Yeni “sülhməramlı” kontingent?
Bu dəfə gündəmə Fransanın Ermənistana qoşun yeritməsi məsələsi gəlib...
22 İyun 2024
Fransanın Ermənistanda hərbi mövcudluğu ideyası reallığa çevrilərsə, bölgədə yeni münaqişə başlaya bilər. Turan agentliyi qeyd edir ki, ondan çox tanınmış fransalı siyasətçinin Fransa qoşunlarının Ermənistana göndərilməsi ilə bağlı prezident Emmanuel Makrona müraciətindən sonra gərginlik artıb. Fransanın “Le Point” nəşri tərəfindən dərc olunan bu müraciətdə “Ermənistanın Azərbaycan ordusunun potensial təcavüzündən qorunmasının vacibliyi” vurğulanır.
Siyasətçilərin Makrona açıq məktubunda Azərbaycanın qaz və neft gəlirləri, eləcə də Türkiyənin dəstəyi sayəsində əhəmiyyətli hərbi üstünlük əldə etdiyi vurğulanır. Onlar iddia edirlər ki, Azərbaycan Ermənistana qarşı hərbi əməliyyatlara başlamaq niyyətinə düşə bilər. Bu vəziyyəti “təhlükəli” kimi qiymətləndirən fransızlar, onu “1915-ci il soyqırımı zamanı Ermənistanın üzləşdiyi tamamilə məhv olmaq təhlükəsi” ilə müqayisə edirlər.
Məktubda deyilir: “Biz Fransa Silahlı Qüvvələrini qardaş ölkəyə (Ermənistana) göndərməyə çağırırıq. Bu, Ermənistana hücum etməyi planlaşdıranların qarşısını almağa yönəlmiş dinc kontingent ola bilər”.
Müraciəti nüfuzlu şəxslər, o cümlədən Parisin meri Ann İdalqo, filosof Elizabet Badinter, Avropa məsələləri və Xarici İşlər naziri postlarını tutmuş Bernard Kuşner, İle-de-Frans regionunun prezidenti Valeri Pekress, Avropa Parlamentinin deputatları Fransua-Ksavye Bellami, Natali Luazo, Jan-Mark Jermen və Monpelye meri Maykl Delafoss imzalayıblar.
İyunun 18-də Azərbaycan Müdafiə Nazirliyi İrəvan və Parisi regionda yeni müharibə ehtimalını qızışdırmaqda ittiham edib. Nazirlik potensial münaqişə ehtimalını erməni revanşizmi və Fransanın Ermənistanı silahlandırmaq niyyəti ilə əlaqələndirib. Azərbaycanın bəyanatı Cənubi Qafqazda gərginliyin artdığını və hazırkı vəziyyətin kövrək xarakterini göstərir.
Fransanın hərbi müdaxilə çağırışı Cənubi Qafqaz regionunun onsuz da geosiyasi baxımdan gərgin olduğu bir vaxta təsadüf edir. Ermənistanın Dağlıq Qarabağı işğal etməsi və Azərbaycanın 2020-ci ildə torpaqları azad etmək üçün başladığı əməliyyat tərəflər arasında yeni müharibəyə çevrilib və xeyli insan itkisinə səbəb olub. Fransa kimi böyük dövlətin istənilən hərbi müdaxiləsi vəziyyəti daha da pisləşdirə və potensial olaraq daha geniş regional qeyri-sabitliyə gətirib çıxara bilər.
“1915-ci il erməni soyqırımı” tarixi konteksti hazırkı “müdafiə çağırışlarını” çətinləşdirir. “Soyqırım” ermənilər üçün həssas məsələ olaraq qalır və bunun Makrona məktubda qeyd edilməsi özündə Ermənistanın mövcudluğuna qarşı təhlükəni ehtiva edir. Bu tarixi paralel həm erməni, həm də beynəlxalq auditoriyada rezonans yarada və müdaxilə çağırışlarını aktuallaşdıra bilər.
Fransalı siyasətçilərin prezident Makronu Ermənistana qoşun göndərmək çağırışı regionda yeni münaqişə ehtimalını artır. Azərbaycanın Fransa və Ermənistana sərt cavabı və ittihamları vəziyyətin kövrəkliyini və qeyri-sabitliyini bir daha ortaya qoyur.
Bəs, Fransa siyasətçilərinin Makrona çağırışını necə qiymətləndirmək olar? Fransa praktikada Ermənistana qoşun göndərə bilərmi? Fransa hərbçilərinin Ermənistanda peyda olması reallıqda nəyə gətirib çıxara bilər?
Beynəlxalq məsələlər üzrə ekspert, Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, bu acınacaqlı vəziyyət Ermənistanın Cənubi Qafqaz regionunda öz geosiyasi ambisiyalarını həyata keçirmək istəyən xarici qüvvələrin əlində alətinə çevrildiyini göstərir. “Məlum olduğu kimi, bu region həmişə xarici oyunçuların diqqətini cəlb edən mərkəz olub. Çünki buradan mühüm strateji kommunikasiyalar keçir və regionun əhəmiyyətli enerji ehtiyatları mövcuddur. Bundan əlavə, o, regional və beynəlxalq güc mərkəzləri və qərar qəbul etmə mərkəzləri ilə həmsərhəddir.
Bəzi dövlətlər son zamanlar gedən prosesləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını öz maraqlarına təhlükə olaraq görürlər. Çünki onlar artıq əvvəlki kimi münaqişəyə müdaxilə edə və prosesi öz eqoist maraqlarına uyğun olaraq yönəldə bilmirlər. Fransa məhz o ölkələrdəndir ki, münaqişənin həlli prosesində müəyyən üstünlüklər qazanacağına, regionda nüfuzunun artmasına nail olacağına və beləliklə, Ermənistanın maraqları üzərində manipulyasiya edərək, ümumilikdi Cənubi Qafqaz və daha böyük coğrafiyada siyasi proseslərin gedişinə təsir göstərə biləcəyinə ümid edirdi. Amma Fransa yanıldı. Çünki regionda Azərbaycanın diktə etdiyi sülh gündəmi üstünlük təşkil edir. Bu, delimitasiya və demarkasiya məsələsi, sülh müqaviləsinin hazırlanmasının sürətlənməsi, eləcə də kommunikasiyaların açılması üzrə dialoqun intensivləşdirilməsi ilə bağlı olan proseslərdir. Bütün bunlar Fransanın regional gündəmə soxulması və ambisiyalarını həyata keçirməsinə mane olur”, - ekspert deyir.
Görünür, Fransa prosesləri öz xeyrinə istiqamətləndirmək, bağlanmaqda olan qapı arasındakı boşluğa dürtülərək keçmək üçün fəal hərəkət etmək qərarına gəlib, deyə politoloq vurğulayır. “Rəsmi Paris bir tərəfdən Ermənistana silah tədarükünü sürətləndirir, digər tərəfdən isə nəzarətində olan siyasətçilər vasitəsilə Fransa prezidentinə Ermənistana sülhməramlı kontingentinin göndərilməsinin zəruriliyi haqqında müraciət edir. Təbii ki, bu, oynanılan tamaşanın bir hissəsidir.
Qeyd etmək lazımdır ki, bu, xüsusən də regionda müharibə olmadığı bir zamanda tamamilə absurd fikirdir. Sülhməramlı kontingentin göndərilməsinə ehtiyac yoxdur. Heç buna formal əsas da yoxdur. Və biz onu da bilirik ki, sülhməramlı kontingentin formalaşdırılması üzrə fəaliyyət BMT-nin razılığı ilə həyata keçirilir. Hazırda isə anlayışları kobud şəkildə təhrif etmək, BMT funksiyasını öz üzərinə götürmək və kobud şəkildə regional prosesə soxulmaq cəhdi var. Düşünürəm ki, Paris bunu edə bilməyəcək. Lakin Fransa, təəssüf ki, regionda vəziyyəti xeyli pisləşdirə və konstruktiv proseslərin gedişini ləngidə bilər. Və bu halda onun Ermənistan hökuməti kimi “gözəl” tərəfdaşı var. Bu hökumət bir tərəfdən “real Ermənistan”dan danışır, digər tərəfdən isə “mifik Ermənistan”ın mövcudluğunu davam etdirmək üçün hər şeyi edir”, - Vəlizadə bildirib.
Rauf Orucov