Logo
news content
User
Kateqoriyalar

Analitika

Vaksin mifi: Həyatımızı xilas edən vasitə, yoxsa təhlükə?
Həkimlər “çıxış yolu ondadır” deyirlər, biz isə “öldürəcək” deyib, imtina edirik…

“Pandemiya zamanı vaksin vurdurdum. Zamanla səhhətimdə problem yarandı. İlk dozadan sonra qolum keyiməyə başladı. Fikir vermədim, özü keçdi. Amma digər dozalardan sonra bu ağrı və uyuşma daha da artdı. Günlərlə qolumu tərpədə bilmədim. Həkimə gedib, müalicə olunduqdan sonra düzəlməyə başladı. Amma hələ də tam düzəlməyib. Ani hərəkət etdikdə və ya ağır qaldırdıqda yenə həmin problemlə üzləşirəm. Həyatımda ilk dəfə vaksindən sonra bu halla rastlaşdım... Amma sonradan həkimim dedi ki, bunun səbəbi vaksin deyil. Yenə də vaksinə qarşı əngəl ola bilmədiyim mənfi fikirlər və fobiyam yaranıb. İndi də deyirlər qızılca vaksini vurdurmalıyıq. Övladlarım körpədir, onlara vaksin vurdurmaqdan çəkinirəm. Uşaqlarımda ciddi və qalıcı problem yaranacağından qorxuram”.

Peyvəndin əks təsirindən narahat olan Bakı sakini Leyla Qurbanlı old.pressklub.az saytına uşaqlarına qızılca peyvəndi vurdursa, ciddi xəstəliklərin yaranacağından qorxduğunu deyib.

Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da kəskin respirator viruslara yoluxma sayında artım müşahidə olunur. Buna həm payız-qış mövsümü, həm koronavirus infeksiyasının hələ də davam etməsi, eləcə də qızılca xəstəliyinin yenidən alovlanması səbəb olub. Lakin insanlar bu virusdan qorunmaq üçün peyvəndləmədən imtina edir. Onlar düşünür ki, peyvənd olunduqdan sonra daha böyük fəsadlar yarana bilər. Halbuki hər orqanizm fərqlidir. Düzdür, istisna hallarda bəzən müəyyən əks təsirlər baş verə bilər. Amma bu, əks təsirin hər kəsdə olacağı demək deyil. 

Mövzuya aydınlıq gətirən uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev old.pressklub.az-a açıqlamasında bildirib ki, peyvəndin bəzən əks təsiri olsa da faydası zərərindən dəfələrlə çoxdur.

“Azərbaycanda peyvənddən imtinanın əsas səbəbi onun bəzən yaratdığı əks təsirlərdir. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində göy öskürəyə qaşı tam hüceyrəli peyvənd vurulur. Bu peyvənd göy öskürəyə qarşı daha yaxşı immunitet yaradır. Amma tam hüceyrəli peyvənd vurulduğu üçün peyvəndin əks təsirlərinə daha çox rast gəlinir”. 

Doktor deyir ki, bu cür peyvənd olunan uşaqların 36 faizində qızdırma yaranır. Bundan başqa ayaqda ağrı, şişkinlik, qızartı kimi mənfi hallar görülür. Hər iki uşaqdan birində əlavə təsirlər yarandığına görə, valideynlər narahat olur: “Bu narahatlığı da valideynlər bir-birinə yayır. Hətta bəzən çox şişirdib, “peyvənd vurdurdum, uşağım iflic oldu”  deyirlər. Bu da çox absurd fikirdir. Ona görə də fikirləşirlər ki, qızılca peyvəndində də həmin yan təsirlər olacaq. Amma elə deyil.”

Onun sözlərinə görə qızılcaya qarşı toplum immunitetin yaranması üçün  əhalinin 95 faizi peyvənd olunmalıdır. Lakin bizim cəmiyyətdə qızılcaya qarşı peyvəndləmə 50 faizdir. 

Qızılca təkcə Azərbaycanda yox, bütün dünyada yayılıb. Rusiyada, Qazaxıstanda, Şərqi Avropada, Afrikada, Asiyada bu xəstəliyə kütləvi yoluxma halları müşahidə edilir. Ona görə də qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir.

Müsahibimiz deyir ki, peyvəndin ilk dozası 1 yaşda vurulur. Bu zaman xəstəliyə qarşı 85 faiz immunitet yaranır. Qalan 15 faizin yaranması üçün də 2-ci dozanı vurulur. Hər iki dozadan sonra 96 faiz immunitet yaranır: “Yəni, yüz uşağa 2 doza peyvənd vurmuşuqsa, onların yalnız dördündə qızılca ola bilər. 96 uşağı peyvəndlə qoruyuruq. Ona görə də, yayılan bütün şayiələrə baxmayaraq peyvəndləmə çox vacibdir. Peyvənd xəstəliyin qarşısını alır”. 

Həmsöhbətimiz bildirir ki, qızılca peyvəndini yüksək səviyyədə apara bilsək, bu infeksiyanı aradan qaldıra bilərik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da hədəfi elə budur. İnsanları peyvəndə cəlb etmək üçün maarifləndirmə, təbliğat işləri aparılmalıdır: “Biz insanlara deyirik ki, hər peyvəndin əks təsiri ola bilər. Lakin QPM (Qızılca-Parotit-Məxmərək–red.) peyvəndinin faydası zərərindən müqayisə olunmayacaq dərəcədə çoxdur. Səhiyyə orqanları da müəyyən resurslardan istifadə edərək insanları peyvəndə cəlb etməlidir”.  

Müsahibimizin sözlərinə görə, koronovirus zamanı müxtəlif şayiələr yaranmışdı. Guya insanlara çip yerləşdirirlər, zombiləşdirirlər və bu da müxtəlif xəstəliklər yaradır. Əhalinin bir hissəsi bu səbəbdən vaksindən yayınırdı. Orqanizmində problem olanlarda istisna hallarda əks təsirlər baş verirdi. Həmin şəxslər də bu əks təsirlər barədə məlumatı ətrafındakılara yaymağa başladı və insanlarda mənfi fikirlər yarandı. Amma pediatriyada peyvənddən imtinanın səbəbi göy öskürək vaksini ilə əlaqəlidir. 

Pediatr bildirir ki, indi qızılca epidemiya formasında deyil. Hazırda xəstəxanalar da boşdur: “Amma insanlar arasında elə bir panika yaranıb ki, guya qızılca koronovirus kimi yayılıb. Həmçinin onlar düşünür ki, hər kəs qızılca tutacaq, tutanlar da öləcək. Halbuki elə bir şey yoxdur. Birincisi, hər kəsin qızılcaya yoluxma məsələsi absurddur. Elə insanlar var ki, heç vaxt yoluxmur. İkincisi də yoluxanlarda ölüm halı min nəfərdən bir nəfərdə görülür”.

Çip taxmaq, zombiləşdirmək, əhalinin sayını azaltmaq, Bill Qeytsin oyunları... İnsanlarda peyvəndə qarşı yaranan bu yalan neqativ fikirlər tezliklə düzəlməlidir. Əks təqdirdə müxtəlif xəstəliklərə yoluxmalar daha da yayılacaq. Ona görə də özümüzü və ətrafımızdakı insanları qorumaq naminə mənasız şayiələrə inanmayıb, vaxtında peyvənd vurdurmalıyıq.

Mövzu ilə bağlı old.pressklub.az saytına danışan həkim-infeksionist İbrahim Rufullayev deyir ki, vaksinlərə qarşı əks fikir, güvənsizlik və doğru kimi təqdim edilən yanlışlar var: “Bu düşüncələr təkcə ölkəmizdə yox, dünyanın hər yerində mövcuddur. Vaksinlərin zərərsiz olduğunu isbatlamamız üçün əhalini maarifləndirməliyik”.

Dünyada hər il vaksini mövcud olan xəstəliklərdən 1 milyon insan dünyasını dəyişir. Əsas səbəb isə insanların vaksinin zərərli olduğunu düşünərək vurdurmamasıdır.

Müsahibimiz deyir ki, vaksinlər haqqında yanlış fikirlərdən biri QPM vaksini ilə autizm arasında əlaqənin olmasıdır: “QPM vaksini ilə autizm arasında elmi təsdiqini tapmış heç bir məlumat yoxdur. Hətta 1998-ci ildə bu əlaqəni təsdiqləyən məqalənin müəllifi məsuliyyətə cəlb olunub və doktorluq lisenziyası ləğv edilib. Daha sonra bir çox çalışmalarda QPM ilə autizm arasında əlaqə olmadığı elmi sübutlarla inkar edilib”.

Doktor deyir ki, bəzi insanların düşüncəsinə görə, körpələrə vaksinlər erkən vaxtda vurulmamaldır, çünki ana südü onları qoruyur: ”Burada kiçik həqiqət var. Ana südü ilə passiv immunitet, yəni antikorlar körpəyə keçə bilər, amma bu, ömürlük qalmır”. 

O, bildirir ki, körpə və azyaşlı uşaqların onların həyatına təhlükə yaradan bir çox infeksion xəstəliklərdən peyvənd olunması mütləqdir. Ölkəmizdə bu proses milli təqvim planı çərçivəsində aparılır.

Bu problemi həll etməyin tək yolu maarifləndirməni gücləndirməkdir. Vaksinlə qarşısı alına biləcək xəstəliklər üçün vaksin vurulmalı, o xəstəliyin yaşam parçasına çevrilməsinə izin verilməməlidir. Həmçinin vaksin digər qorunma üsullarından (karantin, izolyasiya və s.) daha effektiv və qənaətlidir.

Həkim-infeksionist Ləman Qalimova mətbuata açıqlamasında deyib ki, peyvəndlər təhlükəsizdir və müalicəsi olmayan bir çox xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür.

Onun sözlərinə görə, müraciətlər arasında respirator viruslar üstünlük təşkil edir: “Pasiyentlər həm qrip, həm pnevmoniyadan ağırlaşma ilə gəlir. Hazırda poliklinikaların hamısında qrip peyvəndi var. Bütün yoluxuculuq qabiliyyəti yüksək olan xəstəliklərin qarşısının alınmasında peyvənd ən yaxşı çıxış yoludur”.

Həkim-infeksionist vurğulayıb ki, bir xəstəliyin yayılması zamanı onun pandemiya və ya epidemiya halına çevrilməsini epidemioloqlar müəyyən edirlər: “Hazırda ölkədə yayılması davam edən qızılca xəstəliyinə hələ kütləvi yoluxmalar qeydə alınmayıb. Peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər.”

Qalimova deyir ki, qızılca yüksək yoluxuculuq qabiliyyətinə malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90 faizini yoluxdura bilər

Yüksək risk qrupuna 5 yaşdan aşağı, immuniteti zəif olan uşaqlar, onkoloji, revmotoloji xəstəliyi olanlar, kimyəvi terapiya alanlar, immun sistemi pozitiv İİV xəstələri aiddir. Artıq ölkə üzrə qrip əleyhinə peyvəndləmə işlərinə də başlanılıb.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı mətbuata danışarkən deyib ki, milli təqvim planında 11 infeksiyanın idarə olunması yer alıb.

“Qızılca peyvəndi də həmin sıradadır. Valideynlərə çağırış edirəm ki, övladlarınızı vaxtında peyvənd təqviminə uyğun şəkildə vaksinasiyadan keçirin”. 

Onun sözlərinə görə, qızılca əleyhinə peyvəndin tərkibində yumurta zülalı olmadığından allergiyası olanların vaksinasiyası qorxulu deyil.

Tibb işçiləri insanlara vaksinin zərərsiz olduğunu bildirsə də, bəzi insanlar hələ də bunun əksini düşünməkdə davam edir. Nəticədə özlərini və övladlarını təhlükəyə atırlar. Covid-19 pandemiyası zamanı allergiyası olan şəxslər vaksindən azad edilirdi. QPM vaksini isə həmin şəxslər üçün təhlükəsizdir. Yəni, tibb işçiləri əhalinin həyatına risk törədəcək məlumatları bildirir. Ona görə də mənasız yerə təşvişə düşmək lazım deyil. Orqanizmi vaksinə uyğun olan şəxslər rahatlıqla peyvənd etdirə bilər. 

Azərbaycanda qızılcaya yoluxmanın qarşısını almaq üçün əhali peyvəndləməyə cəlb olunacaq. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva mətbuata açıqlamasında bildirib ki, heç vaxt peyvənd olunmamış şəxslərin 1-ci və 2-ci peyvənd dozası arasında müddət 4 həftə olmalıdır.

"Nə vaxtsa 1 doza peyvənd vurulubsa 2-ci doza buraxılıbsa, həmin şəxslərə buraxılmış 1 doza peyvəndin vurulması kifayətdir", - o deyib.

N.Mustafayeva bildirib ki, bir dəfə peyvənd sxemini tamamlamış və ya qızılca xəstəliyinə yoluxub sağalmış şəxsin peyvənd olunmasına ehtiyac yoxdur. Daha əvvəl hər hansı bir peyvəndə qarşı anafilaktik şok reaksiyası müşahidə edilibsə, həmin şəxslərə peyvənd vurulması əks-göstəriş hesab olunur: "Eyni zamanda hamiləlikdə və immunosupresiv şəxslərə peyvənd vurulması tövsiyə olunmur".

Əhalinin maariflənməsi mühüm məsələdir. Gün keçdikcə xəstəliklər artır. İnsanlar bu neqativ fikirlərlə tək özünü yox, ətrafındakıları da təhlükəyə atır. Ona görə, insanları məcbur etmədən, səbirlə başa salıb, gerçəkləri aşılamaq lazımdır. 

Sağlamlığımız öz əlimizdədir. Araşdıraq, maariflənək və özümüzü qoruyaq!                                      

Günay Elşən