“Bizi bu bəlaya o sürüklədi...” – İstila ordusunun cinayətləri və bu günün günah hissi
Sadə almanlar müharibənin məsuliyyətini indi də daşıyırlarmı?
06 Sentyabr 2025
“Məni gözləmə. Məzuniyyət olmayacaq. Bir neçə dəqiqəyə bizi yük maşınlarına oturdacaqlar. Səfərbərlik əmri gəldi”.
Bu məktubu, daha dəqiqi, bir neçə gün əvvəl göndərilmiş qeydi, Vürtemberqdən Lauterbah şəhərciyinin sakini İrena Rayts 1939-cu il sentyabrın 1-də aldı. Onu yazan – İrenanın nişanlısı Ernst Huiking həmin gün Vermaxtın 163-cü piyada alayının tərkibində Polşa sərhədini keçdi. O zaman Almaniya İkinci Dünya müharibəsinə çevriləcək savaşı başlatdı. Doğrudur, alman təqvimlərində müharibənin başlama tarixi kimi həmişə sentyabrın 1-i yox, 3-ü göstərilirdi – həmin gün Polşanın müttəfiqləri Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etmişdilər. Polşaya hücum günü isə almanlar üçün sadəcə “əks-hücum” tarixi idi – nasist təbliğatı iddia edirdi ki, bu addım polyakların sərhəddə törətdiyi təxribatlar silsiləsinə cavab idi.
“Biz bir çoxları kimi inciklik və ya nifrət hissi ilə Üçüncü reyxin süqutunu arzulaya bilmərik. Xarici təhlükə ilə bu mübarizə saatında biz nə üsyana, nə də çevrilişə ümid edə bilmərik”, – deyə müharibənin ilk günü alman yazıçısı, dindar protestant və Hitlerin əleyhdarı, yəhudi qadınla evli Yoxen Klepper gündəliyində qeyd edirdi. Fulda şəhərindən müəllim, katolik və 1935-ci ildən NSDAP üzvü Vilhelm Hozenfeld isə həmin vaxt belə yazmışdı: “İndi bütün daxili siyasi ixtilaflar arxa plana keçməlidir. Hər kəs alman olmağa borcludur”. Sonradan cəbhəyə çağırılan Hozenfeld alman vətənpərvəri olaraq qalsa da, nasist ideyalarından uzaqlaşdı və işğal altındakı Varşavada xidmət etdiyi dövrdə iki yəhudini ölümdən qurtardı.
Bəs başlayan müharibədə təcavüzkarın tərəfində olmaq nə demək idi və niyə almanların mütləq əksəriyyəti öz ölkəsini təcavüzkar hesab etmirdi? Altı ilə yaxın sürən müharibə dövründə alman əhalisinin – cəbhədəki əsgərlərin və arxadakı mülki şəxslərin – baş verənləri dərk etməsi necə dəyişirdi? Və İkinci dünya müharibəsinin başlanmasında günah hissi bugünkü almanlar üçün hələ aktualdırmı? Bu haqda Yena Universitetinin professoru, 1939-cu il Polşa kampaniyası, hərbi cinayətlər və Holokost haqda kitabların müəllifi Yoxen Böler Azadlıq Radiosuna müsahibəsində danışır.

– Adi almanlar müharibənin başlanması, ordularının Polşaya soxulması xəbərini necə qarşıladılar?
– Cəmiyyətdə üstünlük təşkil edən reaksiyanı bir qədər şizofrenik adlandırardım. Bir tərəfdən, Birinci dünya müharibəsinin bitməsindən bəri xeyli almanlar ölkələrinin şərqdə bəzi ərazilərdən məhrum edilməsini ədalətsiz sayırdılar. Hitlerin hakimiyyətə gəlməsindən əvvəl də almanların əksəriyyəti bu ərazilərin (söhbət Versal müqaviləsi ilə Polşaya verilmiş Qərbi Prussiya, Sileziya və Pomeraniya bölgələrindən gedir) mütləq geri qaytarılmalı olduğuna inanırdılar. Buna görə də Polşa ilə münaqişə qaçılmaz görünürdü. Digər tərəfdən də böyük qorxu vardı ki, təkcə şərqdə Polşaya qarşı deyil, həm də qərbdə onun müttəfiqlərinə qarşı vuruşmalı olacaqlar. Axı Birinci dünya müharibəsində Almaniya iki cəbhədə döyüşmüşdü. 1939-cu il sentyabrın 3-də Fransa və Britaniya Almaniyaya müharibə elan edəndə bu narahatlıq apogeyə çatdı.
– Hərbi əhval-ruhiyyəni qızışdırmaqda nasist təbliğatının təsiri nə qədər güclü idi?
– Şəxsən Hitler amili o qədər də güclü deyildi. O vaxtadək arxasında heç bir hərbi uğur yox idi, buna görə də təbliğat onu “məğlubedilməz rəhbər” kimi göylərə qaldırmırdı. Hitlerə bir sərkərdə kimi inam almanlara yalnız sonradan – əvvəlcə Polşanın, 1940-cı ildə Fransanın darmadağın edilməsindən, həmçinin Rusiyaya qarşı müharibənin ilk həftələrində gəldi. 1939-cu ildə nasist təbliğatının əsas motivi Polşada alman azlığın təqibi idi. Həqiqətən, belə hallar vardı, xüsusən də Polşa–Almaniya münasibətləri pisləşdikcə və müharibə yaxınlaşdıqca. Ancaq nasistlər bu faktları şişirdərək, guya polyakların qadın və uşaqları işgəncə ilə öldürdüyünü bəyan edirdilər. Yay aylarında bu “fake news” axını daha da gücləndi. Beləliklə, Polşaya qarşı müharibə təkcə itirilmiş torpaqları geri almaq üçün deyil, həm də Polşada yaşayan etnik almanları “xilas etmək” uğrunda mübarizə kimi təqdim edilirdi. Amma əhalinin nə qədərinin bu təbliğata kor-koranə inandığını dəqiq söyləmək çətindir.
– Bəs nasist rəhbərliyi müharibə haqqında nə düşünürdü? Mən oxumuşam ki, məsələn, Görinq 1939-cu ilin avqust-sentyabrında çox əsəbi idi, müharibənin Qərblə müharibəyə çevriləcəyindən və bunun Almaniya üçün pis qurtaracağından qorxurdu.
– Qarışıq hisslər əsasən hərbçilərdə vardı. Onlar haqqında da təxminən cəmiyyətin qalan hissəsi barədə deyilənləri təkrarlamaq olar. Bir tərəfdən, onlar da inanırdılar ki, “Polşa məsələsi”ni müharibəsiz həll etmək mümkün deyil. Digər tərəfdən, savaşı lokallaşdırmağın mümkünsüz olacağından və onun dünya müharibəsinə çevriləcəyindən ehtiyat edirdilər. Belə qeydlərə bir çox generalların gündəliklərində rast gəlinir. Ancaq bu narahatlıq Hitlerin planlarına qarşı çıxmağa çevrilmirdi: generallar müharibədən qorxurdular, amma əmrləri icra edirdilər. Bu vəziyyət Fransaya hücum ərəfəsində də təkrarlandı və yalnız bundan sonra vermaxtın “məğlubedilməzliyi”nə inam formalaşdı. SSRİ-yə hücum ərəfəsində bu inamı artıq demək olar ki, hamı bölüşürdü.
– Polşaya hücum üçün bəhanə onun rəhbərliyinin Almaniyanın tələblərini yerinə yetirməkdən imtinası oldu: azad şəhər statusuna malik Dansiqin (Qdansk) Üçüncü reyxə birləşdirilməsi və Polşa ərazisi üzərindən Şərqi Prussiyaya ekstraterritorial magistral yolun çəkilməsi. Tələblər sərt idi, amma məsələn, bir il əvvəl Çexoslovakiyaya qarşı irəli sürülənlərlə müqayisə olunası deyildi. Tarixçilər, o cümlədən alman tarixçiləri, Polşanın Hitlerin bu tələblərindən imtinasını necə qiymətləndirirlər? Bəlkə polyak siyasətçiləri səhv etdilər və razılaşsaydılar, öz dövlətlərini qoruya bilərdilər?
– Fikirlər, təbii ki, müxtəlifdir, amma dominant – və sənədlərlə də təsdiqlənən – versiya belədir: Hitlerin Polşadan üzdə təvazökar tələbləri onun əsl niyyətləri ilə üst-üstə düşmürdü. Hələ 1939-cu ilin əvvəlində o, generallarının qarşısında çıxış edərək bildirib ki, məsələ Dansiqdə deyil, onun şərqdə daha uzaqgedən planları var. Polşa Hitlerin tələblərini yerinə yetirməməklə haqlı idi, çünki o, bununla dayanmayacaqdı. SSRİ-yə qarşı gələcək müharibədə, fürerin istədiyi kimi, Almaniyanın kiçik tərəfdaşı olsaydı, Polşa nasistlərin əlində alətə çevriləcəkdi – və bu alət lazım olmayanda Polşanı haqq-hesab çəkmək üçün Almaniyanın bütün imkanları olacaqdı. Mənim fikrimcə, Hitlerin şərtlərinə razılaşmağın heç bir mənası yox idi: daha uzaq perspektivdə bu, yenə də Polşa dövlətinin məhv edilməsinə gətirib çıxaracaqdı.
– Polşadakı müharibə Almaniya tərəfdən ilk gündən “qaydasız”, tam qırğın müharibəsi idimi?
– Ümumi cavab belədir: bəli, bu, soyqırım əlamətləri açıq-aşkar görünən bir müharibə idi. Amma burada nüanslar var, bir tərəfdən vermaxt əsgərlərinin, digər tərəfdən isə təhlükəsizlik polisinin davranışı ilə bağlı. Polşa mülki əhalisinin kütləvi qətllərini həm birincilər, həm də ikincilər törədirdi. Fərq isə, əvvəla, qurbanların sayında idi. 1939-cu ilin sentyabr ayının ilk üç həftəsində – Polşa kampaniyası ümumilikdə bir aydan bir az çox çəkdi – Vermaxt əsgərləri 10 mindən çox mülki şəxsi qətlə yetirdilər. Halbuki ordu arxasınca hərəkət edən xüsusi təhlükəsizlik polis dəstələri və SD-nin “Einsatzgruppen” adlı bölmələri 1939-cu ilin sonuna qədər Polşada 50–60 min insanı məhv etdilər. Sonralar bu bölmələr SSRİ-nin işğal olunmuş ərazilərində törətdikləri cinayətlərlə tanındılar.
İkinci fərq isə qətllərin motivlərində idi. Əsgərlərdə bu, çox vaxt təcrübəsizlik və qorxu nəticəsində baş verirdi: onlar əmin idilər ki, Polşada fəal partizan müharibəsi başlanacaq (sonradan belə də oldu), yəni əslində hər bir polyak düşməndir, yalnız hərbi geyimdə olanlar yox. Ona görə də özlərinə atəş açılması və ya əsəbi şəkildə havaya atılan güllələri dərhal partizan hücumu kimi qiymətləndirirdilər – və sonra kor-koranə mülki əhalini qırmağa başlayırdılar. Bu, zəif intizamlı istila ordusu üçün tipik problemdir. Burada Vyetnamı, İraqı və digər nümunələri xatırlatmaq olar. Amma, əlbəttə, vermaxtın mülki əhalini qırmasının miqyası qeyri-mütənasib dərəcədə böyük idi, burada isə şübhəsiz ki, slavyanları və yəhudiləri “yarımçıq insanlar” kimi təqdim edən nasist təbliğatının da rolu vardı. “Einsatzgruppen” isə tam başqa məsələdir: onlara lap əvvəldən qeyri-rəsmi, lakin aydın bir əmr verilmişdi – təmizləmələr aparmaq, ilk növbədə polyak elitasını məhv etmək. Onlar da məhz kütləvi həbslər və edamlarla məşğul idilər. Bu, əvvəlcədən planlaşdırılmış bir soyqırımı proqramı idi.
Polşa cəbhəsindən əsgər Frits Probstdan həyat yoldaşı Hildegard üçün məktubdan: “Ümid edirəm, bizim yenidən birlikdə olacağımız vaxt tez və ya gec gələcək, səninlə mənim üçün yenidən bahar gələcək. İnanıram ki, uşaqlarımız bizim indi verdiyimiz qurbanları verməli olmayacaqlar… Mən Adolf Hitlerə və Almaniyanın qələbəsinə inanıram”.
– Nasistlərlə Molotov-Ribbentrop paktını bağlamış SSRİ sentyabrın 17-də Polşaya qarşı müharibəyə qoşuldu. Uzun illər Almaniyanın amansız düşməni kimi təqdim olunan bolşeviklərlə bu əməkdaşlığa almanların – hərbçilərin və mülkilərin – reaksiyası necə idi?
– Sırf taktiki baxımdan alman hərbçiləri məmnun idilər ki, nəinki Rusiya ilə döyüşmək məcburiyyətində qalmadılar, əksinə, Rusiya onlarla qəniməti bölüşmək üçün gəldi. Bu, alman hərbçilərinin müharibənin əvvəlindəki narahatlığını nəzərə alanda böyük yüngüllük idi. Antibolşevizmin nasist ideologiyasının və siyasətinin mühüm elementi olduğunu nəzərə alsaq, belə gözlənilməz dönüşü Almaniya əhalisinə izah etmək onlar üçün asan deyildi. Sonradan, 1941-ci ildə SSRİ yenidən düşmənə çevriləndə bu köhnə motivləri canlandırmaq çox asan oldu. Amma 1939-cu ilin payızında almanların əksəriyyəti sevinirdi ki, müharibə yalnız Polşaya qarşı aparılır, Rusiyaya qarşı yox.
– Sadə almanların təkcə Polşa kampaniyası dövründə deyil, ümumilikdə İkinci Dünya müharibəsi illərində əhval-ruhiyyəsindən danışsaq, onlar necə dəyişirdi?
– Artıq dediyim kimi, əvvəlcə müharibə ilə bağlı narahatlıqlar və hətta qorxu hiss olunurdu, bu da Birinci Dünya müharibəsinin xatirələri ilə bağlı idi. İkinci Dünya müharibəsinə almanlar eyforiyasız girdilər. Amma Almaniya bir-birinin ardınca qələbələr qazandıqca, öz güclərinə inam artırdı və Hitler təkcə böyük siyasətçi yox, həm də görkəmli hərbi lider kimi qəbul olunmağa başladı. Bundan başqa, əvvəlcə Almaniya əhalisi müharibədən fayda da götürürdü – bu haqda sonralar alman tarixçisi Göts Ali yazırdı. Ölkəyə böyük miqdarda hərbi qənimət daxil olurdu. İşğal olunmuş ərazilərin istismarı müharibənin ilk illərində Almaniya əhalisinin həyat səviyyəsini dəstəkləyirdi. Müharibə populyarlaşdı. Əhval-ruhiyyədə dönüş yalnız Rusiyadakı döyüşlərdə itkilər çoxaldıqda və şərqdəki müharibəni udmağın mümkünsüzlüyünü getdikcə daha çox adam anlamağa başlayanda yarandı. Artıq Almaniyanın özünün, ilk növbədə Qırmızı ordu tərəfindən işğalı təhlükəsi real olanda, anti-müharibə əhval-ruhiyyəsi yayıldı və Hitlerə qarşı “bizi bütün bunlara o sürüklədi” mızıldanmalar yarandı. Amma bu, 1943-cü ildən əvvəl baş vermədi.
Vilhelm Hozefeldin qeydlərindən, noyabr 1943:
“Nasional-sosialist ideyasına… artıq yalnız iki bəladan kiçiyi kimi dözürlər. Daha böyük bəla müharibədə məğlubiyyətdir”.
– Orta almanın, cəbhədə olmayanın, ölkəsinin törətdiyi cinayətlər, ilk növbədə Holokost barədə nə və nə qədər bildiyini soruşmamaq olmaz.
– Müharibədən dərhal sonra almanlar heç bir hərbi cinayət, xüsusən də Şərqi Avropada törədilənlər barədə heç nə bilmədiklərini deməyə üstünlük verirdilər. Bu, absurddur. Yetərincə sübutlar var ki, əsgərlər evə məzuniyyətə və ya yaralanmadan sonra sağalmaya gələndə yaxınlarına şərqdə gördüklərini (çox vaxt da iştirak etdiklərini) danışırdılar. Arxa cəbhədəki almanlar üçün hərbi cinayətlər nə sirr idi, nə də sürpriz. Ola bilsin, bu cinayətlərin tam miqyası bilinmirdi, aşağı qiymətləndirilirdi. Amma ümumilikdə alman əhalisi bilirdi: dəhşətli şeylər baş verir. Almaniyanl özündə olduğu kimi işğal olunmuş ölkələrdə də yəhudilər izsiz-tozsuz yoxa çıxır, Polşadakı düşərgələrə aparılırdılar.
Daha bir mühüm məsələ. Nasist cinayətləri deyəndə biz, əlbəttə ki, Holokostu nəzərdə tuturuq, amma təkcə onu yox. Bu həm də partizanlara və Müqavimət hərəkatı iştirakçılarına qarşı repressiyalar, müharibə və işğal nəticəsində milyonlarla insanın aclıqdan və xəstəlikdən ölməsi deməkdir. Və nəhayət, Almaniyada və keçmiş SSRİ-dən kənarda demək olar ki, unudulan fakt: təxminən üç milyon Qırmızı Ordu əsirinin alman düşərgələrində ölümü. Həmin düşərgələr yalnız işğal olunmuş ərazilərdə yox, Almaniyanın özündə də yerləşirdi. Yəni alman mülki insanı tam yanında qeyri-insani şəraitdə əsirlərin saxlandığını və onların öldüyünü görməməzlikdən gələ bilməzdi.
– Almaniyanın özündə Hitler əleyhdarlarının – ilk növbədə 1944-cü il 20 iyul qəsdinin təşkilatçılarının – hansısa bir şansı vardımı? Yoxsa bu, əvvəlcədən məhkum olunmuş bir qəsd idi?
– Açığını desəm, Hitlerə qəsdin uğurlu olacağı halda nə baş verəcəyini söyləmək çətindir. Əslində 1944-cü ilin yayına qədər nasist lider hələ də müharibənin uduzulmayacağına inanan almanların mühüm bir hissəsini birləşdirən əsas fiqur idi. Hitlerin aradan götürülməsi bütün rejimin çökməsinə və çox güman ki, müvəqqəti hərbi hökumətin iqtidara gəlməsinə səbəb ola bilərdi. Sonrakı hadisələrin necə inkişaf edəcəyini demək isə mümkün deyil.
Amma başqa məqama diqqət çəkmək istəyirəm – qəsdçilərin motivlərinə. Hərbi mühitdən olan adamlar uzun müddət Almaniyanın qələbəsinə inanırdılar və Hitlerə tabe idilər. Yalnız Stalinqraddan sonra, yəni 1943-cü ildən tez olmayaraq, bu mühitdə müharibəni udmağın mümkün olmadığını fikri nisbətən geniş yayıldı. Belə şəraitdə hərbi qəsd formalaşdı. Onun iştirakçılarının əksəriyyətinin motivləri mənəvi deyildi – yəni “belə davam edə bilməz, cinayətləri dayandırmaq lazımdır” düşüncəsi yox idi, əsasən sırf hərbi-siyasi idi: Hitleri aradan götürmək, Almaniyanın düşmənləri ilə sülh şərtləri barədə danışıqlara başlamaq, qeyd-şərtsiz kapitulyasiyadan qaçmağa çalışmaq. Həm də unutmamalıyıq ki, sui-qəsdçilərin çoxu, yüksək rütbəli hitlerçi general və zabitlər, hərbi cinayətlərə şəxsən qarışmışdılar. Onlar üçün Hitlerin aradan götürülməsi həm də öz həyatlarını və karyeralarını qorumaq vasitəsi idi.
– Hitleri 1944-cü ildə öldürə bilmədilər və almanlar mübarizəni davam etdirdilər. Niyə onların müqaviməti bu qədər inadkar idi, halbuki müharibənin son aylarında yəqin ki, yalnız ən azğın nasist fanatikləri Almaniyanın uduzmayacağına inanırdılar?
– Bir neçə motivlər vardı. Təbliğat effekti qismən özünü göstərirdi: nasistlər əhaliyə, ilk növbədə əsgərlərə, guya yaxın vaxtlarda müharibənin gedişini dəyişə biləcək kütləvi məhvetmə gücünə malik “möcüzə silah”ın meydana çıxacağına dair vədlər verirdilər. Doğrudur, 1945-ci ildə, müharibənin son aylarında buna artıq demək olar, heç kim inanmırdı. Daha ciddi motiv isə irəliləyən Qırmızı ordunun qisasından, cəzasından duyulan qorxu idi: xüsusilə də Şərq cəbhəsində döyüşmüş alman əsgərləri özlərinin və ya silahdaşlarının işğal olunmuş ərazilərdə nələr etdiklərini yaxşı bilirdilər. Az tanınan fakt isə odur ki, müharibənin sonunda alman cəmiyyəti bir növ özünü “yeməyə” başladı. Hitlərə sadiq qalan, hələ də ona inanan fanatik nasistlər terror rejimi quraraq, artıq müqavimətin mənasız olduğunu düşünənləri qorxudur, məhv edirdilər. Belə ki, xüsusi dəstələr ölkəni dolaşır, fərariləri yaxalayır və öldürürdülər. Bu addımlar ümidsizlikdən doğmuşdu və düzünü desək, onları rasional izah etmək çətindir.
