Logo
news content
User
Kateqoriyalar

Analitika

“Vaşinqton bəzi səhvlərini başa düşüb…”
Yeni səfirin gəlişi Azərbaycanla ABŞ-ın münasibətlərində nəyi həll edə biləcək?

Dekabrın 2-də axşam saatlarında ABŞ-ın yeni səfiri Mark Libbi Bakıya gəlib.

O, mətbuata Azərbaycan dilində qısa açıqlama verməklə kifayətlənib və Azərbaycana gəlişindən çox şad olduğunu bildirib.

Mən öz etimadnaməmi təqdim etmək və ABŞ-Azərbaycan münasibətlərinin inkişafı və regionda davamlı sülhün əldə edilməsi üçün işə başlamaq fürsətini səbirsizliklə gözləyirəm.

Mən həm də sizin gözəl ölkənizi daha yaxından tanımaq istəyirəm. Xoş qarşıladığınız üçün təşəkkür edirəm”, - Mark Libbi deyib.

Bu məqamda xatırladaq ki, Li Litzenberqerin ötən ilin yayında öz postunu tərk etməsindən sonra ABŞ-ın Azərbaycanda səfiri olmayıb. Bayden hələ keçən ilin may ayında Libbinin namizədliyini irəli sürsə də, Senat o zamandan bəri onun namizədliyini təsdiq etməmişdi.

Bu ilin iyunun 14-də Senatda səfir postuna təsdiqləndiyi zaman Libbi Qarabağla bağlı sülh danışıqları, ABŞ və Azərbaycan arasında insan haqları və təhlükəsizlik sahəsində əməkdaşlıqla haqqında suallarla üzləşmişdi.

Onun sözlərinə görə, Qarabağda davamlı sülh Vaşinqton və Bakıya əməkdaşlığı yeni səviyyəyə qaldırmağa imkan verəcək: “...Terrorçuluqla mübarizə, sərhəd, enerji və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq Amerika Birləşmiş Ştatlarının milli maraqlarına və təhlükəsizliyinə xidmət edəcək. ...Mən bu sahələrdə səylərimizi ikiqat artıracağam”.

Libbinin sözlərinə görə, demokratiya və insan haqları “yalnız bizim dəyərlərimizi əks etdirdiyinə görə deyil, həm də sülh və firavanlığın ən yaxşı təməli olduğuna görə” ABŞ-ın xarici siyasətinin əsasını təşkil edir. 

Əgər bu posta təsdiq olunaramsa, Azərbaycan liderləri və vətəndaşlarının geniş dairəsi ilə hörmətlə, lakin çox açıq dialoq aparmağa, Azərbaycanda və daha geniş regionda bu dəyərləri, hüquq və azadlıqları qətiyyətlə müdafiə etməyə söz verirəm”, - o, iyun ayında demişdi. 

Libbi son vaxtlara qədər Dövlət Departamentinin Vaşinqtondakı Milli Hərbi Kollecdəki fakültəsinin məsləhətçisi vəzifəsində çalışıb.

Buna qədər o, Brüsseldə Avropa İttifaqı yanında ABŞ missiyası rəhbərinin müavini postunu tutub. O, həmçinin ABŞ-ın Varşava, Nikosiya və Bağdaddakı missiyalarında siyasi məsləhətçi vəzifəsində çalışıb.

Libbi Dövlət Departamentində Böhranların İdarə Edilməsi üzrə direktor müavini; Mərkəzi Avropa İşləri üzrə Ofisin direktor müavini; Cənubi Avropa İşləri üzrə Ofisin direktoru və Diplomatik Xidmət İnstitutunun direktoru vəzifələrini də tutub.

Dərhal qeyd etmək lazımdır ki, yeni səfirin gəlişi ABŞ-Azərbaycan münasibətlərinin ən yaxşı vaxtına təsadüf etmir. Bəs yeni yerdə, belə şəraitdə onun üçün necə olacaq? O nə edəcək? Hansısa yollarla ölkələr arasında münasibətləri yaxşılaşdırmağa çalışacaq? Hansı addımları atacaq? Məsələn, Şuşaya səfər etmək arzusunu ifadə edəcək? Xatırladaq ki, indiyədək Amerika və Fransanın Azərbaycandakı diplomatları ölkə rəhbərliyinin Şuşanı ziyarət etməklə bağlı müvafiq dəvətlərindən imtina ediblər.

Ümumiyyətlə, təxminən il yarımdan sonra səfirin göndərilməsi iki dövlət arasında münasibətləri tarazlaşdırmağa qadirdirmi?

Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev old.pressklub.az-a verdiyi açıqlamada qeyd edir ki, il yarım bu vəzifədə heç kimin olmamasından sonra yeni səfirin təcili gəlişi ABŞ-ın bu il ayrı-seçkilik xarakteri daşıyan 907-ci düzəlişi dayandırmaqdan imtina etməsi, bu yaxınlarda Bakı ilə Vaşinqton arasında baş vermiş digər diplomatik demarşlardan sonra “acı dərmanı şirinləşdirmək cəhdi” kimi qiymətləndirilə bilər.

Təbii ki, ABŞ administrasiyası Azərbaycana qarşı heç də ən xoşagələn və heç də ən ədalətli olan addımlar atarkən çox vaxt öz erməni və ermənipərəst seçicilərinin maraqlarını rəhbər tutur. Çünki gələn il Amerikada prezident seçkiləri olacaq və “demokratik” administrasiya indi öz fəaliyyətində az-çox əhəmiyyətli səslərin demək olar, hamısını nəzərə alır. Bu, Birləşmiş Ştatlara haqq qazandırmaq deyil. Bunu daha çox ümumilikdə demokratiyanın, xüsusən də ABŞ-ın mənfi tərəfi hesab etmək olar”, - ekspert qeyd edib.

Amma eyni zamanda, o hesab edir ki, Senat tərəfindən 907-ci düzəlişin dayandırılması imkanlarını məhdudlaşdıran aktın qəbul edilməsi özlüyündə bu aktın qüvvəyə minəcəyi anlamına gəlmir. 

Prezident Baydenin bu akta veto qoymağı bacarıb-bacarmayacağını müşahidə etmək maraqlı olacaq. Amma bir şey aydındır ki, ABŞ açıq şəkildə Azərbaycanla Ermənistan arasında hüquqi sülhün əldə olunmasında maraqlıdır.

Çox zəngin keçmişi olan yeni səfirin gəlişi, eləcə də dövlət katibi Blinkenin Bakıya zəngi və ABŞ administrasiyasının nümayəndələrinin Azərbaycana gözlənilən səfərləri Vaşinqtonun müxtəlif şəxslərin demarşları da daxil olmaqla bəzi səhvlərini başa düşdüyünü və bütün dünya üçün bu gərgin dövrdə ölkəmizlə əvvəlki tərəfdaşlığı bərpa etmək qərarına gəldiyini sübut edir.

O ki qaldı insan haqları və digər məsələlərə, bəli, bu amillər ABŞ administrasiyasının fəaliyyətində həmişə müəyyən əhəmiyyət kəsb edir. Amma mən gözləmirəm ki, yeni səfirin gəlişi ilə bu sahədə hansısa xüsusi səylər göstəriləcək.

Şuşaya səfərə gəlincə, təbii ki, səfir ora gedə bilər. Prinsipcə, ABŞ nümayəndələrinin indiyə qədər bunu etməməsində xüsusi faciə görmürəm. Bu gün bütün digər məqamlarla müqayisədə səfirin belə bir addımı sırf simvolik xarakter daşıyacaq”, - deyə Ağayev hesab edir.

Rauf Orucov