Vensin Qafqaz vektoru: Vaşinqton regionda saatları yoxlayır
Sülh, dəhliz və seçkilər: İrəvan-Bakı xəttində kritik mərhələ
09 Fevral 2026
ABŞ Vitse-prezidenti Cey Di Vensin bu gün Ermənistana səfəri başlayıb. Vens bu günə qədər İrəvana gələn ən yüksək rütbəli Vaşinqton təmsilçisidir. Ermənistan hakimiyyəti hələlik səfərin rəsmi gündəliyini açıqlamasa da, yerli media ABŞ və Ermənistan arasında iqtisadi, siyasi, nəqliyyat-kommunikasiya, enerji, süni intellekt sahələrinə dair müqavilələr imzalanacağını yazır.
Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan İctimai Televiziyaya müsahibəsində bildirib ki, danışıqlarda dinc nüvə enerjisi, təhlükəsizlik və “kritik mineral ehtiyatlar” sahəsində mümkün əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, ötən ay ABŞ Prezidenti Donald Tramp Vensin səfərinin məqsədinin sülh prosesini davam etdirmək və Azərbaycanı Naxçıvanla birləşdirən TRIPP layihəsini irəlilətmək olduğunu açıqlamışdı. Yerli media yazır ki, Vensin baş çəkəcəyi ünvanlardan biri də “Tramp yolu”dur.
TRIPP Azərbaycanı onun ənənəvi hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birləşdirən strateji tranzit marşrutudur və Ermənistan ərazisindən keçir. Lakin bu, adi yol layihəsi deyil. Layihə Cənubi Qafqazı qlobal nəqliyyat və ticarət xəritəsinə daxil etməyi hədəfləyir və buna görə də onu həm iqtisadi, həm də siyasi mühüm təşəbbüs kimi qiymətləndirmək lazımdır.
TRIPP çərçivəsində nəzərdə tutulan nəqliyyat infrastrukturu yalnız yolu deyil, eyni zamanda dəmir yolu xətlərini, enerji (neft və qaz) boru kəmərlərini, fiber-optik rabitə xətlərini və digər logistika komponentlərini də əhatə edir, yəni multimodal bölmədir.
Layihənin həyata keçirilməsinə cavabdeh olacaq şirkət - TRIPP Development Company ABŞ və Ermənistan arasında xüsusi hüquqlar əsasında qurulan birgə şirkətdir. Bu şirkətin əsas xüsusiyyətləri aşağıdakılardır:
ABŞ tərəfi şirkətin 74% payına sahib olacaq, Ermənistan isə 26% pay əldə edəcək.
Şirkətə TRIPP layihəsinin planlaşdırılması, layihələndirilməsi, tikintisi, idarə edilməsi və texniki baxımı üzrə ekskluziv hüquqlar veriləcək.
İlkin dövr üçün şirkətə 49 illik hüquqlar verilib və bu müddət daha 50 illik uzadılmaqla ümumilikdə təxminən 99 ilədək davam edə bilər.
Bu struktur yalnız iqtisadi layihə kimi deyil, həm də strateji geosiyasi məna daşıyır: ABŞ bu marşrutun inkişafı və idarə edilməsi üzrə dominant rol alır, lakin eyni zamanda Ermənistanın suverenliyi qorunub saxlanılır.
TRIPP layihəsinin böyüklüyü həm də ondan ibarətdir ki, o, sadəcə bir yol deyil, qlobal ticarət və nəqliyyat dəhlizi rolunu oynaya bilər: Bu marşrut Avropa ilə Orta Asiyanı birləşdirərək Trans-Xəzər ticarət əlaqələrini gücləndirir. Həmçinin ənənəvi Rusiya və İran nəqliyyat marşrutlarına alternativ yaradır və Vaşinqtonun regiondakı rolunu artırır. Bundan başqa, Azərbaycan Naxçıvanın əsas hissə ilə coğrafi birləşməsini təmin edərək uzun müddətdir davam edən tranzit problemlərini aradan qaldırır.
Vensin səfərində əsas məqsədlərdən biri də Azərbaycan-Ermənistan arasında hazırda davam edən sülh prosesinə dəstək verməkdir. Bu təxminən 5 ay sonra parlament seçkilərinin keçiriləcəyi ölkədə hakim “Vətəndaş müqaviləsi” partiyası üçün çox vacibdir. Baş nazir Nikol Paşinyan seçkilərə Azərbaycanla əldə olunan sülhlə və Qərb tərəfdaşları ilə Ermənistanın təhlükəsizliyinə qarant olacaq münasibətləri bayraq etməklə getmək istəyir. Onun “dünyadakı mövcud reallıqlara əsaslanan yeni Ermənistan” şüarı hər iki fundamental məsələni özündə birləşdirir. Birləşmiş Ştatların ikinci şəxsi Paşinyanın bu naliyyətlərini təsdiqləmək üçün Ermənistanda olacaq.
Qeyd edək ki, müxtəlif problemlərdən dolayı cəmiyyətdə hakim partiyanın mövqeləri xeyli zəifləyib, Rusiyanın dəstək verdiyi müxalif qüvvələr isə qüvvələri birləşdirərərk daha əlverişli imkanlara sahibdirlər, seçkilər yaxınlaşdıqca bu tendensiya Paşinyan komandası üçün başağrısına çevrilə bilər.
Siyasi təhlilçi Ramiz Yunus hesab edir ki, Azərbaycanın qələbəsi regionda onilliklər boyu dəyişməz hesab edilən status-kvonu köklü şəkildə dəyişib. Münaqişə ilk dəfə olaraq aydın hərbi-siyasi yekun alıb və əvvəlki formullar öz aktuallığını itirib. Bu prosesləri sürətləndirən əsas amillərdən biri də Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibə olub. Uzunmüddətli münaqişəyə cəlb olunan Moskva postsovet məkanında operativ təsir imkanlarını zəiflədib və bu, regional oyunçular üçün yeni imkan pəncərəsi açıb.
Ramiz Yunus vurğulayır ki, bu imkan pəncərəsindən ilk növbədə Azərbaycan və Ermənistan liderləri istifadə edib. Uzun illərdən sonra tərəflər, xüsusilə də Moskvanın vasitəçiliyi olmadan, birbaşa dialoqa başlayıblar. 2025-ci ilin yayında Əbu-Dabidə keçirilən görüş və 8 avqust 2025-ci ildə Ağ Evdə ABŞ prezidentinin iştirakı ilə baş tutan danışıqlar yeni mərhələnin əsas siyasi mərhələləri kimi tarixə düşüb. Həmin görüşlərdə sülh sazişinin əsasları paraflanıb, Zəngəzur dəhlizinin açılması barədə qərar qəbul edilib. Bu marşrut simvolik olaraq “Tramp yolu” adlandırılıb.
Politoloqun sözlərinə görə, proses təkcə diplomatik bəyanatlarla məhdudlaşmayıb. Real kommunikasiyaların açılması başlayıb: Azərbaycan ərazisindən Ermənistana Qazaxıstan və Rusiyadan taxıl daşıyan yük qatarları keçib, Azərbaycan Ermənistana yanacaq tədarükünə başlayıb. Cəmi beş il əvvəl siyasi fantaziya kimi görünən bu addımlar artıq gündəlik reallığa çevrilib.
Ekspert qeyd edir ki, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə növbəti görüşü ABŞ-ın vitse-prezidenti Cey Di Vensin regiona səfəri ərəfəsində “saatların yoxlanması” rolunu oynayıb. Onun fikrincə, Vensin İrəvan və Bakıya səfəri Vaşinqtonun Cənubi Qafqaz strategiyasının dəyişdiyini açıq şəkildə göstərir. ABŞ regionu Mərkəzi Asiya–Cənubi Qafqaz–Avropa xətti üzrə əsas logistika dəhlizi kimi dəyərləndirir. Təsadüfi deyil ki, 8 avqust görüşündən sonra ABŞ Prezidenti Mərkəzi Asiya ölkələrinin liderləri ilə ayrıca danışıqlar apararaq məhz bu dəhlizin əhəmiyyətini vurğulayıb.
Ramiz Yunus bildirir ki, Cənubi Qafqazda sülh ABŞ üçün Yaxın Şərq kontekstində də xüsusi əhəmiyyət daşıyır. Qəzza böhranı, İran ətrafındakı gərginlik və mürəkkəb regional ittifaqlar fonunda Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər kimi tərəfdaşlarla koordinasiya Vaşinqton üçün strateji əhəmiyyət kəsb edir. Bu arxitekturada Azərbaycan yalnız regional ölkə deyil, təhlükəsizlik və logistika baxımından əsas mərkəz kimi çıxış edir və Ermənistanla davamlı sülh ABŞ üçün də strateji maraq daşıyır.
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə yerli mediaya müsahibəsində bildirib ki, Prezident Trampın Cənubi Qafqazla bağlı xarici siyasətinin mərkəzində Azərbaycan və Ermənistana sülh müqaviləsi bağlamağa kömək etmək dayanır. Lakin Prezident Tramp, yəqin ki, vitse-prezidentə sülh müqaviləsi hazırlamağı deyil, bəlkə də Azərbaycan və Ermənistan dövlətlərinə onunla bağlı işləri yekunlaşdırmağa kömək etməyi tapşırıb. “Çünki Azərbaycan və Ermənistan mart ayında sülh müqaviləsi mətni ilə bağlı razılığa gəliblər və bu, 8 avqustda Prezident Trampın ev sahibliyi etdiyi görüşdə imzalanıb. Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı qeyri-müəyyənlik kimi şərh edilən məqam aradan qaldıracağı təqdirdə, Prezident Əliyev sülh müqaviləsini imzalayacağını və ratifikasiya üçün Azərbaycan Parlamentinə göndərəcəyini bildirib”, - o qeyd edib.
Brayza vurğulayıb ki, Ermənistan konstitusiyasına dəyişiklik etmək Baş nazir Paşinyan üçün daxili siyasi vəzifədir. Onun sözlərinə görə, Vitse-prezident Cey Di Vensin Ermənistanda olması, bəlkə də, Paşinyana Parlamenti bu düzəlişi təsdiqləməyə sövq etmək və daha sonra milli referendumda elektoratı həmin dəyişikliyi qəbul etməyə inandırmaq üçün müəyyən siyasi dəstək verə biləcəyi düşüncəsi ilə izah olunur.
Məşhur amerikalı politoloq Pol Qobl isə Vensin səfərini şərh edərkən bildirib ki, həm Azərbaycan, həm də Ermənistan ABŞ üçün getdikcə daha vacib hala gəlir, çünki hər iki ölkə Moskvadan uzaqlaşıb TRIPP-i dəstəkləyir. Həm də İranla bağlı gərginlik, şübhəsiz, Cənubi Qafqaza da yayılacaq. Bu baxımdan, Vensin səfəri sabitləşdirici xarakter daşıyır. Qoblun sözlərinə görə, vitse-prezident "hər iki tərəfi ABŞ-nin dəstəyinə əmin etmək və seçdikləri istiqaməti təşviq etmək" üçün, regionun cənubundakı qeyri-sabitliyin şimaldakı təhlükəsizlik hesablamalarına qısa zamanda təsir göstərə biləcəyi bir vaxtda səfər edir.
“Bu kontekstdə Vensin səfəri rəsmi bir jest kimi deyil, Vaşinqtonun artan regional qeyri-müəyyənlik dövründə Cənubi Qafqazda sabitliyi və təsirini qorumaq strategiyasının bir hissəsi kimi görünür”, - o qeyd edib.
Turqut