Logo
news content
User
Kateqoriyalar

Analitika

Xankəndində Rusiya dəstəkli anım yürüşü

Fevralın 20-də Xankəndində erməni separatizminin başlamasının növbəti ildönümü ilə bağlı tədbirlər keçirilib. Oyuncaq-separatçı rejimin təşkilatçılığı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSRİ-yə birləşdirilməsi barədə qərarın 33 illiyi küçə yürüşü və müharibədə öldürülən ermənilərin məzarlarının ziyarət olunması, xatirə kompleksinə gül qoymaqla qeyd olunub.

İnternetdə yayılmış kadrlarda diqqəti cəlb edən bir neçə məqam var. Əvvəla, ermənilər 33 ildə ilk dəfədir ki, “dirçəliş günü”nü bayram tədbiri kimi yox, matəm, anım mərasimi kimi qeyd etdilər. Rusiya separatçıları nə qədər himayəsinə götürmüş olsa belə, 44 günlük müharibədə ağır məğlubiyyət ermənilər üçün sarsıdıcı olub. Bayram etmək üçün heç bir əsas, belə bir əhval-ruhiyyə də yoxdur, minlərlə, ölü, yaralı, ağır sosial-iqtisadi və siyasi böhran onlara qeyri-müəyyən gələcək vəd edir.

Mərasimdə diqqət çəkən ikinci məqam Xankəndində və Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilərin əksəriyyətinin tədbirdə iştirakı idi. Hiss olunurdu ki, mərasimin izdihamlı alınması üçün təşkilatçılar xüsusi səy göstəriblər. Əlbəttə, bu, təsadüfi deyil, həm separatçı rejim, həm də onların himayəçisi üçün izdiham görüntüsü yaratmaq çox vacib idi. Araik Arutunyan və dəstəsi məğlubiyyətə rəğmən, Dağlıq Qarabağda həyatın canlandığını, burada xeyli əhalinin qaldığını dünyaya göstərməyə çalışır. Bu, Qərbdəkı erməni lobbisindən maddi yardımlar və müstəqillik iddialarını yaşatmağa siyasi dəstək almaq üçün vacibdir.

Rusiyanın maraqlarına gəldikdə, Moskva da sülməramlı missiyanın vacibliyini isbatlamaq üçün belə görüntülərə ehtiyac duyur. Yəni müharibədən sonra həyat davam edir, minlərlə erməni geri qayıdıb, onların təhlükəsizliyini təmin etmək, humanitar problemlərini həll etmək lazımdır. Bu işi də Kreml təmənnasız olaraq boynuna götürüb.

Xüsusi diqqət çəkən məqamlardan biri də mərasimə Rusiya sülhməramlılarının keşişinin qatılmasıdır. Bu, Moskvanın separatçı ermənilərə ilk növbədə mənəvi dəstəyinin ifadəsi idi. Mesaj ondan ibarətdir ki, hər iki xalqı (erməni və rus) din, mədəniyyət, tarixi keçmiş bir-birnə bağlayır. Rusiya bundan çıxış edərək yüzillərdir Qafqazda erməni azlığını himayə edir, dəstəkləyir. Keşişin mərasimin ön sırasında qəmli görkəmdə addımlaması bu dəstəyin davam edəcəyinə işarədir.

Təəssüf doğuran hal ondan ibarətdir ki, Azərbaycan heç bir səviyyədə bu tədbirə reaksiya vermədi. Nə Prezident Administrasiyasından, nə də Xarici İşlər Nazirliyindən səs çıxdı. Xankəndindən yayılan görüntülər isə rəsmi Bakının qalibiyyətli müharibədən sonra işğalın başa çatdığı barədə bəyanatları ilə ziddiyyət təşkil edirdi…

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Press Klub”a şərhində bildirdi ki, keçən il bu günü azərbaycanlılar bəlkə də unutmuşdular, amma indi - Azərbaycan əsgəri canı-qanı bahasına torpaqları azad etdikdən sonra, Xankəndinin, Xocalının “bir nəfəs qədər” yaxın olduğu bir zamanda, cəmiyyət separatçı rejimin Xankəndində iclaslarından tutmuş, küçə yürüşünədək olan tədbirlərinə daha həssas, hətta qəzəblə yanaşır:

“Yürüşdə bir kilometrədək uzunluğunda bayrağı əllərində küçə boyu daşıyan gənclərin, separatçı rejimin Araik Arutunyan, Viktor Balasanyan kimi cinayətkar rəhbərlərinin, din xadimlərinin matəm əhval-ruhiyyəsində olmasına baxmayaraq, onların təntənəli və çoxsaylı yürüş təşkil etmələrinə biganə qalmaq mümkün deyil. Bu, sadəcə anım günü, adi yürüş deyil, məğlub tərəfin ayaqlanması, dirçəlməsi, bizə meydan oxumasıdır. 10 noyabr atəşkəsindən bəri bizim sükutumuz və sülhməramlıların dəstəyi sayəsində separatçılar dirçəlirlər. Bu dirçəliş psixoloji cəhətdən onları bizə qarşı daha aqressiv edir və müstəqil olmaq düşüncələrini möhkəmlədir”.

Ekspert hesab edir ki, bütün bunlar Azərbaycanın ötən üç aydan çox müddətdə Dağlıq Qarabağın işğalda qalan əraziləri ilə əlaqədar mövqe bildirməməsinin nəticəsidir:

“Bu cür vəziyyət, indiki status-kvo təbii ki, daha çox ermənilərə və sülhməramlılara sərf edir. 27 illik dəyişməz status-kvo təcrübəsini bir dəfə yaşayıblar. İndi də vaxt uzatmağa, separatçıların məğlubiyyətdən sonra psixoloji gərginliklərini aradan qaldırmağa xidmət edən bir durum yaşanır. Bu durumun uzanan hər günü bizim əleyhimizədir. Sabah Minsk Qrupu da gəlib status məsələsini ortaya atanda Rusiya onlarla razılaşacaq, bizə də deyəcək ki, “məsələ tək bizlik deyil”. O zaman arxa planda verdikləri vəddən rahat qurtulacaqlar. Guya bizimlə də münasibəti pozmayacaqlar, ermənilərlə də. Əslində isə yenə də pis vəziyyətə biz düşmüş olacağıq”.

İ. İsmayılın sözlərinə görə, yürüşdən də görünür ki, Xankəndində erməni əhali heç də qocalardan ibarət deyil və xüsusi çətinlik çəkənə də oxşamırlar:

“Rusiya Federasiyasının da xeyir-duası ilə Xankəndində çoxalırlar və “mini dövlət” statusu ilə qarşımıza çıxmaq üçün bütün daxili və beynəlxalq vasitələrdən istifadə edirlər. Bəs, bizim Dağlıq Qarabağ torpaqlarına qayıtmağımızın xeyir-duasını kim verəcək?..”

Hərbi ekspert Ədalət Verdiyev də hesab edir ki, Xankədində keçirilən anım yürüşü hər şeydən əvvəl Azərbaycanı qıcıqlandırmağa hesablanmışdı: “Kim var, tökmüşdülər küçəyə. Bizimkilər də gərək, buna cavab versinlər”.

Turqut