Logo
news content
User
Kateqoriyalar

Analitika

“Yaşıl enerji”yə qırmızı işıq
Dövlət üçün prioritet olan bu sahəyə hökumət niyə ögey münasibət bəsləyir?

“Yaşıl strategiya”lı “çəhrayı iqtisadiyyat” silsiləsindən ikinci yazı

Azərbaycanın yaşıl enerji siyasətinin nə az, nə çox, 19 yaşı var. El dilində desək, 19 yaş bir igidin ömrüdür. Lakin mövzuya dair yayımladığımız ilk yazımızda da bildirdiyimiz kimi, bu “igid” xalqın enerji təhlükəsizliyini təmin etmək üçün müsəlləh bir əsgərə çevrilə bilməyib. Sual yaranır: Problem “əsgər”də, yoxsa ona “komandirlik” edən bürokratlardadır? Gəlin sualı daha da konkretləşdirək: 19 ildir yürüdülən alternativ enerji siyasətinin nəticəsi olaraq ölkənin enerji təhlükəsizliyinin cəmi 8%-nin bərpa olunan enerji mənbələri hesabına ödənilməsi kimin səhvidir? Ölkənin potensialı azdır, yoxsa bu potensialdan səmərəli istifadə edilmir? Bəlkə bunun üçün hazırlanan strategiyada xətalar var?

Sözügedən strategiyanı old.pressklub.az üçün təhlil edən, özü də uzun illər bu strategiyanın icrasında bilavasitə iştirak etmiş N.Z. (adının çəkilməsini istəmir) deyir ki, 19 il əvvəl dövlət başçısının fərmanı ilə start verilmiş alternativ enerji proqramı məhz vətəndaşların sosial rifahının artırılmasına və ölkənin ekoloji təhlükəsizliyinin gücləndirilməsinə yönəlmişdi.

Dövlət proqramı təsdiq edildikdən sonra bərpa olunan enerji sahəsində görülən işlər birbaşa dövlət başçısının nəzarətində olub. Hətta bir dəfə Prezident İlham Əliyev bu mövzuya həsr edilmiş bir toplantıda bərpa olunan enerjiyə keçidlə bağlı işlərin niyə ləng getdiyini soruşub. Mütəxəssislərimizdən biri stansiyaların quraşdırılması və təminatı üçün Maliyyə Nazirliyinin gərəkli vəsaiti ayırmadığını bildirib. Prezident nazirliyin niyə belə bir cavab verdiyini soruşanda səbəb kimi iqtisadi səmərəliliyin aşağı olduğu qeyd edilib. Prezidentinsə cavabı sərt olub: “Buna iqtisadi deyil, sosial layihə kimi yanaşılmalıdır!”

Bu epizoddan da göründüyü kimi, dövlət başçısı ilk gündən alternativ enerji sektoruna ölkəyə əlavə dividentlər qazandıracaq bir sahə kimi yox, xalqın günü-gündən artan kommunal xərclərini azaldacaq, onun sosial durumunu yaxşılaşdıracaq bir proqram kimi yanaşıb. Bəs bu proqramın icraçıları necə? Onlar da müxtəlif strateji qərarların icrası prosesində prezidentlə eyni həssaslığı nümayiş etdirdilərmi?

Bu suala müsahibimizin cavabı çox qısa və konkret oldu: “Xeyr!”

“Gəlin sizə bir fakt deyim. 2016-cı ildə hökumət tərəfindən alternativ enerji sahəsində yeni strateji yol xəritələri hazırlandı. Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ölkənin enerji potensialına dair real rəqəmləri və yol xəritəsində qeyd olunan işlərin görülməsi üçün lazım olunan vəsaiti özündə ehtiva edən hesabatı hökumətə təqdim etdi. Bərpa olunan enerji istehsalını artırmaq və yeni stansiyalar qurmaq üçün büdcədən 1.24 milyard manat vəsait ayrılmasının zəruri olduğu hesabatda qeyd edilirdi. Lakin 1 manat belə ayrılmadı” – deyə, ekspert bildirir.

Burada qeyd edək ki, bərpa olunan enerji mənbələrindən istifadə ənənəvi enerji resursları ilə müqayisədə həm vətəndaşlar, həm də dövlət üçün daha az məsrəflidir. Lakin istifadəyə qədərki proses, yəni stansiyaların qurulması, panellərin quraşdırılması, stansiyaların maddi-texniki təminatı böyük xərclər hesabına başa gəlir. Səbəb sadədir - bu sahədə istifadə edilən heç bir qurğu ölkə daxilində istehsal olunmur. 

Ekspertin söylədikləri arasında diqqət çəkın məqam strateji yol xəritəsinin hazırlanmasına baxmayaraq, burada nəzərdə tutulan tapşırıqları icrası üçün vəsaitin ayrılmamasıdır: “Ümumiyyətlə, həmin 5 il ərzində Agentliyə cəmi 5 milyon manat vəsait ayrıldı. Kimsə bunu böyük məbləğ hesab edə bilər. Lakin bir mütəxəssis kimi deyirəm ki, alternativ enerji sektorunun dirçəldilməsini, ölkənin enerji ilə təminatının yaşıl enerji vasitəsilə, ən azı ikirəqəmli göstəricilərlə ödənilməsini hədəfləyən bir ölkə üçün bu rəqəmlər aşağı belə deyil, gülüncdür. Üstəlik, nəzərə almaq lazımdır ki, ölkə neft və qaz resursları ilə zəngindir. Ona görə də mən şəxsən hökumət nümayəndələri ilə bir görüşümüzdə onlara açıq şəkildə dedim ki, “cənablar, neft və qaz sənayesinə ayrılan vəsaitin 50%-ni bərpa olunan enerjiyə yönəldin, gələcəyimizi xilas edək. Cavabları, təbii ki, müsbət olmadı”.

Göründüyü kimi, prezidentin alternativ enerji proqramını sosial layihə adlandırmasına və hökumət nümayəndələrinə bu sahənin dəstəklənməsi ilə bağlı ardıcıl göstərişlərinə baxmayaraq, yaşıl enerji sektorundakı quruculuq işləri, təəssüf ki, maliyyə resursları ilə təmin edilməyib. Lakin oxucularımız düşünməsin ki, bu sektora ümumiyyətlə vəsait ayrılmayıb. Əksinə, xalqın vergilərindən və milli sərvətlərindən formalaşan dövlət büdcəsindən bu sektora “qalaq-qalaq pul tökülüb”. Amma necə və haraya?

N.Z-nin dediklərindən:

“2009-cu ildə Energetika Nazirliyinin nəzdində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradıldı. Ölkənin bu sahə üzrə əksər mütəxəssisləri quruma cəlb edildi. Qısa bir zamanda qurumun mütəxəssisləri ölkənin bütün rayonlarının alternativ enerji potensialını hesablayıb, dəqiq rəqəmlər və sxemlərdən ibarət vahid proqramı Prezidentə təqdim etdi. Dövlət başçısı proqramı təsdiq etdi və ilkin olaraq 200 meqavatlıq külək elektrik stansiyasının tikilməsi ilə bağlı tapşırıq verdi. Agentliksə öz növbəsində Böyükşor qəsəbəsində yerləşən stansiyanı bərpa etdi. Cəmi 2 ay sonra Pirəkəşküldə yerləşən və agentliyin nəzarətində olan digər bir stansiya “Azərişıq”ın nəzarətinə verildi. Biz bu qərarın səbəbini anlaya bilmədik. Bir müddət sonra, daha dəqiqi, 2012-ci ildə sözügedən stansiyanın təkmilləşdirilməsi üçün “Azərişıq”a 12 milyon manat vəsait ayrıldı, halbuki Alternativ Enerji Agentliyi bunun üçün cəmi 5 milyon manat tələb etmişdi”.

Bəs bu əlavə 7 milyon manat niyə və nə üçün tələb edilmişdi? Üstəlik, Agentliyə ayrılmayan vəsaitin iki dəfədən də artığı niyə “Azərişıq”a ayrılmışdı? 

Hörmətli oxucular, bu suallar, cavabı hər birimizə məlum olan, ritorik suallardır.

Beləliklə, yuxarıda göstərilən nümunələrdən aydın olur ki, sosial layihə kimi formalaşan alternativ enerji proqramı zamanla bürokratik maxinasiyaların qurbanına çevrilir və istiqaməti dəyişilir. Bəs kimdir müqəssir?

Bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə dövlət proqramının əsas icraçı qurumlarından biri və bəlkə də birincisi, təbii ki, Energetika Nazirliyidir. Elə N.Z.-də müsahibəsində qurumun son illərdə yaşıl enerji siyasəti ilə bağlı buraxdığı səhvləri sərt tənqid edir:

“Hazırkı nazirin vəzifəyə təyin edildikdən sonra qurumda gördüyü ilk iş energetika şöbəsini ləğv etmək və bir çox professional energetikləri qurumdan uzaqlaşdırmaq oldu. Halbuki, ölkəmizdə alternativ enerji sahəsində çalışa biləcək mütəxəssislərimiz barmaqla sayılacaq qədər azdır. Nazirlikdə aparılan “islahat”lar vəziyyəti yaxşılaşdırmaq əvəzinə, daha da ağırlaşdırdı. Xüsusilə, Energetika Nazirliyinin ərəb şirkətlərini Azərbaycandakı alternativ enerji sektoruna dəvət etməsi şəxsən bir mütəxəssis kimi məndə böyük təəssüf hissi oyandırdı. (Xatırladaq ki, 2020-ci ilin yanvarın 9-da “Masdar” və “ACWA POVER” şirkətləri ilə nazirlik arasında müqavilə imzalanıb. Masdar” şirkəti, 200 MVt-lıq günəş, ACWA Power” şirkəti ilə isə 240 MVt gücündə külək stansiyasının tikilməsi razılaşdırıldı). Qeyd edim ki, sözügedən şirkətlər Alternativ Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ləğvindən əvvəl də bizimkilərlə təmasa girmişdi. Onların məqsədi aşağı tariflərlə Azərbaycan bazarına girib, sektorda monopoliya yaratmaq idi. O vaxt ərəblərin şərtləri qəbul edilməmişdi. Onlar ölkənin alternativ  enerji üçün ən münbit ərazilərini pulsuz istismara götürmək istəyirdi. Maraqlıdır ki, həmin vaxt rədd edilən bu təklifi Pərviz Şahbazov nazir təyin olunan kimi qəbul etdi. İndi bizdə olan məlumata görə, sözügedən ərəb şirkətlərinə lazım olandan daha artıq torpaqlar verilib. Lakin bu iddia şəhərsalma və arxitektura idarəsi ilə dəqiqləşdirilməlidir”.

Ekspertin sözlərinə görə, alternativ enerji sahəsində hökumətin buraxdığı ən böyük səhvsə Pərviz Şahbazovun dilindən səslənən bu fikirlərdir: “Azərbaycanın Xəzər dənizi də daxil olmaqla, ümumi alternativ enerji potensialı 200 qiqavat təşkil edir”.

“Qeyd edim ki, hazırda bütün dünyada mövcud olan alternativ enerji stansiyalarının ümumi potensialı 194 qiqavata çatmır. 100 il ərzində Azərbaycanda tikilən stansiyaların ümumi gücü isə təqribən 8 qiqavatdır. Nazirsə iddia edir ki, Xəzər dənizi də daxil olmaqla ölkənin ümumi alternativ enerji potensialı 200 qiqavat təşkil edir. Həmçinin Xəzər dənizi üzərində 157 qiqavat gücündə külək elektrik stansiyalarının qurulması iddiaları ortaya atılır. Bu utopik və şişirdilmiş rəqəmlər haradan götürülür? Hansı hesablamaya əsaslanır? Ən ağırı isə odur ki, Energetika Nazirliyinin təqdim etdiyi hesabatlarda göstərilən bu rəqəm daxili və xarici auditoriya qarşısında rəsmi səviyyədə təkrarlanır”.

Həqiqətən də sözügedən rəqəmlərin səslənməsindən sonra Azərbaycanın yaşıl enerji strategiyasında ciddi dəyişikliklər müşahidə edilməyə başlanıldı. Belə ki, ilkin olaraq sosial layihə kimi icra edilən alternativ enerji proqramı tədricən ölkənin Avropanın etibarlı enerji təminatçısı imicinin möhkəmləndirilməsinə xidmət etməyə başladı. Təsadüfi deyil ki, 2022-ci ilin dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Memoranduma əsasən, Rumıniya ilə Azərbaycanın istehsal etdiyi “yaşıl” elektrik enerjisinin ixracı imkanları nəzərdən keçirilir. Genişmiqyaslı layihə çərçivəsində Qara dənizin dibi ilə ümumi gücü 1 000 meqavata qədər olan 500 kilovoltluq sualtı elektrik kabelinin çəkilməsi planlaşdırılır. Elektrik xətləri ötürücülüyünün ümumi uzunluğu 1 500 kilometr olacağı bildirilir. Qısası, Azərbaycan bu müqavilə ilə rəsmən yaşıl enerji ixracatçısına çevrilir. 

Ölkənin alternativ enerji sektorundakı yekun hədəfini isə dövlət başçısı bu ilin aprel ayında qatıldığı “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində  açıqlayıb:

“Biz enerji diplomatiyasını və neftdən, indi təbii qazdan və daha sonra “yaşıl hidrogen”dən başlayaraq meqa layihələrin həyata keçirilməsini fəal şəkildə davam etdiririk. Bütün bunlar, əminəm ki, bizi Avropa ilə güclü enerji ötürücü xətləri ilə birləşdirəcək və Avrasiyada tamamilə yeni vəziyyət yaradacaq”, - İlham Əliyev bildirib.

Bəs Azərbaycanın Avropanın enerji təminatını ölkədə istehsal edilən yaşıl enerji vasitəsilə qarşılaması hazırkı şəraitdə mümkündürmü?

Energetika Nazirliyinin açıqladığı məlumatlara görə, ölkənin alternativ enerji potensialı, Xəzər dənizi istisna olmaqla, 43 qiqavat həcmində qiymətləndirilib. Buna baxmayaraq, istehsal olunan yaşıl enerjinin həcmi 8 qiqavatı keçmir. Yəni, Azərbaycan öz potensialından 5 dəfə az yaşıl enerji istehsal edir. Bu həcmi artırmaq üçünsə illər və böyük məbləğdə maliyyə vəsaiti tələb olunur. Hazırkı istehsal gücü isə heç ölkəni alternativ enerji ilə təmin etmək üçün yetərli deyil.

Bununla belə, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialı böyükdür. Bu ərazilərin Su Elektrik Stansiyaları üçün potensialı 650 milyon kilovatsaatdan çoxdur. Ona görə də ermənilər işğal dövründə regionda 36 SES tikib. Hazırda isə onlardan təqribən 12-si qalıb və Azərbaycan ərazidə yeni stansiyalar inşa etməyə başlayıb. Təsadüfi deyil ki, dövlət başçısı Qarabağı “yaşıl enerji zonası” elan edib. Lakin ekspertlər Qarabağın hidrogen mənbələrinin lokal xarakterli istifadəyə yararlı olduğunu bildirirlər.

Ona görə də ekspertlər rəsmi Bakının yaşıl enerji ixracı üçün əsas imkanlarının Xəzər dənizində olduğunu qeyd edirlər. Dənizdə isə iri stansiyalar yox, külək turbinlərinin quraşdırılması daha səmərəli hesab edilir. Qeyd edək ki, hazırda  Avropa İttifaqı 2030-cu ilədək dənizdə külək turbinlərinin quraşdırılmasına 8 milyard avro investisiya yatırmağı planlaşdırır. Azərbaycanın yaxın müddətdə bu turbinləri əldə etməsi mümkün görünmür. Çünki böyük və ağır turbinlərin quru yolla daşınması mümkün deyil. Dəniz yolu ilə daşıma üçünsə Rusiya ərazisindən istifadə olunmalıdır. Avropa İttifaqı ilə Rusiya isə müharibə səbəbindən öz limanlarını bir-birinin üzünə bağlayıb. Belə olan halda tək alternativ yol onların ölkə ərazisində istehsalıdır ki, bunun üçün də uzun illər və külli miqdarda investisiya lazımdır. 

Beləliklə, Azərbaycanın, iddia olunduğu kimi, iri yaşıl enerji ixracatçısına çevrilməsi yaxın illərdə çox da mümkün görünmür. Bununla birlikdə N.Z. ümumiyyətlə, yaşıl enerji ixracının Azərbaycan üçün rentabelli olmayacağını bildirir:

“Hazırda Azərbaycan bir sıra Avropa ölkələri ilə alternativ enerjinin emalı ilə bağlı razılaşmalar imzalayır. Lakin onun optik kabellərlə ixracı böyük enerji itkiləri hesabına başa gələcək. Yəni, səmərəli olmayacaq. Mənim fikrimə görə, hazırkı şəraitdə bərpa olunan enerjidən lokal səviyyədə istifadə edilməsi daha məqsədəuyğundur. Əvvəlcə ölkənin enerji istehsalında alternativ enerjinin payını 8%-dən 30%-ə qaldırmaq zəruridir”.

Bunun üçünsə real imkanlar var. Ekspertin sözlərinə görə, hökumət alternativ enerji ilə bağlı səmərəli bir plan hazırlasa, meqa layihələri lokal layihələrlə əvəz etsə və yaşıl enerjinin ixracı yerinə onun istehsalı və lokal şəraitdə istifadəsinə fokuslansa, yaxın 10 il ərzində ölkə əhalisinin 35%-i bərpa olunan enerjidən istifadə edə biləcək.

Bəs bunun üçün nə çatmır? Hökumət ölkənin enerji ilə təminatında yaşıl enerjinin payını artırmaq üçün hansı addımları atmalıdır?

Bu sualların cavabını isə mövzuya dair sonuncu yazımızda tapa biləcəksiz...

(ardı var)

Press Klub