Logo
news content
User
Kateqoriyalar

Analitika

Valyuta bazarında növbəti çalxalanma

“Türkiyədə xəstənin əməliyyatı üçün tələb olunan 32 min dolları göndərmək üçün zülm çəkdik. Bunun üçün 14 adam tapıb, banklara göndərdik. Proses nə az,  nə çox - üç gün çəkdi...” Bu sözləri Ramal Əhmədov adlı istifadəçi sosial şəbəkədə yazır. Xalid Mikayıl isə bildirir ki, oğlunun təhsil haqqını ödəmək üçün avro almaq istəsə də, heç bir bank ona xarici valyuta satmayıb: “Dedilər, limiti keçirsən. Başa sala bilmədim ki, ötən il valyuta aldıqdan sonra il başa çatıb. Deyir, Mərkəzi Bank sistemdə yenilənmə eləməyib, bizlik bir şey yoxdur. Məcbur qalıb, “qara bazar”dan aldım. Mərkəzi Bank bilərəkdən “qara bazar”ın formalaşmasına şərait yaradır...”

Başqa bir şikayətçi isə banklarda dolların alış məzənnəsinin aşağı olmasından gileylənir. Kommersiya banklarında Mərkəzi Bankın müəyyən etdiyi kimi, 1 dollar 1 manat 70 qəpiyə deyil, 1.6970 qəpiyə alınır. Bəzi banklar isə daha aşağı kurs müəyyən ediblər. Bunun səbəbini guya dollara olan tələbatın aşağı düşməsi ilə izah edirlər.

Beləliklə, valyuta bazarında valyuta satışının limitləndirilməsi ilə bağlı problem narazılıq yaradır. 

Problemi şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, son vaxtlar ona bununla bağlı çoxsaylı müraciətlər daxil olur, narazılıqlar bildirilir: 

“Banklar qeyri-rəsmi söhbətlərdə Mərkəzi Bankın göstərişinin olduğunu bildirsələr də, MB bu fikirləri təsdiqləmir və bankların özfəaliyyəti olduğunu iddia edir. Reallıq odur ki, dollar alışına limit var və bəzi istisnalarla 20 min manatdan çox dollar almaq mümkünsüzdür. Əgər bu addım bankların öz təşəbbüsüdürsə, bu halda "bazar sövdələşməsi" baş verir və banklara qarşı cəza tədbirləri görülməlidir. Əgər heç bir tədbir görülmürsə və proses olduğu kimi davam edirsə, deməli, göstəriş bir mərkəzdən gəlib”.

S. Əliyevin sözlərinə görə, Mərkəzi Bankın belə göstəriş verməsindən boyun qaçırması anlaşılmazdır:

“Hamıya məlumdur ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir və məzənnənin qorunması indiki dövrdə sosial baxımdan əhalini qoruyur. Yəni mövcud məzənnə qısamüddətli olsa da, hamıya sərf edir. Və məzənnəni qorumaq üçün hökumət Mərkəzi Bankın timsalında məhdudlaşdırıcı tədbirlər görür. 20 min manatlıq limit də həmin məhdudlaşdırıcı tədbirlədən biridir”. 

İqtisadçı vurğulayıb ki, qarşıda iki yolumuz var: ya məzənnəni buraxmalıyıq və bunun zərərini qəbul etməliyik, bu halda zərbə həm biznesə, həm əhaliyə, həm də ümumilikdə ölkə iqtisadiyyatına dəyəcək; ya da məzənnəni qoruyuruq və bunun üçün məhdudiyyətləri anlayışla qarşılamalıyıq: 

“İndiki halda ikinci yolu seçmişik və fikrimcə, bu, indiki dövr üçün optimal yoldur. Məhz buna görə də MB açıqca bəyan edərək banklara belə göstəriş verdiyini bildirməlidir. Məsuliyyətin bankların üstünə atılması düzgün addım deyil”.

S. Əliyevin fikrincə, bu yolla problemin kritikləşməsinin qarşısını alırlar, amma bunun uzunmüddətli effekti ola bilməz:

“Neft qalxıb, amma iqtisadi aktivlik zəif olaraq qalır. Bu vəziyyət manat üçün əlverişlidir. Hələ ki iqtisadi aktivliyin zəif olması ajiotajın qarşısını alır. Lakin bu, müvəqqətidir”.

İqtisadçı Toğrul Maşallı isə hesab edir ki, yaradılan məhdudiyyət  “qara bazar”ın formalaşmasına gətirib çıxarır: “O zaman da manatın məzənnəsinə təzyiq artır. Əhalidə hansısa kiçik şübhə yaransa, artıq “qara bazar” məzənnəni formalaşdıracaq. Bu da optimallıqdan uzaqdır”.

İqtisadçı vurğulayıb ki, Azərbaycanda dollar onsuz da ya idxal, ya da yığım üçün istifadə olunurdu: 

“Hazırda hər iki amil zəifdir. Sadəcə, iqtisadi risk yaşanan kimi, məsələn, neftin qiyməti düşsə və ya bəlli olsa ki, neft bahalaşması bizə heç nə gətirmir, dolların yığım funksiyası aktivləşəcək. Bu da “qara bazar”ın genişlənməsinə və mənasız yerə yeni məzənnənin yaranmasına gətirəcək”.

Turqut