Logo
news content
User
Kateqoriyalar

Analitika

Vidadi Muradov evini dövlətin hesabına təmir etdiribmiş
“Azər-İlmə”nin direktoru təyin olunmuş çayçı: “Vidadi ilə can-ciyər idik, ona görə məni direktor təyin elədi. Möhtərəm hakim, işə xitam verilsin, yığışıb çay içərik...”

Dövlət şirkəti olan “Azərxalça” ASC-yə uzun illər rəhbərlik etmiş, bu ilin yanvarında həbs olunan və noyabrda ev dustaqlığına buraxıldıqdan 3 gün sonra vəfat edən Vidadi Muradovun şirkətin vəsaiti hesabına öz evini 800 min manata təmir etdirdiyi üzə çıxıb. Dekabrın 7-də məhkəmədə “Azərxalça” ilə əməkdaşlıq etmiş şirkətin icraçı direktoru Yaşar Ələkbərov bu barədə ifadə verib.

Vidadi Muradov vəfat etməsinə baxmayaraq, onunla bağlı cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir. 21,6 milyon manatlıq mənimsəmə və 640 min manat vergidən yayınma ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə prosesində şahidlər dindirilir. 

Yaşar Ələkbərov deyib ki, tender keçirilmədən “Azərxalça” ASC-nin bölgələrdə yerləşən 13 müəssisəsinin təmir-tikintisi onlara həvalə edilib. Bu məqsədlə şirkətin hesabına milyonlarla manat vəsait köçürülüb. Həmin vəsait hesabına Vidadi Muradov həm də öz evini təmir etdirib. Şahidin sözlərinə görə, “Azərxalça”nın sabiq sədrinin paytaxtın Həsən Əliyev küçəsində yerləşən evini onlar təmir ediblər. Təmir işlərinə 800 min manatdan artıq pul sərf olunub.

Yaşar Ələkbərov bildirib ki, “Azərxalça” ilə müqaviləni özü bağlayıb, 13 müəssisədə aparılan işlərdə icraçı direktor olub.

Cinayət işinin materiallarında yazılıb ki, bölgələrdə müəssisələrin təmir-tikintisi zamanı xərclər şişirdilib, qiymətlər artıq göstərilib. Bundan başqa, sənədlərdə nəzərdə tutulan bir sıra işlər gerçəkdə icra olunmayıb.

Yaşar Ələkbərov işlərində çatışmazlıq haqda iddialarla razılaşmasa da, prokuror ona özünün istintaqdakı ifadəsini xatırladıb. Y.Ələkbərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində verdiyi ifadəsində bildirib ki, Vidadi Muradov onlara qanunsuz göstərişlər verib. Məsələn, kağız üzərində Şabranda yerləşən müəssisələrin birində 2 nasos quraşdırıldığı qeyd olunsa da, faktiki, orada nasoslar yoxdur. Bu xatırlatmadan sonra Y.Ələkbərov istintaqdakı ifadəsini təsdiqləyib. O əlavə edib ki, baş podratçı müqaviləsində aparılan işlərin sifarişçi ilə razılaşdırılması öz əksini tapmışdı. Onlar da bütün məsələləri “Azərxalça” rəhbərliyi ilə razılaşdırırdılar.

Vidadi Muradova məxsus şirkətin - “Azər-İlmə” MMC-nin direktoru Xəqani Talıbov da məhkəmədə dindirilib. Cinayət işində “Azər-İlmə” ilə bağlı ittihamlar da yer alıb. İttihama əsasən, Vidadi Muradov öz şirkətinin ofisini “Azərxalça” üçün bazar qiymətlərindən daha baha qiymətə icarəyə götürüb. Büdcə vəsaitlərini icarə adı altında öz şirkətinə köçürüb.

Xəqani Talıbov “Azər-İlmə” MMC-də çayçı və aşpaz işləyib. Lakin Vidadi Muradov sonradan onu şirkətin direktoru kimi rəsmiləşdirib, öz oğlu Aydın Muradovu isə Xəqani Talıbova müavin təyin edib. 

“Vidadi Muradovla qohum deyilik. Amma qohumdan da yaxın idik. Belə deyək, can-ciyər idik. Ona görə də kömək elədi, direktor oldum. Vidadi Muradovun oğlu Aydın Muradov da mənim müavinimdir”, - X.Talıbov çayçı olduğu halda, direktor təyin olunmasını belə izah edib. O bildirib ki, işi ancaq sənədləri imzalamaqdan ibarət olub: “Dediyim kimi, Vidadi ilə can-ciyər idik, ona görə məni direktor təyin elədi. Hazırda da direktoram. Möhtərəm hakim, işə xitam verilsin, inşallah, yığışıb çay içərik...”

“Azərxalça” ASC ilə əməkdaşlıq etmiş başqa bir şirkətin direktoru - Vüqar Yusifov deyib ki, Vidadi Muradov müqavilədə nəzərdə tutulmayan əlavə işləri də onlara gördürüb. Lakin o, işlərin nədən ibarət olduğunu açıqlamayıb.

Məhkəmə prosesi dekabrın 15-də davam edəcək.

Xatırlatma: 1956-cı il təvəllüdlü, mərhum Vidadi Muradov 21 milyon 673 min manatlıq mənimsəmə və ya israfetmə, 640 min manatlıq vergidən yayınma kimi əməllərdə ittiham olunurdu. O, 2021-ci ilin yanvarında həbs edilib. V.Muradova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə), 213.3 (xüsusilə külli miqdarda vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. İttihama əsasən “Azərxalça” ASC-nin xalça ipi alınması məqsədilə nəzərdə tutulan vəsaiti formal olaraq, müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb, geri qaytarıblar. “Azərxalça”nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu cinayət işinin materiallarında əksini tapıb.

Gülər