkcə SSRİ-də çap edilən, özü də tam olmayan yeddi cildlik sənədlər toplusunda onun adı 119 dəfə çəkilir. O, 15 il ədalətdən gizlənə bildi və nəhayət, 1960-cı ildə İsrail xüsusi xidmət orqanları onu Argentinada taparaq İsrailə gətirdilər. Bu adam Adolf Ayxman idi. Onun əsas günahı Avropa yəhudilərinin məhv edilməsi üzrə nasist planının hazırlanmasında, təşkilində və həyata keçirilməsində praktiki rol oynaması idi.
Gənc nasist
Adolf Ayxman 1906-cı il martın 19-da Almaniyanın Zolingen şəhərində Elektrik Tramvay Şirkətinin mühasibinin ailəsində anadan olmuşdu. Səkkiz il sonra ailə Avstriyanın Lints şəhərinə köçdü; Ayxmanın atası oradakı tramvay şirkətinə kommersiya direktoru vəzifəsinə təyin edilmişdi. Lintsdə Adolf əvvəlcə ibtidai, sonra real məktəbdə oxudu, 1921-ci ildə isə mexanik ixtisası almaq üçün Ali Elektrotexnika, Maşınqayırma və Tikinti Məktəbinə daxil oldu.
O, zəif oxuduğu üçün heç bir təhsil müəssisəsində diplom ala bilmədi. Bir neçə ay şaxtada fəhlə işlədi, sonra təxminən iki il Yuxarı Avstriya Elektrik Şirkətinin satış şöbəsində, daha beş il isə neft şirkətində çalışdı. Elə həmin dövrdə Ayxman Birinci dünya müharibəsində iştirak etməsə də, “Cəbhəçi Gənclər İttifaqı” təşkilatına daxil oldu. 1931-ci ildə o, Lintsdə nasistlərin toplantılarına müntəzəm qatılırdı. Belə görüşlərin birində Ernst Kaltenbrunner ona yaxınlaşaraq nasist partiyasına və SS sıralarına daxil olmağı təklif etdi. Ayxmanın şəxsi işində partiyaya və SS-ə qəbulunun dəqiq tarixi göstərilib — 1 aprel 1932-ci il.

Ayxmanın köməkçisi, SS hauptşturmfüreri Diter Vislitseni Nürnberq Beynəlxalq Hərbi Tribunalının iclasında Ayxmanla Kaltenbrunnerin uzun illər dost münasibətlərini qoruduqlarını söyləmişdi: “Kaltenbrunner təhlükəsizlik polisinin rəisi təyin olunanda Ayxman öz məmnunluğunu bildirdi... Hər hansı çətinliyi olsa, həmişə birbaşa Kaltenbrunnerə müraciət edə biləcəyini deyirdi”.
Dünya iqtisadi böhranı Avstriyadan da yan keçmədi. 1933-cü ilin yazında Ayxman işsiz qaldı. Bu dövrdə ölkədə siyasi dəyişikliklər baş verdi: kansler seçilmiş Engelbert Dolfus italyan faşizminə yönəlmiş avtoritar rejim qurdu. Dolfus Almaniya ilə birləşməyə qarşı çıxırdı, xüsusilə də Adolf Hitler hakimiyyətə gəldikdən sonra bundan ehtiyat edirdi. Buna görə o, kommunist partiyası ilə yanaşı, 1933-cü ilin iyununda nasistlərin fəaliyyətini də yasaqladı.
“Yəhudi məsələsi” üzrə mütəxəssis
Ayxman Almaniyaya köçmək qərarına gəldi; orada ona SS təlim düşərgələrində hazırlıq keçmək təklif olundu. O, 1933-cü ilin avqustundan 1934-cü ilin sentyabrınadək həmin düşərgələrdə oldu. Tezliklə ona SS şarfüreri rütbəsi verildi. 1934-cü ilin martında reyxsfürer SS Henrix Himmlerin rəhbərliyi altında SD — təhlükəsizlik xidməti yaradıldı. Yeni strukturun kadrlara ehtiyacı vardı və Ayxman xidmətə qəbul olunmaq üçün raport yazdı. Onu informasiya şöbəsinə qəbul etdilər və masonlar haqqında material toplamağı tapşırdılar, lakin bir neçə aydan sonra yeni yaradılmış xüsusi “yəhudi şöbəsi”nə keçirdilər.
Həmin dövrdə antisemitizm Üçüncü Reyxin daxili və xarici siyasətinin təməl daşına çevrilmişdi. Almaniya yəhudilərinə qarşı əvvəl göstərişlərlə, daha sonra isə xüsusi qanunlarla rəsmiləşdirilmiş mülki, siyasi, iqtisadi və mədəni ayrı-seçkilik başlandı. Onlar dövlət xidmətindən, ordudan, məhkəmələrdən və ali məktəblərdən uzaqlaşdırılırdılar. Bu siyasətin zirvəsi 1935-ci il sentyabrın 15-də qəbul olunmuş “Reyx vətəndaşı haqqında” və “Alman qanının və şərəfinin qorunması haqqında” qanunlar oldu: “Yəhudi imperiyanın vətəndaşı ola bilməz. Onun siyasi məsələlərdə səsvermə hüququ yoxdur; o, dövlət vəzifəsi tuta bilməz…”
Yəhudilərin seqreqasiyası başladı, onlar vətəndaş hüquqlarından məhrum edildilər, yəhudilərlə arilər arasında nikahlar qadağan olundu.
Yeni hakimiyyətin planına görə, məhdudiyyət və təqiblər yəhudiləri Almaniyanı tərk etməyə məcbur etməli idi; “dünya yəhudiliyi”nə qarşı mübarizənin ilk mərhələsində ölkənin onlardan “təmizlənməsi” nəzərdə tutulurdu. Nasistlər Fələstində yəhudi dövləti yaratmağı qarşıya məqsəd qoyan sionizmlə maraqlanmağa başladılar. Ayxman sionist hərəkatın strukturunu, ədəbiyyatını və proqramlarını öyrəndi. Ona sionist təşkilatları nəzarətdə saxlamaq tapşırıldı. 1937-ci ildə SS hauptşarfüreri rütbəsində Fələstinə ezam olundu - yəhudi nümayəndələri ilə əlaqələr yaratmaq üçün. Ayxman Hayfaya gəldi, lakin görüş baş tutmadı, çünki Britaniya hakimiyyəti onu dərhal ölkədən çıxardı.
1938-ci ilin martında Avstriyanın anşlüsü baş verdi və Ayxman oraya göndərildi ki, alman təcrübəsindən istifadə edərək Avstriya yəhudilərinin məcburi mühacirətini təşkil etsin. Ayxman özünü bacarıqlı təşkilatçı kimi göstərdi — deportasiya üçün özünəməxsus “konveyer” yaratdı.
Onun fəaliyyəti mükafatsız qalmadı: 1939-cu ilin dekabrında o, Reyx Baş Təhlükəsizlik İdarəsinin yəhudilərin köçürülməsi məsələləri ilə məşğul olan IV şöbəsinə rəhbər təyin edildi. Sonralar şöbə IV B 4 adlandırıldı və 1941-ci ilin sonundan etibarən “yəhudi məsələsinin qəti həlli”, o cümlədən yəhudilərin gettolara və məhvetmə düşərgələrinə deportasiyası ilə məşğul oldu.
