Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Amerikada yeni “Vyetnam sindromu”: Trampın yolu açılır?
Çikaqo qurultayından çox şey asılıdır

ABŞ-ın bir sıra iri universitetlərində Qəzzadakı müharibə əleyhinə etirazlar genişlənir. Hakimiyyət nümayişçilərin dağıdılmasına polis və milli qvardiyanı cəlb edir, artıq yüzlərlə adam həbs olunub.  

Tələbələr İsrailin Qəzzadakı hərbi əməliyyatlarına etiraz edirlər. Bu əməliyyatlar HƏMAS-ın 1200 nəfərin ölümü və 250-dən çox girovun götürülməsi ilə nəticələnən 7 oktyabr hücumuna cavab olaraq keçirilir. Bəzi məlumatlara görə, Qəzzada artıq 34 min nəfər həlak olub.

Etirazçılar, iddialarına görə, öz universitetlərinin İsrailin və digər ölkələrin müharibədən qazanc götürən şirkətləri maliyyə əlaqələrini kəsməyi, İsrailin təhsil müəssisələri ilə əməkdaşlığı dayandırmağı tələb edirlər.  

Universitet rəhbərliyi isə tələbələri antisemitizm təzahüründə və yəhudi tələbələri hədələməkdə günahlandırır. 

Bir çox KİV və analitiklər mayın əvvəlində Kolumbiya universitetində baş verən polislə toqquşmaları elə həmin nüfuzlu Nyu York universitetində 1968-ci ildə baş verənlərlə müqayisə edirlər.

Həmin il insanlar Vyetnam müharibəsi və orduya çağırış sisteminə edilən dəyişikliyə - həmin dəyişiklik daha çox gənci ABŞ silahlı qüvvələrində xidmətə çağırmaq imkanı verirdi - etiraz edirdilər. 

BBC bu gün baş verənlərlə paralelləri analiz etmək üçün 1968-ci il nümayişlərini yaşamış fəallar və yazıçılarla söhbət edib. 

Vyetnam müharibəsi 1968-ci ildə həlledici mərhələyə qədəm qoydu. Yanvarda Şimali Vyetnam qüvvələri Vyetkonq partizanlarının (Cənubi Vyetnamda fəaliyyət göstərən kommunist partizanlar  - Press klub) köməyi ilə ABŞ və müttəfiqlərinin mövqelərinə hücum etdilər və o zaman Cənubi Vyetnamın paytaxtı olan Sayqona qədər irəlilədilər. 

Bu əməliyyatı Vyetnamda ay təqvimi ilə Yeni il bayramı şərəfinə “Tet hücumu” adlandırdılar. Son nəticədə şimallılar məğlub olsalar da, geniş miqyaslı əməliyyat müharibə haqqında Amerika ictimai rəyini dəyişməyə başladı.  

Hücum göstərdi ki, “tunelin sonunda işıq”dan danışan prezident Lindon B. Conson hökuməti konfliktin gedişi haqqında xalqa yalan danışırmış və əslində müharibədə qalib gəlmək şansı yoxmuş. 

“Hər şey bununla başladı”, - Vaşinqtondakı Amerika universitetinin professoru, həmin vaxt tələbə olan Kennet Uolş BBC-yə danışır. 

“Ölkəyə aydın oldu ki, düşmən təslim olmağa hazırlaşmır, həm Amerika, həm Vyetnam hərbçiləri arasında, həm də dinc əhalidən hələ çoxlu qurbanlar olacaq”, - bir neçə kitabın müəllifi olan Uolş danışır. 

Onillər sonra dünya HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumundan sarsıldı və bir çox ölkələr İsraillə həmrəy olduqlarını bildirdilər. Amma fasiləsiz bir neçə ay sürən İsrail bombardmanlarından sonra fələstinlilər arasında qurbanların sayı ağlagəlməz həddə çatıb, Qəzza əhalisi isə aclıq həddində yaşayır.

“Son aylar Qəzzadan gördüyümüz kadrlar İsrailin cavabının inanılmaz həddə qeyri-proporsional olduğunu sübut edir”, - “New York Times”ın keçmiş reportyoru, “1968-ci il Amerikada” kitabının müəllifi, jurnalist Çarlz Kayzer deyir. 

“Gəlin, açıq danışaq. HƏMAS-ın etdiyi dəhşətlidir, iyrəncdir. Amma İsrail də bu dəhşətli terror hadisəsinə elə reaksiya verdi ki, İsrailə qarşı həyatım boyu gördüyüm ən böyük nifrəti oyatdı”, - Kayzer söyləyir. 

ABŞ-ın bütün ərazisindəki tələbə şəhərciklərini bürüyən, bir çoxlarının 1968-ci il etirazları ilə oxşar saydıqları tələbə etirazlarının səbəbi də məhz bu neqativ reaksiyadır. 

Tələbə etirazları

“Baş verənlər o zaman olanlarla çox oxşardır. 68-də tələbələr Vyetnam müharibəsinə etiraz olaraq kampusları və universitet binalarını tutdular və hərbi-sənaye kompleksi ilə bağlı şirkətlərin administrasiya orqanlarına investisiyalarını şübhə altına aldılar”, - Kennet Uolş bildirir. 

“Əlbəttə, indi mövzu başqadır - fələstinlilərə dəstək və Qəzzada böhran. Amma 1968-ci ildə olduğu kimi indi də səbəb - qəzəb, inciklik və ədalətsizlikdir. Buna görə də indi baş verənlər bizi həmin o coşqun 1968-ci ilə qaytarır”, - Uolş belə hesab edir.


Amma 68-ci ilin fəalı və “1968: Dünyanı sarsıdan il” kitabının müəllifi Mark Kurlanski indiki və o zamankı etirazlar arasında oxşarlıqların çox olduğunu düşünmür. Ola bilər, keçən həftə tələbələrin zorla qovulduğu Hamilton-hollda - Kolumbiya universitetinin məşhur inzibati binasında - baş verənlər istisnadır: “Tələbələr Hamilton-hollu ona görə tutdular ki, 68-ci ildə etirazçılar bunu etmişdilər, onlar bizi təqlid etməyə çalışırlar”.

“Vəziyyət tamamilə fərqlidir. Hökumətimizin bizi iştiraka məcbur etdiyi müharibə ilə qarşılaşmışdıq və inadla müqavimət göstərirdik. Vyetnam müharibəsi bizimlə baş vermişdi. İndi etiraz edənlər isə bilirlər ki, Qəzzada döyüşməli olmayacaqlar”, - Kurlanski bildirir. 

1960-cı illərin sonlarında Kolumbiya universitetində təhsil alan Çarlz Kayzer hesab edir ki, indiki etirazlar tərifəlayiqdir: “Bu nümayişlər müəyyən mənada daha heyrətamizdir, çünki onlarda şəxsi risk elementi yoxdur, mövqelər Qəzzadan görüntülər əsasında formalaşıb. Mən İsrailin taktikasından narazılığı dinc üsullarla ifadə edən istənilən etirazı dəstəkləyirəm. Hesab edirəm ki, bu, mümkün olan ən israilpərəst mövqedir, çünki onların savaş üsulu tamamilə özünəqəsddir”

Öz növbəsində Mark Kurlanski etirazları faydasız sayır və onları tənqid edənlərə qoşulur: “Mən həmin o problemli yəhudilərdən biriyəm. Heç zaman İsrailin böyük tərəfdarı olmamışam və bizlərdən çoxu Netanyahu hökumətini heç dəstəkləməyib. Amma indi susmuşuq. Əgər etirazçılar özlərini başqa cür aparsaydılar, aralarında müharibə əleyhinə yəhudi və Fələstin hərəkatı yarana bilərdi”.

Çarlz Kayzer də Kolumbiya və digər universitetlərdəki etirazçıların ağızlarından çıxan antisemit ifadələrdən narazıdır: “Mən opponentlərinə ölüm arzulayan adamlarla dinc nümayişlər arasında böyük fərq qoyuram”.

Elə, ya belə, Kayzer etirazların çoxunun 1968-ci ildə olduğu kimi zor gücünə yatırılmasını qınayır: “Söhbət açıq zorakılığın qarşısının alınmasından getmirsə, polisin kampusa çağırılması həmişə yanlışdır, çünki bu, vəziyyəti daha da gərginəşdirir və hər kəsi öz mövqeyinin doğruluğuna daha da inandırır”.

