Logo
news content
User
Kateqoriyalar

Analitika

Vaşinqton dueli
Sülh prosesi tamamilə Moskvanın nəzarətindən çıxdı; nələr gözlənilir?

Mayın 1-də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək. Bu barədə ilk məlumatı dünən A.Mirzoyan açıqlamışdı. Rəsmi Bakı belə bir görüşün olacağını hələ ki, nə təsdiq, nə də təkzib edib. Əlbəttə, bu, Azərbaycan rəhbərliyində görüşlə bağlı yekdil qərarın olmaması ilə bağlı deyil, sadəcə XİN-in ictimaiyyəti xəsisliklə məlumatlandırmasından qaynaqlanır. Nazir C.Bayramovun sabah ABŞ paytaxtına yola düşəcəyi gözlənilir.

“Turan” agentliyinin Vaşinqtondakı müxbiri diplomatik mənbələrə istinadla xəbər verib ki, tərəflər bu görüşdə fikir ayrılıqlarını aradan qaldırmaq üçün “yol xəritəsi” hazırlamağa çalışacaqlar.

Dövlət Departamentinin sözçünün müavini Vedant Patel gündəlik brifinqdə bildirib ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında davamlı sülh axtarışları ilə “fəal məşğul olmağa davam edir”. “Bu, Katib Blinkenin, eləcə də Baş Koordinator Louis Bono və Dövlət Katibinin köməkçisi Derek Hoqan kimi dərindən sadiq olduğu bir şeydir.

Blinken artıq həm xarici işlər nazirləri ilə (keçən ilin noyabrında Vaşinqtonda), həm də hər iki ölkənin liderləri ilə (fevralda Münhen Təhlükəsizlik Konfransında) danışıqlar aparıb.

Diplomatik mənbələr bildirirlər ki, Vaşinqtonda danışıqlar sülh üçün “yol xəritəsi”nin hazırlanmasında uğur qazanarsa, o zaman Avropa İttifaqı Azərbaycan və Ermənistan liderlərini bir neçə həftə ərzində sülh müqaviləsi imzalamaq üçün qəbul edəcək.

Vaşinqton görüşü bu ilin fevralında Münhendə ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə müzakirələrindən sonra gündəmə gəlmişdi. Ötən müddət ərzində ABŞ diplomatik səylərini ikiqat artırıb, həm Bakı, həm də İrəvanla sıx təmasda olub, diplomatlar Azərbaycana və Ermənistana dəflərlə baş çəkib, telefon əlaqəsi saxlayıblar. 

Gözlənilirdi ki, Vaşinqton görüşü İlham Əliyev və Nikol Paşinyan arasında keçirilsin. Amma görünür, sahədə baş verən hadisələr yüksək səviyyəli müzakirələrin baş tutmasına mane olub. Aprelin 11-də Laçında hər iki tərəfdən 7 nəfərin həlak olması ilə nəticələnən toqquşma, Azərbaycanın əsir düşən hərbçilərinə işgəncə verilməsi, İrəvanda beynəlxalq idman tədbirində Azərbaycanın dövlət bayrağının yandırılması, nəhayət, aprelin 25-də Azərbaycanın Laçın yolunun sıfır nöqtəsində - dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi qurması qarşılıqlı ittihamları gücləndirib. Bununla belə, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında hazırlanan sülh danışıqları prosesi dayanmayıb. Onu da xatırladaq ki, sərhəddə baş verən hərbi toqquşmadan dərhal sonra Rusiya Xarici İşlər Nazirliyi Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyini bildirmişdi. İki gün əvvəl isə Rusiya xarici işlər nazirinin müavini hər iki tərəfin Moskvadakı səfirləri ilə ayrı-ayrılıqda görüş keçirmişdi.

Görünür, Bakı və İrəvan Moskvada danışıqlar aparmağa razılaşmayıb. Əsas ehtimal budur ki, Azərbaycanın Laçın yoluna nəzarəti tam bərqərar etməsinə görə Moskvanı ittiham edən İrəvan bu görüşün baş tutmasından imtina edib. Xatırladaq ki, Baş nazir Nikol Paşinyan Qarabağ beynəlxalq sülhməramlıların gətirilməsi təklifini yenidən səsləndirib və bu Rusiya XİN-in kəskin narazılığına səbəb olub.

Beləliklə, Vaşinqton görüşü baş tutur və sözsüz ki, bu tərəflərin sülhə can atmasını göstərən əsas uğurudur.

Birincisi, Rusiyanın bütün cəhdlərinə baxmayaraq, sülh prosesi Moskvanın nəzarətindən tamamilə çıxarılır və ikitirəliyə son qoyulur. Bununla Kremlin müdaxilə və manevr imkanları aradan qaldırılır. Rusiya rəhbərliyi maksimum çalışırdı ki, Azərbaycan-Ermənistan münaqişəsinin bütün aspektləri öz nəzarətində olsun və onun diktəsi ilə idarə olunsun. Bəzi ekspertlər son zamanlar iki ölkə arasında baş verən bütün gərginliklərdə Rusiya xüsusi xidmət orqanlarının dayandığını bildirirlər. Hətta Paşinyan da çıxışlarının birində orduda, təhlükəsizlik qurumlarında “üçüncü əl”in varlığından bəhs edib. Artıq onların yaratdığı təxribatlarla prosesi əngəlləmək mümkün deyil, diplomatik müstəvidə Qərb birmənalı söz sahibidir.

İkinci mühüm məqam Azərbaycanın Laçın yoluna nəzarəti öz nəzarətinə almasının sülh danışıqlarını əngəlləməməsidir. Doğrudur, ritorikada Vaşinqton və Brüssel təmsilçiləri Bakının bu addımını qınayıblar, amma hər hansı real təzyiqlərdən söhbət gedə bilməz. Beləliklə, Azərbaycanın rəhbərliyinin tələb etdiyi kimi, Qarabağ məsələsi iki ölkə arasında sülh prosesinin tərkib hissəsi ola bilməyəcək. Bu, Azərbaycanın daxili məsələsidir, sülh prosesi isə Qərbin vasitəçiliyi ilə Ermənistanla aparılan ayrıca danışıqlar müstəvisidir.

Vaşinqton danışıqlarından nə gözləmək olar? Xəbərlərdən belə məlumdur ki, nazirlər bir neçə gün ABŞ paytaxtında qalıb müzakirələr aparacaqlar. Yəni ortaq məxrəcə gəlmək üçün kifayət qədər zaman olacaq, ən əsası, Dövlət Departamenti xüsusi səy göstərəcək ki, danışıqlar nəticəli yekunlaşsın. Təbii ki, razılaşma tərəflərin gedə biləcəyi kompromislərdən asılıdır. Hazırda Bakı və İrəvan bəzi məsələlərdə geri çəkilə bilər.

Ermənistanın Qarabağın statusunun sülh müqaviləsinə salınması tələbinə yenidən baxması mümkündür. Azərbaycanın Laçın yoluna nəzarəti təmin etməsi İrəvanı fakt qarşısında qoyub, artıq məlumdur ki, Bakı bu qırmızı xətdən heç bir halda geri durmayacaq. Ermənistan bunun qarşılığında Qarabağdakı erməni əhalisinin təhlükəsizliyi və hüquqları məsələlərinin beynəlxalq nəzarətə götürülməsini təklif edə bilər.

Azərbaycan bəyan edir ki, Qarabağ məsələsi tamamilə ölkənin daxili işidir. Onu beynəlxalq vasitəçilərlə müzakirə etməyəcək. Amma Bakı kompromis kimi bəzi istisnalara gedə bilər. Məsələn, reinteqrasiya proqramını elan edə və orada ermənidilli əhalinin təhlükəsizliyi və hüquqları ilə bağlı vaxtaşırı beynəlxalq monitorinqin aparılmasına razılaşa bilər. 

İki ölkə arasında başqa prinsipial məsələlərdə razılaşma daha asan əldə oluna bilər. Xüsusən, Zəngəzur dəhlizinin açılmasında Ermənistanın qoyduğu şərtlərin qəbul edilməsi problematik deyil. Çünki Bakı artıq Laçın yoluna öz nəzarətini təmin edib. 

Sülh prosesinə başlıca əngəl Qarabağdakı Rusiya silahlı qüvvələridir. Moskva tərəflərin Qərbin egidası altında sülhə getməsini qəti şəkildə istəmir və onu əngəlləmək üçün tədbirlər görür. Yuxarıda qeyd olunduğu kimi, son bir ayda baş verənlər bu cəhdlərin tərkib hissəsidir. Həlledici mərhələdə Moskvadan qaynaqlanan daha irimiqyaslı təxribatlar həm Qarabağda, həm Ermənistanla sərhəddə baş verə bilər. Bunu əngəlləmək üçün Bakı-İrəvan arasında koordinasiyalı fəaliyyətə ehtiyac var. Çox güman, Vaşinqtonda hazırlanacaq “yol xəritəsi”ndə bu zərurət nəzərə alınacaq.

Turqut