Logo
news content
User
Kateqoriyalar

Analitika

Zelenskidən qəfil sülh çağırışı: nə baş verir?
Kiyev gözlənilmədən Rusiya ilə danışıqlar perspektivini açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski müharibəni uzatmaq istəmədiyini bəyan edib və tez bir zamanda Rusiya ilə nizamlanma planının hazırlanmasına göstəriş verib.

Zelenski Avropa Şurasının prezidenti Şarl Mişellə keçirdiyi mətbuat konfransında deyib ki, Ukrayna müharibəni illərlə uzatmaq istəmir və ikinci Ukrayna sammitinə qədər sülh planı hazırlamaq niyyətindədir.

UNIAN Zelenskinin sözlərindən sitat gətirir: “Ukrayna müharibəni uzatmaq istəmir, biz bunun illərlə davam etməsini istəmirik”.

Onun sözlərinə görə, çoxlu sayda ölənləri və yaralıları olduğundan, nizamlanma planı bir neçə ay ərzində onun masasında olmalıdır. O, əlavə edib ki, İsveçrədə keçirilən sülh sammitindən sonra Ukrayna Rusiya ilə əlaqə saxlamayıb.

Mənim bu müddət ərzində onlarla heç bir dialoqum olmayıb. Əgər nəsə gizli şəkildə, kölgədə baş verirsə, onda bu, bizə aid deyil. Biz bunu açıq şəkildə etmək istəyirik”, - deyə dövlət başçısı vurğulayıb.

Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba ötən həftə bildirmişdi ki, Kiyevin Moskva ilə birbaşa təmaslara can atmaması səbəbindən, Rusiya ikinci sülh sammitində başqa dövlətlərin vasitəçiliyi ilə iştirakı edə bilər. 

Qara dəniz Taxıl Təşəbbüsü ilə bağlı çox uğurlu danışıqlar təcrübəsi var. O zaman Ukrayna Türkiyə və BMT ilə danışıqlar aparırdı, eyni zamanda, Türkiyə və BMT Rusiya ilə danışıqlar aparırdı”, - nazir bildirib.

İsveçrənin Xarici İşlər naziri İnyasio Kassis ehtimal edib ki, Ukrayna üzrə ikinci sülh sammiti bu ilin payızında, ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinə qədər baş tuta bilər. O, Ukraynadakı müharibəyə son qoymaq üçün aparılan danışıqların Rusiyasız keçirilməsinin mümkün olmayacağını qeyd edərək, Moskvanın gələcəkdə onlara qoşulacağına ümid etdiyini bildirib.

Zelenski bundan əvvəl Moskvanın növbəti sammitdə iştirakını istisna etməyib və qeyd edib ki, Rusiyanın iştirakı “onların sülh istədiyinə və müharibəni bitirməyə hazır olmasına” işarə olacaq.

Bütün bu siyasi gedişlər nə deməkdir? Söhbət müharibənin dondurulması ehtimalından gedir? Tərəflər hərbi əməliyyatları dayandırmaq və hazırda döyüş meydanında tutduqları mövqelərini qorumaq barədə razılığa gələ bilirlərmi? Belə bir variant varmı? Bəs belə bir razılaşmanın nəticələri necə ola bilər?

Pressklub.az-ın suallarını Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda cavablandırıb.

O, ilk növbədə, Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzünün artıq 850 gündən çoxdur davam etdiyini xatırladıb.

Bu, İkinci Dünya Müharibəsindən sonra dünyanın ən böyük müharibəsidir və təbii ki, onun tezliklə başa çatdırılması çağırışı, sülh tələbi var. Ukrayna bu çağırışa cavab vermək məcburiyyətindədir. Çünki müharibə təkcə ölkəmizin deyil, bütövlükdə dünyanın iqtisadi inkişafına mane olur. Müharibə bir çox proseslərə mənfi təsir göstərir. Amma düzünü desəm, Ukraynanın uğur qazanması üçün real perspektiv görmürəm. Rusiyanı danışıqlar masasına necə gətirmək mümkündür?

Onun fikrincə, Rusiya qoşunlarının davam edən hücumları (bu hücumların nə dərəcədə uğurlu olması başqa məsələdir, amma hücumlar bürün hallarda davam edir) Moskvanın danışıqlar masasına oturmaq fikrində olmadığını göstərir. Putinin iyunun 14-də verdiyi bəyanatlar isə Kremlin Ukraynanı necə məğlub etmək barədə kifayət qədər sərt tələbi və prosesə özünəməxsus baxışı olduğuna dəlalət edir. “Rusiya uzun sürən müharibə aparır və biz bunu aydın şəkildə görürük. Düşünürəm ki, bizə sülhdən deyil, daha çox qələbədən danışmaq lazımdır. Və tərəfdaşlarımızın davranışlarını da buna uyğun istiqamətləndirməliyik. Onları Ukraynaya daha fəal kömək etməyə inandırmaq lazımdır. Təəssüf ki, Qərbin hərbi yardımı bizim istədiyimiz miqyasda deyil. Buna görə də, mən Rusiya ilə sülh danışıqlarının perspektivinə kifayət qədər şübhə ilə yanaşıram. Çünki insan ətini dadan ayıya nə qədər bal və süd yedizdirsəniz də, o, heç bir zaman insan ətinin dadını unutmayacaq”, - deyə Maqda qeyd edib.

Rauf Orucov