Logo
news content
User
Kateqoriyalar

Analitika

Xaricdəki Azərbaycan vətəndaşları necə səs verəcək?

Müəllif: Ülviyyə Şahin

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevral ayının 9-na təyin edildi. Bu qərar bəziləri üçün gözlənilən, bəziləri üçün qəfil oldu və xeyli sual doğurdu. Həmin suallar arasında xaricdə yaşayan vətəndaşlarımızın “Bizim seçkilərdə iştirakımız necə təmin olunacaq?” sorğusu diqqəti xüsusi cəlb edir, çünki onun cavabına heç yerdə rast gəlmək olmur. Axı müxtəlif mənbələrin məlumatlarına görə, hazırda ölkədən kənarda seçki hüququna malik böyük sayda vətəndaşımız işləyir, yaşayır, oxuyur! Onların ümumi sayını göstərən rəsmi mənbələrlə qeyri-rəsmi mənbələr arasında o dərəcədə əhəmiyyətli fərq var ki (dəfələrlə!!!) biz  ciddi səhvə yol vermədən bu rəqəmləri səsləndirməyə ehtiyat edirik. Amma istənilən halda, bir nəfərin də hüququ – hüquqdur. Həmin suala aydınlıq gətirmək üçün old.pressklub.az Mərkəzi Seçki Komissiyasına müraciət etdi. Komissiyanın mətbuat xidmətinin katibi Şahin Əsədli məsələyə belə aydınlıq gətirdi:

- Bələdiyyə, eləcə də parlament seçkiləri zamanı xarici ölkələrdə Azərbaycan vətəndaşlarının səsverməsi təşkil olunmur. Xarici ölkələrdə ancaq prezident seçkilərində və referendumlarda səsvermə keçirilir. Deməli, burada tənzimlənmə mexanizmi necədir?! Prezident seçkilərində ölkə bir növ “vahid dairəyə” çevrilir. Belə deyək: bütün ölkənin konkret sayda namizədlər sırasından bir nəfəri seçməsi nəzərdə tutulur. Referendumda da eynilə: məsələn, konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı bir sənədin əsasında hər yerdə seçkilər keçirilir. Yenə də ölkə vahid seçki dairəsinə dönür.  Amma parlament və bələdiyyə seçkiləri zamanı xarici ölkələrdə səsvermə keçirilmir. Niyə? Çünki parlament seçkilərində 125 seçki dairəsi var, 125 deputat seçilməlidir. Yaxud bələdiyyə seçkilərində bu il 1606 bələdiyyəyə seçki keçiriləcək. Siz özünüz yaşadığınız bələdiyyədən gedib başqa bələdiyyəyə səs verə bilməzsiniz. Bu baxımdan da prezident seçkiləri və referendumlar zamanı xarici ölkələrdə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının təmin olunması məsələləri Xarici İşlər nazirliyi ilə əlaqəli şəkildə həll olunur və onların səsvermə hüquqları sərbəst şəkildə, asanlıqla təmin edilir, bütün imkanlar yaradılır. Amma parlament və bələdiyyə seçkilərində, qanunvericiliklə tənzimlənən qaydalara görə, biz hansısa xarici ölkədə olan vətəndaşlarımız üçün fərqli məntəqələr yarada bilmirik.

Xaricdə olan vətəndaşların səsverməsinin təşkili məsələsi XXI əsrdə seçki hüququnun təmin edilməsi sahəsində ən aktual problemlərdən biridir. Əsas çətinliyi parlament və bələdiyyə seçkiləri zamanı dairələrin sayının çox olması yaratmır, bunun texniki həlli kifayət qədər asandır. Bu gün dünya ölkələrinin təxminən 50 faizi xaricdəki vətəndaşlarının seçki hüquqlarını tam şəkildə təmin edir. Səsvermə yerləri başlıca olaraq konsulluqlarda və səfirliklərdə yaradılır (80%), xüsusi (səyyar) məntəqələrin təşkili təcrübəsi də genişlənməkdədir (14%). Xaricdəki vətəndaşların poçtla (22%) və etibarnamə ilə (6%) səsverməsini tətbiq edən ölkələrin sayı getdikcə çoxalır.

Əsas çətinlik siyasi seçim etməkdədir. Ölkədən kənarda yaşayan vətəndaşların cərgələrinin sıxlaşması” dövlət üçün bəzi siyasi risklər yaradır. Məsələn, hələ on il bundan əvvəl Portuqaliya vətəndaşlarının 20%-dən, İrlandiya vətəndaşlarının 16%-dən, Ukrayna vətəndaşlarının 15%-dən çoxu xaricdə yaşayırdı. Azərbaycanda isə bu rəqəm daha yüksəkdir. Rusiya prezidenti Putinin 2013-cü ildə Bakıda seçkilər ərəfəsində “ağzından qaçırdığı” rəqəmlərə istinad etsək, bu ölkədə 2 milyondan çox soydaşımız yaşayırdı, onların da üçdə ikisi Azərbaycan vətəndaşlığını saxlamışdı. Bu, həmin dövrdə əhalimizin 14-15%-ni təşkil edirdi. Təkcə Rusiyada! Hələ bunun digər keçmiş SSRİ respublikaları var, Türkiyəsi var, Avropası var, Amerikası var! Əksər sosioloji tədqiqatlar isə əhalinin xaricdəki hissəsi ilə daxildəki hissəsinin rəyi arasında əhəmiyyətli fərqlərin olduğunu ortaya çıxarır. Dövlət özü nə qədər az dayanıqlı, onun diaspora ilə əlaqəsi zəifdirsə, bu fərq bir o qədər böyükdür.

Qeyd etdik ki, bu gün dünya ölkələrinin təxminən yarısı xaricdəki vətəndaşlarının seçki hüquqlarını tam təmin edir. Dövlətlərin 30%-ə qədəri ümumiyyətlə ölkə xaricində səsvermə keçirmir.  Hələlik Azərbaycan aralıq qrupdadır: bizim xaricdəki vətəndaşlarımız prezident seçkilərində iştirakçı, parlament və bələdiyyə seşkilərində isə müşahidəçi rolu oynayırlar.