Logo
news content
User
Kateqoriyalar

Analitika

Vaşinqtonda ikinci raund: Blinken nəyə eyham vurdu?
“Qordi düyünü” kəsilməsə, eskalasiya qaşılmazdır

“Ermənistan-Azərbaycan danışıqlarında irəliləyiş var, lakin yekun razılığın əldə olunması üçün hələ çox iş görülməlidir”. 

Bu bəyanatı ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçirilən görüşlərin yeni raundunun nəticələri ilə bağlı deyib. 

Dövlət katibi əlavə edib: 

“Mən hər iki həmkarıma minnətdaram, Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh sazişinin əldə edilməsi, eləcə də iki ölkə arasında münasibətləri inkişaf etdirə biləcək digər mühüm vəzifələr üçün davam edən gərgin işi yüksək qiymətləndirirəm. Tezliklə açıqlanacaq bəyanatda qeyd edildiyi kimi, saziş ətrafında ümumi məqsədə doğru irəliləyiş əldə edilib, sazişə bəzi maddələrin daxil edilməsi, habelə digər mühüm məsələlər üzrə anlaşmanın dərinləşməsi və yekun razılığa gəlmək üçün böyük səylər göstərilib”.

Blinken vurğulayıb ki, bir neçə həftədən sonra Avropa İttifaqında (Aİ) onların növbəti görüşləri planlaşdırılır.

“Bizim təkcə burada deyil, həm də Aİ-dən olan tərəfdaşlarımızın Baş nazir Paşinyan və Prezident Əliyevlə bir sıra görüşləri olub. Bilirik ki, bir neçə həftə ərzində Aİ-də onların iştirakı ilə növbəti görüşlər planlaşdırılır. Qarşıdakı həftələrdə və ya aylarda yekun və ümumi razılığa gəlmək məqsədi ilə bu görüşlərdə əldə etdiyimiz sürətdən ən yaxşı şəkildə istifadə etmək lazımdır. Ona görə də bu prosesi önümüzdəki həftələrdə davam etdirməyi səbirsizliklə gözləyirik. Düşünürəm ki, bütün tərəflər də aydın şəkildə dərk edirlər ki, biz razılığa nə qədər yaxınlaşsaq, bəzi hallarda proses bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sona qalır. Amma şəffaflıq, səmimiyyət mühitinə görə çox minnətdaram. Bu, qarşılıqlı anlaşma və razılığa nail olmağın yeganə yoludur”, - ABŞ dövlət katibi bildirib.

Bu bəyanatdan bir qədər sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, bir sıra vacib məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri fərqlidir. Onun sözlərinə görə, mövqeləri yaxınlaşdırmaq əlavə iş tələb edir. “Söhbət Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası, qoşunların çıxarılması və Bakı və Xankəndi arasında dialoq üçün beynəlxalq mexanizmin yaradılmasından gedir”, - nazir deyib.

Rəsmi Bakıdan hələ Vaşinqton görüşünün yekunları ilə bağlı rəsmi açıqlama verilməyib. 

Beləliklə, görüşlə bağlı əsas sual dövlət katibi Blinkenin bəhs etdiyi “irəliləyiş” və “sülh layihəsinə daxil edilən yeni bənd”lə bağlıdır. 

Qərbin moderatorluğu ilə iki ilə yaxındır davam edən sülh prosesində əldə olunan əsas tərəqqi Azərbaycanın irəli sürdüyü 5 əsas baza prinsipinin Ermənistan tərəfindən prinsipcə qəbul edilməsidir: 

- Dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu “yol xəritəsinə” uyğun olaraq, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edib. Qərb diplomatlarına görə, Azərbaycan təmsilçiləri də Ermənistanla bağlı müvafiq addımı atmağa hazır olduqlarını bildiriblər. Amma İrəvanın publik mövqeyi pozitiv olsa da, danışıqlarda şərtlər irəli sürməsi kifayət qədər ziddiyyətlidır. Belə ki, Ermənistan Qarabağda Azərbaycanın suverenliyini tanımaqdan imtina edir və erməni əhalinin hüquqlarının, təhlükəsizliyini qorumaq adı altında bölgənin beynəlxalq nəzarət altında olmasına çalışır. Rəsmi Bakı belə bir mexanizmi ölkənin suverenliyinə təhdid sayaraq, qəbul etmir. 

İkincisi, Qarabağda Ermənistan vətəndaşları olan hərbçilərin qalması və Azərbaycana qarşı silahlı müqaviməti davam etdirməsi sülh prosesinə əsas maneədir. Azərbaycan, üçtərəfli bəyanata uyğun olaraq, bölgənin silahsızlaşdırılmasını tələb edir, amma İrəvan Qarabağdakı hərbi qüvvələrin özünə bağlılığını inkar etməklə məsuliyyətdən yayınmağa çalışır.

Üçüncü amil, Ermənistanın dövlət büdcəsindən Xankəndinə hər il 400 milyon dollara qədər vəsaitin ayrılmasıdır. Rəsmi Bakı bəyan edir ki, bu vəsait bölgədəki separatçı rejimin əsas maliyyə qaynağı olmaqla, müqavimətin başlıca elementidir. Sözügedən vəsaitin əhəmiyyətli hissəsi qanunsuz silahlı dəstələrin maddi-texniki təminatına sərf edilir. 

Ararat Mirzoyan sərhədlərin delmitasiyası ilə bağlı fikir ayrılığını qeyd etməklə, dolayısı ilə tərəflər arasında ziddiyyətlərin qaldığını təsdiqləyib.

Belə nəticəyə gəlmək mümkündür ki, dövlət katibi Blinkenin dediyi “irəliləyiş” və “yeni maddə” prinsipial məsələləri əhatə etmir, daha çox sülh prosesinin texniki detalları ilə bağlıdır.

ABŞ rəsmisinin müzakirələrin gələn ay nazirlər və ya liderlər səviyyəsində Brüsseldə davam etdiriləcəyi barədə açıqlaması da qismən yeni xəbərdir. Çünki iyulun 20-21-də Aİ paytaxtında Prezident İlham Əliyev və Nikol Paşinyan arasında görüşün olacağı hələ ötən ayın sonunda Kişinyovda - Avropa İttifaqının Siyasi Sammitində bəyan edilmişdi. Amma tərəflər görüş qrafikini təsdiq etməmişdilər. Görünür, ABŞ dövlət katibi Bakı və İrəvandan təsdiq ala bilib. 

Vaşinqton görüşünün əsas əhəmiyyəti ondan ibarətdir ki, sülh prosesi Qərbin moderatorluğu altında çətin, ağrılı olsa da, davam edir, tərəflər Rusiyanın ciddi təzyiqlərinə rəğmən iradə nümayiş etdirirlər. Vaşinqton və Brüssel bu il ərzində prosesin yekunlaşmasını və Azərbaycanla Ermənistan arasında çərçivə sazişinin imzalanmasını gözləyir. Blinkenin bəyanatında yer alan “səbirsizliklə” vurğusu bu zaman kəsiyini əhatə edir. 

Maraqlıdır, dünyanın ən qüdrətli ölkəsinin yüksək səviyyədə prosesə müdaxiləsi və moderatorluğu öz üzərinə götürməsi niyə sürətli irəliləyişə gətirib çıxarmır? Azərbaycan və Ermənistan üçün ABŞ-ın rolu olduqca mühüm və qaneedicidir, bu müstəvidə kompromislərin əldə olunması üçün şərait var, çünki Fransa və Rusiyanın mövqeyində olduğu kimi birtərəfli yanaşma, qərəzli mövqe yoxdur. Buna baxmayaraq, Bakı və İrəvan olduqca ehtiyatlıdırlar… Bunun səbəbini Rusiyanın münaqişənin tam, hərtərəfli həllinə qarşı nümayiş etdirdiyi sərt, təxribatlarla dolu mövqeyidir. Bu barədə sonuncu dəfə - Vaşinqton görüşü elan olunandan dərhal sonra xarici işlər naziri Sergey Lavrov danışıb: “Bakı və İrəvan bilməlidirlər ki, münaqişənin 10 noyabr üçtərəfli bəyanatından kənar həlli yoxdur”. Yəni Moskva Qərbin vasitəçiliyi ilə sülhün əldə olunmasına imkan verməyəcək. Beləliklə, ABŞ-da danışıqların getdiyi günlərdə Qarabağda Azərbaycana qarşı silsilə təxribatların arxasında bilavasitə Rusiya dayandığına şübhə qalmır. Hər iki tərəf, eləcə də ABŞ Rusiyanın bölgədəki hərbi-siyasi imkanlarını nəzərə almağa məcburdurlar. Çünki Kreml təxribatlar yaratmağa hələ də qadir olduğunu əyani şəkildə göstərir.

Bəs çıxış yolu varmı? Azərbaycan Qarabağda anti-terror əməliyyatları keçirməzdən əvvəl Ermənistana separatçı rejimlə əlaqələrini kəsmək üçün təzyiq edir. Habelə biz Bakının Moskvaya qarşı da təzyiqlərə start verdiyini görürük. Yayılan məlumatlara görə, Azərbaycan rəhbərliyi Rusiya sülhməramlıları üçün lazım olan təminatların yalnız Azərbaycan vasitəsi ilə daşınmasını tələb edib. Bu təzyiqlərə Rusiyanın himayəsində olan qanunsuz silahlı dəstələrə havadan endirilən sonuncu zərbələri, paralel olaraq, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin iş rejiminin dəyişdirilməsini də göstərə bilərik. 

Prosesdə əsas tərəqqi Ermənistanın iradə nümayiş etdirərək, Qarabağdakı qondarma erməni administrasiyasını buraxması, silahlı qüvvələrin ləğv edilməsi ilə bağlı açıq çağırışlar etməsi ola bilər. Azərbaycan da eyni qaydada Rusiyadan üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq bölgənin silahsızlaşdırılmasına başlamasını tələb edə bilər. Konkret olaraq, hər iki münaqişə tərəfi problemin “Qordi düyünü”nü kəsmək üçün əməli fəaliyyətə başlaması sülhü yaxınlaşdıra bilər. Rusiyanın Ukrayna müharibəsində tədricən zəifləyəcəyini, bölgədən çəkiləcəyini gözləməklə prosesi uzatmaq Kremlin manevr imkanlarını artırır. Moskva bu zaman kəsiyində hətta əlindəki alətlərdən istifadə etməklə  yeni eskalasiyalar təşkil edə bilər…

Turqut