Logo
news content
User
Kateqoriyalar

Analitika

Xankəndidəki separatçı rejim mühasirəyə alınıb...
Dünya və ermənilər əvvəlcə Bakının nə qədər qərarlı olduğunu görməlidirlər

İkinci Qarabağ müharibəsi, onun bitməsindən ötən 2 il 9 ayda baş verən hadisələr göstərdi ki, Azərbaycan və Ermənistan arasında münaqişənin həllində əsas hərəkətverici qüvvə güc faktorudur. Qarabağ problemi üzrə məşhur ekspert Tomas de Vaal bunu Azərbaycanın “sülhə məcburetmə taktikası” adlandırır. 

Ötən zaman kəsiyində hələ delimitasiya, demarkasiya olunmamış sərhəddə möhkəmlənməyə çalışan Ermənistan ordusuna qarşı güc qoyuldu, Qarabağ ətrafında strateji yüksəkliklərin ələ keçirilməsi ilə qanunsuz silahlı birləşmələrin təminat yolları nəzarətə götürüldü, silah-sursat daşınan alternativ yollar qapadıldı, nəhayət, Laçın dəhlizində maneəsiz hərəkət dayandırıldı və Nəzarət-Buraxılış Məntəqəsi quruldu. İndi Xankəndidəki separatçı rejim hər tərəfdən mühasirəyə alınıb, onların yeganə ümidi bölgədəki Rusiya sülhməramlıları və Qərb dövlətlərinin, beynəlxalq təşkilatların Azərbaycanı geri çəkilməyə məcbur edəcəyinədir. Proseslər göstərir ki, hələ ki, hər iki faktor Bakının mövqeyinə təsir etmək iqtidarında deyil...

“Sülhə məcburetmə taktkiası” Qərbin və Ermənistan hakimiyyətinin mövqeyində ciddi dəyişikliklərə gətirib çıxardı. Baş nazir Nikol Paşinyanın təbirincə desək, Qərb İrəvanı Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ da daxil olmaqla, tanımağa vadar edib. Paşinyan bu ilin aprelində bu barədə bəyanat verib, bu, müharibədən sonra sülhün əldə olunmasında ən vacib addımlardan biri hesab olunur. Amma Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ikinci görüşünün ciddi nəticə olmadan bitməsi göstərdi ki, İrəvan bu nöqtədən irəli getməkdə tərəddüd edir. Qarabağ ermənilərinin təhlükəsizliyi üçün beynəlxalq mexanizmin yaradılması tələb edilir ki, bu da Bakı üçün qırımızı xətdir. Paşinyanı daha da irəli getməkdən çəkindirən bir neçə təhlükə var:

Rusiyanın sərt mövqeyi. Kreml münaqişənin tam həllinə mane olmağa çalışır, Qərb platformasında sülh müqaviləsinin imzalanmasını, ümumiyyətlə, istəmir;

Ermənistan daxilində Paşinyana qarşı sərt müqavimət var. Həm Rusiyanın dəstəklədiyi qüvvələr, həm kilsə, həm də erməni lobbisi Qarabağın həmişəlik itirilməsi, “Miatsum” ideologiyasının məhvi ilə barışmaq niyyətində deyil. Böyük kapitala, çoxsaylı mediaya və tərəfdarlara malik olan bu qüvvələr Paşinyana qarşı sürətlə təşkilatlanırlar;

Nəhayət, Fransa və Ermənistanı birmənalı dəstəkləyən qüvvələrin beynəlxalq təşkilatlarda fəallığı Paşinyan hökumətini prosesi süründürməyə, vaxt udmağa həvəsləndirir. Son aylarda Beynəlxalq Ədalət Məhkəməsinin, Avropa Parlamentinin, AŞPA-nın Laçın dəhlizi ilə bağlı qəbul etdiyi qətnamələr, Avropa İttifaqının bəyanatları, ABŞ Konqresindən gələn dəstəklər Paşinyanda, zəif də olsa, ümidlər yaradır. 

Hər üç faktor Azərbaycanın Ermənistanı “sülhə məcburetmə taktikası”nı zəiflətməyə yönəlib. Əlbəttə, bunlarla yanaşı, Rusiyadan Bakıya qarşı da ciddi təzyiq var. Bu yaxınlarda xarici işlər naziri Sergey Lavrov açıq şəkildə demişdi ki, Qərbdə sülh axtarmağın mənası yoxdur, Rusiya ancaq 10 noyabr bəyanatı çərçivəsində imzalanacaq razılaşmanı qəbul edir. 

Rusiya bu günə qədər Azərbaycanın Ermənistanla şərti sərhəddə keçirdiyi əməliyyatlara, eləcə də Qarabağ ətrafında strateji yüksəklikləri nəzarət altına almasına, Laçın yolunda dövlət sərhədinə nəzarəti təmin etməsinə müqavimət göstərməyib. Ola bilsin, arxa planda sərt polemikalar baş verib, amma publik bəyanatların hamısı dişsiz olmaqla, Bakının mövqeyinə təsir etməyib. Şübhəsiz ki, burada Moskvanın Ukrayna müharibəsinin fonunda tədricən zəifləməsi başlıca rol oynayıb. Amma bundan sonra Kremlin “dözüm limiti” qalıbmı, bu, birmənalı cavabı olmayan sualdır.   

Beləliklə, Azərbaycan prosesi irəli aparmaq üçün yenidən, bu dəfə Qarabağdakı erməni silahlı dəstələrinə güc tətbiq etməlidir. Bu günə qədər olanlar yeni reallıqlar yaratmaq iqtidarında deyil. Ermənistan rəhbərliyi, Qərb, eləcə də Rusiyanın vəziyyəti yenidən dəyərləndirməsinə ehtiyac var. Bunun üçün mövcud status-kvonu dəyişmək lazımdır:

Rəsmi Bakı sülh üçün öz şərtlərini yeniləyə bilər:

Ermənistan Qarabağa maddi dəstəyi dayandırmalıdır;

Silahlı dəstələrdə xidmət edən vətəndaşlarına ölkəyə qayıtmaq və silahlı təhvil vermək haqqında çağırış etməlidir;

Qarabağın separatçı rəhbərliyinə özünü buraxmağı və “müqavimət ordusunu” ləğv etməyi təklif etməlidir;

Xankəndindəki “liderlərə” Bakı ilə birbaşa danışıqlara başlamağa çağırış etməlidir.

Bununla paralel, Rusiyaya da eyni məzmunlu çağırış edilməsi vacibdir. Xüsusən, Qarabağdakı separatçı rəhbərliklə, onların malik olduğu silahlı dəstələrlə qarşılıqlı fəaliyyətin dayandırılması, sülhməramlı missiyadan kənara çıxan bütün fəaliyyətlərdən imtina edilməsinin vacibliyi bildirilməlidir. 

Beləliklə, Qarabağdakı separatçı rejim Azərbaycanın real ləğvetmə əməliyyatına başlayacağı qorxusu ilə üz-üzə qala bilər. Bu situasiya Xankəndidəki ab-havanı ciddi şəkildə dəyişə bilər, eyni zamanda, Ermənistanda Paşinyanın daxili müxalifət qarşısında müqavimətini artıra bilər. 

Azərbaycanın hərbi əməliyyatlara başlayıb-başlamaması ortaya çıxacaq yeni situasiyadan asılıdır. Bütün hallarda, Bakı öz ərazisində qanunsuz silahlı birləşmələrin və separatçı rejimin ləğvində qərarlı olduğunu ortaya qoymalıdır. O zaman Qərbdə, İrəvanda və Xankəndidə fərqli qərarlar ortaya çıxacaq. Rusiyanın nə edəcəyi, əlbəttə, önəmlidir, amma Azərbaycana qarşı böyük miqyaslı təxribatlara başlamaq imkanları məhduddur. Real sülhə gedən yol buradan başlayır...

Turqut