
Yollar gözləyər?
Ermənistanla sülh müqaviləsi nəqliyyat-kommunikasiya məsələsi razılaşdırılmadan imzalana bilər
10 Avqust 2024
Azərbaycan və Ermənistan nəqliyyat xətləri, o cümlədən Naxçıvanı ölkənin əsas ərazisi ilə birləşdirən marşrutla bağlı maddənin sülh sazişi layihəsindən çıxarılması barədə razılığa gəliblər.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi, səfir Elçin Əmirbəyov “Azadlıq” radiosuna müsahibəsində deyib ki, sülh sazişinin imzalanması prosesini sürətləndirmək üçün tərəflər arasında mübahisəli məsələlərdən biri olan nəqliyyat xətləri məsələsi layihənin mətnindən çıxarılıb”.
Əmirbəyov qeyd edib ki, Azərbaycan və Ermənistan sülh sazişi imzalandıqdan sonra Azərbaycan və Naxçıvan arasında nəqliyyat xəttinin təmin edilməsi məqsədilə məqbul düstur tapmaq üçün danışıqları davam etdirə bilərlər.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan da bildirib ki, regionda nəqliyyat xətlərinin açılması ilə bağlı maddə qarşılıqlı razılaşma əsasında sülh layihəsinin mətnindən çıxarılıb.
Eyni zamanda, Badalyan qeyd edib ki, nəqliyyat xətlərinin effektiv şərtlər daxilində açılması Ermənistanın sülh və iqtisadi inkişafı üçün gündəliyin mühüm hissəsi olmaqda davam edir.
Bölgədəki bütün nəqliyyat marşrutlarının, o cümlədən Azərbaycanın əsas ərazisini Ermənistandan keçməklə Naxçıvanla birləşdirəcək “Zəngəzur dəhlizi” adlanan marşrutun açılması iki ölkə arasında sülh danışıqlarında mübahisəli məsələlərdən biri idi.
Rəsmi Bakı bildirir ki, Ermənistan ərazisindən Naxçıvana gedən Azərbaycan vətəndaşları və onların yükü heç bir nəzarətə məruz qalmamalıdır. Rəsmi İrəvan isə bu marşrutla hərəkət zamanı Ermənistan qanunlarına riayət edilməli olduğunu vurğulayır.
Hər iki tərəfin hazırkı mesajı o deməkdir ki, Azərbaycan sülh müqaviləsinin tez bir zamanda imzalanması üçün Ermənistan ərazisindən kommunikasiyaların açılması məsələsini qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib? Yoxsa bu o deməkdir ki, Bakı əsas marşrutun - Zəngəzur dəhlizinin İranın Araz sahili ilə keçəcəyi fikriylə barışıb?
Pressklub.az-ın suallarını Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktor müavini Fuad Çıraqov cavablandırıb.

Onun fikrincə, nəqliyyat marşrutlarının açılması ilə bağlı maddənin sülh sazişi layihəsinin mətnindən müvəqqəti çıxarılması barədə qərar dinc nizamlanmaya doğru gedən yolda taktiki addım kimi görünür.
“İran liderinin Zəngəzur dəhlizi barədə dedikləri və Zəngəzurla bağlı İran, Rusiya və Qərb arasında mürəkkəb dinamika və mövqelər nəzərə alınsa, nəqliyyat marşrutları son vaxtlar bütün sülh prosesi üçün çox böyük geosiyasi maneəyə çevrilib. Hər halda, gec və ya tez sülh prosesi bizi nəqliyyat yollarının açılmasına aparmalıdır.
İndiki məqamda biz prosesi bölmək barədə razılığa gəlmişik. Bacardığımız yerdə irəliləyəcəyik və hazırda razılaşma əldə edilməsi çətin olanı məsələni təxirə salırıq”, - deyə tədqiqatçı izah edib.
O, eyni zamanda qeyd edib ki, Naxçıvana maneəsiz yol Ermənistanın beynəlxalq öhdəliyidir və hazırda nəqliyyat məsələsinin danışıqlardan kənarda qalması Azərbaycanın Zəngəzurla bağlı mövqeyindən geri çəkildiyi və ya geri çəkiləcəyi anlamına gəlmir.
“Prezidentin dediyi kimi, hər şeyin öz vaxtı var. O, nəyi və nə vaxt edəcəyini bilir. Prezident onu da bildirib ki, Naxçıvana maneəsiz yol olmadan Ermənistanla başqa heç bir nəqliyyat marşrutu açılmayacaq”, - Çıraqov yekunlaşdırıb.
Rauf Orucov