Logo
news content
User
Kateqoriyalar

Analitika

Yollarda şütüyən “ölü avtomobillər”
Ətrafa qara tüstü buraxan, böyrü üstə əyilmiş, qəribə səslər çıxaran əcaib görkəmli maşınlar hansı təhlükə yaradır?

Deputat Vüqar İskəndərov Milli Məclisin 14 noyabrda keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı yenidən köhnə avtomobil probleminə toxunub. 

Deputat bildirib ki, Azərbaycanda avtomobillərin 80 faizinin istismar müddəti bitib. O, eyni zamanda, utilizasiyanın çox ciddi problem olduğunu deyib və qeyd edib ki, 2024-cü ilin sentyabr ayından məsələnin həllini tapması gözlənilir: “Burada əsas məsələ odur ki, ədalətli həll üçün mexanizm yaradılmalıdır. Çünki bu, kütləvi məsələdir”.

Qeyd edək ki, Azərbaycandakı avtomobillərin böyük hissəsi həqiqətən də köhnədir. Buna ən müxtəlif amillər (Azərbaycanda avtomobil sənayesinin inkişaf etməməsi, istehsalın az olması, ölkəyə gətirilən avtomobillərin gömrük rüsumunun həddən artıq baha olması və s.) təsir edir. Lakin avtomobillərin 80%-nin istismara yararsız olduğunu demək olarmı? Əvvəla, deputatın səsləndirdiyi rəqəmin özü ciddi sual doğurur. İkincisi, “istismar müddəti bitən avtomobil” nə deməkdir? 

Hətta sadə sürücülər belə, bu iddia ilə razılaşmırlar. Məsələn, Bakı sakini İlkin Məmmədli old.pressklub.az-ın əməkdaşı ilə söhbətində  istismara yararsız avtomobillərin bu qədər olduğunu düşünmədiyini bildirib. O deyir ki, “istismar müddəti bitən” avtomobillərin sayı 80 faizdirsə, deməli Azərbaycanda istismara yararlı maşın barmaqla sayılacaq qədər azdır. 

“Çox qəribə iddiadır. Deyilən rəqəm düzdürsə, bəs niyə belə ciddi məsələ diqqətdən kənar qalıb? Mənim avtomobilim 2010-cu il buraxılışıdır. Texniki vəziyyəti də yaxşıdır. Ümumiyyətlə, istismar müddətinin bitməsi nə deməkdir? Avtomobil hər hansı qida məhsulu deyil ki, ona son istifadə tarixi qoyulsun, istifadə etdikdə isə insanı zəhərləsin. Avtomobilin istismarı onun ilinə yox, göstəricilərinə görə təyin olunmalı deyilmi? Buraxılış ili 2010-cu ildir deyə, maşınım istismara yararsız sayıla bilməz. Hər cür texniki baxışdan keçirirəm. Heç bir problemi yoxdur. Maddi imkanım 2010-cu ilin maşınını almağa çatıb. Nə vaxt görsəm ki, həqiqətən istifadəyə yararsız hala düşüb, o zaman dəyişərəm”.

Bəs bu anlaşılmazlıq nədən yaranıb? 

Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. NK-nın 94 №-li Qərarına dair İzahına əsasən, istismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 94 №-li qərarının əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır.

Amma məhdudlaşdırma nə “istismar müddətinin başa çatması”, nə də tam qadağa demək deyil. Sadəcə, müəyyən standartlara (xüsusən də ətraf mühiti çirkləndirən) cavab verməyən avtomobillərin Azərbaycana gətirilməsi məhdudlaşdırılır. Yəni, avtomobilə ərzaq, dərman və s. məhsullar kimi son istifadə tarixi qoyulmur, sadəcə istehsal ili 10 ildən artıq olanlara məhdudiyyət tətbiq edilir. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Araz Əsgərli də old.pressklub.az-a açıqlamasında “avtomobilin istismar müddətinin bitməsi” ifadəsini yanlış hesab etdiyini qeyd edib. Eyni zamanda, o, buraxılış ili ən azı 10 il olan avtomobillərin 80% təşkil etməsinin də doğru olmadığını bildirib. Əsgərlinin sözlərinə görə, yollarda istismara yararsız avtomobillər var və onlar mütləq utilizasiya olunmalıdır: “Avtomobillər istehsal ilinə görə, yəni, 20-30 ili keçməsinə uyğun çeşidlənir. İstismar müddəti bitmiş avtomobil yox, istismara yararsız avtomobil ifadəsi daha düzgündür. Bu cür avtomobillər isə texniki baxış zamanı müəyyən olunur və istifadəsi dayandırılır”.

Hazırda Azərbaycanda rəsmi qeydiyyatda olan 1 milyon 700 mindən artıq nəqliyyat vasitəsi var. Sözsüz ki, onların arasında istismara yararsız avtomobillər də mövcuddur. Ancaq bu o demək deyil ki, istifadəyə yararsız avtomobil sayı, yararlı avtomobil sayından daha çoxdur. 

Nəqliyyat eksperti Elməddin Muradlı mövzuya münasibət bildirib. O da hesab edir ki, avtomobillərin 80%-i istismara yararsız deyil, sadəcə istehsal tarixi köhnə avtomobillərdir. “Əlbəttə, bu yaxşı göstərici deyil. Bütün hallarda avtomobillərin yenilənməsi lazımdır. Yeni avtomobillər nə qədər çox olarsa, qəza təhlükəsi də o qədər aşağı olar. Müasir avtomobillərdə təhlükəsizlik elementləri daha çoxdur. Bu baxımdan yeni avtomobillərin ölkəyə gətirilməsi üçün müəyyən tədbirlər görülməlidir. Ölkəyə elektromobillər və hibridlər gətirilməsi üçün addımlar atılır”. 

Ekspert Nazirlər Kabinetinin 94 №-li qərarı ilə bağlı fikrini bildirib. Onun sözlərinə görə, il məhdudiyyətinin tətbiq edilməsi köhnə avtomobillərin yerli bazarda dövr etməsinə səbəb olur. Belə ki, bu məhdudiyyət tətbiq olunduqca insanlar yerli bazarda olan avtomobilləri bir-birinə alıb-satmaqla məşğul olurlar və belə olduqda dəyişiklik baş vermir. 

Müsahibimiz 2018-ci ilin dekabr ayında köhnə avtomobillərin utilizasiyası üçün təsdiq edilmiş, könüllülük prinsipinə əsaslanan “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”ndan danışıb. Muradlı hesab edir ki, könüllülük prinsipi faydasızdır.

“Köhnə avtomobillər ətraf mühitə daha çox zərərli qaz buraxdığı üçün onlara məhdudiyyət tətbiq edilir. Azərbaycanda utilizasiya prosesinə başlanılması qaçılmazdır. Bu barədə qərar verilib. Könüllülük prinsipinə əsaslansa, bunun əhəmiyyəti olmayacaq. Heç kim köhnə maşınını könüllü şəkildə təhvil verməyəcək. Ya dövlətdən pul gözləyirlər, ya da maşının istifadəsinə davam edirlər. Bu məsələlər ciddi nəzarət ilə həll oluna bilər. Başqa variantlar effektli olmayacaq”. 

Və sonda. Hər birimiz yollarda köhnə, ətraf mühitə qatı duman kimi qara tüstü buraxan, bir üstə əyilmiş, qəribə səslər çıxaran, işıqları yanmayan və sair əcaib görkəmli avtomobillərə rast gəlirik. Yollarımızda bu cür köhnə və yararsız avtomobillər kifayət qədərdir. Belə avtomobillərin qəza törətmə riski çox yüksəkdir. Üstəgəl, onların havaya atdıqları zərərli tüstünün səbəb olduğu ciddi xəstəliklər yaranmağa başlayıb. Bu, urbanizasiyaya məruz qalan şəhər mühitində özünü xüsusi olaraq göstərir. Utilizasiya qaçılmazdır.

Həyatımız və sağlamlığımız təhlükədədir. 

Günay Elşən