
Böyrək çatışmazlığı ilə yaşamaq: Dializ xəstələrinin görünməyən dramı
Ölkədəki dializatorların vəziyyəti necədir? Azərbaycanda yetərli sayda nefroloq varmı?
11 Fevral 2025
Böyrəklərin funksiyası tamamilə dayandığı zaman həyata davam etmək üçün böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə "dializ" və "böyrək nəqli" (transplantasiyası) seçimləri verilir. Dializ metodları sosial həyatda bir sıra problemlər yaratmasına baxmayaraq, böyrək çatışmazlığından əziyyət çəkənlərin uzun müddət yaşamasına kömək edir. Ancaq bəzi xəstələrin sağ qalmaq üçün üz tutduqları bu metod onları ölüm təhlükəsi ilə üz-üzə qoyur. Buna səbəb həm qeyri-peşəkar doktorlar, həm də müasir standartlara cavab verməyən aparatlar ola bilər.
Pressklub.az bütün bu riskləri nəzərə alaraq, bir neçə suala cavab tapmağa çalışıb:
Ölkədəki dializatorların vəziyyəti necədir, filtrləri vaxtlı-vaxtında dəyişdirilirmi? Hemodializlə yaşayan xəstələrə dövlət qayğısı necə tənzimlənir? Azərbaycanda yetərli sayda nefroloq varmı? Bölgələrdə vəziyyət necədir? Ucqar bölgələrdə yaşayan dializ xəstələri üçün hansı şərait yaradılıb? Hazırda xroniki böyrək çatışmazlığından əziyyət çəkən neçə xəstə qeydiyyatdadır? Respublikada neçə hemodializ mərkəzi fəaliyyət göstərir?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Zamirə Adilova Pressklub.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycanda Proqramlı Hemodializ Xidməti (xroniki Böyrək Xəstəliyinin terminal mərhələsində olan xəstələr üçün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” həyata keçirilir. Proqram çərçivəsində xəstələr 2024-cü ildə 32 adda dərman vasitələri, 3 adda peritoneal dializ məhlulu, dializ məsrəfləri, tibbi sərfiyyat və tibbi ləvazimat materialları ilə təchiz olunublar.
Müsahibimiz deyib ki, ölkə üzrə xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrində 4035 xəstə qeydiyyatdadır. Registrdə qeydiyyatda olan 1604 xəstə Bakı şəhəri, 104 nəfəri Naxçıvan Muxtar Respublikası (MR), 1500 xəstə isə region qeydiyyatlıdır.
Həmsöhbətimiz bildirib ki, ümumilikdə respublika üzrə 54 hemodializ mərkəzi fəaliyyət göstərir. Onlardan 11-i Bakı şəhərində, 35-i regionlarda, 8 mərkəz isə Naxçıvan MR-da fəaliyyətdədir. Mərkəzlərdə yerləşdirilən ümumi işlək hemodializ aparat sayı 723 ədəddir. Aparatlar planlı şəkildə yenilənir. Eyni zamanda xidmətin əlçatanlığının artırılması məqsədilə yeni hemodializ mərkəzləri təşkil olunur: “Beləliklə, 2024-cü ildə TƏBİB tabeli Goranboy Rayon Mərkəzi Xəstəxanasında yeni 10 aparatlıq hemodializ şöbəsi fəaliyyətə başlayıb. Mərkəzdə ayda orta hesabla təqribən 60-dan çox xəstəyə dializ xidməti göstərilir. Məlumat üçün bildiririk ki, 2025-ci ildə TƏBİB tabeli Sumqayıt Tibb Mərkəzində 10 aparatlıq 2-ci hemodializ şöbəsi fəaliyyətə başlayacaq”.
Müsahibimizin sözlərinə görə, dializator və filtrlər hemodializ prosedurunun həyata keçirilməsi üçün birdəfəlik tibbi sərfiyyat materialıdır və hər dializ seansı zamanı xəstə bu materiallarla təmin olunur (həm arteriya, həm də venoz iynə dəridən damara keçirildikdən sonra xüsusi birləşdirici borular vasitəsilə qan bir iynədən cihaza (dializator) doğru axır, filtrdən keçərək təmizlənir, o biri iynə ilə yenidən xəstənin bədəninə qayıdır).
“Hazırda TƏBİB tabeli tibb müəssisələrində 100-dən çox həkim-nefroloq vəzifəsi mövcuddur, təəssüf ki, onlardan 50% -dən çoxu vakantdır”, - müsahibimiz bildirib.
Maraqlıdır, bizim dializ xəstələrimiz digər inkişaf etmiş ölkələrlə niyə həyatını daha tez itirir? Bu hal dünya təcrübəsində necədir? Kateterizasiya pulludur, ya yox? Ölkədə hansı filterlərdən istifadə edilir? Bu sahədə hansı problemlər var?

Mövzu ilə bağlı Pressklub.az-a danışan həkim-nefroloq Aygün Quliyeva deyib ki, dializ xəstələrində əsasən kardiovaskulyar yöndən ağırlaşmalar olur. Çünki xəstələr baxımsız olurlar. Kontrolsuz diabet, təzyiq və s. xəstənin ağırlaşmasına, hətta ölümünə gətirib çıxara bilir.
Doktor hesab edir ki, ölkənin bir çox tibb müəssisələrində müasir dializ aparatları var: “Müasir dializ aparatı xəstənin qanındakı zəhərli maddələrinin atılmasını asanlaşdırır. Müasir aparatlar müasir filterlər, dializatorlar deməkdir. Amma bəzi bölgələrdə hələ də köhnə aparatlardan istifadə edilir”.
Müsahibimizin sözlərinə görə, ölüm hallarının çox olmasının səbəbi ya terapiyanın böyrəyi tam əvəz edə bilməməsidir, ya da digər orqanlara bağlıdır ki, bunun da birincisi kardiovaskulyardır. Yəni, ürək-damar sisteminə bağlıdır. Ancaq doktorun fikrincə, bu faiz əvvəlki illərə nisbətən dəyişib.
Müsahibimiz hesab edir ki, Azərbaycanda nefroloqların sayı azdır: “Hətta Türkiyədə də vəziyyət belədir. Ancaq bu sahə rezidentura məsələsindən sonra xüsusi ixtisas kimi formalaşıb. Bununla da yaxın gələcəkdə Azərbaycanda nefroloqların sayı arta bilər”.
Həmsöhbətimiz bildirib ki, həm ilkin kateterizasiya, həm də pernament (qalıcı-red) kateterizasiya icbari sığortaya daxildir. Və xəstənin ilkin dializi aparılır. Hemodializ proqramı ilə xəstə daha sonra hemoqram dializə düşür. İcbari sığorta ilə xəstələrə təkcə kateterlər yox, fistullar (bir-biri ilə əlaqəsi olmayan orqanları birləşdirən əlaqə-red) da qoyulur.
“İcbari tibbi sığortamız hələ gəncdir. Təbii ki, digər sahələrdəki kimi nefrologiyada da çatışmayan cəhətlər var. Getdikcə hər biri aradan qalxacaq. Bundan əlavə, keçən il transplantasiya dövlət proqramına salındı. Yəni, böyrək transplantasiyası icbari tibbi sığorta ilə baş tutur. Bu da bu sahədə böyük irəliləyiş deməkdir”, - doktor deyib.
Yeri gəlmişkən, 2006-cı ildən etibarən hər il martın ikinci cümə axşamı “Ümumdünya Böyrək Günü” kimi qeyd edilir. Bu, böyrəyin əhəmiyyəti haqqında qlobal informasiya və maarifçilik kampaniyasıdır. Həmin günün qeyd olunmasının əsas məqsədi beynəlxalq və dövlət təşkilatlarının, siyasi strukturların diqqətinin səhiyyəyə cəlb edilməsi, səhiyyə sisteminin inkişafına yardım göstərmək, böyrək xəstələrinin problemi ilə əlaqədar səylərin birləşdirilməsi, həmçinin tibbin bu sahəsində mütəxəssislərin təcrübə mübadiləsinin aparılması, böyrək xəstəliklərinin profilaktikası, müalicə keyfiyyətinin yaxşılaşdırılması, xəstələrə yardım göstərilməsi üçün yeni dərman preparatları və tibb avadanlıqlarının hazırlanmasına diqqəti cəlb etməkdir.
Ölkədə orqan transplantasiyasının necə və hansı şəkildə həyata keçirilməsi məsələnin digər tərəfi olsa da, təəssüflə qeyd etməliyik ki, heç də hər kəs dövlət proqramına salınan transplantasiyadan vaxtında yararlana bilmir. Çünki cəmiyyətdə orqan bağışlanması ənənəsi yoxdur. İnsanlar ölümündən sonra belə öz orqanlarını ehtiyacı olanlarla bölüşməyə qıymırlar. Xəstə də şanslıdırsa, könüllü donor tapıb xilas olur, ya da sıra gözləyərək çox vaxt arzusuna çata bilmir…
Bir müddət öncə məhz bu problemdən əziyyət çəkənlərin sırasında olan aktyor Azər Baxşəliyev dünyasını dəyişib. O, böyrək nəqli üçün donor axtarsa da, məqsədinə çata bilməyib.
Dünyada illərdir bu xəstəliyə ciddi nəzarət olsa da, Azərbaycanda bu proses yenidir. Sistemli şəkildə yenilənmə proseslərinə başlanılsa da, hələ də bəzi bölgələrimiz bu məsələdə müasirlikdən xeyli kənar qalıb. Və həmin bölgələrdəki xəstələrin əksəriyyətinin şəhərə gəlib müalicə almağa imkanı olmadığı üçün həyatlarını riskə ataraq yaşamağa, bəlkə də ölməyə məcbur qalırlar...
Günay Elşən