Logo
news content
User
Kateqoriyalar

Analitika

“Yol sənədi” ölkəmizə üz tutan qaçqınların sayını artıra bilərmi?!

Ötən həftə Dövlət Miqrasiya Xidmətində Azərbaycanda qaçqın statusu almış şəxslərə “yol sənədi” təqdim olunub. Həmin sənədlə ölkədə yaşayan qaçqınlar beynəlxalq səfərlər edə biləcəklər.

2019-cu ildə Azərbaycana 3 milyon 170 min, əvvəlki illə müqayisədə 11,4 min çox əcnəbi gəlib. Ancaq indiyədək burada qaçqın statusu almış şəxslərin sayı cəmi 83 nəfərdir. Bu vaxta qədər onlar ölkədən kənara çıxmağa çətinlik çəkirdilər. Artıq yeni sənəd almış qaçqınlar üçün həmin məhdudiyyət aradan qaldırılır.

“Yol sənədi” ölkəmizə üz tutan əcnəbilərin marağına səbəb olub. Eyni zamanda o, yerli vətəndaşlarda da bəzi suallar doğurub. “Yol sənəd”inin verilməsi ölkəyə “qaçqın axını”na səbəb ola bilərmi? Əgər belə narahatçılığa əsas varsa, biz hansı problemlərlə üzləşə bilərik?! Suallarımızı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov cavablandırır.

-  Elnur bəy, “Yol sənədi”nin mahiyyəti nədən ibarətdir?

- “Yol sənədi” qaçqın sta­tusu almış şəxslərə və onların ailə üzvlərinə Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verir. Bu, İnsan hüquqlarının müdafiəsinə xidmət edir, BMT-nin Qaçqınların statusuna dair Konvensiyası üzrə ölkəmizin qoşulduğu beynəlxalq öhdəliyin yerinə ye­ti­rilməsi məqsədi güdür, həmçinin “Qaçqınların və məc­buri köçkünlərin (ölkə daxilində köçürülmüş şəxs­lərin) statusu haqqında” Qanunun tələbindən irəli gəlir. Bu sənəd Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) yüksək səviyyədə təhlükəsizliyi qorunan səyahət sənədləri üçün nəzərdə tutulmuş standarta və adıçəkilən Konvensiya ilə müəyyənləşdirilmiş nümunəyə uyğun hazırlanıb. “Yol sənədi”ni əldə etməklə qaçqınlar və onların ailə üzvləri artıq bu ildən Azərbaycandan kənarda  məskunlaşmış yaxınlarını və qohumlarını ziyarət edə biləcəklər. Təbii, mənşə ölkə istisna təşkil edir. Bundan başqa, onlar turizm, təhsil, müalicə, işgüzar və digər məqsədlər üçün də ölkə hüdudlarından kənara çıxmaq, Azərbaycanı tərk edib, yenidən vizasız ölkəyə qayıtmaq imkanı əldə edəcəklər.

- Bu sənəd konkret kimlərə veriləcək?

- Bu sənəd Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə, o cümlədən onların ailə üzvlərinə verilir. İrqindən, milliyyətindən, dinindən və vətəndaşlığından asılı olmayaraq, Dövlət Miqrasiya Xidmətində qaçqın kimi qeydiyyatdan keçmiş bütün əcnəbilər onu ala bilərlər.

-  Son zamanlar, xüsusilə ərəb regionundan gələn qaçqınların sayının nisbətən artması bu sənədin verilməsiylə bağlıdırmı?

- “Yol sənədi”, dediyim kimi, beynəlxalq stan­dartlara uyğun olaraq hazırlanıb, ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərin qanunvericilikdə nəzərdə tutulan hüquqlarının təmin edilməsinə, eləcə də inteqrasiyasına dəstək məqsədilə verilır.

- O zaman sualı başqa cür qoyaq: belə bir sənədin verilməsi ölkəyə “qaçqın axınına” səbəb ola bilərmi?

- Qaçqın statusu verilməsi ilə bağlı vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edən hər bir əcnəbi yalnız qaçqın statusu əldə etdikdən sonra onlara belə sənəd təqdim oluna bilər. Bu səbəbdən “Yol sənədi”nin verilməsi ölkədəki qaçqın statusuna malik əcnəbilərin sayının artmasına gətirə bilməz.

ARAYIŞ: Bugünədək İran İslam Respublikasından 43, Əfqanıstandan 30, Liviyadan 5, Pakistandan 3, Cənubi Afrikadan isə 2 nəfərə qaçqın statusu verilib.

Müsahibəni hazırladı: Ülviyyə Şahin