Logo
news content
User
Kateqoriyalar

Analitika

“Vaqif Xaçaturyan sinəmə qaynar xaç basdı...” – Əsirlikdə olmuş azərbaycanlı danışır
Erməninin adı niyə Vaqif, atasının adı niyə Çərkəzdir? – Gerçəklər üzə çıxır

Xocalı soyqırımı və Meşəli faciəsində dinc azərbaycanlıların qətlə yetirilməsində iştirak etmiş Vaqif Çərkəz oğlu Xaçaturyan Laçın sərhəd-buraxılış məntəqəsində sərhədçilərimiz tərəfindən saxlanılaraq, Bakıya gətirildi. 

Onun haqqında verilən çox qısa rəsmi informasiyadan savayı Xaçaturyan haqqında ətraflı və dərin məlumata sahib deyilik. Məsələn, bilmirik ki, onun adı niyə məhz Vaqif, atasınınsa adı Çərkəzdir. O, Meşəlidən savayı hansı kənd və rayonlarımızın işğalında bilavasitə iştirak edib və kimin adamı olub? 

Qısası, Vaqiflə bağlı cavabını tapmamış bir çox suallar mövcuddur. old.pressklub.az isə mövzunun aktuallığını nəzərə alaraq, Vaqif Çərkəz oğlu Xaçaturyan barədə oxucularına heç yerdə eşitmədikləri məlumatları təqdim edir.

Xaçaturyan hələ saxlanılarkən erməni mətbuatında tirajlanan xəbərlərdə onun “sıravi” bir sürücü olduğu vurğulanırdı. Ona görə də biz araşdırmamıza ilkin olaraq onun peşəsini müəyyənləşdirməklə başladıq. İlk müsahibimiz, Xankəndi şəhərindən məcburi köçkün olan Nazim Əhmədli Vaqifin həqiqətən də gənc yaşlarında sürücü işlədiyini təsdiqlədi:

“Vaqif Xankəndinin Badara kəndində, bizsə şəhərin mərkəzində yaşayırdıq. Onunla dərin tanışlığımız olmayıb. Lakin bilirdik ki, sürücüdür. Səhv etmirəmsə, Xankəndidən hansısa kəndə işləyən marşrut avtobusunu sürürdü. Yaxşı yadımdadır ki, 1988-ci il hadisələrindən sonra onun bizə, azərbaycanlılara münasibəti tamamilə dəyişmişdi. Vaqif əsl daşnaka çevrilmişdi”.

Digər bir müsahibimiz, Şuşa rayonunun sabiq hərbi komissarının müavini Bəxtiyar Həsənovsa Xaçaturyanın şoferdən amansız bir terrorçuya çevrildiyi dövrü belə xatırlayır:

“Vaqif Xaçaturyan adını mən ilk dəfə Meşəli hadisələri vaxtı eşitdim. Yaxşı yadımdadır, o qətliamı törətmiş şəxslər haqqında Respublika Prokurorluğu və MTN-də, habelə bizim hərbi komissarlıqda araşdırmalar aparılırdı. Ona görə də biz Meşəli faciəsində xüsusi cinayət əməlləri törətmiş erməni quldurları barədə ətraflı məlumatlar toplayır, əməliyyatlar həyata keçirirdik. Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Vaqif Xankəndinin Badara kəndində doğulub. Və döyüşlərdən qabaq o, özünə məxsus olan köhnə QAZ-53 markalı maşınla Xankəndi-Meşəli marşrutu üzrə sərnişin daşıyıb. 1988-1990-cı illərdə isə daşnaklara qoşulub. Xaçaturyan Xankəndidə radikal millətçi mövqeyi ilə tanınan Armayısın dəstəsinə qəbul edilib. Armayısın dəstəsində dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər Xaçaturyanın separatçılar arasında nüfuzunu artırıb. Xüsusilə o, məşhur şair Əli Mahmudun əmisi oğlu Miryusifi Meşəlidə amansızcasına qətlə yetirib. Rəhmətlik Miryusif Meşəli gəncləri tərəfindən yaradılmış özünümüdafiə dəstəsinin rəhbəri idi”.

Hərbi jurnalist Səxavət Məmməd isə old.pressklub.az-a verdiyi açıqlamada Vaqif Xaçaturyanın müharibədən sonrakı fəaliyyəti barədə maraqlı faktlar açıqlayıb:

“Ermənilər deyir ki, guya bu adam Samvel Babayanın sürücüsü olub. Əslində isə Vaqif Babayanın sürücüsü yox, “sağ əli” idi. Mənim şəxsən müsahibə aldığım, əsir götürülmüş bəzi həmvətənlərimiz bu faktı təsdiq edib. Birinci Qarabağ müharibəsinin sonlarına yaxın ermənilər azərbaycanlı əsirləri müxtəlif düşərgələrə yollayıb. Həsənqaya düşərgəsi başda olmaqla, azərbaycanlıların saxlanıldığı bir çox düşərgələr isə məhz Vaqifin kurasiyasında olub. Vaqif burada sadəcə əsirlərə amansız işgəncələr verməyib, həm də onları müxtəlif fiziki işlərə cəlb edib. Məsələn, işğal edilən rayonlardakı müxtəlif imarətlərin tikintisinə, Samvel Babayanın və Serj Sarkisyanın villalarının hazırlanmasına şəxsən özü nəzarət edib və əsirlərimiz zorla bu malikanələrdə çalışdırılıb. Vaqif həmçinin ölən, intihar edən əsirlərimizin meyitindən də sərvət əldə edib. O, Qarabağda Samvel Babayanın “qara qutusu”, “qara işləri”nin əsas icraçısı kimi ad çıxarıb”.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, xüsusilə əsir və girovların dəyişdirilməsi işində fəal iştirak edən Vaqif Əlisoy isə “adaş”ı Vaqif Xaçaturyan haqqında daha ətraflı və geniş məlumata sahibdir. O, old.pressklub.az-a müsahibəsində nəinki Xaçaturyanın hərbi fəaliyyəti, hətta onun adının tarixçəsi barədə maraqlı məlumatlar verib:

“Vaqif Xaçaturyan adını ilk dəfə 1992-ci ilin əvvəllərində eşitmişəm. O dövrdə biz ermənilərin qətlə yetirdiyi vətəndaşlarımızın meyitlərini qaytarmaq üçün gecə-gündüz çalışırdıq. Görüşlərin birində ermənilərdən aldığımız meyitlərin üzərində sözün həqiqi mənasında cərrahiyyə əməliyyatının aparıldığının şahidi oldum. Təsəvvür edin, mərhumların bədən nahiyələri kəsilmiş, bəzilərinin üzləri tanınmaz hala düşmüşdü. Ona görə mən meyit mübadiləsi üçün görüşdüyümüz ermənilərə kəskin etirazımı bildirdim. Ünsiyyətdə olduğum erməni isə məni şəxsən tanıyırdı və bizim müharibədən əvvəl yaxşı münasibətimiz var idi. O, çəkinərək bildirdi ki, “vallah, bizim işimiz deyil, bir “boyevik” var, adaşındır, soyadı da Xaçaturyan, hamısı onun işləridir. Biz ona qorxumuzdan söz deyə bilmirik”. Xaçaturyan sadəcə Xocalı və Meşəbəyli deyil, Hadrut, Xocavənd və digər rayonlarımızda da öz dəstəsi ilə birlikdə ağlasığmaz cinayətlər törədib. Xüsusilə, Vaqiflə bağlı bir nüans da yadımdadır. O, dəstəsi ilə birgə Xocalıdan 8 qızımızı əsir götürmüşdü. Biz o vaxt yaxın dostum rəhmətlik Allahverdi Bağırovla çox çalışdıq ki, o qızları Vaqifin əlindən alaq. Nəhayət, Bağırov Vitali Balasanyanla danışıqlar apararaq, qızlarımızın geri gətirilməsinə nail oldu...

Qaldı onun və atasının adına, bu məsələ məni də o vaxt çox düşündürmüşdü. Sonra elə ermənilər vasitəsilə öyrəndim ki, sən demə, onun babasının azərbaycanlı dostları çox olub. Ən yaxın dostunun adı isə Çərkəz imiş. Ona görə də Vaqifin babası oğluna ən yaxın dostunun adını verir. Çox güman elə onun öz adını da babası qoyub. Lakin türk adı daşıması onun türk düşməni olmasına mane olmayıb. Bu gün hələ də Vaqifin işgəncə verdiyi həmvətənlərimiz sağdır. Onlardan biri də mənim əsirlikdən azad etdiyim Mayıl Məmmədovdur. Mən o gənclə görüşəndə, danışanda Xaçaturyanın iç üzünü gördüm”.

Vaqif Əlisoyun əsirlikdən xilas etdiyi Mayıl Məmmədovsa yəqin ki, Azərbaycanda Vaqif Xaçaturyanı ən dərindən tanıyan şəxsdir. Bunu nəzərə alaraq, Məmmədovla da əlaqə saxladıq. O isə həm Xaçaturyandan, həm də özünün qəribə taleyindən danışdı:

“Vaqif Xaçaturyan barədə ilk dəfə hələ 1993-cü ildə, əsirlikdən qaytarılanda məlumat vermişəm. O, mənim gördüyüm ən amansız erməni idi. Ağdərə istiqamətində əsir düşəndən sonra məni “Ural”a yerləşdirib, düşərgəyə gətirdi. Və 8 aylıq iztirablarım başladı. Başıma nə oyun açmadı... sinəmə qızdırılmış xaç basdı, başıma qaynar su tökdü, siqareti bədənimdə söndürdü, günlərlə döydü, bir sözlə, ən amansız işgəncələrdən mənə və digər azərbaycanlılara qarşı istifadə etdi.

O, ermənilərin ən çəkindiyi komandirlərdən biri idi. Adının Vaqif olması mənə də qəribə gəlirdi. Yeri gəlmişkən, ermənilər onunla zarafat edirdilər ki, o müsəlmandır, casus kimi aralarına sızıb. Amma bir dəfə eşitdim ki, onun anası yəhudidir” – deyə, Məmmədov məlumat verib.

(Mail Məmmədov əsrlikdən sonra)

Mayıl Məmmədov deyir ki, mənim də taleyim belə gətirib, mənə işgəncə verən adamın da, xilas edən adamın da adı Vaqifdir: “Biri mənə əzab verib, digəri əzabdan qurtarıb. Çərkəzoğlu Vaqifi bir də bu yaxınlarda həbs olunarkən gördüm. Gözüm gözlərinə sataşdı, bütün bədənimi istilik basdı, başıma gətirilən müsibətlər gözümün qabağından keçdi, sonra adını televizorda eşidəndə quş kimi yüngülləşdim. Çox sevindim. İndi onunla yəqin ki, məhkəmədə üz-üzə gələrik. Lakin o qoca cəllada nə cəza versələr də, azdır. Məni özümə qarşı törədilən vəhşiliklərdən çox bir hadisə yandırır. Bizim saxlanıldığımız düşərgədə azərbaycanlı qızları da saxlayırdılar. Vaqif ağızdolusu bizə, kişi əsirlərə onlardan danışırdı. Demək istəmirəm nələr danışırdı, amma danışırdı. İndi namusumuzu ayaqlar altına almış adam, ayağımızın altındadır, elə ona ən böyük cəza da yəqin ki, budur” – deyə, keçmiş hərbi əsir Mayıl Məmmədov bildirib.