Logo
news content
User
Kateqoriyalar

Analitika

“Xilaskar”ın ölümü, Amerikanı sarsıdan mifin tarixi
Prezident Kennedinin qətli hansı dəhşətli sirri üzə çıxrmışdı?

60 il əvvəl, 1963-cü il noyabrın 22-də Dallasda ABŞ prezidenti Con Fitscerald Kennedi öldürüldü. Amerikanı və bütün dünyanı sarsıdan qətlin üstünü tezliklə miflər və sui-qəsd nəzəriyyələri örtdü. Onlar necə yarandılar?

Con Kennedi, xanımı Jaklin, eləcə də Texas ştatının qubernatoru bir kabrioletdə gedir, prezidenti salamlamağa toplaşan kütləyə gülür və əl yelləyirdilər.

Birdən prezidentin bədəni irəli əyildi, o, qan axmağa başlayan boğazından tutdu. Bir neçə saniyədən sonra prezidentin başından qan sıçradı, başı isə arxaya getdi. Bu, Kennediyə açılan və beynini zədələyən ikinci atəş idi. Yaxınlıqda əyləşən qubernator belindən yaralandı. 

Jaklin əvvəlcə ərinə tərəf, sonra isə kabrioletin arxasınca gələn mühafizəçiyə tərəf atıldı. Prezident korteji sürətini kəskin artırdı və meydandan şütüdü. 

Yerli vaxtla saat 13:00-da prezident Kennedinin ölümü rəsmən açıqlandı. 

Hadisədən təxminən bir saat sonra ABŞ prezidentinin qatili Li Harvi Osvald yaxalandı. O, camaatın gözü qabağında polis zabiti Tippiti güllələdi. Həbs edilən Osvald polis məntəqəsində vəkilinin olmadığını və özünün tələyə salındığını deyəcəkdi.

 Noyabrın 24-də, Osvald başqa həbsxanaya köçürülərkən gecə klubunun sahibi Cek Rubo tərəfindən güllələnir. Hadisə onlarla telekameraya düşür. 

Noyabrın 25-də Kennedi Vaşinqtondakı Arlinqton Milli məzarlığında dəfn olunacaqdı, mərasimi bütün dünya izləyəcəkdi. 

Gənc dul qadın və həlak olan atasına hərbi salam verən balaca oğul isə dünyanın ən təsirli siyasi obrazları kolleksiyasında həmişəlik qalacaqlar. 

XX əsr Amerika tarixinin yəqin ki, ən parlaq və faciəvi səhifəsi belə başladı: yaxşı sənədləşdirilən, amma buna baxmayaraq, prezidentin ölümü arxasında kimin durması haqda yüzlərlə nəzəriyyə doğuran əhvalat. 

Dul Jaklinin sözlərinə görə, Kennedi itkisi ədalət və xeyirin hökm sürdüyü əfsanəvi kral Artur səltənətinin itirilməsinə bərabərdir. 

Kennedinin ölümü həm də ABŞ tarixinin ən əsas sui-qəsd nəzəriyyələrindən biridir və amerikalıların, onların ardınca da Hollivudun sayəsində bütün dünyanın inandığı nəzəriyyələr hit-paradında müntəzəm olaraq ən yüksək yerləri tutur. 

Kennedinin qətli ətrafında konspiroloji epopeya XX əsrin populyar tarixinin ayrılmaz hissəsidir. “Vətəndaşlardan nə isə gizlədilir” ehtimalı isə ötən 60 il ərzində bir neçə qüvvətli impuls alıb: əvvəlcə siyasətçilər və tələsik aparılan istintaq, sonra Hollivud, XXI əsrdə də sosial şəbəkələr sayəsində. 

“Mənim qardaşımı sən öldürmüsən?”

Həmin vaxt baş prokuror vəzifəsini turan Robert Kennedi bir neçə mənbənin, o cümlədən öz oğlunun sözlərinə görə, qardaşı Conun ölümünə belə reaksiya verib. Sual bir neçə şəxsə ünvanlanıb, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) şöbə rəisindən tutmuş vitse-prezident Lindon Consona qədər. 

İnamsızlıq və paranoya – o dövr Amerika isteblişmentinə hakim olan əsas duyğular bunlar idi. Soyuq müharibənin ən gərgin mərhələsində, Kubada uğursuz əməliyyatlar və Karib böhranı fonunda ABŞ prezidentinin qətli sovetlərin Amerikaya qarşı uğurlu qəsdindən başqa bir şey kimi qəbul olunmurdu. 

“Onlar prezidenti güllələyiblərsə, növbəti kim olacaq, Vaşinqtonda nə baş verir, raketlər nə vaxt uçub gələcək? Mən düşünürdüm ki, bu qəsddir və demək  olar, danışdığım hər kəs mənimlə razılaşırdı”, - vitse-prezident Conson Kennedinin qətlindən sonrakı ilk saatlarda hiss etdiklərini belə təsvir edir. 

Dallasdakı güllələrdən bir həftə sonra, noyabrın 29-da artıq prezident olan Conson sələfinin qətlini araşdırmaq üçün komissiyanın yaradıldığını elan etdi. Komissiya ona rəhbərlik edəcək Ali məhkəmənin sədri Erl Uorrenin adı ilə adlandırıldı, tərkibinə bir neçə senator və konqresmen, CIA-nın keçmiş rəhbəri Allen Dalles və Dünya bankının keçmiş prezidenti Con Makloy daxil idi. 

Uorren komissiyasına niyə inanmadılar

1964-cü il sentyabrın 24-də komissiya rəsmi hesabatını – komissiyanın gəldiyi nəticələrin qısa məzmunundan ibarət 900 səhifə, 6700 istinad, eləcə də dinləmələrdən ibarət 26 cild – açıqladı. 

Hesabat prezidentin qətli ilə bağlı əhvalata nöqtə qoymalı idi, amma tam əksi baş verdi. Amerikalı yazıçı Norman Meyler hesabatı cəsədi çimərlikdə çürüyən balina ilə müqayisə etdi – sənəd çoxları üçün o qədər qeyri-inandırıcı idi. Hətta prezident Conson özü də komissiyanın rəylərinə inanmadı. 

Kennedinin qətlinin kim olması haqda millətə tez cavab verməyə çalışan komissiya və xüsusi xidmətlər əsas sübutlara heyrətamiz dərəcədə səliqəsiz yanaşdı. Kennedinin limuzini, müstəntiqlər ona baxış keçirməmiş təmizləndi və təmir olundu. 

Qubernator Konellinin köynəyi analiz üçün götürülməzdən əvvəl arvadı tərəfindən yuyuldu. Nəhayət, hərəkətdə olan hədəfə atəş açılması eksperimentini lazımi qaydada aparmadılar. Əslində, bu eksperiment kitab anbarının dördüncü mərtəbəsindən açılan atəşlərin dəqiqlik ehtimalı haqda qənaətə gəlməyə imkan verməliydi. 

Eyni güllənin həm prezidenti, həm də qubernatoru yaralaya biləcəyi məsələsində komissiya daxilində fikir ayrılığı yarandı. Belə olubsa, güllənin trayektoriyası qeyri-adi olub. Yox, mümkün deyilsə, ikinci atıcı olub və deməli, Osvaldın yeganə qatil olması iddiası tənqidə davam gətirmir. 

Britaniyalı kulturoloq Piter Nayt hesabatdakı şahid ifadələrinin təsvirinin qənaətbəxş olmadığını yazır. Şahidlərin komissiyaya verdikləri ifadələr çox vaxt polisə verdikləri ifadələrlə uyğun gəlmir, dəlillər heç də həmişə hesabatda göstərilən kimi olmur. 

Əsas şahid, rəsmi versiyaya görə atəşin açıldığı dördüncü mərtəbənin pəncərəsində guya Osvaldı görən Hovard Brennan deyir ki, həmin adamın Osvald olduğunu düşünür, amma buna əmin deyil. Komissiya buna zidd olan məlumatları “nəzərdən keçirmək üçün məqsədəmüvafiq” saymayıb. 

Komissiya bütün səyini qətlin arxasında bir nəfərin, Li Harvi Osvaldın durması narrativini yaratmağa yönəldib. Bu təmayül prezident və bütün millət əleyhinə qəsdin mövcud olması barədə mifin yaranmasına imkan verən əsas səhv oldu.  

Əks mifin yaranması

1991-ci il. ABŞ ekranlarına Oliver Stounun “Con F. Kennedi. Dallasda açılan atəş” (JFK) epik dramı çıxır. Kennedini kimin öldürməsi barədə təxminən 3,5 saatlıq alternativ mif yaradılışı olan filmdə o dövrün ən yaxşı aktyor heyəti iştirak edir. Lentin mərkəzində 1960-cı illərin ikinci yarısında baş verən tamamilə real hadisə - Nyu Orleanın dairə prokuroru Cim Harrison tərəfindən Kennedinin qətlinin araşdırılmasıdır. 

Harrison araşdırmanın sonunda CIA-nı, mafiyanı, hərbi sənaye kompleksini ittiham edir. O, məhkəməni uduzur, əsasən də ona görə ki, gədiyi qənaətlər dəlillərə deyil, ehtimallara söykənirdi. 

Onun sübutlar bazasındakı boşluqlar məhkəmənin xoşuna gəlmədi. Amma konspiroloji versiyanın məhkəməyə gedib çıxması faktının özü Dallas cinayətinin səbəblərinin alternativ interpretasiyasını yeni mərhələyə qaldırdı. Elə Harrisonun yazdığı “Qatilləri təqib edərkən” (On the Trail of the Assassins) adlı kitab film üçün əsas oldu. 

Ssenarinin elementləri həm Harrisonun kitabından, həm də qətl haqqında 60-cı, 70-ci, 80-ci illərdə yazılan onlarla materialdan götürülür. Faktiki, Stoun bütün bu populyar konspiroloji versiyaları qutudan çıxarıb, tamaşaçıya çatdırmalı idi. 

1990-cı illərin əvvəli üçün ABŞ-da Kennedinin qətlini araşdıranların bütöv bir  subkulturası yaranmışdı. Onlar yazışırdılar, versiya mübadiləsi edirdilər, yeni dəlillərin müzakirəsini aparırdılar və sonralar Amerikanın “sui-qəsd mədəniyyəti” adını alacaq anlayışı formalaşdırırdılar. Müəyyən zamanda onlar hətta Kennedinin qətlinin tədqiqatçıları konfransını yaratdılar. 

Tamaşaçı filmin əvvəlində Kennedi ətrafında hadisələr haqqında lazımi əhval yaradacaq xronika parçasını görür. 1960-cı ildə artıq vəzifəsindən getmək üzrə olan prezident Ayzenhauer millətə hesabat verərkən hərbi-sənaye kompleksinin amerikalıların təhlükəsizliyinin keşiyində durduğunu deyir.

Sonrakı kadrlarda Kennedi cütlüyünün xoşbəxt ailə həyatı, Karib böhranı və Kuba antikommunistlərinin Donuzlar körfəzində uğursuz desantı, Xruşşovla danışıqlar, Kubadakı missiyanı bacarmayan və ABŞ-ı Vyetnam müharibəsinə sürükləyən Allen Dallesin CIA rəhbərliyindən uzaqlaşdırılması görünür. 

Daha sonra Kennedinin Vaşinqtondakı Amerika universitetində ruhlandırıcı çıxışı, bütün dünyada sülhə çağırış, qoşunları Vyetnamdan çıxarmaq cəhdi. 

Kennedinin 1963-cü noyabrın 22-də gəldiyi Dallas hava limanının uçuş zolağından kadrlar. 

Bundan sonra xronika kadrları iki ahıl xüsusi xidmət əməkdaşının Kennediyə tənqidi yanaşmasını, onun ABŞ maraqlarını kommunistlərə güzəşt etməsindən danışmasını göstərən səhnə ilə əvəzlənir. 

Atılan güllələr və əmin-amanlığa, firavanlığa ümid bəsləyən ABŞ-ın bütün tarixi trayektoriyasının əsas qəhrəman Cim Harrisonun (Kevin Kostnerin ifasında) gözləri önündə çökdüyü səhnə.     

Süjetin sonrakı inkişafı – istər gerçək hadisələrdən, istərsə də müxtəlif müəlliflərin uydurduqları əhvalatlardan ibarət çoxlaylı piroqdur. 

Xronikaya bənzədilən xəyali səhnələrin qarışığı subkulturanın versiyasına ciddi populyarlıq və doğruluq qazandırır. Əgər real həyatda və ya cinayət istintaqında sübut tələb olunursa, kinematoqrafda elə deyil. 

Pazlı birləşdirməyə və hətta məntiqin olmadığı yerdə məntiq tapmağa imkan verən kiçik faktlara konspiroloqların xarakterik sevgisi hazırlıqsız tamaşaçını keyləşdirir, sonra da uydurulmuş aləmə çəkir. 

Mister X, hökumətdən olan yüksək vəzifəli insayder baş qəhrəmana özünün möhtəşəm narrativini yaratmağa kömək edir: Kennedi – Kamelotun  işıqlı cəngavəri hərbi-sənaye kompleksinin qəsdinin qurbanı olur. “Onlar” – filmin bütün personajları qəsdçiləri belə adlandırırlar – baş qəhrəmana da məhkəmədə qalib gəldilər: bu faciədən çıxış yoxdur, Amerika məhkumdur. 

Resept öz işini gördü. Film nəinki prokatda 205 milyon toplayaraq xərcini çıxardı, aqressiv reklam kampaniyası hətta məktəblərə qədər nüfuz etdi. “Warner Brothers” kinoşirkəti tənqidi düşüncəni inkişaf etdirmək məqsədilə məktəblərə 13 min “JFK Classroom Study Guide” nüsxəsi göndərdi. 

Stounun filmi Amerika sui-qəsd subkulturasının həmişəlik ikonasına çevrildi və hökumətin amerikalılara qarşı qəsdini ifşa edən “Məxfi materiallar” kimi filmlərə açılan qapı oldu. 

“Mən əminəm ki, Uorren komissiyasının hesabatı böyük mifdir. Bir miflə mübarizə aparmaq üçün, ola bilər, başqa mif, əks-mif yaratmaq lazımdır”, - Oliver Stoun verdiyi müsahibədə deyirdi. Şübhəsiz, dediyinə nail oldu. 

“Cəngavər” qayıdır?

Film ABŞ-da mərəkə qopardı. Mətbuat onu təbliğat və paranoyalı fantaziya adlandırdı. Rejissor relizdən sonrakı altı ay ərzində filmin ekrana çıxmasına bəraət qazandırmağa çalışımasından şikayət edirdi.

Amma filmin gözlənilməz nəticələrindən biri Uorren komissiyasının bəzi sənədlərinin ictimaiyyətə açılması oldu. 1992-ci ildə Konqres xüsusi akt (John F. Kennedy Assassination Records Collection Act) qəbul edərək iş üzrə bütün materialların 2017-ci ilə qədər açılmasını tələb etdi.

Məsələ ondadır ki, Uorren komissiyası rəsmi kitabda dərc olunanlardan başqa bütün materialları 75 il müddətinə məxfiləşdirib. Amma hökumətin Konqresin tələbini rədd etməsi konspirologiya tərəfdarları üçün növbəti arqument oldu. 

2017-ci ildə prezident Tramp bütün sənədlərin açılmasının milli təhlükəsizliyə zərər verəcəyi haqda CIA, FBI və digər xüsusi xidmətlərin arqumentləri ilə razılaşdı və onu daha 5 il təxirə saldı. 

Məsələ ondadır ki, Amerikanın güc strukturları öz agentlərinin adlarının açılacağından və çoxu xaricdə olduğundan onların təhlükəsizliyini təmin edə bilməyəcəklərindən narahatdırlar. Hətta prezident Baydenin bütün sənədləri açmaq barədə 2022-ci ildəki çağırışına baxmayaraq, 18 minə yaxın sənəd hələ də ictimaiyyət üçün əlçatan deyil. 

Əvəzində Trampın bəzi tərəfdarları səmimi olaraq inanırlar ki, o, hakimiyyətə elə-belə deyil, “korrupsiyalaşmış pedofil”lərdən qurtulmaq və hakimiyyətə... Kennedini qaytarmaq üçün gəlib.

Tramp tərəfdarlarının QAnon təşkilatı iddia edir ki, 1999-cu ildə təyyarə qəzasında həlak olan kiçik Con Kennedi əslində bir gün qayıdıb sui-qəsdçiləri cəzalandırmaq üçün onlardan gizlənib.   

Prezident Kennedinin oğlunun qayıdışını peyğəmbərin qayıdışı kimi gözləyən QAnon hərəkatının yüzlərlə tərəfdarı 2021-ci ilin noyabrında Dallasda Dili meydanına çıxdılar. Təbii ki, kiçik Kennedi heç yerə qayıtmadı. 

Əbədi mif

Alman tarixçi Maykl Batter iddia edir ki, siyasətçinin qətli haqqında sui-qəsd nəzəriyyəsinə inam ABŞ tarixində ilk dəfə dövlətin əsaslarını sarsıdacaq təhlükəli təfəkkürün əlamətinə çevrildi. 

Bu, Kennedinin ölümü ətrafındakı mifin unikallığının daha bir sübutudur. 

Kennedinin qətli haqqında konspiroloji mif – həmişəyaşar mifdir və o, insanların nəyə inanmaları və bu dünyanı necə qavradıqları haqda bizə çox şey deyə bilər. 

Dallas cinayəti qəribə cinayətlər silsiləsi üşün başlanğıc oldu – Kennedinin qardaşı Robertin və afroamerikalıların hüquqlarının müdafəçisi Martin Lüter Kinqin 1968-ci ildə öldürülmələri, ABŞ prezidentinin hakimiyyəti saxlamaq üçün istənilən cinayətə getməyə hazır olduğunu göstərən Uotergeyt qalmaqalı...  

Bir çoxlarına görə bu cinayətlər Amerikanın daha yaxşı gələcəyinin olmayacağının əlamətidir. Buna görə də 1963-cü ildə qəsdçilərin uğuru – gözəl Amerikanın, uydurulmuş Kamelotun sonunun başlanğıcıdır, orada siyasi lider hər şeyi yaxşıya doğru dəyişmək istəyirdi, amma hər şeyə qadir şər onu kənarlaşdırdı. 

Bütün yaş və etnik qruplara aid amerikalıların çoxu Osvaldın tək olması barədə versiyanı indiyə qədər rədd edirlər. Nə məhkəmə, nə media, nə sənədlərin relizi onları fikrindən daşındıra bilib.   

Əvəzində guya Kennedinin ölümündən yeddi gün əvvəl dediyi saxta fikir sosial şəbəkələrdə geniş yayılıb: “Ölkədə qəsd var, məqsədi hər bir kişini, qadını və uşağı əsarət altına almaqdır. Bu ali və şərəfli postu tərk edənə qədər həmin qəsdi açmaq niyyətindəyəm”. 

Nə qədər ki, bu sitatın xeyli pərəstişkarı var, belə görünür, Amerika cəmiyyətinin böyük problemləri də həmişə olacaq. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/c6pe747z720o