Hərbi cinayətkar
Almanlar Polşanı işğal etdikdən sonra Adolf Ayxman Varşava, Lodz və Lyublində yaradılmış ən böyük gettolara baxış keçirirdi. O, dəfələrlə şərqə gedərək yəhudilərin deportasiyası və məhv edilməsinin nəticələrini yoxlayırdı. 1941-ci ilin payızında Minsk və Lvovda yəhudilərin kütləvi güllələnməsi zamanı iştirak etmiş, bundan sonra gestaponun rəhbəri, SS qruppenfüreri Henrix Müllerə bildirmişdi ki, güllələnmələr qeyri-humanistdir və “biz öz adamlarımızdan sadistlər yetişdiririk”. Buna görə də səyyar qaz kameralarından daha səmərəli istifadə etmək lazımdır.

Ayxman məhvetmə düşərgələrinin tikintisinə və fəaliyyətinə nəzarət edirdi. O, Xelmnoda artıq yəhudilərin səyyar qaz kameralarında məhv edilməsində iştirak etdi, Treblinka və Auşvits (Osventsim) ölüm düşərgələrində yoxlama apardı.
1941-ci ilin oktyabrında Ayxmana SS oberşturmbannfüreri rütbəsi verildi. Təqdimatda xüsusi qeyd olunurdu: Ayxman sayəsində Reyxin mülkiyyətinə nəhəng sərvətlər keçmişdir.
O, 1942-ci il yanvarın 20-də keçirilmiş Vanze konfransının təşkilatçılarından biri oldu. Məhz həmin konfransda “yəhudi məsələsinin qəti həlli” təsdiq edildi. Konfrans Ayxmanın ideyası idi; o, Reyx Baş Təhlükəsizlik İdarəsinin rəhbəri Reynxard Heydrixin çıxışı üçün tezislər hazırlamışdı.
Diter Vislitseni Nürnberq prosesində ifadə vermişdi: Ayxmanın IV idarənin rəisi qruppenfürer Müllerdən və təhlükəsizlik polisinin rəhbərindən xüsusi səlahiyyətləri vardı. O, Almaniyada və Almaniyanın işğal etdiyi bütün ərazilərdə “yəhudi məsələsinin həlli”nə cavabdeh idi.
Əvvəllər Ayxman “məcburi mühacirət” üzrə mütəxəssis idisə, müharibə illərində özünü ölüm düşərgələrinə “məcburi köçürmə” üzrə mütəxəssis kimi göstərdi. O, Fransa, Hollandiya və Belçikadan yəhudilərin şərqə, düşərgələrə deportasiyasını təşkil etdi. Almanlar 1944-cü ilin martında Macarıstanı işğal etdikdən sonra Ayxman Budapeştə gəldi və macar yəhudilərinin məhv edilməsi ilə məşğul oldu. Əməliyyat Karpatarxası Ukraynaya və oradakı 200 mindən çox yerli yəhudiyə də şamil edilirdi. Üstəlik, Ayxmanın şəxsi göstərişi ilə, Henrix Himmlerin əmrlərindən yan keçərək 450 min macar yəhudisi Auşvitsə göndərildi.
SS şturmbannfüreri Vilhelm Hötl Nürnberq prosesində ifadə vermişdi ki, o, 1944-cü ilin avqustunda Budapeştdə Ayxmanla söhbət edib və ondan ümumilikdə nə qədər yəhudinin məhv edildiyini soruşub. Ayxman cavab verib: Təxminən 4 milyon müxtəlif konslagerlərdə məhv edilib… əlavə olaraq daha 2 milyon yəhudi başqa yollarla öldürülüb. Onların böyük hissəsi Rusiyaya qarşı kampaniya zamanı təhlükəsizlik polisinin operativ bölmələri [düzgünü: aynzatssruplar — “İstorik”] tərəfindən güllələnib.
Vislitseni isə qeyd edirdi ki, 1945-ci ilin fevralının sonunda Ayxman ona “vicdanında təxminən 5 milyon insanın olduğunu” söyləmişdi.
