
“Balkan yanğını”: çarla sultanın ölümcül qarşıdurması – I YAZI
Osmanlı ilə Rusiya arasında daha bir müharibənin qanlı tarixçəsi
18 Fevral 2025
Krım müharibəsində məğlubiyyət Rusiyanın böyük dövlət imicini sarsıtdı: həm Avropada, həm də Osmanlı təbəəsi xristian xalqlar arasında. Çarizm bu imic itkisini kompensasiya etmək üçün fürsət axtarırdı və həmin fürsət Krım müharibəsindən 20 il sonra yarandı. Əvvəlcə Bosniya və Herseqovinada, sonra Bolqarıstanda baş verən üsyanların Osmanlı ordusu tərəfindən amansızlıqla yatırılması, sultan hakimiyyətinin bu ərazilərə muxtariyyət verməkdən imtina etməsi II Aleksandra müdaxilə bəhanəsi verdi. “Radio Svoboda”nın 1877-1878-ci illər rus-türk müharibəsi haqda məqaləsini təqdim edirik.
Krım müharibəsi 1856-cı ildə Rusiyanın məğlubiyyəti ilə yekunlaşdı. O dövrün dünya liderlərinin - Böyük Britaniya və Fransanın mövqeyini gözardı edərək öz iradəsini zorla Osmanlı imperiyasına qəbul etdirmək istəyən I Nikolayın avantürası Rusiya imperiyasını iflasa apardı. Əsas olan heç də Sevastopol istehkamlarının xarabalığı, Qara dənizdə donanma saxlamaq hüququndan məhrum olmaq, ya da Dunayın mənsəbində torpaq itirmək deyildi. Paris sülhü, böyük hərbi səltənət imicini bir müddət itirən avtoritar rejimin açıq kapitulyasiyası idi.
Rusiya imperiyasının böhranı çar II Aleksandrı çoxdan vaxtı çatmış islahatlar keçirməyə vadar etdi. Bu sırada birincisi təhkimçilik hüququnun ləğvi və kəndlilərin torpaqla təmin olunması idi, onun ardınca zemstvo özünüidarəçiliyinin və müstəqil məhkəmənin yaranması, hakimiyyəti daha çox qayğılandıran ordunun modernləşdirilməsi baş verdi. Rekrut əvəzinə ümumi hərbi mükəlləfiyyət, çağırış üzrə xidmət və texniki modernləşmə, islahatçıların fikrincə, hakim dairələrə yenilənmiş xarici siyasət aləti verəcəkdi.
İmperiya 1860-cı illərin əvvəllərində göstərdi ki, tutduğu torpaqları saxlamağa və sonrakı ekspansiyaya qadirdir. İmam Şamilin Qunib və Venedo aullarındakı istehkamlarının alınması ilə Şimali Qafqaz fəthinin hərbi mərhələsi başa çatdı. Şamil 1866-cı ildə Rusiyaya biət etdi, xeyli tərəfdarı isə Qafqazı tərk edərək, Türkiyəyə köçdü.
Polyakların 1863-64-cü illərdə üsyan qaldırmaq və müstəqilliklərini qaytarmaq cəhdi uğursuz oldu. Rusiyanın XVIII əsin sonlarında ələ keçirdiyi keçmiş Reç Pospolitaya torpaqlarında silahlı qiyam amansızlıqla yatırıldı. Onminlərlə üsyançı katorqa və Sibirə sürgünlə cəzalandırıldı. Avropa ictimai rəyi, Polşa quberniyalarında faktiki diktatora çevrilən qraf Muravyovun qəddarlığını sözlə qınamaqdan oyana getmədi. İmperator isə Polşa Çarlığında torpaq islahatına kəndlilərin xeyrinə korrektələr etdi və azadlıqsevər Polşa zadəganlığını əkinçi kütləsinin dəstəyindən məhrum etdi.
Avropalılar Afrikanı öz aralarında bölən dövrdə Rusiya ekspansiyasının yeni istiqaməti Mərkəzi Asiya oldu. Orta Asiya xanlıqları ya hərbi yolla ram edildilər - Kokand və Türkmənistan, - ya da silah gücü ilə özlərini “ağ çar”ın vassalı elan etməyə məcbur oldular - Buxara əmirliyi və Xivə xanlığı. İslahatlar aparan Rusiya hakimiyyəti yeni torpaqların birləşdirilməsini öz prioritetlərindən biri kimi görürdü, amma eyni zamanda yaranmaqda olan sənayesi üçün yeni satış bazarı və xammal - pambıq - mənbəyi əldə edirdi.
Əsas ictimai əhvalın iki aparıcı “partiyalar”ı - qərbçilər və slavyanofillər - öz rəylərində həmfikir idilər ki, Rusiya ya öz miqyasına və Avropaya aidiyyətinə görə, ya da hakim pravoslav inancına görə qonşu, geridə qalmış və ya yaddinlilərdən asılı olan xalqları tərəqqiyə aparmaq hüququna malikdir. Bu, xüsusən Osmanlı imperiyasında yaşayan cənub slavyanlarına və digər pravoslavlara aid idi. Sultanın pravoslav təbəələrinin xüsusi müdafiəçisi rolunu qazanmaq istəyən I Nikolayın səyləri uğursuz Krım müharibəsinə səbəb olmuşdu. İndi Rusiya hakimiyyəti yenə də Balkanlarda müstəqillik və ya muxtariyyət tələb edən slavyan xalqlarının müdafiəçisi kimi çıxış edirdi.
1870-ci illərdə Osmanlı imperiyasının daxili siyasəti və həm Balkan yarımadasında, həm də ondan kənarda yaşayan xalqlarda milli özünüdərkin yüksəlişi buna vəsilə olacaqdı. Konfliktlər üçün əsas iqtisadi siyasət idi: xristianlardan daha çox vergi alınırdı, nəinki müsəlmanlardan. Məhkəmələrdə qeyri-müsəlmanların ifadəsi qəbul olunmurdu, bu da onları hüquqi müdafiədən məhrum edirdi. Ayrı-seçkilik mütəmadi toqquşmalara səbəb olurdu, hüquqların müdafiəsi uğrunda çıxışlar yatırılırdı. Livanda druzların törətdiyi qətliam nəticəsində 10 mindən çox adam öldükdə Fransa katolikləri müdafiə etməli oldu. Sultan hətta yerli xristianlardan vali təyin etməyə razılaşdı. 1866-69-cu illər Krit üsyanı adanın Yunanıstana birləşməsinə səbəb olmadı, amma kritlilər özünüidarə hüququ qazandılar. Üsyanın qəddarlıqla yatırılması Avropanın diqqətini çəkdi və ətrafda Avropa ölkələri donanmalarının görünməsinə səbəb oldu. Bu zaman Rusiya da Almaniya ilə ittifaq sayəsində Qara dənizdə hərbi donanma saxlamaq hüququnu bərpa etmişdi. II Aleksandr öz ordusunun artan gücünü yenidən hiss etdi.

1875-ci yayında Bosniya və Herseqovinada Osmanlı əleyhinə üsyan başladı. Hadisənin əsas səbəbi faktiki müflis olmuş sultan hökumətinin əndazəsiz vergilər təyin etməsi idi. Üsyançılara qonşu Çernoqoriya və Serbiya hökumətləri dəstək verirdi. Osmanlı ordusunun sayı 30 minə yaxınlaşırdı, artilleriyası çatışmayan üsyançıların sayı isə 10 min idi. Sultana Bosniya və Herseqovinaya, sonra da Bolqarıstana muxtariyyət verməyi təklif edən böyük dövlətlərin təsiri nəticəsində hərbi əməliyyatlar arada dayanırdı. 1876-cı il iyunun 30-da Serbiya Osmanlı imperiyasına müharibə elan etdi və üsyançıları açıq dəstəklədi.
Balkanlarda yanğın
Müharibənin başlanması Rusiyadan dəstək gördü. Serbiyaya müxtəlif ölkələrdən dörd minə qədər könüllü gəldi və onların arasında rus ordusunun xeyli zabiti vardı. Təcrübəli rus generalı Mixail Çernyayevə serb silahlı qüvvələrinə komandanlıq həvalə olunmuşdu. Rusiyadan könüllülərin getməsinin arxasında imperiya hökuməti dururdu: hərbçilərə müharibədə iştiraka, təbəələrə isə onları yola salmaq və silahlandırmaq üçün vəsait toplamağa icazə verilmişdi.
Amma serb ordusu uğur qazanmadı: o, əsasən qeyri-nizami qüvvələrdən ibarət idi, türklər isə nizami qoşunlarla hərəkət edirdilər. Serblər 1876-cı il iyulun 2-də Osmanlı sərhədini keçdilər, avqustda isə dala qayıtmalı oldular. Veliki İzvor yaxınlığnda döyüşlərdən sonra Osman paşanın qüvvələri serb ordusunu geriyə oturtdu. Həmin vaxt Mostara hücum edən çernoqoriyalılar Vılçi Dol yaxınlığında türkləri ağır məğlubiyyətə uğratdılar, amma serblərin Bosniyaya hücumu uğursuz oldu. Osmanlı qoşunu əks-hücuma keçdi və avqustun 6-da Knyazevatsı tutdular. Türklər avqustda Serbiyanın bəzi yaşayış məntəqələrini ələ keçirdilər. Lakin avqustun son dekadasında Aleksinats yaxınlığında serb müdafiəsini yararaq Belqrada yol açmaq cəhdi alınmadı.
Serbiya avqustun 26-da Avropa dövlətlərinə müraciət edərək, savaşı dayandırmaq üçün vasitəçi olmalarını istədi. Böyük dövlətlərin birgə ultimatumu Bab-i Alini bir aylıq atəşkəsə razılaşmağa və sülh danışıqlarına başlamağa məcbur etdi.

Bosniyadakı hadisələrin təsiri ilə 1876-cı ilin yazında Bolqarıstanda Aprel üsyanı başladı. Hərəkat Rumıniyada yerləşən İnqilabı komitə tərəfindən hazırlanırdı, amma türklərin aprelin 19-da Koprivştitsa sakinlərini tərksilah etmək cəhdi zamanı kortəbii başladı. Müdafiə xarakterli partizan hərəkatı şəklində gedən üsyan daha çox Bolqarıstanın cənubunda vüsət aldı. Panagürişte və Koprivştitsa şəhərləri, Batak və Peruştitsa kəndləri müqavimətin mərkəzləri oldular. Üsyan ölkənin digər ərazilərində kiçik dəstələrin pərakəndə fəaliyyətindən ibarət oldu. Aprelin 27-də başıpozuqlar (Osmanlı ordusuna qatılan qeyri-nizami dəstələrə verilən ad - Press klub) Peruştitsa kəndini tutdular. Müqavimət göstərməkdə davam edən üsyançılar və onlara qoşulan sakinlər kilsəyə sığındılar. Osmanlı əsgərləri kilsəni yandırdıqda, oradakıların hamısı həlak oldu; digər sakinlər edam edildilər. Aprelin 30-da dörd gün çəkən döyüşlərdən və artilleriya bombardmanından sonra türklər Panagürişteni ələ keçirdilər. Osmanlılar 200-ə yaxın itki verdilər, buna görə də dəstəyə komandirlik edən Hafiz paşa yaşayış məntəqəsini yandırmağı əmr etdi.
Rumıniyada formalaşmış qiyamçılar dəstəsi 1876-cı il mayın 17-də şair və inqilabçı Xristo Botevin komandanlığı altında “Radetski” paroxodu ilə Bolqarıstana gəldi. Dəstə Vratsa şəhərinə qədər irəlilədi, amma iyunun 1-də türklər tərəfindən məğlub edildi. Botev ölümcül yaralandı. Onun ölümü ilə ruhdan düşən dəstə dağıldı. Osmanlı ordusu və qeyri-nizami başıpozuq süvariləri üsyanı yatırarkən 5 mindən 30 minə qədər adam öldürdülər.
Balkanlardakı qırğınlardan həyəcanlanan Rusiyada 1875-ci ilin payızından slavyanların mübarizəsinə dəstək hərəkatı başladı. Hərəkat azsaylı, amma nüfuzlu ictimai təbəqələri əhatə edirdi. Cəmiyyətdə kəskin diskussiya yarandı. Liberallar müharibənin xilaskarlıq missiyasından danışırdılar, dövlətçi-mühafizəkarlar isə Bosfor və Dardanel boğazlarının tutulması, monarxist Rusiya başda olmaqla slavyan ittifaqının yaranması barədə xəyallara dalırdılar.
Mühafizəkarlar müzəffər qələbə ilə slavyanları Rusiyanın, Rusiyanı isə taxt-tacın ətrafında sıx birləşdirməyi nəzərdə tuturdular. Liberallar isə ümid edirdilər ki, slavyanlara dəstək müharibəsi Rusiyanın özündə də azadlıq əhval-ruhiyyəsini gücləndirər və çarı konstitusiyaya razı olmağa sövq edər. Rusiya yazıçıları İvan Turgenev və Fyodr Dostoyevski - biri qərbçi, biri slavyanofil - nə qədər mübahisə etsələr də, indi həmrəy idilər ki, cənub slavyanlarını “Osmanlı əsarəti”ndən azad etmək hazırda Rusiyanın qardaşlıq borcudur. İstənilən qurbanlar verilə bilər: ya tərəqqi naminə, ya da pravoslavlığın İslam üzərində təntənəsi uğrunda. İanə toplamaqla və alovlanan Balkanlara könüllülər göndərməklə məşğul olan Slavyan komitələri hər yerdə peyda oldu.
Rusiya hökuməti isə Balkanlardakı xristian xalqların muxtariyyət qazanmasından ötrü Türkiyəyə kollektiv təzyiq göstərmək təklifi ilə 1876-cı ilin mayında böyük dövlətlərə müraciət etdi. Ancaq Avstriya-Macarıstan və Almaniya rus təkliflərinə xeyli dəyişikliklər etdilər. Britaniya isə əvvəlcə, ümumiyyətlə, Osmanlı imperiyasına təzyiq göstərməkdən imtina etdi. Lakin müxalif mətbuatın türk qəddarlıqlarını işıqlandırması və ictimai rəyin təzyiqi hökuməti digər dövlətlərin kollektiv səyinə qoşulmağa məcbur etdi.
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada