Logo
news content
User
Kateqoriyalar

Analitika

Yetişməyən məktub: Qarabağ erməniləri Putindən nə istəyir?
Artıq elə bir vəziyyət yaranıb ki, heç kim Azərbaycanla ultimatum dili ilə danışmayacaq

Qarabağdakı separatçı rejimin rəhbərliyi Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Bu barədə erməni teleqram kanalları xəbər verir.

Qondarma “anti-böhran şurası”nın sədri Tiqran Petrosyanın yaydığı müraciətdə qeyd olunur ki, erməni əhalinin “mütləq əksəriyyəti” “Ermənistanın rəhbərinə deyil, “Artsax” rəhbərinə də deyil”, ermənilərin bölgədə “təhlükəsiz və ləyaqətlə” yaşayacağını deyən Rusiya prezidenti Vladimir Putinin sözlərinə inanıblar. 

“Bu gün biz yaşamırıq, sağ qalmaq üçün vuruşuruq. Bizim susqunluğumuz ölkənin və xalqın vəziyyətini gündən-günə çətinləşdirir.  Bizə təhlükəsizlik, ləyaqət və hərəkət sərbəstliyi vəd edənlər isə bizi bu vəziyyətdə qoyub, özlərinə vertolyotla yemək aparırlar (Rusiya sülhməramlılarını nəzərdə tutur – red.). Hökumət Putinə “ölkənin və xalqın” ağır vəziyyətini əks etdirən məktub göndərib. Düşünürəm ki, sabah Rusiya tərəfdən aydın addımlar görməsək, susmaq ölümə bərabər olacaq. Biz sabah da dözəcəyik, sonra uşaqlarımız naminə, ləyaqətimiz naminə vulkan kimi partlamalıyıq”, - Petrosyan yazıb.

Maraqlıdır, “anti-böhran şurası” nə istəyir? Laçın yolunun girişindəki Azərbaycan sərhəd-keçid məntəqəsinin ləğvini? Petrosyan Rusiya tərəfdən hansısa dəqiq addımlar gözləyir? Kreml indiki vəziyyətdə Bakıdan Qarabağ erməniləri üçün nəsə tələb edə bilərmi? Rusiya bu gün orada nəyə qadirdir?

Press Klubun bu suallarını beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə cavablandırıb.

O, bu müraciətin yaranmış vəziyyətdə hansısa rol oynayacağını düşünmür.

“Vaxtilə bir hekayə vardı, baş qəhrəman ünvanı göstərmədən “kəndə, babasına” məktub yazır və təbii ki, məktub təyinat yerinə çata bilməzdi. Burada da təxminən eyni vəziyyətdir. Düzdür, bu dəfə ünvan göstərilib və müraciət formalaşdırılıb, amma xatırlasaq, həm Araik Arutyunyan, həm də digər separatçılar əvvəlki illərdə də Putinə, Kremlə müraciət etməyə çalışıblar və bu məktubların aqibəti həmin hekayədəki məktubun taleyi kimi olub. Yəni, bu gün vəziyyət təkrarlanır. Heç kim Bakıya heç bir tələb irəli sürməyəcək. Bakı ilə tələb dili ilə danışmağa çalışan tərəf isə ilk növbədə özü cavabsız və nəticəsiz qalacaq. Yadınızdadırsa, Fransa lideri Azərbaycanla təzyiq dili ilə danışmağa çalışırdı və bunun hansı nəticə verdiyini hamımız yaxşı bilirik. Hesab edirəm ki, bu, vəziyyətə bu və ya digər dərəcədə maraq göstərən bütün digər vasitəçilər və maraqlı tərəflər üçün dərs oldu. Ona görə də heç kim, o cümlədən Rusiya da Bakı ilə ultimatum dilində danışmayacaq.

Azərbaycanın mövqeyi son dərəcə aydındır və bu, beynəlxalq hüquq standartlarına əsaslanır. Əgər söhbət Azərbaycan ərazisindən gedirsə, o zaman onun tələblərinə əməl etmək lazımdır.

Qarabağdakı ermənilərin ümumi vəziyyətinə gəlincə, əgər onlar sülh şəraitində yaşamaq, ölkənin bütün vətəndaş hüquq və azadlıqlarından istifadə etmək istəyirlərsə, ən azı ilk növbədə vətəndaşlıq əldə etmək üçün Azərbaycan Respublikasının müvafiq orqanlarına sorğu göndərməlidirlər. Və artıq vətəndaşa çevrilərək, bütün müvafiq hüquq və öhdəliklərdən istifadə etməyə başlaya bilərlər.

Əgər kimsə Azərbaycandan ermənilər üçün hansısa təminat almağa çalışarsa (belə cəhdlər edildiyini görürük), o zaman nəzərə almalıdır ki, bu, yalnız ermənilərin Azərbaycan Respublikası vətəndaşı olmasından sonra mümkündür. Əks halda, heç kim, o cümlədən Azərbaycan heç bir zəmanət verə bilməyəcək. Təhlükəsizlik zəmanətləri müəyyən şərtlərin yerinə yetirilməsi ilə əlaqələndirilməlidir. Rusiya kontingentinin müvəqqəti yerləşdiyi ərazidə ermənilərin qanunsuz silahlı birləşmələri fəaliyyət göstərdiyi halda, Bakı Qarabağ bölgəsindəki ermənilərə hansı zəmanət verə bilər? Erməni əhalisi hesab edirsə ki, bu silahlı dəstələr məhz onların təhlükəsizliyini təmin edir, yanılırlar. Əksinə, onlar bu insanların təhlükəsizliyinə təhdid yaradırlar. Çünki onlar Azərbaycan Respublikası ərazisində qeyri-qanuni fəaliyyət göstərirlər və faktiki olaraq yerli əhalidən Azərbaycan ordusuna qarşı canlı qalxan kimi istifadə edirlər. Və Qarabağ erməniləri bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşı olar.

Yerli ermənilərin hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən bütün bu petrosyanlara, babayanlara, balasanyanlara və digərlərinə gəlincə, bunlar öz maraqlarını güdən, özlərinə reytinq yığmağa çalışan, hansısa siyasi xal qazanmaq istəyən insanlardır. Onlar erməni xalqının “xilaskarları” rolunda çıxış edərək, bu əsnada varlanırlar. Burada müxtəlif erməni fondlarından yardım kimi göndərilən pul nəzərdə tutulur. Bax, yazdıqları məktubda da nəticəyə deyil, buna ümid edirlər. Onlar öz ətraflarında müəyyən mühit yaradırlar, iqtisadi üstünlükləri hesablayırlar, Qarabağ bölgəsində yaşayan insanların mənafeyinə tüpürmək belə istəmirlər.

Dinc insanlara isə Azərbaycan tərəfinin şərtləri əsasında Bakı ilə birbaşa, vasitəçisiz danışıqlar lazımdır. Bu halda, onlar Azərbaycan vətəndaşlığını qəbul etmək şərti ilə buradan doğan nəticələrlə uyğun olaraq normal həyata ümid edə bilərlər”, - deyə politoloq yekunlaşdırıb.

Rauf Orucov