Logo
news content
User
Kateqoriyalar

Analitika

Üstümüzə KİM gəlir?
ABŞ və Avropa Qarabağa görə eyni cəbhədə birləşib - Bakı hədəfə götürülüb

Sentyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən “Dağlıq Qarabağ böhranının qiymətləndirilməsi” adlı dinləmələr Azərbaycan əleyhinə sərt çıxışlarla yadda qalıb. Dinləmələrə qatılan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim bu günə qədər nümayiş etdirdiyi qismən balanslı mövqeyini dəyişərək Qarabağda yaranmış vəziyyətə görə Bakını ittiham edib.  

Həmin gün Avropa Parlamentində (AP) də Azərbaycanda insan hüquqlarının vəziyyəti, siyasi həbslər məsələsi müzakirə olunub və qurum 539 səs lehinə, 24 səs bitərəf və yalnız 6 səs əleyhinə olmaqla, demək olar ki, yekdilliklə qətnamə qəbul edib. 

ABŞ-da və Avropada eyni vaxtda Azərbaycanın Qarabağ mövzusu və daxili problemlərə görə sərt tənqid edilməsi və sanksiyalarla hədələnməsi nədən xəbər verir? Vaşinqtonun problemin həllinə yanaşmasında tərəfsizliyi pozması sülh danışıqlarına, eləcə də Bakı-Vaşinqton münasibətlərinə necə təsir edə bilər? Bu suallara vəziyyətlə tanış olan ekspertlər cavab verməyə çalışıblar. Amma əvvəlcə Dövlət katibinin köməkçisi Yuri Kimin dediklərinə, daha sonra AP-də qəbul olunmuş qətnamədə yer alan məsələlərə diqqət yetirək.

Yuri Kim:

“Biz Laçın dəhlizinin blokadaya alınmasından və onun Dağlıq Qarabağ əhalisi üçün fəsadlarından dərin narahatıq. Bizim üçün bu məsələ ilə bağlı status-kvo qətiyyən qəbuledilməzdir və biz həll yolu tapana qədər işimizi dayandırmayacağıq. ABŞ Laçın dəhlizinin humanitar və şəxsi daşımalar üçün açıq olmasında daim təkid edib, bu mesajını Azərbaycan hökumətinə həm ictimai bəyanatlarda, həm də dəfələrlə şəxsi söhbətlərdə çatdırıb. Dövlət katibi, Qafqaz danışıqları üzrə baş məsləhətçi, mən və bir sıra digər həmkarlarım Laçın dəhlizinin, eləcə də digər marşrutların dərhal açılmasına və fasiləsiz işləməsinə nail olmaq üçün prosesdə fəal iştirak edirik. Bizə Dağlıq Qarabağ nümayəndələri ilə razılığa gəldiklərini açıq şəkildə bildirdilər. Bu razılaşmanın həyata keçirilməsində artıq gecikmələr olmamalıdır”.

ABŞ diplomatı həmçinin bildirib ki, danışıqlar boyu onlar Dağlıq Qarabağdakı etnik ermənilərin hüquq və təhlükəsizliyinin qorunmalı olduğunu və bunun davamlı və ləyaqətli sülh sazişinin əsas komponenti olduğunu daim vurğulayıblar:

“Azərbaycan onların hüquqlarına hörmət etdiyi və öz evlərində qorxmadan yaşaya bilmələri üçün beynəlxalq səviyyədə təsdiqlənmiş təminat verməlidir. Mən bunu açıq şəkildə bildirmək istəyirəm: Birləşmiş Ştatlar istər qısa, istərsə də uzunmüddətli perspektivdə Dağlıq Qarabağ ermənilərinə qarşı etnik təmizləmə və ya digər vəhşilik cəhdlərinə dözməyəcək”.

Avropa Parlamenti Bakıdan nə tələb edir?

Avropa Parlamentinin sözügedən qətnaməsində professor Qubad İbadoğlunun dərhal həbsdən azad edilməsi, azərbaycanlı məmurlara qarşı sanksiya tətbiq edilməsi əskini tapıb:

“Müstəqil mötəbər təşkilatların məlumatına görə, Azərbaycanda 200-dən çox siyasi məhbus var, bu siyahıya jurnalistlər, vətəndaş hüquqlarının müdafiəçiləri və müxalif siyasətçilər daxildir; 

Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirik. Onun adekvat tibbi müalicə və dərmanlarla təmin olunmasını təkid edirik. Bildiririk ki, ona qarşı irəli sürülən ittihamlar saxtadır, Qubad İbadoğlunun vətəndaş aktivliyinin nəticəsidir və siyasi xarakter daşıyır;

Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları, müstəqil jurnalistləri və hüquq müdafiəçilərini azad etməyə, onlara qarşı bütün siyasi motivli ittihamları ləğv etməyə və ekstraterritorial repressiyaları dayandırmağa çağırırıq;

Azərbaycanı öz vətəndaşlarının hüquqlarını müdafiə etməyə, ifadə və toplaşmaq azadlığının həyata keçirilməsi üçün azad və təhlükəsiz mühit təmin etməyə çağırırıq;

Avropa Birliyini İnsan Haqları üzrə Qlobal Sanksiya Rejimi çərçivəsində Azərbaycanda insan hüquqlarını kobudcasına pozan azərbaycanlı məmurlara qarşı sanksiya tətbiq etməyə çağırırıq”.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov old.pressklub.az-a şərhində bildirib ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağla bağlı dinləmələr zamanı səsləndirilən fikirlər ABŞ-ın Azərbaycan və Ermənistana olan münasibətini tam olaraq əks etdirib: 

“Burada artıq hər hansı ikibaşlı oyun yox idi. ABŞ tam şəkildə Ermənistanın mövqeyini, hətta Ermənistanın Azərbaycana qarşı olan ərazi iddialarını belə dəstəklədi. Oradakı konqresmenlərin bu mövqeyi anlaşılandır. Çünki onlar lobbi qruplarının nümayəndələri, həmçinin ermənipərəstdirlər. Lakin Dövlət Departamentinin nümayəndəsi də bir dəfə olsun Azərbaycanın ədalətli mövqeyinə dair fikir səsləndirmədi, 25 il ərzində davam edən işğal faktından, azərbaycanlılara qarşı  həyata keçirilən etnik təmizləmələrdən, Azərbaycanın Ukraynaya dəstəyindən, terrorla mübarizəsindən, Qarabağda yaşayan ermənilərə təklif etdiyi reinteqrasiyadan danışmadı. Bu, ABŞ-ın Dövlət Departamenti səviyyəsində prosesə olan münasibətindən xəbər verir”.

Ekspert hesab edir ki, bu, dövlət olaraq Azərbaycanı, bir millət kimi azərbaycanlıları inkar etməkdir. O, xatırladır ki, saat yarım davam edən müzakirədə mina məsələsinə cəmi bir dəfə toxunulub: “Bu da Qarabağda ermənilər yaşayan ərazidə ABŞ-ın dəstəyi ilə aparılan mina təmizləmə işləri kontekstində oldu. Bir dəfə də qeyd edilmədi ki, azərbaycanlılar ermənilərin yerləşdirdiyi minalara düşərək həlak olub və yaralanıblar. ABŞ-ın bu mövqeyini xarakterizə etmək üçün iki kəlimə kifayət edir - ədalətsiz və vicdansız. Düşünürəm ki, ABŞ bununla Qərb vasitəçiliyinə böyük zərbə vurdu”. 

Politoloq vurğulayıb ki, Ağdam-Xankəndi yolunun istifadəsi yüklərin bu yolla Qarabağa çatdırılmasının mümkün olduğunu nümayiş etdirib: “Lakin ABŞ öz rəsmi nümayəndəsinin dili ilə bir neçə dəfə Laçın yoluyla bağlı heç bir məntiqə sığmayan ittiham və tələb irəli sürdü. Tələb budur ki, Laçın yolu nəzarətsiz istifadə edilməli və yüklər məhz bu yolla daşınmalıdır. ABŞ artıq o səviyyəyə çatıb ki, bu məsələni “silaha” çevirərək Azərbaycanın ərazi bütövlüyünə qarşı istifadə edir. Əgər ABŞ-a Qarabağdakı ermənilərin humanitar vəziyyəti maraqlı olsaydı, onlar Ağdam yolundan istifadə edərdilər. ABŞ-ın məqsədi bu ərazini Azərbaycandan qoparmaq və Ermənistanı dəstəkləməkdir”. 

F.Məmmədov hesab edir ki, Qərblə münasibətlərdə hər hansı problem yaransa, bu onlardan qaynaqlanan bir məsələ olacaq. “Düşünmürəm ki, münasibətlər tam kəsiləcək. Lakin müəyyən məhdudiyyətlər olacaq. Hər halda Azərbaycan rəhbərliyi prinsipial mövqe sərgiləyirsə, deməli, yarana biləcək problemlərin necə aradan qaldırılmasının yollarını da düşünüb”, - o qeyd edib.

Konfliktoloq Arif Yunus isə old.pressklub.az-a bildirib ki, eyni gündə Avropa İttifaqı və ABŞ-ın ən ciddi siyasi platformalarında Azərbaycandakı vəziyyət müzakirə olunub və bu sinxronluq təsadüfi deyil: 

“Bu, ABŞ və Avropa Birliyinin əvvəlcədən razılaşdırılmış mövqeyidir, mesaj verirlər ki, hakimiyyətin həm ölkə daxilində, həm də Qarabağ məsələsində tutduğu mövqe Qərbdə qıcıq yaradır. Nəzərə almaq lazımdır ki, avropalılar ənənəvi olaraq ermənilərin tərəfində olublar. İlham Əliyevə, hakimiyyətdəki digər məmurlara qarşı sanksiyalar ideyası da yeni deyil. Avropa İttifaqı rəhbərliyi Rusiya və onun qazından asılılığa görə yaranan problemlər ucbatından mövcud duruma göz yummağa, Azərbaycana ciddi təzyiq göstərməməyə çalışıb. Bununla belə, ötən ilin sonunda Avropa İttifaqı ABŞ və Norveçin, eləcə də bir sıra ərəb ölkələrinin köməyi ilə qaz problemini həll etdi. Avropalıların artıq qaz tədarükü ilə bağlı qorxuları yoxdur, anbarlar ağzına qədər doludur və təchizat sabitdir. İndi avropalılar Azərbaycanla daha sərt davrana bilərlər, çünki Azərbaycan qazı o qədər də böyük rol oynamır”.

Arif Yunus deyir ki, ABŞ-la gərginlik daha ciddidir: “Biz unuduruq ki, ABŞ bu gün planetin ən güclü dövlətidir, dünyanın bir çox ölkələrinin taleyini həll edir. Bu il ABŞ rəhbərliyi və şəxsən Bayden Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdılar ki, 2024-cü ildə keçiriləcək prezident seçkilərində də ondan “kozır” kimi istifadə edə bilsinlər. Bu məsələdə uğursuzluq Baydenin xarici siyasətində mənfi çalarlar verə, hətta 2024-cü ilin noyabrında keçiriləcək seçkilərin nəticələrinə pis təsir göstərə bilər. Xatırladım ki, may və iyun aylarında Vaşinqtonda ciddi görüşlər oldu, o zaman Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətlərini otaqlara qapayaraq birbaşa dedilər ki, problemi həll etməyincə getməyin. Amma onlar qərar vermədilər. Belə hallarda amerikalılar uğursuzluğun günahkarını axtarırlar. Və tapıldı - Azərbaycan! Daha doğrusu, Əliyevin Putindən “asılılığı”. Sonra Qarabağ ermənilərinin problemləri də bura əlavə olundu. İndi bu, ermənilərin Qərbdə apardıqları təbliğat kampaniyasının əsas elementidir. Əliyevə və Azərbaycan rəhbərliyində olan digər məmurlara qarşı sanksiyalar, eləcə də Qərbdəki daşınmaz əmlak və bank hesablarının dondurulması mövzusu ABŞ-da da müzakirəyə çıxarılıb. Bu arada ABŞ və Avropada Azərbaycanın yuxarı eşelonunda korrupsiyadan yazan, danışan Qubad İbadoğlu həbs edildi. Qeyd edim ki, onun Azərbaycandakı vəziyyətlə bağlı məqalələri Qərbdə mühüm məlumat mənbəyi olub. Amerikalılar və avropalılar onun həbsini özlərinə qarşı qisası kimi qəbul edirlər”.

Konfiliktoloq qeyd edir ki, Avropa Parlamentinin qətnaməsində əsas məsələ Qubad İbadoğlunun, eləcə də bütün siyasi məhbusların dərhal azadlığa buraxılması çağırış ilə yanaşı, Qlobal Maqnitski Aktı çərçivəsində Azərbaycana Avropa İttifaqı sanksiyalarının tətbiqini əks etdirən 7-ci bənddir:

“ABŞ Senatındakı müzakirələrdə Dövlət Departamentinin yüksək səviyyəli rəhbərlərinin iştirak etməsinə diqqət yetirməliyik. Nəzərə almaq lazımdır ki, orada da Azərbaycana qarşı sanksiyaların zəruriliyi məsələsi qaldırılıb. Biz bütün bunları ciddi qəbul etməliyik, başa düşməliyik ki, bu, hələ başlanğıcıqdır. Yadda saxlamalıyıq ki, Laçın dəhlizi ilə bağlı artıq Haaqa Beynəlxalq Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı var. Bunu artıq Putin və onun komandasına qarşı tətbiq ediblər. Biz Rusiya ilə bağlı proseslərin sonda necə nəticələndiyini görmüşük. Amma bu, Rusiyadır, kiçik Azərbaycan deyil. Biz çox diqqətli olmalıyıq və Senatdakı müzakirələrə və Avropa Parlamentinin dünənki qətnaməsinə daha ciddi yanaşmalıyıq”.

Turqut