Yenidən Rusiyanın “qanadı altına”?
Kreml danışıqlar prosesinin moderatoru olmaq üçün çalışır
26 İyul 2024
Londonda keçirilən Avropa Siyasi Birliyinin sammiti zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin arasında görüşün gözlənilmədən baş tutmamasından sonra Kreml yenidən dövriyyəyə girib. Rusiya tərəflərə müraciət edərək, danışıqları Moskva platformasına qaytarmağa çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə bildirib ki, Moskva Bakı və İrəvan nümayəndələrinə danışıqlar üçün platforma təqdim etməyə, onlara “ən rahat şərait” yaratmağa hazırdır.
Zaxarovanın sözlərinə görə, Rusiya “sülh sazişi layihəsi ilə bağlı dəfələrlə Ermənistan və Azərbaycan arasında danışıqlar keçirib” və “balanslaşdırılmış sülh sazişinin bağlanmasını regionda təhlükəsizlik arxitekturasının qurulması üçün tərəflər arasında ilkin şərt hesab edir”.
Qeyd edək ki, Londonda Ermənistan-Azərbaycan liderlərinin görüşü ilə bağlı təşəbbüs Böyük Britaniyanın baş naziri tərəfindən irəli sürülüb və Vaşinqtondakı mənbələrin məlumatına görə, Birləşmiş Ştatlar da bu görüşün keçirilməsində maraqlı olub. Çünki Londonda keçirilən sammitdən əvvəl dövlət katibi Antoni Blinken və onun müavini Ceyms O'Brayen Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını fəal şəkildə təşviq edirdilər.
Görüşün baş tutmamasından sonra Rusiya yenidən təşəbbüsü ələ keçirməyə və münaqişə tərəflərini Ermənistanın artıq xeyli müddətdir qədd etdiyi “Moskva platformasına” qaytarmağa çalışır.
Amma o da görünür ki, rəsmi Bakı danışıqların Rusiyanın iştirakı ilə davam etməsinin əleyhinə deyil.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Moskvanın görüşü üçün platforma təqdim etməyə hazırlığını şərh edərkən deyib: “Azərbaycan Ermənistanla Rusiyada və istənilən digər yerdə danışıqlara həmişə hazır olub”.
Əgər Bakı artıq bu variantla razıdırsa və İrəvan da bundan imtina etməsə, onda, bu nə demək olacaq? Rusiya timsalında “böyük qardaş”ın qanadı altına qayıtmaq? Moskvanın yenidən regiondaxili məsələlərə, Ermənistanla Azərbaycan arasında münasibətlərə birbaşa müdaxilə etməsinə imkan vermək olarmı? Bu, ümumi vəziyyətin pisləşməsinə səbəb olmayacaqmı?
Pressklub.az-ın suallarını müstəqil siyasi ekspert Nəsimi Məmmədli cavablandırıb.
Onun fikrincə, Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh sazişinə yenidən vasitəçilik etmək cəhdi nə Ermənistanın, nə də Azərbaycanın köklü milli maraqlarına cavab vermir.
“Rusiya bölgədə 35 ildən artıqdır davam edən bu münaqişənin ssenari müəllifi və hərəkətverici qüvvəsi olub. Son illər Rusiyanın Ukraynaya müdaxiləsi və sanksiyalar səbəbindən zəifləməsi problemin həllinə ümidləri artırıb. Təsadüfi deyil ki, Rusiyanın regionda zəifləməsinə görə Azərbaycanla Ermənistan sülhə çox yaxındırlar”, - politoloq qeyd edib.
Amma onun sözlərinə görə, təəssüf ki, rəsmi Bakı Moskvanın bu cür təkliflərindən imtina edə bilmir və ya imtina etmək istəmir.
“Ümid edirəm ki, N.Paşinyan hökuməti Rusiyanın bu təklifinə mənfi reaksiya verəcək. Ermənistan hakimiyyəti Rusiyaya qarşı siyasətini daha ardıcıl və qətiyyətlə həyata keçirir. Eyni zamanda Qərbdən daha açıq hərbi-siyasi dəstəyə ümid edir.
Əgər Rusiyanın vasitəçiliyi baş tutsa, bu, Rusiyanın Cənubi Qafqazda güclənməsinə gətirib çıxaracaq. Münaqişə birtərəfli qaydada həll olunmayacaq, əksinə, rəsmi Moskvanın hər iki ölkəyə təsiri qalacaq.
Hazırda Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin sıxışdırılması regionda sülhün təminatına çevrilə bilər. Əgər ona yenidən rol ayrılsa, regionda gərginlik mənbəyi uzun müddət qala bilər”, - Nəsimi Məmmədli yekunlaşdırıb.
Rauf Orucov