Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Qafqazın böyük problemi – Su süzgəcindəki taleyimiz
I hissə. Su ehtiyatları problemi siyasi xarakter alır

Son onilliklərdə rütubətin az olduğu, yəni arid və yarımarid zonalara aid regionlarda su təhlükəsizliyi məsələsi təkcə sosial-iqtisadi deyil, həm də kəskin geosiyasi çağırışa çevrilib. İqlim dəyişiklikləri, əhalinin artımı, urbanizasiya və sənayeləşmə fonunda Cənub-Qərbi Asiya, Mərkəzi Asiya və Şimali Afrikada su resurslarına çıxış getdikcə daha çox ərzaq təhlükəsizliyinə, kənd təsərrüfatının dayanıqlılığına, enerji istehsalına, bəzi hallarda isə dövlətlərarası münasibətlərə və regional sabitliyə birbaşa təsir edən amilə çevrilir.

Cənubi Qafqaz da arid qurşağa daxildir. Lakin region daxilində su qıtlığı bərabər paylanmayıb. Bu məkan çərçivəsində dağlıq ərazilərdə yerləşən və iri transsərhəd çayların mənbə zonalarını təşkil edən ölkələr seçilir. Belə dövlətlər obyektiv olaraq daha üstün mövqedədir: əsas su axınları məhz onların ərazisində formalaşır və daha sonra aşağı axında yerləşən əraziləri qidalandırır. Əksinə, aşağı axında yerləşən ölkələr su axınının azalması, su ekosistemlərinin deqradasiyası, çayların tənzimlənməsi və ya süni şəkildə dəyişdirilməsi, həmçinin yağıntı rejiminin transformasiyası qarşısında daha həssas vəziyyətə düşür.

Bu cür asimmetriya yalnız Cənubi Qafqaza xas deyil, bütövlükdə geniş arid makroregion üçün səciyyəvidir. “Yuxarı axın” dövlətlərinin sayı azdır – onları bir əlin barmaqları ilə saymaq olar. Şimal-Şərqi Afrikada, Ön Asiyada, Mərkəzi Asiyada və Yaxın Şərqdə əsas rolu Efiopiya, Türkiyə, Əfqanıstan, Tacikistan və Qırğızıstan kimi ölkələr oynayır. Məhz bu dövlətlər Nilin, Dəclə və Fəratın, Sırdərya və Amudəryanın, Hilməndin mənbələrinə nəzarət edir. Eyni zamanda, aşağı axında yerləşən daha çox sayda ölkə su təchizatının sabitliyindən kritik dərəcədə asılı vəziyyətdədir. Çayların su tutumunun azalması, buzlaqların deqradasiyası, su istehlakının artması və texnogen təsirin güclənməsi fonunda transsərhəd ziddiyyətlərin dərinləşməsi riski də artır.

Cənubi Qafqaz da bu daha geniş kontekstə məhdud şəkildə daxil olur. Regionda oxşar məntiqi struktur Kür və Araz hövzələri vasitəsilə ortaya çıxır. Məhz bu çaylar regional su sisteminin əsasını təşkil edir. Yuxarı axında yerləşən dağ-buzlaq zonaları təbii “su akkumulyatorları” kimi strateji funksiya daşıyır. Eyni zamanda, əhalinin və kənd təsərrüfatı istehsalının əhəmiyyətli hissəsi su axınının sabitliyindən asılı olan vadilərdə və quraq ərazilərdə cəmləşib. İqlim aridləşməsinin güclənməsi, suvarma sistemlərinə artan təzyiq, sovet dövründən qalma meliorasiya infrastrukturunun deqradasiyası və transsərhəd su idarəçiliyinin parçalanmış xarakteri əlavə risklər yaradır.

Beləliklə, Cənubi Qafqazda su təhlükəsizliyi yalnız ekoloji və ya təsərrüfat problemi kimi qiymətləndirilə bilməz. Bu məsələ regional siyasətin və dayanıqlı inkişaf modelinin struktur elementinə çevrilir, ərzaq sabitliyi, energetika, regionlararası əməkdaşlıq və perspektivdə hətta geosiyasi konfiqurasiya ilə birbaşa əlaqələnir.

***

Zaman keçdikcə Cənubi Qafqazda su ehtiyatlarından istifadə problemi qaçılmaz olaraq daha aydın siyasi çalar alacaq. Sürətlənən iqlim dəyişiklikləri və şirin su çatışmazlığının sistemli artımı fonunda region elə bir mərhələyə daxil olur ki, su təkcə ekoloji və iqtisadi resurs deyil, həm də strateji dayanıqlılıq amilinə çevrilir. Bu tendensiya xüsusilə Azərbaycan üçün kəskin xarakter daşıyır. Ölkə artıq bu gün Avrasiyada ən gərgin su qıtlığı yaşayan dövlətlərdən biridir. Azərbaycanın su ehtiyatlarının 70 faizə qədəri onun hüdudlarından kənarda, əsasən Kür və Araz hövzələrində formalaşır ki, bu da transsərhəd su axınlarının sabitliyini milli təhlükəsizlik məsələsinə çevirir.

Son onilliklərdə hər iki çayın hidroloji rejimi ciddi transformasiyaya məruz qalıb. XX əsrin ortaları ilə müqayisədə regionda temperaturun 1,2–1,6°C artması, Türkiyə, Gürcüstan və Ermənistanın dağlıq ərazilərində qar örtüyünün azalması, qar sularından formalaşan daşqınların su tutumunun zəifləməsi və il ərzində axının dəyişkənliyinin artması nəticəsində təbii nivo-pluvial (qar əriməsi və yağıntı hesabına) rejim tədricən qarışıq, daha çox idarə olunan rejimlə əvəzlənir. Axının mövsümi strukturu deformasiyaya uğrayır: yaz pikləri daha qısa və zəif ifadəli olur, yay aralığı – yəni suyun ən aşağı səviyyəsi – daha dərin və uzunmüddətli xarakter alır, payız yağışlarının payı isə illik balansda getdikcə artır.

Kür çayı mənbəyini Qars və Ərdəhan yaylalarından götürərək illik orta hesabla 90–110 m³/s sərfiyyatla Türkiyə ərazisini tərk edir. Gürcüstan ərazisinə daxil olduqdan sonra çay qollar hesabına güclənir və orta axında, Azərbaycan sərhədinə çıxmazdan əvvəl onun sərfiyyatı 350–380 m³/s səviyyəsinə çatır. Son onilliklərin hidroloji müşahidələri göstərir ki, məhz Türkiyə-Gürcüstan hissəsində qar ehtiyatının azalması və daha erkən ərimə ilə bağlı yaz axınında davamlı azalma qeydə alınır. Kürün yuxarı axarında hava temperaturu qlobal orta göstəricidən daha sürətlə – hər onillikdə təxminən 0,4°C artım tempi ilə yüksəlir ki, bu da hidroqraf fazalarının yer dəyişməsinə səbəb olur.

Nəticədə, ənənəvi olaraq illik axının əsas hissəsini formalaşdıran yaz daşqını zəifləyir və onun illik balansdakı payı azalır. Paralel olaraq, xüsusilə azsulu illərdə baza, yəni minimal axın da aşağı düşür. Hələlik bu hissədə antropogen tənzimləmə nisbətən zəif olsa da, Türkiyə tərəfində su sərfiyyatının mərhələli şəkildə artması aşağı axında yerləşən ərazilərə təzyiqi gücləndirir.

Araz çayı Türkiyə ərazisində formalaşır və xeyli hissədə Ermənistanla dövlət sərhədi funksiyasını daşıyır. Tarixən Arazın yuxarı axarında “təbii” orta çoxillik su sərfi 180–220 m³/s səviyyəsində qiymətləndirilirdi, lakin müasir ölçmələr onun azalma meylini göstərir. Türkiyə tərəfində yeni su anbarlarının və hidroelektrik stansiyaların tikilməsi daşqınların səviyyəsinin balanslaşmasına və xüsusilə yaz–yay dövründə Ermənistan sərhəd hissəsinə daxil olan suyun həcminin azalmasına gətirib çıxarıb.

Burada iqlim amili idarəetmə faktoru qədər əhəmiyyət kəsb edir. Şərqi Türkiyədə temperaturun sabit və yüksək artımı, qış yağıntılarının azalması müşahidə olunur; nəticədə “böyük sular” daha tez gəlir, ərimiş qar sularının həcmi isə azalır. Ermənistan üçün bu, su ilə bağlı qeyri-müəyyənliyin artması deməkdir: yay–payız arası minimum səviyyə daha da dərinləşir, illik ümumi axın isə uzunmüddətli eniş dinamikası nümayiş etdirir. Ayrı-ayrı sahələrdə su axının 40–60 m³/s-dək düşdüyü dövrlər qeydə alınır ki, bu da ekosistemlər və su istifadəçiləri üçün ciddi məhdudiyyət yaradır.

Kür çayının Gürcüstan–Azərbaycan sərhədindəki hissəsi kritik əhəmiyyət daşıyır. Çünki Kür Gürcüstan ərazisini tərk edərkən Azərbaycanın su balansını müəyyən edən əsas həcmi daşıyır. Sərhəddə orta illik su sərfi təxminən 378 m³/s təşkil edir, lakin axının mövsümi bölgüsü artıq təbii rejimə uyğun gəlmir. Əvvəllər 600–900 m³/s-ə çatan yaz pikləri Gürcüstandakı su təsərrüfatı fəaliyyəti və Azərbaycanda intensiv su götürülməsi nəticəsində əhəmiyyətli dərəcədə azalıb.

Kürün aşağı axarı Cənubi Qafqazın ən çox tənzimlənən su sahələrindən biridir. Xüsusilə Şirvan, Mil–Muğan və Salyan düzənliyinin quraq rayonlarında suvarma üçün götürülən suyun miqyası aşağı axında kəskin azalmalara səbəb olur. Ayrı-ayrı azsulu illərdə su sərfi 70–90 m³/s-dək enə bilər ki, bu da şəhərlərin və aqrar zonaların su təminatı üçün risk yaradır. Suyun keyfiyyətinin pisləşməsi problemi daha da kəskinləşdirən başqa bir amildir. Gürcüstandan daxil olan kənd təsərrüfatı, sənaye və kommunal tullantı suları kifayət qədər təmizlənmədən Kürə axıdılır və bu da Azərbaycanda ekoloji yükü artırır.

(davamı var)

İlqar Vəlizadə