Logo
news content
User
Kateqoriyalar

Analitika

Xankəndi üçün çətin seçim: ya silahla, ya qələmlə...
Qarabağda son səhnə oynanılır

Qabil Abbasoğlu

Böyük bir dövr qapanır. Ermənistanın hərbi təcavüzü və Qarabağdakı separatçıların birgə “əməyinin” məhsulu olan qondarma qurum tarixə qovuşur. Azərbaycanla Ermənistan arasında 2020-ci il Vətən müharibəsindən sonra başlanmış diplomatik prosesin son günlərdə dalana dirənməsinin əsas səbəbi budur. 

1988-ci ildə başlayan, “Miatsum” ideyası ilə silahlanan separatçılıq hərəkatı həmin il dekabrın 1-də Ermənistan parlamenti Dağlıq Qarabağ regionunun özünə birləşdirilməsi barədə qərarı ilə ikinci fazaya keçdi. 1991-ci il sentyabrın 2-də isə “Dağlıq Qarabağ Respublikası” adlı oyuncaq qurum təsis edildi və 29 il ərzində heç bir ölkə, o cümlədən Ermənistanın özü tərəfindən tanınmadı. 1994-cü ilin may ayında imzalanmış atəşkəs sazişinə qədər davam edən ikinci fazada həm Dağlıq Qarabağ ərazisi, həm də ətrafdakı Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, qubadlı, Zəngilan rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1994-cü ildən 2016-cı ilin aprelinədək davam edən növbəti fazada aktiv diplomatik proses getdi, dəfələrlə sülh sazişinə yaxınlaşılsa da, müxtəlif səbəblərdən bu, baş tutmadı. 2016-cı ilin aprel döyüşləri ilə keçid fazası başlandı və 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi ilə bu faza da başa çatdı.  Elə buradaca qeyd edək ki, bütün mərhələlər boyu proses Rusiyanın işğalçı planları və Qafqazda sülhə mane olmaq strategiyası çərçivəsində baş verib.  İki Qafqaz dövlətini daimi münaqişə vəziyyətində saxlamaq, sülhə imkan verməmək Kremlin bölgədə mövcudluğunun başlıca şərtidir və bu şərt Ermənistanın destruktiv, təcavüzkar mövqeyi hesabına daim təmin olunub.

Hazırda biz sonuncu mərhələni yaşayırıq. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etmək üçün qanunun və beynəlxalq hüququn istisna etmədiyi bütün addımları atmaqdadır. Separatçı qurum mövcudluğunu ən ağır, hətta alçaldıcı şərtlər altında olsa belə saxlamaq üçün çaba göstərir. Ermənistan isə kapitulyasiyadan mümkün qədər fərqli bir sülh sazişi imzalamaq üçün diplomatik manevrlər edir, hərbi eskalasiyaya səbəb ola biləcək manevrlər etməyə çalışır. 

Azərbaycanla Ermənistanın sülh sazişi bağlaması, prinsipcə çətin görünmür, bircə şərtlə... Qarabağın erməni əhalisinin taleyi hər iki tərəfin danışıqlarda “olmazsa olmaz”ıdır. Azərbaycan Qarabağda qalan erməni sakinlərə ölkə qanunlarına tabe olmağı, əks halda, çıxıb getməyi təklif edib. Rəsmi Bakı bildirib ki, Ermənistanla imzalanacaq sülh sazişində Qarabağdakı erməni əhali barədə bir söz belə olmayacaq, çünki bu, Azərbaycanın daxili işi, “insan hüquqları məsələsi”dir (sitat Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur – Q.A.). Ermənistan, daha doğrusu, onun hazırkı hakimiyyəti isə həm daxili auditoriyanın, həm də xarici erməni diasporunun tələblərini nəzərə alaraq, Qarabağdakı soydaşlarının taleyinin sülh sazişinə salınmasında israr edir. Burada mövqelər aydındır, daha da konkretləşməsinə isə Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə bəyanatlar yardım edəcək.

Qalır Xankəndinin məsələsi. Son faza budur. Bir həftədir, Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi Qarabağdakı Rusiya hərbçilərinin nəzarəti altında olan ərazilərdə qanunsuz silahlı birləşmələrin və Ermənistan silahlı qüvvələrinin bölgədəki tör-töküntülərinin hərbi toqquşma yaratmaq planları barədə bəyanatlar verir. Təkcə avqustun 15-də bu barədə həm Prezident köməkçisi Hikmət Hacıyev, həm XİN, həm  də Müdafiə Nazirliyi bəyanat verib. Hər üç rəsmi ünvandan yayılan məlumatlarda əsas leytmotiv separatçıların vəziyyəti gərginləşdirməyə və hərbi qarşıdurma yaratmağa çalışmasıdır. Ermənistan Respublikası Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəd ərazilərə hərbi texnika, silah-sursat və komanda heyəti toplayır. Xankəndidəki rejim əraziləri yenidən minalamağa başlayıb. Ermənistan silahlı qüvvələri və bölgədəki qanunsuz hərbi birləşmələr təxribatlara əl atır. Hələ bu situasiyada ərazidə olan Rusiya hərbi kontingentinin mövqeyinin necə olacağı bilinmir. Lakin Moskvanın bu vaxtadək baş vermiş qısa lokal toqquşmalardakı mövqeyi və Azərbaycan rəhbərliyinin dəfələrlə verdiyi bəyanatlar nəzərə alınsa, aydın olar ki, bu amil rəsmi Bakıya yaranmış situasiyanı bütün mümkün üsullarla həll etməyə mane olmayacaq. Beləliklə, son səhnə oynanılır. Ya silahla, ya qələmlə. Bakı hər ikisinə daha hazırlıqlı görünür. 

Gəldik, necə deyərlər, mətləbə. 35 il əvvəl Moskvanın fitnəsi ilə bölgədə separatizm alovunu yandıran, özünü “dövlət” elan edən, bu müddət ərzində bircə ölkə tərəfindən belə tanınmayan bu qondarma qurum və onun İrəvandakı havadarları indi elə həmin Kremlin yarıtmaz siyasətinin və ambisiyalarının qurbanı olmaqdadır. 1988-ci ildə hansı entuziazmla başlamışdı, hansı ideyalarla aşıb-daşırdı, indi hansı vəziyyətdədir. İndi Azərbaycan ordusu, beynəlxalq tərəfdaşları və iqtisadi imkanları baxımından Ermənistanla müqayisə olunmayacaq bir ölkədir. Bölgədəki siyasətlə bağlı şərtləri diktə edən, reallıqları yaradan və dəyişdirən əsas oyunçudur. Odur ki, Xankəndidəki oyuncaq qurum və onun girovuna çevrilmiş əhali özünün gələcək taleyi ilə bağlı qərar vermək mərhələsində olduqlarını anlayırlar. Vaxt vardı, köçəryanlar, sarkisyanlar, babayanlar, arutyunyanlar şərt qoyurdu, indi şərt Bakıdan qoyulur, cavab Xankəndidən gəlir. Bu gün neqativ cavab gələ bilər, sabah gerçəkliyi qəbul etməkdən başqa yol qalmayacaq. 

Bu da “miatsum”un sonu. İşğalçı və imperialist güclərin əlində oyuncaq olmağın sonu budur. Azərbaycanın ən gözəl torpaqlarında məskunlaşmış, hətta paytaxtında və ən iri şəhərlərində barınmış, söz, mülk, sərvət sahibi olan ermənilər 35 il əvvəl hansı imkanları itirdiklərini bundan sonra anlayacaqlar. 

Hələ ki qapı açıqdır. Həm o tərəfə, həm bu tərəfə. Hansını istəsələr, seçə bilərlər.