Başqa ad altında
Müharibənin son günlərində Ayxman amerikalılara əsir düşdü. O, özünü başqa adla təqdim etdi və SS əsirləri üçün düşərgəyə göndərildi. Dindirmələr zamanı onun kimliyini müəyyən edə bilmədilər. Nürnberq prosesində Ayxmanın adı dəfələrlə çəkilirdi. Düşərgədə bunu qəzetlərdən bilirdilər və Ayxman qaçmağa qərar verdi.
Qaçdıqdan sonra o, Hamburq yaxınlığındakı kənddə əsirlik yoldaşlarından birinin qohumlarının yanında Otto Heninqer adı ilə gizləndi. Dörd il meşə qıran kimi işlədi. 1950-ci ilin əvvəlində o, ODESSA — keçmiş SS üzvlərinin təşkilatı ilə əlaqə qurdu; bu təşkilat hərbi cinayətkarların əsasən Latın Amerikasına qaçmasına kömək edirdi.
Ayxman İtaliyaya gəldi və orada bir fransiskan keşişindən — kimə yardım etdiyini yaxşı bilən keşişdən — Rikardo Klement adına saxta pasport aldı və bu sənədlə Argentinaya yollandı.
Orada o, camaşırxanada işləyir, dovşan saxlayırdı. Bir müddət sonra Ayxman Almaniyada yaşayan arvadına məktub yazaraq harada olduğunu bildirdi. Tezliklə arvadı və uşaqları Argentinaya gəldilər. Sonra o, avtomobil zavodunda daimi işə düzəldi. Bununla yanaşı, Ayxman nasist koloniyasının üzvləri ilə əlaqə saxlayır, əsl adını gizlətmirdi.
Ayxmanın axtarışı və tutulması barədə müxtəlif mənbələrdə çoxsaylı versiyalar mövcuddur. Onu həm keçmiş konslager məhbusları, həm də İsrail kəşfiyyatının əməkdaşları axtarırdılar. Hətta belə bir ehtimal da var ki, onu israilli həmkarlarına sovet xarici kəşfiyyatı “satıb”.
Tutulmanın əsas versiyasını “Mossad”ın rəhbəri İsser Harel “Cəlladın oğurlanması” kitabında təsvir edıb. 1957-ci ildə Hessen federal torpağının baş prokurorundan Ayxmanın Argentinadakı mümkün yeri barədə məlumat alınmışdı. Bu məlumatı 1938-ci ildə Almaniyadan qaçaraq Buenos-Ayresdə yaşayan alman yəhudisi Lotor Herman vermişdi.
Argentinaya israilli kəşfiyyatçılardan ibarət qrup göndərildi və onlar Ayxmanın Rikardo Klement adı ilə gizləndiyini müəyyən etdilər. Lakin o, başqa rayona — Garibaldi küçəsinə köçmüşdü. Ev arvadı Veronika Katarina de Fixmanın adına rəsmiləşdirilmişdi; o, soyadındakı bir hərfi dəyişmişdi və bu da axtarışı bir ildən çox çətinləşdirmişdi.
Buna baxmayaraq, 1960-cı il aprelin 3-də Ayxman evinin yaxınlığında tanındı və şəkli çəkildi. Onun tutulub İsrailə gətirilməsi qərara alındı. Əməliyyata birbaşa rəhbərlik etmək üçün “Mossad”ın əməliyyat şöbəsinin rəisi Rafi Eytan Argentinaya gəldi və xüsusi qrupa rəhbərlik etdi.
Buenos-Ayresdə bir neçə ev, mənzil və maşın icarəyə götürüldü, əməliyyata 30 nəfər cəlb edildi. Mayın 11-də Eytanın rəhbərlik etdiyi yeddi nəfərin olduğu iki avtomobil Ayxmanın işdən qayıtmasını gözləyirdi. Qaçırılma əməliyyatı 20 saniyə çəkdi.
Cinayətkar kirayə götürülmüş evlərdən birinə aparıldı və ilk dindirmə keçirildi. O, israillilərin əlinə keçdiyini başa düşdü və SS-dəki şəxsi nömrəsini, eləcə də nasist partiyasının üzvlük biletinin nömrəsini əzbər söylədi.
Doqquz gün Ayxman gecə-gündüz mühafizə altında qandallı vəziyyətdə saxlanıldı. Nəhayət, 1960-cı il mayın 20-də onu İsrail təyyarəsinin xəstələnmiş ekipaj üzvü kimi göstərərək İsrailə çıxarmağa nail oldular.
Qaçırılmağa reaksiya
İsrailin baş naziri David Ben-Qurion nasist Almaniyasının digər rəhbərləri ilə birlikdə 6 milyon yəhudinin məhv edilməsinə görə məsuliyyət daşıyan Adolf Ayxmanın tutulduğunu knessetdə rəsmi şəkildə elan etdi. Dünya mətbuatı dərhal bu xəbəri yaydı. TASS agentliyi cinayətkarın ələ keçirilməsi barədə məlumatı 1960-cı il mayın 25-də dərc etdi.
Ayxmanın gizli şəkildə aparılması Latın Amerikasında nasistlər üçün yaradılmış, Amazon cəngəlliklərində və digər ucqar yerlərdə gizlənən alman məskənlərində panikaya səbəb oldu.
Argentina İsraili Ayxmanı qanunsuz oğurlamaqda ittiham etdi, onun geri qaytarılmasını istədi və İsrailin hərəkətləri ilə bağlı Birləşmiş Millətlər Təşkilatına şikayət verdi. İki həftə ərzində BMT Təhlükəsizlik Şurasında insident müzakirə olundu. Dinləmələrin gedişi sovet mətbuatında geniş işıqlandırılırdı. “Pravda” qəzeti İsrailin o zamankı xarici işlər naziri Qolda Meirin və SSRİ-nin BMT-dəki nümayəndəsi Arkadi Sobolevin çıxışlarından sitatlar gətirmişdi. Qəzet Sobolevin istənilən ölkənin nasist cinayətkarlarını cəzalandırmaq hüququ barədə bəyanatından parçaları sitat gətirməklə kifayətlənməmiş, həm də Qərb dövlətlərini sərt tənqid edərək onları keçmiş nasistləri gizlətməkdə ittiham etmişdi. “Veçernyaya Moskva” qəzeti də nasist cinayətkarlarını gizlətdiklərinə görə Qərb ölkələrini qınayan Polşa nümayəndəsinin müraciətini dərc etmişdi.
Doğrudan da, Argentinanın prezidenti Xuan Peron faşizmə simpatiya bəsləyirdi, hətta Nürnberq prosesini də pisləmişdi. Argentina, Paraqvay, Braziliya, Çili və Kolumbiyada azı 10 min nasist cinayətkar sığınacaq tapmışdı. Onların arasında Frits Ştanql, Qustav Vaqner, Auşvitsdə tibbi eksperimentlər aparan “Doktor ölüm” Yozef Mengele, “Riqa qəssabı” ləqəbli Eduard Roşman və Latviyadakı SD komandasının üzvü Herbert Tsukurs da vardı. Sonuncu 1965-ci ildə Uruqvayda “Mossad” agentləri tərəfindən öldürüldü.
İsrailin SSRİ-dəki səfiri Arye Harel xatırlayırdı ki, SSRİ xarici işlər naziri Andrey Qromıko şəxsi söhbətdə ona belə demişdi: “Martin Bormann və Yozef Mengele kimi digər nasist cinayətkarları hələ də azadlıqda gəzirlər və yalnız İsrail onları ədalətli məhkəmə qarşısına çıxara bilər”.
Sovet mətbuatı vurğulayırdı ki, proses SSRİ-nin işğal olunmuş ərazilərində baş verənlərlə birbaşa bağlıdır. Ayxman Lvov və Minskdə olmuş, Riqa, Kaunas və Vilnüsdə insanların məhv edilməsinə nəzarət etmişdi.
Təəssüf ki, buna baxmayaraq, SSRİ hakimiyyəti İsrailin Ayxmanın Sovet İttifaqı ərazisindəki fəaliyyəti barədə məlumat təqdim olunması ilə bağlı müraciətlərinə məhəl qoymurdu. Rəsmi izahatda deyilirdi ki, “bütün tələb olunan materiallar artıq Nürnberq prosesləri zamanı təqdim edilib”. Qeyri-rəsmi şəkildə isə sovet nümayəndələri əməkdaşlıq etmək istəməmələrini belə izah edirdilər ki, bu cür yardım Sovet İttifaqını “azad edən ölkə” şöhrətindən məhrum edə və İsrailin nasizmə qarşı əsas mübariz reputasiyası qazanmasına kömək edə bilər.
“Mən heç də yırtıcı deyiləm”
1961-ci il aprelin 11-də Qüdsdə Ayxman üzərində məhkəmə prosesi başladı. Bu barədə bütün dünya mətbuatı, o cümlədən SSRİ-nin mərkəzi və respublika qəzetləri yazırdı. Dünyanın müxtəlif ölkələrindən gəlmiş təxminən 500 jurnalist prosesi işıqlandırırdı.
Baş ittihamçı İsrailin baş prokuroru Gideon Hauzner idi. O, “Altı milyon ittiham edir” adı ilə məşhurlaşacaq çıxışını etdi. Məhkəmədə 100-dən çox şahid ifadə verdi.
Ayxman yəhudi xalqına qarşı cinayətlərdə ittiham olunurdu. Bu ittihamlara milyonlarla yəhudinin həbsi, müəyyən yerlərdə toplanması, ölüm düşərgələrinə göndərilməsi, qətllər və əmlakın müsadirəsi daxil idi. İttiham aktında söhbət təkcə yəhudi xalqına qarşı cinayətlərdən getmirdi. Prokuror Hauzner bildirmişdi: Biz onun başqa millətlərə mənsub insanlara qarşı törətdiyi cinayətləri də sübut edəcəyik.
Son sözündə Ayxman israr edirdi ki, o heç vaxt yəhudi düşməni, xüsusilə də qatil olmayıb: “Mən heç də yırtıcı deyiləm. Mən səhvlərin və yanlışların qurbanıyam”.

1961-ci il dekabrın 15-də o, ölüm cəzasına məhkum edildi. Ayxmanın vəkili Robert Servatius apellyasiya şikayəti verdi. O bildirirdi ki, İsrail məhkəməsinin buna səlahiyyəti yoxdur və Ayxman AFR-də mühakimə olunmalıdır. Müdafiəçi həyasızcasına iddia edirdi ki, “qaz vasitəsilə öldürmə tibbi xarakterli məsələlərə aiddir” və İsrailin məhkəmə proseduru Ayxmanın Avropada doğulmasına görə malik olduğu Avropa hüquq normalarına ziddir.
İsrail Ali Məhkəməsi apellyasiyanı rədd etdi və vurğuladı ki, “yəhudi məsələsi” ilə bağlı bütün göstərişləri şəxsən Ayxman verib: “Öz əhəmiyyətinə görə o, Müller də daxil olmaqla bütün rəhbərlərini kölgədə qoymuşdu. Təqsirləndirilənin və onun əlaltılarının fanatik canfəşanlığı və doymaz qaniçənliyi olmasaydı, “qəti həll” ideyası heç vaxt belə dəhşətli forma almazdı”.
1962-ci il mayın 31-də İsrail prezidenti İshak Ben-Tsvi Ayxmanın əfv olunması barədə müraciəti rədd etdi. Elə həmin gün gecəyarısına az qalmış nasist cinayətkar asıldı və cəsədi yandırıldı. İyunun 1-də səhər saat beşə yaxın həbsxanalar idarəsinin rəisi Arye Nir Ayxmanın külünü polis katerindən Aralıq dənizinin neytral sularına səpdi.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada