Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Amerika kəşfiyyatı imperiyanın “ölümünü” necə izləyirdi?
CİA-in məxfi hesabatı açıqlandı

1980-ci illərin ilk yarısı SSRİ-də siyasi, ideoloji və iqtisadi böhran dövrü idi. Ahıl baş katiblər bir-birinin ardınca dünyadan köçürdülər, mağazalarda defisit idi, milli ziddiyyətlər güclənirdi, kommunizm ideallarına bağlılıq isə istehza doğururdu. Bütün bu hallar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) 1982-ci ilin dekabrında — Leonid Brejnevin ölümündən və sovet dövlətinə ilk dəfə KQB-dən çıxmış bir şəxsin, Yuri Andropovun rəhbərlik etməsindən bir ay sonra — hazırladığı hesabatda əksini tapmışdı. Bu arxiv sənədini “Transparency İnternational Russia” təşkilatı əldə edərək, “Meduza”ya təqdim edib. Biz sovet xalqının Brejnev dövrü durğunluğundan necə çıxması barədə Amerika kəşfiyyatının müşahidələrini nəql edirik.

Ruh düşkünlüyü, “istehlakçılıq” və dəyərlər böhranı

Hesabat belə başlayır: “Son bir neçə il ərzində və xüsusilə də son aylarda Qərb müşahidəçiləri Moskvada sovet cəmiyyətində ümidsizlik və təlaş atmosferi müşahidə edirlər”.

Sənəd müəllifləri Moskvada yaşamış, ya da 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində oraya gəlmiş iki amerikalı elmi əməkdaşın və iki jurnalistin fikirlərini sitat gətirirlər. Onlar sovet insanlarında “dəyərlər böhranı” və “ümidsizlik hissi”, həmçinin rejimə dəstəyin azalmasını müşahidə edirdilər. Hesabat müəlliflərinə görə, bu əhval-ruhiyyə həyat səviyyəsinin artmaması, sinfi fərqlərin getdikcə daha açıq görünməsi, sosial liftin isə daha da azalması ilə bağlı idi. SSRİ-də partiya nomenklaturası hökmranlıq edirdi — onlar imtiyazlara malik idilər və bunları qorumağa (özləri və övladları üçün) çalışırdılar, halbuki sadə adamlara ən adi mallar belə əlçatan deyildi.

Hesabatda vurğulanır ki, Leninin, Stalinin və Xruşşovun dövründə SSRİ-də “ideoloji coşqu” qalırdı — insanlar yeni cəmiyyət qurduqlarına inanırdılar və bu, onlara məhrumiyyətlərə dözməyə kömək edirdi. Xruşşovu əvəzləyən Brejnev ideoloji işi zəiflətdi və diqqəti maddi rifah qazanmağa yönəltdi. Lakin o, əhalinin həyat səviyyəsinin sabit artımını təmin edə bilmədi, çünki 1970-ci illərin ortalarından sovet iqtisadiyyatı yavaşlamağa başladı. Üstəlik, hakimiyyət informasiya üzərində nəzarəti də zəiflətdi və sovet vətəndaşları SSRİ və Qərb həyatını müqayisə etmək imkanı qazandılar — bu isə onların loyallığını aşındırırdı. 

Nəticədə əhalidə “apatiya, sinizm və narazılıq” gücləndi. Belə əhval-ruhiyyə iqtisadiyyatı daha da sarsıdırdı: əmək məhsuldarlığı zəif artırdı, alkoqol istifadəsi (o cümlədən iş yerlərində) geniş yayılırdı, “epizodik tətillər” müşahidə olunurdu, qara bazar çiçəklənirdi. CIA-in məlumatına görə, sovet elitası intizamın və mənəvi dəyərlərin yoxluğundan - xüsusilə gənclər arasında, - şikayətlənir, defisit və milli ziddiyyətlər zəminində xalq etirazlarından qorxurdu. Hesabatda bu qorxuları əks etdirən bir neçə fakt gətirilir:

  • 1981-ci ilin dekabrında “Pravda” qəzetinin təbliğat şöbəsinin rəhbəri ABŞ səfirliyi əməkdaşları ilə söhbətdə sovet gənclərində məqsədyönlülüyün olmamasından, onların “istehlakçılığı”, dinə marağı və hərbi xidmətdən yayınmaq istəyi ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin etiraf edib ki, sovet rəhbərlərinə işçilərlə ünsiyyət qurmaq çətindir, çünki onlar rəhbərlərin yararlandıqları imtiyazlardan narazıdırlar.
  • 1982-ci ilin aprelində SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun bir əməkdaşı amerikalı rəsmiyə bildirib ki, sovet cəmiyyəti intizam böhranı ilə üzləşib. Bu isə işlə təminat, cinayətkarlıq və milli ziddiyyətlərdə özünü göstərir.
  • 1982-ci ilin oktyabrında adı çəkilməyən bir departamentin rəhbəri sovet xalqı arasında iğtişaşlar yaranması ehtimalını “çox real” hesab etdiyini deyib. O, daha yaxşı qidalanmaq, asudə vaxt və istehlak mallarının daha əlçatan olması ilə bağlı artan tələblərə istinad edib.

Defisit, korrupsiya və “güclü əl” tələbi

SSRİ rəhbərliyinin əhali etirazları ilə bağlı qorxularını Polşadakı siyasi sabitsizlik də gücləndirirdi — 1980-ci ildə orada müstəqil “Həmrəylik” həmkarlar ittifaqı tərəfindən böyük fəhlə tətilləri keçirilmişdi. Ərzaq qiymətlərinin artırılmasının tətiklədiyi bu etirazlar ölkədə hərbi vəziyyət tətbiqinə səbəb oldu. 

1981-ci ildə hələ KQB-yə rəhbərlik edən Yuri Andropov polyak həmkarlarından birinə şikayət etmişdi ki, SSRİ-dəki siyasi və iqtisadi vəziyyət Polşadakından heç də yaxşı deyil. Həmin il KQB əməkdaşları ərzaq qıtlığı fonunda rəhbərlikdən xahiş etmişdilər ki, Moskvada olduğu kimi bölgələrdə də onlar üçün xüsusi təminat məntəqələri açılsın — CIA hesabatında belə deyilir.

Digər böyük problem korrupsiya idi. Leonid Brejnev xidməti mövqeyindən faydalanmaqdan çəkinmirdi və başqalarının da belə etməsinə barmaqarası baxırdı. Onun 18 illik iqtidarının sonuna yaxın rüşvətxorluq, mənimsəmə və digər hakimiyyətdən sui-istifadələr, CIA qiymətləndirməsinə görə, sovet sistemində “geniş yayılmış və dözülməz” hala çevrilmişdi.

Bu fonda sovet elitasının bəzi nümayəndələri arasında stalinizm dövrünün intizamına qayıtmaq tələbi yaranmışdı. CIA hesabatından bəzi faktlar:

  • 1982-ci ilin martında Moskvada orta vəzifəli bir dövlət məmuru bildirmişdi ki, 25–45 yaş arası nəsil neostalinçi meyillərə yönəlir.
  • İyunda partiya funksionerləri iqtisadi artım və siyasi sabitlik üçün ölkə daxilində nəzarəti sərtləşdirməyin və Qərblə sosial, mədəni və siyasi əlaqələri azaltmağın vacibliyini müzakirə ediblər.
  • İyulda Vaşinqtonda yüksək rütbəli sovet diplomatı keçmiş amerikalı məmura demişdi ki, onun fikrincə, SSRİ-nin yaşaması və inkişafı üçün yüksək sosial intizam və Stalinin tipində güclü lider lazımdır — Brejnev isə belə biri deyil.

CIA-in bir neçə mənbəyi əmin idi ki, Andropov belə lider ola bilər. 1981-ci ildə, o hələ baş katib seçilməmişdən əvvəl, ABŞ və Kanada İnstitutunun bir əməkdaşı amerikalı məmura bildirmişdi ki, Siyasi büro üzvləri arasında “rəhbər” roluna ən uyğun şəxs Andropovdur. Hesabatda deyilir ki, o, korrupsiyaya bulaşmamış şəxs reputasiyasını qazanıb, həmçinin “Qərbin ideoloji müdaxiləsinə və istənilən vətəndaş narazılığı təzahürünə” qarşı çıxan insan kimi tanınıb.

Rus millətçiliyi kursu

CIA hesabatında qeyd olunur ki, 1981–1982-ci illərdə sovet generalları silahlı qüvvələrdə etnik gərginliklə bağlı narahatlıq ifadə edirdilər. Eyni zamanda, sovet qəzetlərində və Siyasi büro üzvlərinin çıxışlarında SSRİ-nin mərkəzləşdirilmiş xarakteri, dövlətin formalaşmasında və nailiyyətlərində rus xalqının rolu xüsusi vurğulanmağa başlamışdı.

1982-ci ilin martında Brejnev sovet respublikalarında partiya və dövlət orqanlarına etnik rusların daha çox cəlb olunmasına çağırmışdı. Həmin ilin iyununda isə adı çəkilməyən bir partiya funksioneri ABŞ nümayəndələrinə bildirmişdi ki, bəzi həmkarları “ölkənin “slavyan identikliyini” gücləndirməyin vacibliyini müzakirə edirlər: onların fikrincə, ruslar SSRİ əhalisinin yarısından azını təşkil edəcəkləri vaxt ölkə üzərində nəzarəti saxlamağın yolları barədə düşünmək lazımdır.

Hesabatda yazılırdı: “Rus millətçiliyinə müraciət, milli azlıqlar üzərində daha sərt nəzarət üçün əsas yaratmağa xidmət edə bilər: (Sovet İttifaqının) rus liderləri, şübhəsiz, hesab edirlər ki, milli azlıqlar ruslarla müqayisədə daha çox xarici təsirə meyillidirlər. Rejimi rus millətçiliyi ilə daha sıx bağlamaq cəhdi həm də istehlakçı narazılıqlarına qarşı mübarizə vasitəsi və RSFSR-in özündə ideologiyanın legitimləşdirici güc kimi zəifləməsinin kompensasiyası kimi də nəzərdən keçirilə bilər”

Hesabatda eləcə də deyilir ki, millətçi ritorikanın yüksəlişi və intizam üzərində vurğunun gücləndirilməsi nomenklaturanın daha liberal qanadının və ziyalıların müqaviməti ilə üzləşıb. Misal olaraq Siyasi büro üzvü (sonrakı SSRİ rəhbəri) Konstantin Çernenko göstərilirdi: o, Polşadakı böhranı oradakı kommunistlərin kütlələrlə əlaqəni itirməsi ilə izah edirdi və ictimai rəyin öyrənilməsi üçün xüsusi partiya komissiyası yaradılmasına çağırırdı. 

Hesabatın sonunda müəlliflər qeyd edirdilər ki, 1970-ci illərin ortalarından SSRİ-də əhval-ruhiyyə dəyişmiş, əhali “daha tələbkar, daha skeptik və daha az güzəştə meyilli” olmuşdu, elitalar isə “güman ki, destalinizasiya dövründən bəri xalqın sakitliyinə heç vaxt olmadığı qədər az əmin idilər”. Müəlliflərin qənaətinə görə, Andropovun rəhbərliyi altında yeni sovet liderləri vəziyyəti sabitləşdirmək üçün, yəqin ki, korrupsiyaya qarşı kampaniya aparacaq və iqtisadi islahatlar həyata keçirəcəklər. Bunlar isə daha mühafizəkar sosial siyasət və rus millətçiliyinə istinadla müşayiət olunacaqdı.

Bu proqnoz qismən doğruldu. Andropov həqiqətən də əmək intizamına nəzarəti gücləndirdi (onun dövründə işdən yayınanlara qarşı hamamlarda və kinoteatrlarda aparılan reydlər məşhurdur), korrupsiya işləri üzrə istintaqlara start verdi (ən səs-küylüsü Özbəkistandakı “pambıq işi” idi) və sovet iqtisadiyyatında müəyyən yumşalmalara getdi (lakin ölümünə qədər iqtisadi islahatlar keçirmədi). Rus millətçiliyi isə onun siyasətinin mühüm elementinə çevrilmədi. Bəlkə də ən vacib nəticə Andropovun sonuncu sovet rəhbəri Mixail Qorbaçovun karyerasına dəstək verməsi oldu.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada