Logo
news content
User
Kateqoriyalar

Analitika

Yer üzündəki cəhənnəm: İsrail cəbhəsində gərgin anlar – REPORTAJ – FOTO - VİDEO
old.old.pressklub.az-ın əməkdaşı Seymur Kazımov qaynar nöqtələrdən yazır

İsrail-Fələstin münaqişəsi 75 il dünya gündəmini məşğul etsə də, bu il oktyabrın 7-də baş vermiş hadisə bu məsələnin nə zamansa həll olunacağı ümidlərini birdəfəlik dəfn etdi. İş qaldı möcüzəyə. 

HƏMAS-ın İsrailin sərhəd ərazilərinə hücum edərək 1400 insanı qətlə yetirməsi, 200-dən çox nəfəri əsir götürməsi münaqişə tarixində bir ilk idi. Münaqişə tarixində ilk dəfə İsrail bu qədər itki verirdi. Bir sözlə, həm dünya, həm də İsrailin özü dərin şok keçirdi. Hətta təhlükəsizlik tədbirləri və ayıq-sayıqlığı ilə ad çıxarmış İsrail xüsusi xidmət orqanlarının “haraya baxması” da sorğulandı. 

Yaxın Şərqin yeni tarixi yazılır və bundan sonra hər şey əvvəlkindən fərqli olacaq. İsrail HƏMAS-ı birdəfəlik məhv etmək istəyir, buna görə də, yerüstü hərbi əməliyyatlara başlayacağını deyir. ABŞ və Avropa İsrailin “müdafiə haqqının” olduğunu əsas gətirsə də, bir neçə səbəbdən belə bir hərbi plana ehtiyatla yanaşır. 

Birincisi, ABŞ bu əməliyyatın ciddi fəsadları olacağı qənaətindədir. İkincisi, 2000 nəfərlik piyada qoşunu hələ də Vaşinqtondadır. Üçüncüsü, ABŞ-ın Mosul və Fəlluca kimi əməliyyatlarda mənfi təcrübəsi var. Dördüncüsü, ABŞ məhz bu kimi əməliyyat üçün İsrailə əsgər və silah dəstəyi verməlidir. Beşincisi, İsrailin bu əməliyyatı hansı qoşun növü ilə keçirəcəyi ilə bağlıdır. Belə ki, təkrar xidmətə çağırılan 300 min nəfər əsgər və zabit uzun zamandır hərbi sistemdə deyil. Doğrudur, dövlətin xüsusi elitar qüvvələri də var, amma bu da məlumdur ki, qarşılarında HƏMAS dayanıb. Onların döyüşçüləri isə ən ali məqsədlərinin “şəhidlik zirvəsinə ucalmaq” olduğuna inanırlar. Uzun sözün qısası, tərəflər arasındakı motivasiya da fərqlidir. 

Bununla belə, İsrail Müdafiə Qüvvələrinin yaydığı rəsmi məlumata görə, İsrail Qəzza zolağının şimalında Givati briqadasının rəhbərliyi ilə tanklarla reyd keçirib. Əməliyyat zamanı HƏMAS-a aid canlı qüvvə və hərbi infrastrukturun məhv edildiyi deyilir.

Bir də “şəhər döyüşləri” deyilən üsul var. İsrail rəhbərliyi uzun illərdir Qəzza zolağına birbaşa nəzarət etmir. Orada hansı sürpriz və tələlərin olması barədə bəlkə də detallı bilgiyə malik deyil. HƏMAS isə məhz belə bir əməliyyatın baş tutmasında maraqlıdır. Bu və ya sadalamadığımız digər amilləri nəzərə alsaq, quru əməliyyatının heç keçirilməməsi, ya da lokal xarakterli olması kimi ehtimallar var. Siyasətdə 24 saat nə qədər uzundursa, hərb sistemində də kəşfiyyatın gətirəcəyi informasiyalar siyasi konyukturu dəyişəcək qədər həlledicidir. 

Məhz bunlar istər İsrail, istərsə də Fələstində gördüklərimizə, eşitdiklərimizə əsaslanır. Aydındır ki, yanıla da bilərik, amma dünyanın ikiyə bölündüyü, həm də Rusiya-Ukrayna savaşının da arxa plana keçdiyi bir zamanda neqativ ssenariləri də nəzərə almalıyıq. 

Sonuncusu, mütəşəkkilliyi və maliyyə resursları ilə fərqlənən Hizbullah amilini də unutmayaq, çünki İsrailə HƏMAS-dan çox məhz onlar başağrısı yarada bilər.

Birinci yazı

Təl-Əviv şəhərində tez-tez sirena səsi eşidilir. Çünki şəhər dəfələrlə uzaqmənzilli raketlərdən atəşə tutulur, amma Azərbaycan oxucusuna da yaxşı məlum olan “Dəmir qübbə” tərəfindən zərərziləşdirilir. Paytaxtda demək olar ki, bütün yaşayış məntəqələri, o cümlədən ictimai məkanlarda sığınacaqlar var. Hava limanının içərisində bir neçə nöqtədə üzərində “sığınacaq” yazılmış lövhələrə rast gəlmək mümkündür. Münaqişə zonasına və hadisələrə daha yaxın olmaq üçün fərqli şəhərlərə səfərlər edirik.

Netanya

Təl-Əvivdən sonra üz tutduğumuz növbəti şəhər Netanya oldu. Şəhər Aralıq dənizindəki çimərlikləri ilə məşhurdur. Amma müharibə vaxtı onun əsas cəhəti təhlükəsizliyidir. Əsasən Təl-Əvivdən olan insanlar təhlükədən qorunmaq üçün məhz bu şəhərə üz tuturlar. Netanya vağzalında rastlaşdığım, ünsiyyətdə olduğum insanlar da bu şəhərdə daha rahat olduqlarını deyirdilər. Burada Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq İsrail vətəndaşlığını almış yəhudi ilə, Ukraynanın Sumı vilayətindən son müharibədə qaçqın düşmüş ukraynalı yəhudinin dialoquna qoşulmaq imkanı oldu. Hər ikisi həm əvvəlki, həm də indiki müharibəni pisləyirdi. Sonda da bir-birinə sülh arzulayıb, ayrıldılar. 

Şəhərdə hələ ki, həyəcan siqnalı verilməyib. Amma şəhərin özəlliyi bununla bitmir. Belə ki, Netanya şimalda Hizbullah və cənubda HƏMAS-ın fəal olduğu ərazilərin arasında yerləşir. Amma hər iki tərəflə məsafə 200 km-dən artıqdır. Ona görə də buraya atılan raketlər 15 dəqiqə uzaqlıqdakı cənuba və ya şimala düşür. Aralıq dənizi tərəfdən Qərb sahilində yerləşən fələstinlilərin məskunlaşdıqları Tulkarm qaçqın düşərgəsi ilə həmsərhəddir. İsrail Müdafiə Ordusu vaxtaşırı olaraq burada əməliyyat keçirir. 

Yerusəlim

İsraillilərin Yeruşalom, avropalıların Yerusəlim, ərəblərin Əl-Qüds adlandırdıqları, hər üç dinin ən müqəddəs şəhəri həyəcan siqnalı səsindən uzaqdır, amma hər cümə günü burada müsəlmanlarla İsrail hərbi və polis qüvvələri arasında qarşıdurma yaşanır. Buna da əsas səbəb müsəlmanların Məscidi əl-Əqsada namaz qılmamaları üçün yaradılmış maneədir. HƏMAS-la müharibə şəraitində isə məscidin ətrafında güvənlik tədbirləri əvvəlkindən çoxdur, buna görə də namaz qılmaq üçün son həftələrdə yeni qayda tətbiq olunur, yaşı 60-dan aşağı şəxslər ibadətə buraxılmır. İçəri Şəhərdən məscidə 15 qapı açılır. Həm cümə, həm də digər günlərdə qapıda hərbçilər keşik çəkir. Adi günlərdə belə, yəhudilərdən fərqli olaraq, ərəblərin bir çoxu bu qapılardan içəriyə keçmək üçün ya axtarışa məruz qalır, ya da sənəd göstərməli olurlar. İçəri Şəhərdə yerli ərəb və yəhudilər sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. 

Cümə günü türkiyəli jurnalistlərlə məscidə getmək istəyirik. 15 qapının hər birində əsgər və zabit var, qapılardan keçdikdən sonra əraziyə daxil olursan və ticarət obyektlərinin arasından keçməklə məscidə gedən irili-xırdalı yollarda da yenə hərbçilərlə rastlaşırsan. Onlar da sənədlərə baxır, sorğu-sual edir və əksər halda icazə vermir. Səbəb göstərmirlər. Deyirlər ki, “get, sabah səhər gəl, indi olmaz”. Bizi isə məhz jurnalist olduğumuza görə məscidə buraxmırlar, türkiyəli həmkarımız PRESS gödəkçəsində olmasına baxmayaraq, oraya peşə fəaliyyəti ilə məşğul olmaq üçün deyil, müsəlman olaraq namaza getmək istədiyini deyir. Amma icazə vermirlər və təklif edilir ki, polis rəisi ilə danışaq. Öz növbəmizdə İsrail dövlətinin onun ərazisində işləmək hüququmuzu təsdiq edən akkreditasiya kartını təqdim edirik, amma xeyri olmur. 

Mən sonra bu təcrübəni iki dəfə yenə sınaqdan keçirdim, jurnalist olmayaraq. İkinci dəfə cəhdim uğursuz olsa da, üçüncü dəfə səhər saatlarında məscidi ziyarət edə bildim. Müqayisə üçün deyim ki, yəhudilərin ibadət yeri olan Qərb Divarı məscidə yaxın məsafədə yerləşir və onlar maneə ilə üzləşmədən məkanlarına daxil ola bilirlər. Buraya da ikinci cəhddən daxil olub ziyarət etmişdim.

 

HƏMAS-la müharibədən sonra yerli polis etirazçılara qarşı yeni mübarizə metodundan istifadə edir – onların üzərinə üfunət iyi verən su sıxmaqla. Kimisi buna kanalizasiya suyu deyir, kimisi mənşəyi məlum olmayan kimyəvi tərkibli su. Əslində suyu sıxmağa da gərək yoxdur. “TOMA” maşını əraziyə gələndə həmin o iy ətrafa yayılır. Yerusəlimdə çalışan fələstinli jurnalistlərdən biri deyir ki, çalışın o su sizə dəyməsin, çünki yuyunsanız da, bədəninizin müxtəlif yerlərində, saçınızda pis iy qalacaq. Paltarlar isə birdəfəlik atılsa yaxşıdır. Məscidə buraxılmayan gənclər isə səccadələrini yerə salaraq namaza başlamaq istəyəndə həmin üfunətli su asfalta səpilir və iy ətrafı bürüyür. Həmin gün hərəkətlilik olsa da, xəsarət alan və saxlanılan olmur. 

Bir faktı qeyd edim ki, məhz Azərbaycandan olduğumu bilən bəzi yerli polis və hərbçilər bizi “dost ölkə” adlandırırlar. Bəziləri isə “müsəlman dünyasında tək dostumuz Azərbaycandır” deyirlər. Bəzən post-sovet ölkələrindən olan, sonradan İsrail vətəndaşlığını qəbul etmiş polis və hərbçilərlə də rastlaşırıq. Azərbaycanlı olduğumuzu bilən kimi rusca kommunikasiyaya keçənlər də olur. Ən sonda hər biri, “ehtiyatlı olun” deyir. Aydın məsələdir ki, hər kəs bu qədər kübar olmur. Çox kobud davranan, təzyiq göstərən, hədələyən, lentə aldıqlarımızı silmək üçün mobil telefonumuzu əlimizdən almaq istəyənlərlə də rastlaşırıq. HƏMAS-ın raketindən olmasa da, məhz belələrinin avtomatlarından “nəsibimizi” almaq şanslarımızın yüksək olduğu məqamlar da oldu. 

Bu mövzuda əlavə məlumatlar Fotolar və video 

Səccadə ilə gələnlər geri çevirilir

Məscidə daxil olmaq istəyənləri hərbçilər ərazidən uzaqlaşdırır

Aşkelon müharibənin ilk günlərində jurnalistlərin sıx işlədiyi şəhərlərdən biridir. Piyada əməliyyatına hazırlıq həm də  burada cəmləşirdi. Medianın bir neçə gün öncə çəkdiyi kadrlarda xeyli sayda hərbi texnikanı görmək mümkün idi. Sərhəd bölgələrə texnika göndərilməkdə davam edir.

Uzaqdan Aşkelon, Qəzza və Sderot

[embed]https://pk-web.s3.eu-central-1.amazonaws.com/media/video-3.mp4[/embed]

Oktyabrın 7-dən 125 min nəfər evakuasiya edilmiş İsrail vətəndaşı hökumət hesabına cari ilin sonuna qədər otellərdə qalacaq. İsrail hökuməti həmçinin cənubdakı Aşkelon şəhərinin 70 min sakininə hökumət hesabına evlərini iki həftə müddətinə boşaltmağa icazə verib. Şəhər Qəzza Zolağından 22 km uzaqlıqda yerləşir və bura da dəfələrlə atəşə tutulur. Aşkelonun yaxınlığındakı Aşdod şəhəri də ara-sıra raket hücumuna məruz qalır. 

Sderot

Münaqişə zonasına ən yaxın məntəqələrdən biri Sderot şəhəridir. Qəzza zolağı ilə arasındakı məsafə 12 km-dir. Həm də jurnalistlərin hazırda toplaşdığı əsas məntəqədir. Çünki buradan Zolağın məntəqələrini aydın müşahidə etmək imkanı var. İsrail ordusunun qarşı tərəfi atəşə tutması da rahat sezilir. Raket, bombalanan binalar, oradan ətrafa yayılan tüstü dumanını çox aydın şəkildə görmək olur. Eyni zamanda, jurnalistlər üçün ən təhlükəli məntəqə də məhz buradır. Çünki HƏMAS dəfələrlə şəhəri atəşə tutur. Burada gündə bir neçə dəfə həyəcan siqnalı verilir ki, media mənsubları öncədən müəyyən olunmuş sığınacaqda, ya da fərqli təhlükəsiz yerlərdə gizlənə bilsinlər. Bəzən raketdən müdafiə sistemi “Dəmir qübbə” atılan raketləri zərərsizləşdirir, bəzi raketlər göydə vurulur, bəziləri də media mənsublarından aralıda düşür. Bu proses indi də davam edir. Sderot şəhəri tamamilə boşaldılsa da, İsrailin raket hücumlarına cavab olaraq məhz həmin şəhər atəşə tutulur. Belə deyək, Sderot Azərbaycanın Tərtər şəhərini xatırladır. Amma Tərtərdən fərqli olaraq, Sderotda mülki sakin yoxdur, İsrail dövləti məcburi şəkildə onları təhlükəsiz yerlərə köçürüb. 

Bu mövzuda əlavə məlumatlar, Fotolar və videolar

Qəzzaya atılan raketin Sderotdan izlənməsi

Türkiyəli jurnalistin çəkdikləri. Seymur Kazımov da atəş altında

[embed]