İngborq T.-nin, bir alman zabitinin həyat yoldaşının 1945-ci ilin yayında amerikalıların əsir düşərgəsində olan ərinə məktubundan:“Bir xalq, özünü nə qədər haqlı hesab edirsə-etsin (amma belə olmur – günah həmişə hər iki tərəfdə olur!), digər xalqı tamamilə mühakimə etməyə və qalib hüququ ilə onun azadlıqlarını əlindən almağa haqqı yoxdur. Mən nə əvvəllər, nə də indi özümü müharibədə, konslagerlərin dəhşətlərində və adımızdan törədilən bütün rüsvayçı əməllərdə günahkar hiss etmirəm”.
– İndiki almanlar üçün müharibə uzaq bir keçmişdir, yoxsa hələ də aktualdır? Bu mövzu ictimai müzakirələrdə, siyasətdə nəzərə çarpırmı?
– Burada nəsillər arasında fərq var. İnsanlar nə qədər gəncdirlərsə, İkinci Dünya müharibəsi ilə bağlı mövzular onlara bir o qədər uzaq görünür. Bununla belə, nəşr olunan kitablar, televiziya proqramları, məktəb və universitetlərdə tədris – bütün bunların sayəsində müharibə hələ də cəmiyyətimizin şüurunda mövcuddur. Almanlar nasizmin cinayətlərindən xəbərdardırlar, amma eyni dərəcədə yox: ən çox Holokost haqqında, digər cinayətlər, məsələn, sovet hərbi əsirlərinin kütləvi ölümü barədə daha az bilirlər. Bizim müharibə xatirəmiz bir neçə “qat”dan ibarətdir. Son illərdə getdikcə daha çox səslənən fikirlər var: guya yaxşı, biz nasizmin cinayətlərini tanıyırıq və qınayırıq, amma gəlin müttəfiqlərin Almaniyanın dinc əhalisinə qarşı cinayətlərindən də danışaq – alman şəhərlərinin bombardmanlarından tutmuş qadınların Qırmızı ordu əsgərləri tərəfindən kütləvi zorlanmasına qədər.
Ümumən deyərdim ki, müharibə xatirəsi müasir alman kimliyi üçün hələ də mühüm əhəmiyyət kəsb edir. Bu, o cümlədən belə bir faktla ifadə olunur: ən yaxın dövrlərə qədər almanların əksəriyyəti ölkə hüdudlarından kənarda hərbi əməliyyatlarda iştirakımıza qarşı idilər. Səbəb kimi isə birbaşa müharibə ilə bağlı arqumentlər gətirilirdi: guya keçmişdə biz xaricdə bu qədər fəal vuruşmuşuq ki, nəticədə təsəvvürəgəlməz dəhşətlər baş verib və bunlar təkrar olunmamalıdır. Ancaq yalnız son illərdə cəmiyyət az-az alışmağa başlayıb ki, Almaniya NATO və digər beynəlxalq təşkilatlar, sazişlər çərçivəsində müəyyən missiyaları yerinə yetirmək üçün öz kiçik hərbi kontingentlərini başqa ölkələrə göndərir, – deyə İkinci Dünya müharibəsi tarixi üzrə ixtisaslaşmış alman tarixçisi Yoxen Böler bildirir.
Almaniya Evanqelik Kilsəsi Şurasının 19 oktyabr 1945-ci ildə qəbul etdiyi “Ştutqart günah bəyannaməsi”ndən:
“[Almanlar] çoxsaylı xalqlara və ölkələrə saysız-hesabsız şər gətirən bir alətə çevrildilər… Biz, özünün dəhşətli təcəssümünü nasist zorakılıq rejimində tapan düşüncə tərzinə qarşı İsa Məsihin adı ilə uzun illər mübarizə apardıq. Ancaq biz özümüzü qınayırıq ki, imanımızı daha cəsarətlə müdafiə etmədik, daha qızğın dua etmədik, daha məsud inanmadıq və daha atəşin sevmədik”.
Sitat gətirilən məktub və sənəd parçaları britaniyalı tarixçi Nikolas Starqardtın “Alman müharibəsi. Silahlanmış millət, 1939–1945” kitabından götürülüb.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada