Logo
news content
User
Kateqoriyalar

Analitika

Xarici işlər nazirinin diplomat olmaması işə necə təsir edəcək? 

2004-cü ildən xarici işlər naziri vəzifəsini tutan Elmar Məmmədyarov bu gün prezidentin sərəncamı ilə vəzifəsindən azad edildi. Təhsil naziri Ceyhun Bayramov isə diplomatik idarənin yeni rəhbəri oldu.

Bu təyinat ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Sosial mediada rəy bildirənlərin əksəriyyəti hesab edir ki, hazırkı mürəkkəb situasiyada bu vəzifəyə peşəkar diplomatın təyin olunması daha məqsədəuyğun olardı. Ümumiyyətlə, nazir dəyişikliyi ilə aparılan siyasətdə ciddi dəyişiklik olmayacağını söyləyənlər də var. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Press Klub”a açıqlamasında bildirdi ki, daha öncə peşəkar diplomatları da görmüşük: 

“Elmar Məmmədyarov özü guya peşəkar diplomat sayılırdı, uzun illər bu sahədə çalışıb, səfir işləyib, BMT-də Azərbaycan nümayəndəliyində çalışıb. Lakin peşəkarların vəziyyətini müşahidə etdik. Ana dilində danışa bilməməsi bir kənara, Dağlıq Qarabağ münaqişəsində sərt mövqe ortaya qoya bilmədi, üstəgəl barəsində korrupsiya ittihamları da ortaya çıxdı”.

Şahinoğlu Ceyhun Bayramovun təyinatının müəyyən suallar doğurduğunu qeyd etdi:

”Diplomat olması vacib şərtlərdən biri kimi söylənilə bilər. Əsas olan idarəetmə bacarığıdır. Əgər idarəetmə bacarığı varsa, danışıqlarda Azərbaycanın qəti mövqeyini ortaya qoya biləcəksə, qalan bütün məsələlər düzələndir. Ona qalsa, SSR vaxtında da Qorbaçov diplomat olmayan Şevardnadzeni nazir təyin etdi və sonralar çoxlu rəylər var idi ki, Şevardnadze XİN-i peşəkar diplomatlardan da yaxşı  idarə edirdi. Yəni, problemin həlli yollarını bilirsə, Ermənistanla danışıqlarda Azərbaycanın qəti mövqeyini ifadə edə biləcəksə, aparatı düzgün idarə edə biləcəksə, məncə, alınar. Sadəcə, gözləntilər Hikmət Hacıyevin təyin olunacağı ilə bağlı idi. Amma görünür, Hikmət Hacıyev indiki postda prezidentə daha çox lazımdır, nəinki xarici işlər naziri olaraq”. 

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə bəyan etdi ki,  nazirlərin professional olması şərt deyil:  

“Çünki nazir siyasi postdur, professional post deyil. Yəni o, prezidentin fəlsəfəsini həyata keçirir. Amma onun müavinləri peşəkar olmalıdır. Nahaq yerə kimsə hər bir nazirlikdə peşəkar rəhbər gözləməməlidir. Hətta müdafiə naziri də siyasətçi ola bilər. Amma Baş Qərargah rəisi və müavinləri hərbçilər olmalıdır. Bütün dünyada bu cürdür. Yeni nazirə gəldikdə, mən onun haqqında heç bir məlumata malik deyiləm. Bəlkə də o, uğurlu bir inzibatçıdır. Diplomat olmaq elə də vacib deyil.  Həmin adam siyasi adam olmalıdır, prezidentin konsepsiyasını həyata keçirməlidir.  Məsələn, elə məsələlərdə beynəlxalq hüquqdan biliklər lazımdır. Həmin bilikləri onun müavinləri daşımalıdır. Yeni nazirin siyasi bilikləri və bacarıqları mənim üçün hələ ki naməlumdur. Uğurlar diləyirəm, işləsin, görək necə olur”. 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev  qeyd etdi ki, xalq çoxdan Elmar Məmmədyarovun vəzifədən çıxarılacağını gözləyirdi: 

“Hələ uzun müddət öncə mən söyləmişdim ki, Elmar Məmmədyarov vəzifəsinin öhdəsindən gələ bilmir və azad olunmalıdır. Ceyhun Bayramov gənc, enerjili şəxsdir. O özü də cənab prezidentlə söhbətində bildirdi ki, bu sahə onun üçün yenidir, amma bütün bilik və bacarağını qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün sərf edəcək. Ümid edirəm ki, ona tapşırılan işin öhdəsinən gələcək və XİN ölkəmizin qarşısında duran əsas problemlərin, xüsusilə də Dağlıq Qarabağ probleminin həllində öz əhəmiyyətli rolunu oynayacaq”.

Ülviyyə Şahin