Logo
news content
User
Kateqoriyalar

Analitika

Yoluxma yenidən artır…

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı son günlər yenidən artmağa başlayıb. Martın 2-də 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb. Martın 3-də isə 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq evə buraxılıb.

Hər dəfə yoluxma sayında ardıcıl aşağıya doğru trend qeydə alınanda və bunun nəticəsində karantin rejimində yumşalmalara gediləndə ümid yaranır ki, virus tezliklə ən minimal səviyyələrə düşəcək və karantin tam aradan qaldırılacaq. Lakin virus yenidən qayıdır. Bu durum artıq insanları bezdirib. Bəs, mütəxəssislər nə düşünür?

Həkim infeksionist Nicat Əzimli yoluxanların sayında artımın müşahidə edilməsini təbii hal kimi dəyərləndirir:

“Yumşalmaya gedildiyi üçün yoluxma sayında artım olması təbiidir. Əslində gözlədiyimizdən də yaxşı nəticə var. Biz daha çox yoluxma sayı gözləyirdik. Bu dəfə tədbirlər də öncə görülən tədbirlərlə eyni olacaq. Həm fərdi qaydada, həm də dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada tədbirlər görüləcək. Eyni proses olacaq, dəyişən bir şey olmayacaq. Vaksinasiya isə sürətli şəkildə davam edir. Vaksinasiya prosesi daha da genişləndikdən sonra qarşıdakı aylarda yoluxmalarda aşağı rəqəmləri müşahidə edəcəyik. Həmin rəqəmlər sərt karantin rejiminin tətbiqini tələb etməyəcək”.

N.Əzimlinin sözlərinə görə, vaksinasiya prosesinə cəlb olunan insanların sayı 250 mindən artıqdır, bu isə hələ ki karantin rejiminin ləğvinə əsas vermir. Onun fikrincə, vaksinasiyaya cəlb olunanların sayı hələ yetərli deyil:

“Amma qarşıdakı müddətdə daha çox əhali vaksinasiyaya cəlb olunduqdan sonra yeni dalğalar daha az rəqəmlərlə, daha az plato həddi ilə özünü göstərəcək. Amma hazırda peyvəndlənmiş əhali sayına görə desək, yenə də vəziyyətin öncəkindən elə də böyük fərqi yoxdur. Yenə pandemiya eyni təhlükə və eyni templə davam edir. Tədbirlərə və qaydalara riayət edilməli, sərt karantin rejiminə gedilməsi lazımdırsa, gedilməlidir”.

Həkim-farmakoloq Müşfiq Hüseynov bildirdi ki, üçüncü dalğanın gələcəyi öncədən bəlli

idi:

“Avropada artıq üçüncü dalğa başlayıb. Üçüncü dalğanın bizə martın 10-dan sonra gələcəyi gözlənilir. Üçüncü dalğa adətən birincidən böyük, ikincidən isə kiçik olur. Yoluxma sayının təxminən 2500-3000 civarına kimi qalxacağının şahidi olacağıq”.

Həkimin sözlərinə görə, biz dünyada ən uzun karantin rejiminin tətbiq olunduğu ölkə sayılırıq:

“Son bir ilin ən azı səkkiz ayını karantin rejimində keçirdik. Bunun isə heç bir əhəmiyyəti və anlamı yoxdur. Onsuz da dalğa kiçilməyə doğru gedir və yenidən qapanmağa, SMS icazənin tətbiqinə ehtiyac yoxdur. Çünki insanlar qaydalara riayət edirlər, maska taxırlar. Maska cəzası olduğu dövrdə yoluxmanın kəskinləşəcəyini də zənn etmirəm”.

M.Hüseynov vəziyyətdən çıxış yollarını da qeyd etdi:

“Peyvəndlənmə prosesi sürətlənməli və mümkün olan qədər əhalinin çox hissəsi peyvəndlənməyə cəlb olunmalıdır. Yalnız bu cür yoluxma sayının öhdəsindən gəlmək olar. Üçüncü dalğadan isə qaçış yoxdur. O, mütləq olacaq. Heç bir qapanmaya gərək yoxdur, sadəcə, vəziyyətə nəzarət etmək yetərlidir”.

Koronavirusa yoluxmuş xəstələrin müalicəsində iştirak etmiş həkim-radioloq Aydın Əliyev vəziyyəti “Prress Klub”a şərh edərkən qeyd etdi ki, yoluxmaların sayının artması çox güman, yumşalmalarla bağlıdır:

“Yoluxmalardakı artım sayı daha çox ictimai nəqliyyatdakı sıxlıqlarla bağlıdır. Amma yoluxmaların sayı karantini sərtləşdirəcək səviyyədə deyil. Əgər yoluxmalardakı artım təqribən min və ya ondan yuxarı civarda olarsa, ola bilsin ki, sərtləşdirmə üçün addımlar atılsın”.

Həkimin sözlərinə görə, sərt karantin rejiminə gedilməsin deyə ictimai nəqliyyatdakı sıxlıq aradan qaldırılmalıdır, avtobusların sayı artırılmalıdır, yollar açılmalıdır. Ən vacibi isə verilən qərara və qaydalara əməl olunmalıdır.

Ülviyyə Şahin