Logo
news content
User
Kateqoriyalar

Analitika

Yayda bahalaşma, qışda "ağlaşma" - Qaz limiti fəlakəti
Hökumət pandemiyanın təsirlərini, ölkədəki bahalığı, işsizliyi niyə nəzərə almadı?

"Oktyabrın 1-dən qaz limitini keçmişik, hazırda kubmetrini 20 qəpikdən ödəyirik. Hələ qarşıda 7 soyuq ay durur, necə edəcəyik, bilmirəm". Bunu old.old.pressklub.az saytına Bayıl qəsəbəsinin sakini Rafiq Dadaşov bildirir. O, qeyd edir ki, sahəsi 69 kvadrat metr olan bina evində yaşayır. "Evi kombi ilə qızdırırq, ötən qış ayda maksimum 38 manat ödəyirdim, amma yayda limiti yarıbayarı kəsiblər, yəqin xərcimiz iki dəfə artacaq", - deyə paytaxt sakini vurğulayır. 

Əli Səfərov isə Tovuzda, sahəsi 145 kvadrat metr olan həyət evində yaşayır. Bildirir ki, evi qaz sobası ilə qızıdırırlar: "Havalar tez soyuduğuna görə, bir həftədir evi isitməyə məcburuq. Mətbəxdə qaz piltəsi, hamamda, zalda və otaqların birində qızdırıcı soba qoyuruq. Ötən qış 2200 kubmetr limit heç iki ay bizi görmürdü, qalan ayları 1 kubmetri 20 qəpikdəın ödəyərik". 

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, 1 iyul 2021-ci il tarixindən  etibarən Azərbaycanda təbii qazın qiyməti təxminən 2 dəfə bahalaşıb. Sözügedən tarixə qədər Azərbaycanda vətəndaşlar 2200 kubmetrə qədər istehlak etdikləri qaz üçün 10 qəpik, daha sonrakı sərfiyyat üçün isə 20 qəpik ödəyirdilər. Tarif Şurasının son qərarı ilə güzəştli istehlak limiti 55%-dək azaldılaraq 1200 kubmetrə salınıb. Yeni tarifə əsasən, 1200-2500 kubmetr arası hər 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən yuxarı isə 25 qəpik müəyyən olunub. 

Tarif Şurasının izahatında qeyd olunub ki, abonentlərin 51 faizi (təqribən 5 milyon nəfər) 1200 kubmetr istehlakı keçməyəcəyini  nəzərə alaraq "qənaət limiti" tətbiq olnub. Əlavə edilir ki, qiymət artımı təqribən 49 faiz abonenti əhatə edəcək.

Tarif Şurasının göstərdiyi rəqəmlər və əsaslar reallıqla üst-üstə düşmür. Yayda verilmiş bahalaşma qərarı payızın ilk ayından etibarən əhalinin kommunal xərclərini kəskin artırmağa başlayıb. Bu elə sosial-iqtisadi şəraitdə baş verir ki, ölkədə istehlak mallarının, ərzağın qiyməti sürətlə artır. Ekspertlər ilin əvvəlindən istehlak səbətində 45-50 faizə qədər bahalaşma olduğunu bildirirlər. Amma maaşlar və pensiyalar artmayıb, il ərzində bununla bağlı hər hansı qərar verilməyib. Əlbəttə, Statistika Komitəsinin 2-3 faizlik inflyasiya rəqəmlərinə uyğun indeksasiya qərarı təsiredici əhəmiyyətə malik deyil. 

2021-ci ildə karantin qaydaları yumşaldılsa da ölkədə iqtisadi aktivlik bərpa olunmayıb. Rəsmi statistika belə əhalinin gəlirlərinin azaldığını gizlədə bilməyib. Belə ki, cari ilin birinci yarısında ötən illə müqayisədə Azərbaycan əhalisinin nominal gəlirləri 0.8 faiz azalaraq 22 milyard 90 milyon manat təşkil edib.

İl ərzində pensiyaların, müavinətlərin kütləvi şəkildə kəsilməsi də on minlərlə ailənin gəlirlərini kəskin azaldıb. Sosial qurumlar onların vəziyyətini yüngülləşdirmək üçün addımlar atmayıb, hər halda bununla bağlı ictimaiyyətə hər hansı məlumat verilməyib. 

Rəsmi statistikaya görə Azərbaycanda əhalinin 52.8 faizi şəhərdə, 47.2 faizi isə kəndlərdə yaşayır. Bakı, Gəncə, Mingəçevir kimi şəhərlər sakinlərinin təxminən dördə biri həyət evlərində yaşayır. Son illər rayonlardan şəhərələr miqrasiya edənlərin əksəriyyəti  torpaq sahəsi alaraq ev tikdirmətə üstünlük verib. 

Aztəminatlı vətəndaşların əhəmiyyətli hissəsi rayonlarda və şəhər ətrafında sözügedən bu tikililərdə yaşadığını nəzərə alsaq, onların kommunal xərclərinin kəskin artacağı gözlənilir. 

SOCAR 2016-ci ildən bəri açıqladığı hesabatlarda əhaliyə satılan qazla bağlı xərclərin gəlirləi üstələdiyini bildirir. Şirkətin qiymət artımı ilə bağlı Tarif Şurasına müraciətində göstərilən səbəblərdən biri bununla bağlıdır. Şura isə ölkədə əhalininin sosial vəziyyətini, pandemiyanın yaratdığı mərhumiyyətləri nəzərə almayaraq SOCAR-ın mənafeyini təmin edib. Bu, olduqca absurddur, vətəndaşların qanunla qorunan mənafelərinin tapdalanması ilə yanaşı hökumətin məsuliyyətsizliyidir. Neft şirkətinin iddialarına baxmayaraq, Azərbaycan postsovet məkanında əhalisnə qazı ən baha satan ölkədir. 

Belə ki, OPEC-in qaz ixrac edən ölkələr barədə hesabatına görə, keçmiş SSRİ ölkələri arasında 1 trilyon kubmetrdən çox qaz ehtiyatlarına malik olan beş dövlət var. Onlardan biri də Azərbaycandır və təbii qazı öz əhalisinə ən baha qiymətə satır. Məlumatda qeyd olunur ki, hər kubmetrini Azərbaycan 25 qəpiyə (2500 kubmetrdən yuxarı red.), Türkmənistan 1 qəpiyə, Özbəkistan 4 qəpiyə, Qazaxıstan 10 qəpiyə, Rusiya isə 13 qəpiyə satır.

Turqut