Logo
news content
User
Kateqoriyalar

Analitika

Yeni müharibənin astanasında 
Rəsmi Bakı və Qarabağ erməniləri onun qarşısını almaq üçün nə edə bilərlər?

Bir çox müşahidəçilər belə qənaətə gəlirlər ki, son həftələr və aylar ərzində bölgədə baş verən hadisələr Azərbaycan ərazisində yeni müharibə ehtimalını artırır. Söhbət Azərbaycan ordusunun Qarabağın dağlıq hissəsində qalan erməni silahlı birləşmələrinə qarşı mümkün xüsusi əməliyyatından gedir. Bakının ritorikası çox vaxt bu istiqamətə yönəlir, bir-birinin ardınca xəbərdarlıq edilir. Lakin nə separatçı rejim, nə də bölgədəki Rusiya hərbi kontingenti qanunsuz hərbi birləşmələrin Ermənistan ərazisinə çıxarılması ilə bağlı çağırışlara heç bir şəkildə reaksiya vermir. Əksinə, Qarabağda Azərbaycana inteqrasiyanın mümkünsüzlüyü ilə bağlı çıxışlar davam edir, bəzən hətta köhnə “miatsum” (Ermənistana birləşmə) şüarları da eşidilir.

Ekspertlər bütün bunları nəzərə alaraq belə bir proqnoz verirlər ki, Bakının səbri heç də hüdudsuz deyil, Rusiya sülhməramlıları ciddi qüvvə sayılmırlar və Azərbaycan qeyri-qanuni erməni qruplaşmalarını tərksilah etmək üçün əməliyyat keçirəcəyi təqdirdə, onların baş verənlərə müdaxilə etməsi ehtimalı azdır. Aydındır ki, bu cür əməliyyatlar hər iki tərəfdən qurbansız keçməyəcək. Qarabağ erməniləri vəziyyətin belə inkişaf etməməsi üçün nə edə bilərlər və etməlidirlər?

Aydındır ki, Qarabağ ermənilərinin rəhbərləri bunun baş verməməsi, yeni müharibənin qarşısının alınması üçün əllərindən gələni etməlidirlər, hətta buna borcludurlar. Ən azından, sadəcə, insanların həyatını xilas etmək naminə. Nə qədər ki, bunun qarşısını almaq olar, erməni liderləri mərkəzi hökumətlə Qarabağ erməniləri arasında dialoqun formatı və məkanları, konkret olaraq kimin və hansı səlahiyyətlərlə bu dialoqda iştirak edəcəyi, Bakı ilə nə barədə razılaşmağa çalışmalı olduğu, bu danışıqların son məqsədi barədə yorulmadan fəaliyyət göstərməlidirlər. Bu cür müzakirələr qəfil hərbi əməliyyatların baş verməsinin qarşısını almaq üçün ilk addımdır.

Bu vəziyyətin özü ilə bağlı çoxlu qeyri-müəyyənlik var. İrəvan mediasının yazdıqlarına görə, Ermənistan və Qarabağın erməni icması bu proseslərin təfərrüatları barədə Azərbaycandakı sadə insanlardan çox bilmir. Müharibədən sonra başlayan belə görüşlər haqqında məlumatlar həmişə kiçik, natamam və qeyri-müəyyən olub. Tədricən, zaman keçdikcə məlum oldu ki, əvvəlcə bu danışıqlarda “DQR prezidenti” Araik Arutyunyanın özü də iştirak edib. Daha sonra danışıqlarla “DQR Təhlükəsizlik Şurasının” keçmiş rəhbəri Vitali Balasanyan məşğul olmağa başlayıb. “DQR-in su idarəsi”nin nümayəndələri ilə bir neçə dəfə təmaslar olub. Və bütün bunlar Rusiya sülhməramlılarının komandanlığının vasitəçiliyi ilə baş verdi. İndi isə ön plana “DQR Müdafiə Ordusu”nun keçmiş komandiri Samvel Babayan çıxır və Press Klub bir neçə gün öncə bu barədə yazıb. Həmin şəxs mətbuat vasitəsilə Bakı ilə dialoqa başlamağa hazır olduğunu, Qarabağ erməniləri ilə bağlı yaranmış vəziyyəti həll etmək üçün təkliflər paketinin olduğunu açıqlayıb.

Bununla belə, Bakının bu şəxsin danışıqlar masasında tərəf müqabili kimi oturmasına razı olub-olmadığı məlum deyil. İlk baxışdan elə görünə bilər ki, Babayanla dialoq artıq gedir, amma kim bilir, biz, bir qayda olaraq, bu cür hadisələr barədə ancaq sonradan xəbər tuturuq. Bu siyasətçinin Rusiya sülhməramlılarının komandanlığı ilə münasibətləri necədir? Bu, çox vacib məsələdir. Çünki Moskvanın, ümumiyyətlə, Qarabağla bağlı bütün hadisələri nəzarətdə saxlamağa çalışması göz qabağındadır. Və əgər Babayan hansısa səbəbdən Kremlə sərf etmirsə, Moskva onun Bakını təmsil edən məmurlarla əlaqəsini pozmağa cəhd edə bilər.

Nə qədər ki bütün bu məsələlərə aydınlıq gətirilməyib, hazırkı situasiyanı da aydın başa düşməyimiz də mümkün deyil. Qarabağ ermənilərinin dialoqa gəlmək istəməməsi Azərbaycan rəhbərliyini nə dərəcədə qıcıqlandırır? Rəsmi Bakı burada çox şeyin məhz Rusiya hərbçilərinin Qarabağda mövcudluğunu davam etdirməsi ilə bağlı olduğunu anlayırmı? Ola bilərmi ki, missiyanın əsas məqsədi yerli ermənilərlə Azərbaycanın mərkəzi hakimiyyəti arasında konstruktiv dialoqun qarşısını almaqdır? Suallar çoxdur və hakimiyyət orqanlarından açıq məlumat verilmədən onlara təkbaşına cavab vermək demək olar ki, mümkün deyil.

Lakin əlbəttə ki, nələrsə aydındır. Normal, psixi cəhətdən sağlam insan müharibə arzulaya bilməz. Və Qarabağda yeni döyüşlərin baş verməməsi üçün tərəflərin özlərinə ilk növbədə səbr və baş verənləri, qarşı tərəfdə duranları anlamağa cəhd göstərmək lazımdır. Qarabağ erməniləri etiraz mitinqləri, aclıq aksiyaları, oturaq aksiyalar və xüsusən də, “miatsum” və ya “Artsaxın müstəqilliyi” çağırışları ilə Bakını qıcıqlandırmağa son qoymalıdırlar. Sadəcə olaraq, böyük ehtimalla, Moskvadakı kuratorlarının iradəsini yerinə yetirərək bu cür tədbirləri təşkil edən fəallara tabe olmaqdan imtina etməlidirlər. Rəsmi Bakı başa düşməlidir ki, Qarabağ ermənilərinin özündən çox az şey asılıdır, xüsusən də sərhədlər bağlı olduğundan “DQR Müdafiə Ordusu” artıq Laçın keçid-buraxılış məntəqəsindən öz arsenallarını gücləndirmək üçün heç nə keçirə bilməzlər. Yəni vəziyyəti yorulmaz və həssas nəzarət altında saxlamaq mümkün olsa, o zaman səbrlə Rusiya hərbçilərinin 2025-ci ildə gedişini gözləmək qalır.

Press Klub