Logo
news content
User
Kateqoriyalar

Analitika

Xərçəng gəncləşir...
Əsrin bəlasına çevrilən xəstəlikdən necə qorunmalı?

“Xəstəliyimi öyrənəndə çox sarsılmışdım. İlk ağlıma gələn uşaqlarım oldu. Məndən sonra nə edərlər? Həm də birdən xəstəliyim genetik yolla onlara da keçər deyə düşünməkdən az qala ağlımı itirirdim. Zaman keçdikcə vəziyyətə alışmağa başladım. İndi xəstəliyin 3-cü mərhələsindəyəm. Uzun, gur saçlarımdan əsər-əlamət qalmayıb...”

Müsahibimiz R.İ. xərçəng olduğunu biləndə 47 yaşı var imiş. Bir gün qoltuqaltı nahiyəsində şişkinlik olduğunu görüb. Əvvəl fikir verməyib, amma gün keçdikcə daha da artdığını görüb, təlaşlanıb, müayinəyə gedib. 

“Süd vəzinin bədxassəli şişi aşkarlanmışdı. Həkimim güman edir ki, xəstəliyim artıq çəkili olmağımdan qaynaqlanır. Sanki boşluğa düşdüm. Xəstəliyin 2-ci mərhələsində idim. Dərhal müalicələrə başladım. Ən çox yoran radioloji terapiyalardır. Psixoloji dəstək də alıram. 2 uşağım var. Hər şeyin yaxşı olacağına, sağalıb uşaqlarımı özüm böyüdəcəyimə inanıram. Ümidimi itirməyəcəm”.

Həmsöhbətimiz deyir ki, onun kimi bu bəlaya düçar olanlar çətin də olsa, güclü olmağı bacarmalıdır.

***

Azərbaycanda qeydiyyatda olan onkoloji xəstəlırin sayı 2019-cu ildə 52 718 nəfər, 2020-ci ildə 54 403 nəfər, 2021-ci ildə 58 948 nəfər, 2022-ci ildə isə 62 385 nəfər olub. Statistikaya görə, ildən-ilə əhalinin sayının artdığı kimi, onkoloji xəstələrin də sayı artır. Ötən il Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin sayı isə 8305 nəfər olub, onun da 1121-i süd vəzisi xərçənginin payına düşüb. Bundan əlavə, xərçəngin müalicəsi üçün Azərbaycanda ümumilikdə 31 mammoqraf, 11 MRT aparatı fəaliyyət göstərir. Bu isə heç ürəkaçan deyil.

Onkoloq-mammoloq Rəna Niftəliyeva old.pressklub.az-a açıqlamasında süd vəzi xərçənginin gəncləşdiyini deyib:

“Normalda bu xəstəliyə 50 yaş və yuxarı xanımlarda rast gəlinir. Ancaq indi gənc xanımlarda da xəstəliyi müşahidə edirik. Statistika göstərir ki, 2019-cu illə müqayisədə yaşı 50-dən az olan xanımların süd vəzi xərçənginə tutulması halları artıb. Xəstəliyin qarşısını almaq olar. Öncə riski yaradan səbəblər aşkarlanır və o səbəblər aradan qaldırılır. Xərçəngin artmasının səbəbini qida (hazır qidalar), zərərli vərdişlər (alkoqol, tütün istifadəsi), infeksiyalar, hərəkətsiz həyat tərzi, artıq çəki ilə əlaqələndirirlər. Biz bunları aradan qaldırsaq, xərçəng riskini 60%-ə qədər azaltmış olarıq. Hətta qapalı otaqda siqaret çəkən şəxsin yanında durmaq da olmaz. Çünki həmin insan da “passiv siqaret çəkən” sayılır. Bu da orqanizmə böyük zərər verir. Buna görə də qapalı məkanlarda, ictimai yerlərdə tütün istifadəsinə qadağa qoyulmalıdır. Paralel olaraq, maarifləndirici tədbirlər aparılmalıdır”. 

Həkimlər hərəkətsizliyi bir çox xəstəliklərin səbəbi sayırlar. Doktor Niftəliyeva bu problemin xərçəngin yaranmasındakı rolundan da danışıb: “Müasir dövrün bəlasına çevrilən faktorlardan biri də hərəkətsizlikdir. Hər kəsin, xüsusilə də gənclərin ən sevimli məşğuliyyəti olan mobil telefonlar, komputerlər və s. xəbərləri olmadan onlara çox böyük zərər vurur. Saatlarla bu elektronik avadanlıqla məşğul olarkən orqanizm həm hərəkətsizliyə, həm də şüaya məruz qalır. Hərəkətsizlikdən orqanizmin zəifləməyi ilə yanaşı, artıq çəki də yaranır. Bunlar da ciddi xəstəliklərin, o cümlədən xərçəngin yaranmasına səbəb olur”. 

Xəstəliyi yaradan digər səbəblər arasında papillomavirusu (cinsi yolla yoluxan xəstəlik), hepatit B, C viruslarını misal göstərmək olar. Müsahibimizin sözlərinə görə, papillomavirus uşaqlıq boynu xərçəngi, ağız boşluğu, udlaq, qırtlaq xərçəngi yarada bilir. Eyni zamanda Hepatit B, C virusuna yoluxmuş insanda da gələcəkdə qaraciyər xərçəngi, limfama (limfotik toxumaların xərçəngi), mədə xərçəngi və s. yarana bilər. 

Həmsöhbətimiz xəstəliyin yaranmasına səbəb olan digər faktorlardan da söz açıb.

”Elektromaqnit dalğaları sağlamlıq üçün təhlükəlidir. Binada yaşayan insanlar ətrafdakı “Wi-Fi” maqnit dalğalarının təsiri altındadır. Həmçinin, həddən artıq mobil telefon və komputer istifadəsi də orqanizmə xeyli zərər vurur. Xərçəngin əmələ gəlməsində genetik faktorlar da mühüm rol oynayır. Tibb inkişaf etdikcə gen analizlərin köməyi ilə daha doğru nəticələr əldə edilir. Süd vəzi xərçənginin səbəbləri arasında genetik faktorlar çoxdur. Amma ölkəyə görə statistika dəyişə bilər. Bizdə xərçəngin səbəbi kimi təxminən 5-11% genetika göstərilir. Lakin bu statistika getdikcə artacaq. Daha çox insan genetik müayinələrə cəlb olunduqca ortaya daha fərqli statistika çıxacaq. Bu müayinələr təzədir, kütləvi deyil. Genetikasında xərçəng aşkarlanan şəxsləri daha sıx müayinələrə cəlb edirik. Ancaq bu o demək deyil ki, həmin insan mütləq xərçəng olacaq. Bəzən xərçəng ehtimalı yüksək olduqda qabaqlayıcı cərrahi əməliyyatlardan, müalicələrdən istifadə edərək xərçəng riskini azaltmış oluruq”.

Xəstəliyin qarşısını almaq üçün sağlam həyat tərzi mühüm rol oynayır. Doktor bildirir ki, gəzintiyə və ya idmana gündə ən azı 15-20 dəqiqə vaxt ayırmalıyıq. “Müayinə üçün xərçəng əlamətinin çıxmasını gözləmək lazım deyil. Vaxtaşırı müayinələr olunmalıdır. Bəzən bu xəstəlik “gizlənir” və xəstəliyin əlamətləri 2-3-cü mərhələdə üzə çıxmağa başlayır. Mərhələ ötdükdə isə xəstəliyə qalib gələ bilmirik, artıq xəstənin ömrünü müvəqqəti uzatmaqla məşğul oluruq”.  

Müsahibimiz xəstələrə psixoloji dəstəyin böyük önəmini qeyd edir. Onun sözlərinə görə, xəstələrin psixoloji durumu müalicə gedişatında əhəmiyyətli rol oynayır. “Bədbinliyə qapılmayan, sağalacağına ümid bəsləyən insanların müalicəsi daha yaxşı keçir. Bu baxımdan onlar psixoloji cəhətdən dayanıqlı olmalıdır. Xəstələrə tövsiyə edərdim ki, vaxtaşırı psixoloq müayinəsindən keçsinlər. Psixoloji dəstək almaq onların hərtərəfli xeyrinə olacaq”.

Son illərdə xərçəng xəstəliyi tək Azərbaycanda yox, bütün dünyada artır. Xəstəliklərin artmasında isə qidalanma, zərərli vərdişlər kimi birbaşa orqanizmə zərər vuran faktorlarla yanaşı stress, gərginlik, əsəbilik, qorxu, həyəcan kimi duyğular da ciddi rol oynayır. Bəzi insanlar o qədər stress, əsəb keçirirlər ki, axırda ya onkoloji xəstəliklərə, ya da digər təhlükəli xəstəliklərə tutulurlar. Ona görə də, həkimlər həmişə deyir ki, maksimum dərəcədə bu duyğulardan uzaq olmaq lazımdır. 

Azərbaycanda süd vəzi xərçəngi ilə yanaşı, digər xərçəng növləri də çox yayılıb. Onlardan biri də leykemiya (qan xərçəngi) xəstəliyidir. Hazırda Azərbaycanda 3 minə yaxın leykemiya xəstəsi var. 

Leykemiya ilə mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova old.pressklub.az-a açıqlamasında bildirib ki, bəzi imkansız ailələr müalicədən imtina edir.

“Biz Qeyri Hökumət Təşkilatı (QHT) olaraq, leykemiya xəstələrinə həm dərmanların alınmasında, həm də sosial (təhsil, təqaüd və s.) problemlərin həllində kömək edirik. Eləcə də könüllü psixoloq və hüquqşünaslarımız sayəsində psixoloji və hüquqi yardım göstəririk. QHT-dən əlavə, leykemiyalı xəstələrə kimyəvi dərmanları dövlət alır”. 

Müsahibimiz leykemiya ilə mübarizədə Azərbaycanda tibbi imkanların çatışmayan cəhətlərindən də söz açıb: “Ən əsas problem sümük iliyinin transplantasiyasının hələ də tətbiq edilməməsidir. Xəstəlik qayıdan zaman sümük iliyi transplantasiyası tətbiq edilməlidir. Lakin Azərbaycanda leykemiyalı xəstələr üçün bu şərait yoxdur. Ona görə də, insanlar müalicə üçün xaricə üz tutmağa məcbur olurlar. Digər problem isə sümük iliyi, donor bankının olmamasıdır. Düzdür, keçmişə nəzərən indi imkanlar nisbətən yaxşılaşıb. Amma Milli Hematologiya və Transfuziologiya mərkəzində hələ də bəzi çatışmazlıqlar var. Çarpayı sayı çox azdır, mərkəz kiçik olduğuna görə müalicələr gecikir, insanlar əziyyət çəkir. Ona görə ixtisaslı həkimlərin olduğu, çoxsaylı çarpayılı, hər cür şəraitin təmin olunduğu böyük Hematoloji mərkəz yaradılmalıdır. Dünya üzrə uşaqların bu xəstəlikdən 85% sağalma göstəricisi var. Xəstələrə tövsiyəm odur ki, inamlarını itirməsinlər, həm tibbi, həm də sosial sahədə qanunları öyrənib, haqlarını tələb etsinlər”.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul edilib. Tədbirlər proqramı respublikada qanın bədxassəli xəstəliklərinin diaqnostikasının yaxşılaşdırılmasını, xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsini, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasını, bu xəstəlik nəticəsində baş verən əlillik və ölüm hallarının azaldılmasını əhatə edir.

Bəzi ölkələrdə xərçəng xəstəliyinin müalicəsi dövlət tərəfindən maliyyələşir. Azərbaycanda isə xəstələrə müəyyən güzəştlər tətbiq edilir. Hazırda onkoloji xəstəliklərin tibbi sığorta ilə müalicə olunması üçün hesablamalar aparılır, xarici mütəxəssislər cəlb edilir.

Elə xərçəng xəstələri var ki, ümidsizliyə qapılaraq heç vaxt sağalmayacağını düşünür, müalicədən imtina edib, ölümünü gözləyir. Halbuki, insanın sağalması üçün həmişə şansı var. Bunun üçün səy göstərmək, mübarizə aparmaq lazımdır. Bu cür xəstələrə dəstək olmaq lazımdır. Onları sağaltmaq səhiyyə işçilərinin, dəstək olmaq isə yaxınlarının öhdəsinə düşür.

İnsanlar vaxtaşırı müayinədən keçməli, xəstəlik riski varsa, laqeyd yanaşmayıb dərhal müalicəyə başlamalıdır. Ümidsizliyə qapılmaq ölümə bir addım yaxınlaşmaq deməkdir. 

Ümidinizi itirməyin!

Günay Elşən