“Hər şeydən göründüyü kimi, etirazçılar 1968-ci il tarixini öyrəndikləri və böyüklərdən məsləhət aldıqları halda, universitet rəhbərliyi, yəqin, ehtiyat tədbirlər görməyiblər və öz sələflərinin buraxdığı səhvləri təhlil etməyiblər”, - Kayzer deyir. 

ABŞ-da seçki ili

1968-ci ildə dünya həqiqətən çaşqınlıq içində idi. Vyetnam müharibəsi əleyhinə etirazlar, təkcə ABŞ-da deyil, bir çox başqa ölkələrdə, ilk növbədə Fransada - burada “fransız mayı” kimi tanınan tələbə üsyanları baş verdi, - genişlənirdi. 

Qərb və Sovet İttifaqı arasında gərginlik də artırdı. SSRİ və Varşava müqaviləsi üzrə bəzi müttəfiqləri islahatçı lider Aleksandr Dubçeki devirmək və kommunist avtoritarizmini bərpa etmək üçün Çexoslovakiya ərazisinə soxuldular və Praqaya qədər getdilər. 

ABŞ-da pasifistlərin lideri və afroamerikalıların hüquqlarının müdafiəçisi Martin Lüter Kinq öldürüldü. Bir neçə ay sonra demokratlardan prezidentliyə namizəd Robert F. Kennedi - daha əvvəl öldürülən prezident Con F. Kennedinin qardaşı - qətlə yetirildi. 

ABŞ cəmiyyəti tamamilə qütbləşmişdi, onlarla şəhəri iğtişaşlar bürüdü. Bütün bu xaosun fonunda nüfuzunu itirən prezident Lindon Conson təkrar seçilməyə getməyəcəyini bildirdi. 1968-ci ilin noyabrında keçiriləcək prezident seçkiləri qeyri-müəyyənlik atmosferində yaxınlaşırdı. 

 

“1968-ci ildə respublikaçılardan namizəd Riçard Nikson cinayətkarlıqla mübarizə və demokratların qayda-qanun məsələsində zəif olmaları fikrini ictimaiyyətə çatdırmaq üçün tələbə hərəkatından istifadə etdi”, - “Amerikada toksik siyasətin arxitektorları” kitabının müəllifi Kennet Uolş izah edir. 

Bu gün respublikaçıların namizədi Donald Tramp da prezident Co Baydenə qarşı məhz bu arqumentdən istifadə edir. “Ölkə qayda və qanun istəsə, cinayətkarlıq problemi daha qabarıq olsa, bu, nəzəri cəhətdən Trampın xeyrinə işləyə bilər. Beləcə, burada keçmişlə daha bir paralel mövcuddur”, - Uolş söyləyir. 

Noyabrdakı prezident seçkilərinin nəticələrini proqnozlaşdırmağa kimsə cəhd etmir. Baydenin də, Trampın da zəif və güclü cəhətləri var. Çarlz Kayzer qeyd edir ki, Bayden İsrailin Qəzzadakı savaş aparmaq üsuluna təsir edə bilməsə də, vəziyyəti Lindon Consonun 1968-ci ildə düşdüyü vəziyyətdən xeyli fərqlənir.

Amma Kayzer keçmişlə potensial mümkün paralellərdən əndişə keçirir: Demokratların Baydenin namizədliyini dəstəkləyəcək qurultayı Çikaqoda keçiriləcək. 1968-ci ildə burada keçirilən qurultay etirazçılarla polis arasında amansız toqquşmalarla yekunlaşmışdı. 

“1968-ci ildə qurultay demokratlar üçün siyasi fəlakətlə nəticələndi, indi də Çikaqoda qurultay zamanı universitet nümayişlərinin təkrarlana biləcəyindən çox danışırlar”, - Kayzer xəbərdarlıq edir.

“İsrail əleyhdarı etirazçılar Çikaqo küçələrində oxşar xaos yaratsalar, bunun nəticəsi, yəqin ki, Donald Trampın seçilməsi olacaq”, - Kayzer belə deyir. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/c03ddex243jo